Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2247
az

Rüstəm İbrahimbəyov “öldü” - Allah rəhmət eləməsin! - KÖŞƏ YAZISI

23:4226 May, 2018
2386
SİYASƏT
  • A
Rüstəm İbrahimbəyovun ssenarisi və Eldar Şenqelayanın rejissorluğu ilə çəkilən “Qafqaz üçlüyü” filminə ard-arda iki dəfə baxdım. Ortada böyük “NİYƏ” sualı vardı, ona cavab axtarırdım. Rüstəmin inanmadıqlarına and olsun ki, tapmadım.

Sənət belədir: oxucu, yaxud tamaşaçı bütün “niyə” suallarına cavab axtarır. “Qafqaz üçlüyü” bu suala peşəkarlıq prizmasından cavab vermək gücündə olmayan filmdir. Filmin süjeti olduqca primitivdir və əsas bəsitliyi də ondadır ki, ssenari müəllifi “əsəri” niyə yazdığını və niyə ekranlaşdırdığını oxucuya, yaxud tamaşaçıya izah edə bilmir. Əslində izah etməyə çalışmır da.Hər bir sənət əsərinin xidmət etdiyi amal var. Xüsusən, ədavətdə olan ölkələrə, xalqlara həsr olunan filmlərdə ümumi şəkildə 3 məqsəd önə çəkilir. Filmin süjeti mütləq ən azı onlardan biri üzərində qurulmalıdır. Birincisi, filmin yaradıcıları təmsil olunduğu xalqı, yaxud ölkəni haqlı çıxarmalı, məsələn, yəhudi, lap elə erməni filmlərində olduğu kimi. İkincisi, münaqişəni pisləməli, sülhü təbliğ etməli, ədavətin qızışdırılmasına qarşı çıxmalı, üçüncüsü, ssenarist hansı xalqın təmsilçisi olduğunu kənara qoyub, eləcə kassaya hesablanan film mətni yazmalı.

“Qafqaz üçülyü”ndə bu üç əsas şərtdən heç biri yoxdur. Rüstəm bəy sözün həqiqi mənasında ağzına gələni vərəqə töküb, istedadlı rejissor da alacağı qonorarın hesabına filmi istedadsızcasına çəkib.

Sonuncu şərtdən başlayaq. Ekran “əsəri” kassa filmi deyil. Kütləvi tamaşaçı iki saatını bu filmə xərcləməz, çünki nə mövzu dünyəvidir, nə də onun işlənməsi üsulları populyardır. Filmdə işğala məruz qalanla işğalçının obrazları məişət səviyyəsindən də çox-çox aşağı təqdim olunur. İnsanı riqqətə gətirən bu səpkili məşhur filmlərin tamaşaçısı olanların “Qafqaz üçlüyü” ilə başını aldatmaq mümkün deyil. “Pianoçu” filminə baxan tamaşaçı “Qafqaz üçlüyü”nü görmək üçün qara qəpik də xərcləməz.

İkinci şərt: filmdə sülhün tam əksi təbliğ olunur. Əslində ssenarist heç bu işi də bacarmayıb. Tutaq ki, Rüstəm İbrahimbəyov xaraktercə dava sevən, hər yerdə nifaq salan, qaşınmayan yerdən qan çıxaran birisidir. Yazdığı seenaridə də bu xarakterini qabardır, hər yerdə qan-qada görmək istədiyini büruzə verir, ola bilsin, hansısa məkrli qüvvələr də onu yönləndirir. Əlbəttə, ola bilər, sadəcə müəllif bu məqsədi belə alındıra bilməyib. Bir-birinə düşmən olan iki xalqın müqayisəsində azərbaycanlıları toplum olaraq göstərir, ancaq erməniləri cəmi bir həkim təmsil edir. Belə uğursuz müqayisəyə kiçik yaşlı uşaq da irad tutar.

Kadrlar kino sənətinin mahiyyətindən uzaqdırsa, hansı tamaşaçı o mənzərələri görüb müharibənin daha da alovlanmasını arzulayar? Axı görüntülərdəki obyektivlik nəticə çıxarmağa imkan vermir. Tamaşaçı filmdə nə müharibənin, nə də sülhün təbliğatını görə bilir, eləcə azərbaycanlıların aqressiv ruhlu olduğunu hiss edir, o da alayarımçıq, heç bir məntiqi əsası olmadan.

Üzrlü sayın, birinci şərtə də əməl olunmadığını göstərim, sonra filmin kadr-kadr məntiqsizliyinə tamaşa edəcəyik. Yaradıcıların çoxu gürcü əsillidir. Rejissor, aktyorlar... Onlar üçün nə biz, nə də ermənilər maraqlıdır. Üçüncü tərəf kimi sifariş yerinə yetirirlər. Bəs azərbaycanlı ssenarist niyə belə mövqe tutur? İbrahimbəyov azərbaycanlıdır. Hansı türk, hansı yəhudi, hansı erməni, hansı fransz, hansı alman, hansı rus, hansı, hansı, hansı... millətin sənətkarı, xüsusən kino adamı ideoloji mövzulu filmdə öz xalqını aşağılayar, yaxud aşağılayıb? Ruslar İkinci Dünya müharibəsinə aid filmləri hələ də çəkirlər. Bu filmlərdə rus xalqının, əsgərinin mənfi obrazda göstərildiyi bircə fakt varmı? Hollivudun ideoloji filmlərinə baxaq. ABŞ realda ölkələri işğal edir, müstəqil ərazilərə əsgər yeridir, hakimiyyətləri dəyişir, başqasının vətənini özününküləşdirir. Amma filmlərin heç birində bu fakt ABŞ-ın əleyihə olan hadisə kimi işıqlandırılmır. Tam əksinə, amerikalıya haqq qazandırılır, gələcək işğallara indidən bəhanə verilir. ABŞ əsgəri İraqa girməmişdən əvvəl onun aktyoru bu torpağa daxil olur, dünya tamaşaçısını hazırlayır və ardınca siyasətini həyata keçirir.

Dövlətçi düşüncədə olan üçün həmişə hər yerdə öncə vətəndir. Ermənistan işğalçıdır. Azərbaycanın ərazisinə soxulub və on minlərlə dinc sakinə qarşı qətliamlar törədib. Onların hansı filmində bu faktlar var? Ermənistan monoetnik dövlət sayılır. Bu faktı bir dəfə də olsun qabardıblarmı? Yoxsa onlarda yazmağı, çəkməyi, danışmağı bacaran yoxdur? Əlbəttə var və çoxdur. Sadəcə onların heç biri Rüstəm xislətinə malik deyillər. Adam kosmopolit ola bilər, ancaq adam qərəzli olmalı deyil. Qərəzin məhsulu böhtandır, yalandır, şərdir. Rüstəm İbrahimbəyov “Qafqaz üçlüyü” filmində Azərbaycan xalqına böhtan atır. Ağır söhbətdir.

Hərəkətləri ilə daim ağır söhbətlərə məruz qalan, tez-tez qınaq obyektinə çevrilən Rüstəm İbrahimbəyov bu dəfə də yüngül çəkili filminin altında qaldı. Yazdığı onu qaldırmadı, batırdı.

Növbə gəldi “Qafqaz üçlüyü” filminin kadrlarına ani nəzər salmağa. Nəzər salıb, məntiqin harada, necə sındığını göstərməyə çalışacam. Film erməni həkimi yaxşı adam kimi göstərməklə başlayır. Bakılı erməni 32 ildir oğlunu atıb, birinci həyat yoldaşından xəbər tutmur. Bir haşiyə çıxım: filmdə erməni həkimin ikinci həyat yoldaşının olub-olmadığı, sonradan ailə qurub-qurmadığı aydın olmur. İlk kadrdan məlumdur: ssenaristi tamaşaçı maraqlandırmır, əsas ermənini yaxşı oğlan kimi qabartmaqdır. 32 il əvvəl oğlunu atıb Moskvya gedən həkimin Azərbaycandakı uşaqlığı filmin birici kadrında əksini tapıb. Uşaqlığı deyəndə ki, cəmi bir hadisə: uşaqlar qayadan dənizə tullanırlar, hamı atılır, amma Fərhad qorxur. Hətta erməni dostu ona “qorxma, tullan” deyir, o yenə cəsarət eləmir. Tülkü xisləti ilə ad çıxaran ermənini, qəhrəmanlıq tarixi yazan türklə müqayisədə cəsarətli göstərmək faktın təhrifi, qərəzin təntənəsi, məntiqin yoxluğudur. Erməni uşaq böyüyüb, müharibə nəticəsində azərbaycanlı və gürcü dostundan ayrılaraq Bakıdan gedib. Moskvada həkimlik edir, xəstədən pul almır. Yəni ay tamaşaçı bax gör, erməni necə xeyirxah adammış. Oğlundan xəbərsiz atanın xeyirxahlığı – gülməlidir deyilmi?

Nəsə çox uzatmayaq. Erməninin Gürcüstanda qohumu tapılır, o, vərəsə axtarır. Erməni oğlu Timuru vərəsə etmək istəyir. Bunun üçün soyad dəyişməlidir. Oğlu Moskvada teatrda işləyir. Atası onunla görüşür, oğul deyir ki, anam razılığa gəlmir. Həkim burada erməni tülkülüyünü işə salır, ağlayır-sızlayır, oğlu Bakıya qayıdanda söhbəti ailəsinə danışır. Ailəsi təbii ki, razı olmur. Ssenarist məhz bu hadisədən sonra oğlanı zorakılığa məruz qoyur. Belə anlaşılır ki, doğmaları – anası, atalığı, həyat yoldaşı, qayını oğlanın soyadını dəyişməyə icazə verməliydilər, onda pis hadisələr də yaşanmazdı. Deyin, hansımız soyadımızın erməni soyadı olmasını istəyərik? Yaxud hansımızın doğmaları buna imkan verər? Qəhrəmanın yaxınlarının mövqeyi tam başadüşülən və alqışlanandır. Ssenari müəllifi isə bunu faciə kimi qələmə verir. Buna ya səbatsızlıq deyilir, ya da ermənipərəstlik. Hər nədirsə, film kəlməsinə yamaqdır.

Kadrları sürətləndirək. Bir sözlə, qaynı Timurun başına oyun açır. Timur bağda qaynı ilə soyad məsələsində mübahisə edir. Qaynı ona "erməniliyin tutub" deyə cavab verir. Bu sözü qonşu uşaq eşidir. Timur bağda boş su quyusunu təmizləmək üçün onun içinə düşəndə onların söhbətini hasardan eşitmiş qonşu uşaq quyunun başına gəlib deyir ki, bəs sən ermənisən, ermənilər mənim dayımı metroda partladıb öldürüblər. Bu çıxışdan sonra 9 yaşlı uşaq 40 yaşlı gəncin başına daş atır.

Xəbər yayılır ki, bəs Timuru öldürüblər. Kİmsə bağa gedib Timuru axtarmır. Eləcə vay-şivən qoparırlar. Hətta oğlanın erməni atası Moskvadan xəbər tutur, Bakıya gəlməyə qərar verir, oğlunun ailəsini polisə xəbər verməyə təkid edir, itkin ərin yoldaşı qardaşını polisə verməyə hazırlaşır, amma bu müddətdə heç kim bağa gedib, "Timur, ay Timur" deyə haraylamır ki, Timur da quyudan hay versin.

Ssenarist hadisələri yola verir. Əsas odur ermənini tez Bakıya gətirsin, sərhədçilərin qanunları pozduğunu göstərsin, onu Bakıda döydürsün...

Növbəti kadrlarda erməni həkim oğlundan nigaran qaldığı üçün dostu Fərhadla danışıb hadisələri öyrənir, hövlank Bakıya gəlir. Dayısı metroda terrora məruz qalan uşağın anası oğlanın yoldaşına zəng edib hadisəni danışır. Nə başınızı ağrıdım, oğlanın yeri məlum olur. Gəlib görürlər ki, artıq quyudan çıxıb piyada hava limanına gedir. Sabah Moskvada oynadığı tamaşanın premyerası olmalıdır. Yolda təsadüfən bir maşın saxlayıb onu götürür.

Erməninin sərhəddən keçməsinə imkan vermirlər. Fərhad vəzifəli adamdan xahiş edir, onu sərhəddən Bakıya buraxırlar.

Burada nəfəsimizi dərib, rəyimizi səsləndirək. Siz deyin, bunca bəsit düşünməkmi olar? Uşaq gənci döyür, erməni sərhədi qanunsuz keçir, hətta yüksək vəzifəli məmur bu cinayətə razılıq verir. Baxırıq ki, Fərhadın da vəziyyəti yaxşı deyil. Bəyan edir ki, neft qurtarır, ona görə təzyiqlərə məruz qalıb. Nənəm demiş, ay başınıza dönüm, nə vaxt neft tükənir deyənlərə təzyiq olub bizdə? Cənab Prezident özü demirmi “elə bilin neft yoxdur”? 15 ildir mətbuat neftin tükəndiyini yazmırmı? Kimə bu fikrə görə güldən ağır söz deyiblər? Ay Rüstəm bəy, hakimiyyəti tənqid etmək üçün başqa variant tapa bilmədin? Bunca məntiqsiz düşünməklə Azərbaycanda düz söz deyənlərin problem yaşadığını göstərməkmi olar?

Ardına baxaq: Erməni həkim Bakıdadır. Fərhadgilə gəlir. Üçüncü dostları olan gürcü də evdədir. Bir-birlərinə sarılırlar. Döyülən oğlanın qaynını çağırtdırırlar. Ata ona hücum çəkir, qayın boynuna almır. Sonra məlum olur ki, oğlu sağdır. İndi erməni atanı aradan çıxarmaq lazımdır. Bir nəfər gəlib Fərhada deyir ki, bəs sənin evində erməni var. Artıq 10-15 nəfər adam qapının ağzını kəsdirib, erməninin çıxmasını gözləyirlər ki, onu döysünlər. O gələn naməlum adam Fərhada vəziyyətinin ağır olduğunu deyir. Məlum olur ki, erməni həkimin pasportuna heç möhür də vurulmayıb. Vəziyyət dramatikləşir. Fərhadın qarşısına şərt qoyurlar: sən vəzifədən gedirsən, biz də erməninin Moskvaya qayıtmasına şərait yaradırıq. Razılşırlar. Həyətdə gözləyən adamların xəbəri olmadan Fərhadla erməni dostu aradan çıxıb hava limanına gəlirlər. Gürcü ağsaqqal isə evinə gedəndə adamlar onu mühasirəyə alır. Kişidən kim olduğunu soruşurlar, rus dilində cavab verdiyi üçün onu döyürlər. Sonradan eşirdirik ki, gürcü ölüb.

Vallah körpə uşaqlar da bu qədər primitiv oynamazlar. Azərbaycanlının saxtakar, aqressiv, yalançı, dövlət sərhəddinin pozulmasına rəvac verəcək qədər cinayət törətdən olduğunu göstərmək, daha doğrusu sırımaq məqsədilə belə oyunlar qurmaq, tələm-tələsik ssenari yazmaq, film çəkdirmək uşaq düşüncəsinin məhsulu olsun gərək. Azərbaycanda nə vaxt rus dilində danışdığına görə adam döyüblər, özü də ağsaqqal bir kişini, özü də gürcünü. Belədirsə, Rüstəmi rusdilli olduğuna görə bu günə qədər döyərdilər də. Həm də film 2013-də hazır olub və Bakının da görüntüsündən aydın olur ki, müasir dövrü əhatə edir. Müasir dövrdə filmdəki aqressiv hadisələrin heç birinin bir detalı belə yaşanmayıb. Heç keçmişdə belə olmayıb. 1988-ci ildə azərbaycanlıları öz dədə-baba yurdları olan İrəvandan qovanda erməni vəhşiliyinə qarşı biz yenə tolerant davrandıq. Sübut olundu ki, Sumqayıt hadisələrini də ermənilər qəsdən yaratmışdılar. Erməni erməni qızının evinə girib onu zorlamışdı. Filmdə azərbaycanlıların ermənilərə qarşı aqressiv olduqları göstərilir, anacaq ermənilərin vəhşilyindən – Xocalı, Daşaltı, Xankəndi və onlarla kənd və şəhərlərimizin viran qaldığından, dinc insanlara qarşı soyqırım törədildiyindən bir kəlmə də söz açılmır. Azərbaycanlının erməniyə nifrətinin kökündə erməni vəhşiyininin dayandığı deyilmir. Sanki filmin ssenarisini qanı və canı ilə erməni olan biri yazıb.

Filmin finalı ssenaristin erməniyə olan məhəbbətinin qabardılması fonunda lap iyrənc görünür. Erməni həkimə təyyarəyə minməyə icazə verilir. Oğlu da onunla Moskaya – tamaşaya gedir. Bu an hava limanının işçisi həkimi otağa dəvət edir və onu yumruqla vurur. Hətta vurulan deyir: "Məni vurduğunu heç kimə demə". Azərbaycanlının vəhşi obrazının yaradılmasının sonuncu cəhdi.

Sonda bir düşük jest də var. Oğlanın əlil arabasında olan atalığı erməni həkimə deyir ki, mən indi arxayınam, oğlumuz səninlədir, onun güvənc yeri var. Azərbaycan kişisinin erməni kişisinə dediyi sözə baxın. Bu sözü ona Rüstəm dedizdirib. Öz arzusunu azərbaycanlının simasında dilə gətirib. Bizə şər atıb. “Qafqaz üçlüyü” filmi Azərbaycana, azərbaycanlıya, vətənimizə, dövlətimizə, millətimizə və xalqımıza atılan böhtandır. Bu böhtan bizə yapışmayacaq. Xarici tamaşaçı belə, şər olduğunu anındaca sezəcək. Çünki filmin ssenarisi savadsız və çox primitiv yazılıb, rejissor da işi eləcə yola verib.

Rüstəm İbrahimbəyovun daha bir filmi doğulan kimi öldü. İçindəki kin, qərəz, nifrətsə Rüstəm bəyi doğulandan sonra öldürdü. Allah rəhmət eləməsin.

P.S. Film başlayanda ekranda oxuyuruq: “...Azərbaycan ərazisində yerləşən Dağlıq Qarabağ...” İfadə tərzinə fikir verin. “Yerləşən” ifadəsi müəllifin xıltlı “beynəlmiləl” niyyətinin onun şüurunda lap dərinə işlədiyini bir daha təsdiqləyir.

Cehyun Musaoğlu yazır...

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Jurnalistlər gəlir vergisindən azad ediləcək- Prezident təsdiqlədi
Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqlədi
Mehriban Əliyeva     başsağlığı     verdi

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır