Qaynar xətt:

(+99450) 247 90 86

Uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edilir: Azərbaycan bu qərara hazırdır?    —   ARAŞDIRMA

news/2026_02_13/31932c74_47ea_4d31_a2c6_94439e22dce3_1770974789.png

CƏMİYYƏT

609

13.02.2026, 13:25

Uşaqlar üçün rəqəmsal qadağa dövrü başlayır – Azərbaycan bu qərara hazırdır?

Bu gün bir çox ölkələrdə uşaqların sosial mediadan istifadəsi qadağandır. Əvvəllər sadəcə "tövsiyə" xarakteri daşıyan yaş hədləri, artıq bir çox ölkədə dövlət səviyyəsində sərt qanuni məhdudiyyətlərə çevrilib. Məsələn, Avstraliya, Danimarka, Norveç, Türkiyə və Fransa kimi ölkələr 15-16 yaşdan aşağı uşaqların sosial şəbəkələrə və oyun platformalarına girişini ciddi şəkildə məhdudlaşdırır. Bu qadağaların icrasını təmin etmək məqsədilə artıq platformalarda şəxsiyyət vəsiqəsinin təqdimi və ya biometrik təsdiqləmə kimi sərt nəzarət mexanizmləri tətbiq olunur.

Azərbaycanda mövcud vəziyyət: Statistika nə deyir?

Azərbaycanda isə Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci il sorğusuna görə, məktəbyaşlı övladı olan respondentlərin 63,5%-i övladının sosial mediadan istifadə etdiyini, 36,5%-i isə istifadə etmədiyini bildirib.

Uşaqların ən çox istifadə etdiyi sosial media platformaları:

YouTube – 69,1%

WhatsApp – 47,9%

TikTok – 33,0%

Orta və aşağı səviyyədə istifadə olunan platformalar:

 Instagram – 19,1%

Snapchat – 9,6%

Facebook – 8,5%

Telegram – 5,3%

X/Twitter – 2,1%

Gündəlik istifadə müddəti üzrə göstəricilər isə belədir:

5 saat və daha çox – 18,1%

3–4 saat – 24,5%

 1–2 saat – 31,9%

1 saatdan az – 22,3%

Bəs ölkəmizdə də sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq edilməlidirmi? Uşaqların rəqəmsal məkanda təhlükəsizliyini təmin etmək üçün hansı mexanizmlər daha effektiv ola bilər? Ümumiyyətlə, sosial şəbəkələrdə davranışla bağlı hansı addımların atılması zəruridir?

Oxu24.com-a danışan Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq  Elnur Rüstəmov qeyd edib ki, sosial mediadan nəzarətsiz və erkən yaşda istifadə uşaqların psixoloji inkişafına birbaşa və çoxşaxəli təsir göstərir: 

“Rəqəmsal mühit düzgün idarə olunmadıqda, uşaqda şəxsiyyətin formalaşması, emosional tənzimləmə və sosial bacarıqların inkişafı prosesinə mənfi müdaxilə edir. Xüsusilə formalaşma dövründə olan uşaqlar üçün virtual mühit real həyatın alternativinə çevrildikdə, psixoloji balans pozula bilər. Erkən yaşda və nəzarətsiz sosial media istifadəsinin əsas mənfi təsirlərindən biri uşağın özünəinamının zəifləməsidir. Sosial şəbəkələrdə idealizə olunmuş görüntülər, “mükəmməl həyat” modelləri və süni standartlar uşağın özünü başqaları ilə müqayisə etməsinə səbəb olur. Bu isə “mən yetərli deyiləm” düşüncəsini gücləndirir. Nəticədə uşaqda özünə güvənsizlik, utancaqlıq, daxili narahatlıq və sosial çəkingənlik formalaşa bilər. Bundan əlavə, davamlı olaraq aqressiv, zorakı və ya manipulyativ məzmunlara məruz qalmaq uşaqlarda emosional həssaslığın azalmasına, empati qabiliyyətinin zəifləməsinə və aqressiv davranışların artmasına gətirib çıxara bilər. Uşaq problemləri dialoqla deyil, zorakılıqla həll etməyə meyllənə bilər. Qorxu yaradan, travmatik və ya qeyri-etik məzmunlar isə gecə qorxuları, davranış pozuntuları, diqqət dağınıqlığı və yuxu problemləri ilə müşayiət oluna bilər. Onlayn zorakılığa, yəni kiberbullinqə məruz qalan uşaqlarda isə davranış və emosional sahədə ciddi dəyişikliklər müşahidə olunur. Belə uşaqlar daha çox özünə qapanır, əhvalı tez-tez dəyişir, dərsə marağı azalır, əsəbi və ya həddindən artıq susqun olurlar. Bəzən sosial mühitdən uzaqlaşma, dostlardan imtina, telefon və kompüterdən qaçma və ya əksinə, onlara həddindən artıq bağlanma kimi hallar yaranır. Uzunmüddətli kiberzorakılıq depressiv əlamətlərə, özünüqiymətləndirmənin enməsinə və sosial təcridə də səbəb ola bilər”.

Psixoloq vurğulayıb ki,  valideynlərin bu sahədə ən çox buraxdığı səhvlərdən biri “ya tam nəzarətsizlik, ya da sərt qadağa” modelidir:

“Bəzi valideynlər uşağın rəqəmsal həyatına ümumiyyətlə maraq göstərmir, hansı platformalardan istifadə etdiyini, kimlərlə ünsiyyətdə olduğunu bilmirlər. Digər tərəfdən isə bəzi valideynlər səbəbsiz və izahsız şəkildə hər şeyi qadağan edir. Hər iki yanaşma psixoloji baxımdan risklidir. Nəzarətsizlik uşağı müdafiəsiz qoyur, sərt qadağa isə gizli davranışları və etimadsızlığı artırır. “Qadağa etmək, yoxsa müşayiət etmək?” sualına psixoloji baxımdan daha effektiv cavab “şüurlu müşayiət etmək”dir. Uşağa texnologiyadan tam imtina etdirmək real və davamlı həll deyil. Əksinə, valideyn uşağın rəqəmsal dünyasına daxil olmalı, onunla birlikdə öyrənməli, maraqlanmalı və istiqamət verməlidir. Uşaq bilməlidir ki, valideyn onu nəzarətdə saxlamaq üçün deyil, qorumaq üçün maraqlanır.

Yaş məhdudiyyətləri psixoloji baxımdan müəyyən qədər effektlidir, lakin təkbaşına kifayət etmir. Texniki məhdudiyyətlər uşağı müvəqqəti qorusa da, əgər uşaqda daxili məsuliyyət və şüur formalaşmayıbsa, o, bu məhdudiyyətləri aşmağın yollarını tapacaq. Ona görə də əsas məqsəd qadağa yox, sağlam rəqəmsal mədəniyyət formalaşdırmaqdır. Sərt qadağalar çox vaxt uşağın marağını daha da artırır. “Qadağan olunmuş meyvə” prinsipi burada da işləyir. Uşaq qadağan edilən məzmuna gizli şəkildə daha çox yönəlir və bu zaman valideyn nəzarətindən tam kənar qalır. Bu isə riskləri daha da artırır. Əgər uşaq artıq zərərli məzmuna məruz qalıbsa, valideyn ilk növbədə sakit və anlayışlı mövqe tutmalıdır. Uşağı ittiham etmək, qorxutmaq və ya cəzalandırmaq problemi dərinləşdirir. Ən düzgün yanaşma açıq və etibarlı dialoq qurmaqdır. Uşağa gördüyü məzmunun nə üçün zərərli olduğu, hansı emosional və psixoloji təsirlərə səbəb ola biləcəyi izah edilməlidir. Onun hissləri dinlənilməli, qorxuları və sualları ciddi qəbul olunmalıdır. Bu mərhələdə ailə mühitində emosional təhlükəsizlik çox vacibdir. Uşaq bilməlidir ki, hər hansı problem yaşadıqda valideyninə müraciət edə bilər və buna görə cəzalanmayacaq. Eyni zamanda texniki qoruyucu vasitələrdən, valideyn nəzarət proqramlarından, ekran vaxtı limitlərindən də balanslı şəkildə istifadə olunmalıdır. Zəruri hallarda məktəb psixoloquna və ya mütəxəssisə müraciət etmək də mühüm addımdır. Xüsusilə uşağın davranışında davamlı dəyişikliklər, aqressiya, depressiv əlamətlər, sosial çəkilmə müşahidə olunursa, professional dəstək gecikdirilməməlidir. Ümumiləşdirsək, qeyd edə bilərik ki, sosial media uşaqlar üçün nə tamamilə təhlükə, nə də tam fayda mənbəyidir. Onun təsiri valideynin mövqeyindən, ailədaxili münasibətlərdən və uşağa verilən psixoloji dəstəkdən birbaşa asılıdır. Əsas məqsəd uşağı texnologiyadan uzaqlaşdırmaq deyil, onu bu mühitdə sağlam, şüurlu və təhlükəsiz şəkildə yetişdirməkdir. Valideyn–uşaq münasibətində etibar, dialoq və emosional yaxınlıq olduqda, rəqəmsal risklərin böyük hissəsinin qarşısını almaq mümkündür”.

Oxu24.com-a danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib ki, rəqəmsal mühitin uşaqların psixologiyasına və davranışlarına təsiri artıq təkcə virtual aləmlə məhdudlaşmır, məktəb divarları daxilində də açıq şəkildə özünü göstərir:

“Rəqəmsal vərdişlər məktəb mühitində əsasən üç formada büruzə verir. Birincisi, onlayn zorakılıq – yəni kiberbulinqdir. Şagirdlər arasında münaqişələr artıq tənəffüsdə bitmir, sosial şəbəkələrdəki qruplarda davam edir. Təhqirlər, ələ salma halları, gizli çəkilmiş fotoların və videoların yayılması sinifdaxili münasibətlərə ciddi zərər vurur.

İkinci əsas problem diqqət dağınıqlığıdır. Məsələn, “TikTok” kimi platformalarda yayılan qısa videolara alışan uşaqlarda uzunmüddətli fokuslanma qabiliyyəti zəifləyir. Bu səbəbdən 45 dəqiqəlik dərs onlara uzun, darıxdırıcı və maraqsız görünür. Uşaqlar sürətli və qısamüddətli informasiyaya öyrəşdikləri üçün dərs mühitinə adaptasiya etməkdə çətinlik çəkirlər.

Üçüncü məsələ isə müqayisə sindromudur. Şagirdlər öz real həyatlarını həmyaşıdlarının sosial şəbəkələrdə nümayiş etdirdiyi “ideal” virtual həyatlarla müqayisə edirlər. Bu isə daxili gərginliyə, özünə inamsızlığa və nəticədə dərsdən soyumağa səbəb olur”.

Ekspert qeyd edib ki, Azərbaycanda informasiya texnologiyaları və informatika fənni çərçivəsində rəqəmsal bacarıqlar şagirdlərə öyrədilir:

“Lakin burada müəyyən boşluqlar mövcuddur. Tədris əsasən proqram təminatları və alətlərin öyrədilməsinə fokuslanır. Rəqəmsal etika, onlayn təhlükəsizlik və tənqidi düşünmə kimi vacib mövzular isə arxa planda qalır.

Bundan əlavə, bəzən şagirdlərin texnologiyaya dair bilik və çevikliyi müəllimlərin bu sahədəki hazırlığını üstələyir. Bu isə müəllimin istiqamətverici rolunu zəiflədir. Digər tərəfdən, məktəbdə bu mövzular nə qədər izah olunsa da, valideyn evdə nəzarət və düzgün istifadə mexanizmləri qurmadıqda, əldə olunan biliklər real təsir gücünü itirir.

Bu biliklərin ayrıca fənn kimi tədris edilməsi ilə bağlı yanaşmalar da fərqlidir. Ayrı fənn kimi tədrisin üstünlüyü ondan ibarətdir ki, mövzu daha dərindən və sistemli şəkildə öyrədilə bilər. Lakin bu, onsuz da yüklü olan kurikuluma əlavə fənnin daxil edilməsi deməkdir və şagirdlər üçün əlavə yük yarada bilər.

Digər yanaşmaya görə isə rəqəmsal davranış və təhlükəsizlik mövzuları mövcud fənlərin tərkibində inteqrasiya olunmuş şəkildə tədris edilməlidir. Bu modelin üstünlüyü ondadır ki, düzgün davranış mədəniyyəti bütün dərslərdə formalaşdırılır. Çatışmazlığı isə müəllimlərin hamısının bu sahədə yetərli hazırlığa malik olmaması riskidir.

Rəqəmsal savadlılığı ayrıca fənn kimi deyil, digər fənlərin daxilində tədris etmək həm şagirdlərin əlavə dərs yükünü azaltmağa kömək edər, həm də müasir bilik, bacarıq və səriştələrin daha effektiv şəkildə formalaşmasına imkan yaradar. Məsələn, rəqəmsal savadlılıq “Həyat bilgisi” fənninin tərkibində daha ətraflı şəkildə tədris oluna bilər. Çünki müasir biliklər, yeni yanaşmalar və trendlər dərslikləri şagirdlər üçün daha maraqlı edir və öyrənməni təşviq edir.

Ümumilikdə multidisiplinar, interdisiplinar və transdisiplinar yanaşmalar çərçivəsində rəqəmsal savadlılığın müxtəlif fənlərin tərkibində tədrisi mümkündür. Bu yanaşma biliklərin yalnız ötürülməsi deyil, şagirdlərdə real həyat bacarıqlarının formalaşması baxımından da daha effektivdir”.

Ekspertin fikrincə, uşaqlara sadəcə “bunu etmə” demək və qadağalar qoymaq artıq effektiv deyil. Əsas məqsəd onlara rəqəmsal mühitdə davranış qaydalarını dərk etdirməkdir:

“Məsələn, şagirdə izah etmək olar ki, bu gün sosial şəbəkədə paylaşdığı təhqiramiz bir status və ya qeyri-etik foto gələcəkdə onun iş həyatına və karyerasına necə mənfi təsir göstərə bilər. Bu, nəticəyönümlü düşünməni formalaşdırır. Digər tərəfdən, “Əgər sənin fotonu icazəsiz paylaşsalar, sən nə hiss edərdin?” kimi suallar şagirdlərdə empati qurmaq bacarığını inkişaf etdirir. Bu tip simulyativ yanaşmaların və empatiya oyunlarının tədrisdə yer alması olduqca vacibdir.

Bununla yanaşı, onlayn mühitdə hər oxunan informasiyaya kor-koranə inanmaq, dezinformasiya və manipulyasiyalardan qorunmaq yolları praktik şəkildə öyrədilməlidir. Bu, şagirdlərdə tənqidi düşüncənin formalaşmasına xidmət edir və onları rəqəmsal təhlükələrdən daha yaxşı qoruyur.

Rəqəmsal təhlükəsizlik təkcə şifrələrin gizli saxlanılması ilə məhdudlaşmır. Əsas məsələ uşaqların ekran arxasında da bir şəxsiyyət, dəyərli insan kimi formalaşmasıdır. Bu biliklər onlara rəqəmsal mühitdə daha sağlam mövqe tutmaq imkanı yaradır.

Bu məqsədlə məktəblilər üçün rəqəmsal etiket qaydalarını əks etdirən yaddaş kitabçaları, valideynlər üçün isə onlayn təhlükəsizlik bələdçiləri hazırlanması faydalı ola bilər. Ümumilikdə biz istəsək də, istəməsək də, qlobal təsirlərlə üz-üzəyik. Ona görə də yeni texnologiyaların müsbət tərəflərindən necə düzgün istifadə etməyi uşaqlara öyrətməli, eyni zamanda mümkün risklər barədə onları maarifləndirməliyik.

Hesab edirəm ki, maarifləndirmə işi mütləq şəkildə gücləndirilməlidir və bu proses fənlərarası əlaqələr çərçivəsində həyata keçirilməlidir. Bu yanaşma həm dərs yükünün azaldılmasına, həm də müasir bilik, bacarıq və səriştələrin tədris məzmununa inteqrasiyasına imkan yaradır. Ənənəvi metodlarla yanaşı yeniliklərə açıq olmalı, məktəblərdə tərbiyə və maarifləndirmə işini gücləndirməliyik.

Bu halda həm məktəb mühitini, həm gəncləri, həm də bütövlükdə cəmiyyəti qorumaq və daha sağlam mühit formalaşdırmaq mümkün olacaq”.

 Oxu24.com-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bu gün Azərbaycanda rəqəmsal bacarıqları inkişaf etdirən müxtəlif müsabiqələr keçirilir, ayrı-ayrı məktəblərdə isə bu sahə üzrə ixtisaslaşmış müəllimlər fəaliyyət göstərir:

“Texniki avadanlıqlarla təmin olunmuş məktəblərdə STEAM tipli tədris və şagirdlərin bacarıqlarını üzə çıxarmağa yönəlmiş xüsusi alətlər mövcuddur. Bu imkanlar bütün məktəbləri əhatə etmir. Ölkə üzrə bütün məktəblərdə eyni səviyyədə texniki qurğular və rəqəmsal bacarıqları inkişaf etdirən vasitələr yoxdur. Bu imkanlar əsasən şəhər məktəblərini və regionlarda yerləşən böyük məktəbləri əhatə edir”.

Təhsil eksperti mövcud boşluqların səbəblərinə toxunaraq, bu sahədə hələ də vahid və sistemli yanaşmanın formalaşmadığını vurğulayıb:

“İcra strukturları, Elm və Təhsil Nazirliyi, eləcə də bu sahə ilə bağlı elmi-tədqiqat institutları arasında koordinasiyalı, kompleks yanaşma hələlik yoxdur. Hazırda proses daha çox pərakəndə şəkildə aparılır və əsas boşluqlar da məhz buradan qaynaqlanır. Rəqəmsal bacarıqların tədrisi vahid sistem halına salınarsa, problemlərin qarşısını almaq daha asan olar. Əgər rəqəmsal bacarıqları aşılayan tədris mexanizmi vahid proqram əsasında həyata keçirilsə, bu sahədə mövcud problemlərin həlli üçün real imkanlar yaranar. Rəqəmsal bacarıqların formalaşdırılması tədris prosesinin tərkib hissəsi olmalıdır. Zaman çox sürətlə dəyişir. Beynəlxalq təcrübəyə baxdıqda görürük ki, bu sahə bir çox ölkələrdə ayrıca və sistemli şəkildə tədris olunur. Azərbaycan da beynəlxalq təhsil mühitinin tərkib hissəsi olmaq istəyirsə, rəqəmsal bacarıqların tədrisini daha geniş miqyasda, məktəblərin hamısını əhatə edəcək formada həyata keçirməlidir. Vahid sistem tətbiq olunsa, bu istiqamətdə imkanlarımız xeyli genişlənəcək”.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri ekspert Elvin Abbasov deyib ki, dünya təcrübəsi göstərir ki, uşaqların rəqəmsal təhlükəsizliyi artıq fərdi məsuliyyət çərçivəsindən çıxaraq dövlət və texnologiya nəhəngləri tərəfindən idarə olunan kompleks bir sistemə çevrilib:

“Bu prosesdə “Google Family Link”, “Microsoft Family Safety” və “Apple Screen Time” kimi peşəkar həllər sadəcə bir qadağa aləti deyil, uşağın yaşına uyğun süzgəcdən keçmiş rəqəmsal mühit formalaşdıran intellektual bələdçilərdir. Bu platformalar vasitəsilə valideynlər uşağın oyun və tətbiq limitlərini tənzimləyə, “YouTube Kids” kimi xüsusi ekosistemlərlə zərərli məzmunları avtomatik filtr edə və onların onlayn fəaliyyətini tam şəffaf şəkildə idarə edə bilərlər. Azərbaycanda da bu tip qlobal həllərin təşviqi, identifikasiya sistemləri ilə birlikdə tətbiq olunduqda, uşaqları kiber-təqib və asılılıq yaradan alqoritmlərdən qorumaq üçün ən dayanıqlı texnoloji qalxan rolunu oynayır.

Lakin ən mükəmməl proqram təminatı belə rəqəmsal şüurla dəstəklənmədikdə yarımçıq qalır; bu səbəbdən texniki məhdudiyyətlərlə yanaşı, "Məktəblərdə Rəqəmsal Gigiyena" tədrisinin kurikulumlara daxil edilməsi həlledici addımdır. Uşaqlara erkən yaşdan etibarən parolların qorunması, kiber-bullinqə qarşı davranış və internetdə şəxsi məlumatların toxunulmazlığı aşılanmalı, texnologiya onlara bir "təhlükə" deyil, etik qaydaları olan bir alət kimi tanıdılmalıdır. Bu yanaşma valideynləri ailə qoruma proqramlarından istifadəyə təşviq etməklə yanaşı, uşaqlarda daxili bir filtr formalaşdırır ki, bu da onları rəqəmsal dünyada hər hansı kənar nəzarət olmadan belə təhlükəsiz saxlayır. Beləliklə, inzibati qadağalar, qlobal texnoloji həllər və rəqəmsal savadlılıq vəhdət təşkil etdikdə uşaqlar üçün keçilməz bir təhlükəsizlik şəbəkəsi qurulmuş olur”.

Mehin Mehmanqızı

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "uşaqların və gənclərin fiziki və mənəvi  inkişafı" mövzusunda hazırlanıb.