Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Bağdadda iranlı general Qasım Süleymaninin öldürülməsi ilə əlaqədar ölkə vətəndaşlarını İran və İraqa səyahət etməkdən çəkinməyə çağırıb.
"Report" xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda deyilir.
"Qasım Süleymaninin ölümü və bölgədə gərginliyin artmasından sonra İraqa və İrana səfərlərlə əlaqədar tövsiyələrimizi yeniləmək qərarına gəldik. İndi Britaniya vətəndaşlarına İraqa səfər etməkdən tamamilə çəkinmələrini tövsiyə edirik. Yalnız kürd bölgəsinə, o da çox vacib olduğu halda, səfər etmək məsləhətdir. Xüsusi zərurət olmadığı təqdirdə İrana getməməyinizi də tövsiyə edirik. Həmçinin Britaniya vətəndaşlarını ayıq və diqqətli olmağa, medianı izləməyə çağırırıq", - bəyanatda bildirilib.
Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab Britaniya hökumətinin vəziyyəti izləyəcəyini və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün tövsiyələrini yeniləyəcəyini vurğulayıb.
Qeyd edək ki, yanvarın 3-də Pentaqon İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi təyinatlılarının komandiri general Qasım Süleymaninin Bağdad hava limanının yaxınlığında raket zərbəsi ilə məhv edildiyini açıqlayıb. ABŞ Müdafiə Nazirliyi aviazərbələrin prezident Donald Trampın göstərişi əsasında endirildiyini bəyan edib. ABŞ administrasiyası əməliyyatın Yaxın Şərqdə yerləşən amerikalı hərbçilərin qorunmasına yönəldildiyini və özünümüdafiə xarakteri daşıdığını bildirib.
Bu hücumdan sonra İran Ali Milli Təhlükəsizlik Şurası təcili iclasın yekununda Süleymanini öldürənlərdən qisas alınacağını vəd edib. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif BMT Baş katibi Antoniu Quterriş ilə telefon danışığında hücumu ABŞ tərəfindən edilmiş terror adlandırıb.
Oxu24.com
ŞƏRHLƏR