Qaynar xətt:

(+99450) 247 90 86

Qarayara həyəcanı: Yoluxma necə baş verir və hansı simptomlar həyati təhlükə yaradır? – HƏKİM DANIŞDI  

Qarayara həyəcanı: Yoluxma necə baş verir və hansı simptomlar həyati təhlükə yaradır? – HƏKİM DANIŞDI  

TİBB

55

14.08.2026, 14:40

Son günlərdə təhlükəli infeksion xəstəliklərdən olan qarayara (antrax) hallarının görünməsi əhali arasında ciddi narahatlığa və suallara səbəb olub. Mütəxəssislər bildirirlər ki, bu xəstəlik zoonoz infeksiya olduğundan əsasən xəstə heyvanlar və onların məhsulları ilə təmas zamanı insanlara keçir. Xüsusilə dəri formasına daha çox rast gəlinən qarayara zamanı vaxtında həkimə müraciət etmək həyati əhəmiyyət kəsb edir. Xəstəliyin ilkin mərhələdə sıradan bir səpki kimi başlaması bəzən vətəndaşların diqqətsizliyinə və müalicənin gecikməsinə şərait yaradır. Lakin vaxtında qoyulan doğru diaqnoz və başlanılan müalicə infeksiyanın ağır fəsadlarının qarşısını almağa imkan verir. Qarayaranın artma səbəbləri, yoluxma yolları və diqqət yetirilməli olan əsas simptomlarla bağlı suallara cavab tapmaq üçün infeksionist Mərdan Əliyev Oxu24.com-a açıqlama verib.

Mərdan Əliyev xəstəliyin risk qrupları, yoluxma mexanizmi və diqqət yetirilməli olan əlamətlər barədə detallı bilgi verib.

"Ən çox qəssablar və heyvan kəsimi ilə məşğul olanlar risk altındadır"

İnfeksionist Mərdan Əliyev bildirib ki, qarayara bakteriyası insan bədəninə birbaşa xəstə heyvanlar və onların məhsulları ilə təmas zamanı daxil olur:

"Bu xəstəlik adətən heyvanlardan insanlara yoluxur. Əgər heyvan xəstədirsə — adətən qəssablarda və heyvan kəsimi ilə məşğul olan şəxslərdə daha çox rast gəlinir — kəsim prosesində heyvanın qanı, əti və ya dərisi ilə təmas olur. Bakteriya dəridəki xırda zədələrdən və kəsiklərdən bədənə daxil olur və həmin toxunan yerdə xarakterik yara əmələ gəlir”.

Yaranın formasına diqqət: "Ağrısız olması insanları aldatmamalıdır"

Mütəxəssis xəstəliyin klinik mənzərəsini izah edərək qeyd edib ki, ölkəmizdə ən çox rast gəlinən növ elə dərinin qarayara formasıdır. Bu zaman yaranın özünəməxsus görünüşü olur:

"Qarayaranın bizdə ən çox rast gəlinən forması dəri formasıdır. Dəri formasında adətən yara olur və yaranın mərkəzi nekrozlaşaraq (toxuma ölümü verərək) kömür kimi qara rəng aldığı üçün xəstəliyə bu ad verilib”.

Onun sözlərinə görə, xəstəlik əvvəlcə kiçik bir səpki kimi başlayır, daha sonra böyüyür. Yaranın ortası qara və çökək, kənarları isə mərkəzə nəzərən daha dik, hündür və qızartılı formada olur. Ətrafında ödem (şişkinlik) müşahidə edilir. Ən vacib məqam odur ki, bu yara ağrısız olur və uzun müddət sağalmır.

Mərdan Əliyev sonda vətəndaşlara çağırış edərək, xüsusilə heyvan kəsimi və ya emalı ilə məşğul olan şəxsləri diqqətli olmağa səsləyib:

"Əgər dərida sağalmayan, ortası kömür kimi qara və çökək, qıraqları dik, hündür və qızartılı, özü də ağrısız olan bir yara əmələ gəlibsə, bu, qarayara şübhəsi yaradır. Belə hal müşahidə edildikdə vaxt itirmədən dərhal həkimə müraciət etmək lazımdır”.

Unutmaq olmaz ki, qarayara infeksiyası vaxtında müdaxilə olunmadıqda ciddi fəsadlara və hətta həyati təhlükəyə gətirib çıxara bilər. Bu səbəbdən heyvandarlıq təsərrüfatlarında sanitariya-gigiyena qaydalarına ciddi əməl olunmalı, profilaktik peyvəndləmə işləri təxirə salınmadan aparılmalıdır. Mənşəyi məlum olmayan, baytar nəzarətindən keçməmiş ət və ət məhsullarını almaqdan, eləcə də belə heyvanlarla birbaşa təmasdan çəkinmək vacibdir. Özünüzdə və ya yaxınlarınızda şübhəli simptomlar müşahidə etdikdə isə özünümüalicə ilə məşğul olmayaraq dərhal ixtisaslı tibb mütəxəssisinə müraciət etməyiniz tövsiyə olunur. Əhalinin maariflənməsi və ilkin təhlükəsizlik tədbirlərinə riayət edilməsi bu kimi təhlükəli infeksiyaların yayılmasının qarşısını alan ən önəmli yoldur.

Çimnaz Telmanqızı