Qaynar xətt:

(+99450) 247 90 86

Zəngəzur dəhlizi açılarsa nə dəyişəcək? — Ekspertdən mühüm proqnozlar  

Zəngəzur dəhlizi açılarsa nə dəyişəcək? — Ekspertdən mühüm proqnozlar  

SİYASƏT

94

25.11.2026, 17:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Qafqaz Konqresinə ünvanladığı mesajda Azərbaycan, Qarabağ zəfəri və Zəngəzur dəhlizindən bəhs edib. Türkiyə lideri Qafqazın tarixinin həm də Türkiyənin tarixi olduğunu önə çəkib. O, əsrlər boyu bu coğrafiyanın həm acılarının, həm də sevinclərinin paylaşıldığını vurğulayıb. Dövlət başçısı ortaq tarixdən alınan güclə gələcək nəsillərə sülh və təhlükəsizlik içində yaşayacaqları bölgə miras qoymaq məsuliyyətini qeyd edib. Qarabağ zəfərinin və Zəngəzur dəhlizinin regionun gələcək təhlükəsizliyi və əməkdaşlığı kontekstində vurğulanması Ankaranın Cənubi Qafqaz siyasətinin prioritetləri ilə birbaşa səsləşir. Zəngəzur dəhlizinin reallaşması isə Türkiyə-Azərbaycan əlaqələrinə, eləcə də bölgədə nəqliyyat-kommunikasiya xətlərinə və qüvvələr balansına yeni impuls gətirə bilər.

Məsələ ilə bağlı Oxu24.com-a danışan politoloq Zeynal Əmrəliyev prosesin mümkün nəticələrini dəyərləndirib.

Politoloq Zeynal Əmrəliyevin sözlərinə görə, Türkiyənin Cənubi Qafqaz siyasəti əsasən Azərbaycanla müttəfiqlik münasibətləri üzərində qurulub və iki ölkə arasında dünyada tayı-bərabəri olmayan sıx, isti əlaqələr mövcuddur. O bildirib ki, Zəngəzur dəhlizinin reallaşması ilk növbədə regionda iqtisadi münasibətlərin dərinləşməsi baxımından Türkiyəyə mühüm iqtisadi dividendlər gətirə bilər.

Ekspert qeyd edib ki, digər mühüm məqam Türkiyənin Türk dünyası ilə quru yolunun açılmasının məhz Zəngəzur dəhlizi sayəsində mümkün olacağı ilə bağlıdır və bu, Türkiyə üçün əhəmiyyətli tarixi nəticədir:

“Ankara bu kontekstdə siyasətini bundan sonra da Azərbaycanla müttəfiqlik və qardaşlıq münasibətləri çərçivəsində apararaq dəhlizin açılmasına mühüm töhfələr verəcək”.

Zeynal Əmrəliyev vurğulayıb ki, Türkiyənin bu prosesdə iştirakı layihənin daha da mütəşəkkil səciyyə almasına gətirib çıxara bilər, çünki Türkiyə regionun aparıcı dövlətlərindən biri, böyük əhaliyə malik ölkədir və qlobal siyasətdə fəal rol oynayır. 

Politoloq əlavə edib ki, belə bir ölkənin layihə ətrafında birləşməsi həm layihə iştirakçılarının, həm də region dövlətlərinin maraqlarına uyğundur, eyni zamanda Azərbaycan üçün də müsbət nəticələr doğura bilər.

Müsahibinin qənaətincə, bütün platformalarda Azərbaycan-Türkiyə qardaşlığının nümunəsi görünür və bu münasibətlər təkcə dövlətlərarası səviyyə ilə məhdudlaşmır, xalqlar arasında da çox yaxın əlaqələr mövcuddur. Zeynal Əmrəliyev sonda iki ölkə arasındakı münasibətlərin bundan sonra da həm regional müstəvidə, həm də ikitərəfli əlaqələrdə inkişaf edəcəyini, iqtisadi, siyasi və strateji sahələrdə yüksək irəliləyişin gözlənildiyini bildirib.

Çimnaz Telmanqızı