Qaynar xətt:

(+99450) 247 90 86

Tahir Rzayev: İlham Əliyevin Vyetnam səfəri strateji tərəfdaşlığa təkan verəcək

Tahir Rzayev: İlham Əliyevin Vyetnam səfəri strateji tərəfdaşlığa təkan verəcək

SİYASƏT

87

20.11.2026, 14:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan-Vyetnam dostluğu və əməkdaşlığı tarixi ənənələrə əsaslanır və bu ənənələr bu gün də uğurla davam etdirilir. Hələ Sovetlər dövründə Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik edərkən, eləcə də SSRİ Nazirlər Sovetinin birinci müavini olduğu dövrdə Vyetnamın neft-qaz sənayesinin inkişafında böyük xidmətləri olub. Azərbaycan mütəxəssisləri Vyetnamda neftin çıxarılmasında, qazın istehsalında yaxından iştirak ediblər. Ulu Öndərin 1983-cü ildə Vyetnama səfəri bu dostluq ənənələrinin təməlini qoyub, onlar bu gün də möhkəmləndirilir.

Bu sözləri Milli Məclisin deputatı, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Oxu24.com-a açıqlamasında bildirib

Tahir Rzayevin sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri iki ölkə arasında əməkdaşlığın yeni bir mərhələyə qədəm qoyduğundan xəbər verir. Çünki son illər istər iqtisadi-ticari, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, turizm, elm, təhsil, mədəni sahələrdə əməkdaşlıq genişlənməkdədir.Dövlət başçılarının görüşləri, danışıqları, eləcə də hökumətlərarası komissiyaların, parlamentlərarası dostluq qruplarının, hər iki ölkənin siyasi dairələrinin təşkilatlarının, Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasındakı əməkdaşlığın möhkəmlənməsi sözsüz ki, münasibətlərə yeni bir məna verir.

Tahir Rzayev vurğulayıb ki, ölkələr arasında strateji tərəfdaşlıq haqqında bircə bəyanat var və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri bu tərəfdaşlığın möhkəmləndirilməsinə bir daha mühüm fayda verdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev Vyetnamla münasibətlərin durmadan yaxşılaşdırılmasına böyük önəm verir və dövlətimizin rəhbərinin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə də bu öz ifadəsini tapıb. Cənab Prezident müsahibəsində bir daha bildirib ki, Vyetnam-Azərbaycan münasibətləri tarixi köklərə əsaslanır və ənənələrin uğurla davam etdirilməsi hər iki dövlətin və xalqların mənafeyinin xeyrinədir.Ölkə rəhbəri bildirib ki, ölkələrimiz ticarət dövriyyəsini artırmaq, enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika və digər sahələrdə münasibətləri yaxşılaşdırmaq üçün kifayət qədər resurslara malikdir və bu resurslardan səmərəli istifadə olunmalıdır. Deyilənlər, əlbəttə ki, əməli fəaliyyətdə özünün əksini bir daha göstərir. Çünki son illər Vyetnama 1 milyon ton Azərbaycan nefti ixrac olunub. Keçən ilin yekunlarına görə iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub. Müasir infrastruktur layihələrinin həyata keçirilməsi Vyetnamla Avropa arasında yük daşımalarının təşkilində Azərbaycanın rolunun artmasına imkan yarada bilər və bu istiqamətdə sözsüz ki, tədbirlər görülməkdədir. Bu gün Azərbaycanda Vyetnam investisiyalı 7 şirkət fəaliyyət göstərir. Digər sahələrdə də, humanitar sahələrdə də tədbirlər həyata keçirilir. Ən yaxşı haldır ki, ən möhtəbər tədbirlərdə, istər Qoşulmama Hərəkatında, istər BMT Təhlükəsizlik Şurasının təşkil etdiyi bir sıra tədbirlərdə, digər tədbirlərdə Azərbaycanla Vyetnamın mövqeləri, sülhün, əmin-amanlığın təmin olunması, beynəlxalq normalara riayət edilməsi sahəsindəki baxışları üst-üstə düşür və bu ölkələr bir-birinin haqlı mövqeyini dəstəkləyirlər.

Deputat qeyd edib ki, bu gün Vyetnam dünyada öz yeri olan bir ölkə kimi tanınır və bu ölkə ilə münasibətlərin dərinləşdirilməsi, əlbəttə ki, dövlət siyasətinin mühüm bir istiqaməti kimi müəyyənləşdirilib və hər iki dövlətin milli maraqlarına, xalqların mənafeyinə uyğundur. Cənab Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri bu baxımdan çox vacibdir. İlk növbədə, Azərbaycanın beynəlxalq aləmdə qazandığı mövqeyi bir daha gücləndirir. Eləcə də strateji tərəfdaşlığın inkişafına yeni təkan verməklə siyasi və iqtisadi əlaqələrin genişlənməsinə yaxşı zəmin yaradır. Bu səfər ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və əlbəttə ki, hər bir ölkə ilə sağlam münasibətlərin yaradılması Azərbaycanın gələcək inkişafı, təhlükəsizliyinin təmin olunması, nəinki regionda, dünyada mövqeyinin möhkəmlənməsi baxımından çox əhəmiyyətlidir.

Turan Etibaroğlu