Böyrəkdə daş var, amma ağrı vermir: Onu saxlamaq olarmı?
10 Sentyabr 2026, 21:16
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
278
31.07.2026, 15:59
Hidronefroz və böyrək büzüşməsi çox vaxt müstəqil xəstəlik deyil, sidik yollarında yaranan digər problemlərin nəticəsi kimi inkişaf edir. Vaxtında diaqnoz və müalicə aparılmadıqda isə bu hallar böyrəyin funksiyasını tamamilə itirməsinə səbəb ola bilər.
Uroloq-onkoloq İlkin Göyüşov Oxu24.com-a açıqlamasında bildirib ki, hidronefroz böyrəyin kasacıq-ləyən sisteminin genişlənməsi ilə xarakterizə olunur. Bu vəziyyət sidiyin böyrəkdən normal axınının pozulması nəticəsində yaranır. Sidik axını dayandıqda böyrək daxilində təzyiq artır, kasacıq-ləyən sistemi genişlənir və uzun müddət davam edən proses böyrək toxumasına ciddi zərər vurur.
Həkimin sözlərinə görə, hidronefrozun əsas səbəbləri arasında böyrək və sidik axarı daşları, sidik axarının daralması, sidik yolları və kiçik çanaq nahiyəsində yerləşən şişlərin sidik axarına təzyiq göstərməsi, həmçinin bəzi anadangəlmə anatomik qüsurlar yer alır.
İlkin Göyüşov qeyd edib ki, hidronefroz dörd mərhələyə bölünür. Erkən mərhələlərdə böyrək funksiyasını qoruduğu üçün vaxtında aparılan müalicə nəticəsində tam sağalma mümkündür. Lakin xəstəlik gecikdikdə böyrək toxuması tədricən sıradan çıxır və dördüncü mərhələdə orqan demək olar ki, fəaliyyətini tam itirir.
Mütəxəssis vurğulayıb ki, hidronefrozun ən təhlükəli cəhətlərindən biri onun uzun müddət heç bir əlamət vermədən inkişaf edə bilməsidir. Buna görə də bel nahiyəsində ağrılar, sidik ifrazında dəyişikliklər və ya ultrasəs müayinəsində aşkarlanan genişlənmə mütləq uroloq tərəfindən araşdırılmalıdır.
Həkim bildirib ki, problemə səbəb olan amil vaxtında aradan qaldırıldıqda böyrəyin funksiyası əksər hallarda bərpa olunur. Məsələn, daş çıxarıldıqda və ya sidik axarındakı daralma aradan qaldırıldıqda hidronefroz geriyə inkişaf edə bilər.
İlkin Göyüşovun sözlərinə görə, böyrək büzüşməsi isə artıq xəstəliyin daha ağır mərhələsidir. Müalicə olunmayan hidronefroz nəticəsində böyrək toxuması məhv olur, orqan kiçilir və funksiyasını itirir.
Həkim qeyd edib ki, bəzi insanlar uzun illər büzüşmüş böyrəklə yaşasalar da, həmin böyrək artıq normal fəaliyyət göstərmir. Sidiyin durğunluğu bakteriyaların çoxalmasına şərait yaradır və nəticədə təkrarlanan sidik yolları infeksiyaları, böyrək iltihabları və digər ağırlaşmalar meydana çıxır.
Mütəxəssisin sözlərinə görə, il ərzində iki və ya daha çox dəfə sidik yolları infeksiyası keçirən və funksiyasını tam itirmiş büzüşmüş böyrəyi olan xəstələrdə həmin orqanın saxlanılması tibbi baxımdan məqsədəuyğun hesab edilmir. Belə hallarda böyrəyin cərrahi yolla götürülməsi tövsiyə olunur.
İlkin Göyüşov əlavə edib ki, müasir uroloji cərrahiyyədə bu əməliyyatların əksəriyyəti laparoskopik üsulla həyata keçirilir. Kiçik kəsiklərlə icra olunan bu metod xəstənin daha az ağrı hiss etməsinə və qısa müddətdə normal həyatına qayıtmasına imkan verir.
Sonda uroloq-onkoloq vətəndaşlara çağırış edərək bildirib ki, ultrasəs müayinəsində hidronefroz və ya böyrək büzüşməsi aşkarlanarsa, bunu diqqətsiz qoymaq olmaz. Vaxtında aparılan müayinə və düzgün müalicə böyrəyin qorunmasına, gecikmiş hallarda isə ciddi ağırlaşmaların qarşısının alınmasına kömək edir.
23:14 / 10 Sentyabr 2026
162
23:08 / 10 Sentyabr 2026
53
23:03 / 10 Sentyabr 2026
63
23:00 / 10 Sentyabr 2026
47
22:53 / 10 Sentyabr 2026
48
22:44 / 10 Sentyabr 2026
55
22:40 / 10 Sentyabr 2026
1616
22:36 / 10 Sentyabr 2026
54
22:28 / 10 Sentyabr 2026
54
22:20 / 10 Sentyabr 2026
59
21:54 / 10 Sentyabr 2026
217
21:50 / 10 Sentyabr 2026
61
21:35 / 10 Sentyabr 2026
72
21:30 / 10 Sentyabr 2026
102
21:27 / 10 Sentyabr 2026
57
21:20 / 10 Sentyabr 2026
65
21:16 / 10 Sentyabr 2026
67
21:15 / 10 Sentyabr 2026
65
21:06 / 10 Sentyabr 2026
72
20:51 / 10 Sentyabr 2026
119
20:50 / 10 Sentyabr 2026
64
20:40 / 10 Sentyabr 2026
65
20:38 / 10 Sentyabr 2026
629
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.