Prezident İlham Əliyev Vyetnamda çıxış edib - MƏTN
20 Noyabr 2026, 12:37
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
56
20.11.2026, 13:00
Azərbaycan ilə Vyetnam arasında münasibətlər yalnız diplomatik əlaqələrin tarixi ilə məhdudlaşmır. Bu münasibətlərin arxasında onilliklər ərzində formalaşmış səmimi dostluq, qarşılıqlı hörmət, ortaq tarixi xatirələr və xalqlarımızı birləşdirən mənəvi dəyərlər dayanır. Bu gün iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyması həmin möhkəm təməllərin müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirilməsinin nəticəsidir. Prezident İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan–Vyetnam münasibətlərinin keçdiyi tarixi yolu, mövcud əməkdaşlığın əsas istiqamətlərini və gələcək inkişaf perspektivlərini əhatə edən mühüm siyasi məzmunlu çıxışdır. Dövlət başçısının müsahibəsində diqqət çəkən əsas məqamlardan biri iki xalq arasında dostluğun təsadüfi siyasi yaxınlaşma deyil, zamanın sınaqlarından keçmiş tarixi münasibətlərə söykənməsidir. Azərbaycan–Vyetnam dostluğunun başlanğıc nöqtəsi 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya tarixi səfəri ilə bağlıdır. Bu səfər iki xalq arasında qarşılıqlı rəğbətin və əməkdaşlıq ənənələrinin formalaşmasında xüsusi əhəmiyyətə malikdir. Ho Şi Minin Bakı ilə tanışlığı, Azərbaycan xalqı ilə qurulan təmaslar və həmin dövrdə yaranan münasibətlər sonrakı onilliklərdə inkişaf edən əlaqələrin mənəvi əsasını təşkil etdi. Bu tarixi münasibətlərin möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin xidmətləri də müstəsna əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müsahibəsində xüsusi vurğuladığı 1983-cü il Vyetnam səfəri Azərbaycan–Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Həmin vaxt Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Vyetnama səfəri əvvəlcədən nəzərdə tutulmuş çərçivəni aşaraq səkkiz gün davam etmiş, ölkənin əsas regionlarını əhatə etmişdi. Bu, sadəcə diplomatik səfər deyildi. Səfər zamanı aparılan danışıqlar, əldə olunan razılaşmalar və müəyyənləşdirilən əməkdaşlıq istiqamətləri Vyetnamın iqtisadi inkişafına dəstək verməklə yanaşı, Azərbaycanla Vyetnam arasında uzunmüddətli tərəfdaşlığın əsaslarını da möhkəmləndirdi. Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi, beynəlxalq münasibətlərə geniş baxışı və əməkdaşlığın praktiki nəticələrinə verdiyi əhəmiyyət həmin səfərin uğurunu şərtləndirən mühüm amillərdən idi. Bu baxımdan, Azərbaycan–Vyetnam münasibətlərinin tarixindən danışarkən Ümummilli Lider Heydər Əliyev və Ho Şi Min kimi görkəmli dövlət xadimlərinin adlarının yanaşı çəkilməsi tamamilə təbiidir. Müstəqillik dövründə Azərbaycan bu tarixi irsi qoruyaraq Vyetnamla münasibətlərin inkişafını xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi davam etdirdi. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama ilk dövlət səfəri, 2015-ci ilin mayında isə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri ikitərəfli münasibətlərin yeni siyasi reallıqlar əsasında inkişafına təkan verdi.
Bu sözləri Milli Məclisin deputatı Şahin Seyidzadə Oxu24.com-a açıqlamasında bildirib.
Şahin Seyidzadənin sözlərinə görə, Azərbaycan–Vyetnam münasibətlərində ən mühüm hadisələrdən biri 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri oldu. Bu səfər iki ölkə arasında siyasi dialoqun daha yüksək səviyyəyə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində aparılmış danışıqların nəticəsi olaraq Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi münasibətlərimizin tarixində yeni mərhələnin başlanğıcını qoydu. Sənəd Azərbaycan və Vyetnamın qarşılıqlı etimada əsaslanan əlaqələrini daha geniş əməkdaşlıq çərçivəsinə daşımaq niyyətini nümayiş etdirdi. Bu sənədin əhəmiyyəti onun yalnız siyasi bəyanat olmasında deyil, həm də iki ölkənin gələcək əməkdaşlığı üçün konkret istiqamətlər müəyyənləşdirməsindədir. Energetika, investisiya, müdafiə, kibertəhlükəsizlik və digər sahələri əhatə edən müzakirələr tərəfdaşlığın çoxşaxəli xarakter aldığını göstərir. Prezident İlham Əliyevin müsahibəsində vurğulandığı kimi, dövlət başçılarının təmasları ilə yanaşı, hökumətlərarası komissiyalar, müvafiq dövlət qurumları və parlamentlərarası dostluq qrupları səviyyəsində də əməkdaşlıq davam etdirilir. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında münasibətlərin inkişafı da bu siyasi dialoqun mühüm tərkib hissəsidir. İki ölkənin beynəlxalq təşkilatlarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində qarşılıqlı əlaqələri də siyasi münasibətlərin möhkəmlənməsinə xidmət edir. Bu əməkdaşlıq beynəlxalq gündəlikdə ortaq maraqların müdafiəsi və qarşılıqlı dəstək baxımından əhəmiyyətlidir.
Millət vəkili vurğulayıb ki, Azərbaycan ilə Vyetnam arasında münasibətlərin ən dəyərli xüsusiyyətlərindən biri humanitar əməkdaşlığın uzunmüddətli və ardıcıl xarakter daşımasıdır. Siyasi və iqtisadi əlaqələr dövlətlərarası münasibətlərin vacib istiqamətləridirsə, mədəniyyət, təhsil və humanitar təşəbbüslər xalqlar arasında qarşılıqlı anlaşmanı və dostluğu möhkəmləndirən əsas vasitələrdir. Bu baxımdan Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi layihələr xüsusi qeyd olunmalıdır. Fondun fəaliyyəti Azərbaycanın humanitar siyasətinin beynəlxalq miqyasda təzahürlərindən biridir. Vyetnamda həyata keçirilən təşəbbüslər, xüsusilə Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə verilən dəstək Azərbaycan xalqının dost ölkənin inkişafına və gələcək nəsillərinin təhsilinə göstərdiyi diqqətin ifadəsidir. Fondun təhsil proqramlarına və sosial layihələrə dəstəyi humanitar əməkdaşlığın real nəticələrə əsaslandığını göstərir. Bu təşəbbüslər Azərbaycanla Vyetnam arasında münasibətlərin yalnız rəsmi səviyyədə deyil, insanların gündəlik həyatında da müsbət iz buraxmasına imkan yaradır. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri də bu baxımdan əhəmiyyətli hadisə oldu. Səfər çərçivəsində Vyetnamın dövlət və ictimaiyyət nümayəndələri, yaradıcı ziyalılar və Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə görüşlər keçirildi. Hanoy Ticarət və Turizm Kollecinə göstərilən maliyyə dəstəyi isə təhsil sahəsində əməkdaşlığın davamlı inkişafına xidmət edən konkret addımlardan biri oldu. Bu fəaliyyətin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan öz beynəlxalq münasibətlərində humanitar dəyərlərə, təhsilə və insan amilinə xüsusi əhəmiyyət verir. Dost ölkələrlə münasibətlərdə qarşılıqlı yardım və həmrəylik nümayiş etdirmək Azərbaycanın xarici siyasətinin mühüm xüsusiyyətlərindəndir.
Onun sözlərinə görə, Azərbaycan–Vyetnam münasibətlərinin mühüm istiqamətlərindən biri də elm və təhsil sahəsində əməkdaşlıqdır. Bu əlaqələrin tarixi kifayət qədər zəngindir. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması iki xalq arasında formalaşmış akademik və mənəvi bağların miqyasını göstərir. Həmin insanlar Azərbaycanda qazandıqları bilik və təcrübəni sonradan öz ölkələrinin inkişafına yönəldiblər. Onların bir çoxu Vyetnamın müxtəlif sahələrində çalışaraq ölkələrinin tərəqqisinə töhfə verib. Bu məzunlar Azərbaycanla Vyetnam arasında canlı dostluq körpüsü rolunu oynayırlar. Bu gün həmin ənənənin müasir dövrün tələblərinə uyğun davam etdirilməsi üçün yeni imkanlar mövcuddur. İki ölkənin universitetləri arasında imzalanan əməkdaşlıq sənədləri, akademik mübadilə proqramları və elmi əlaqələr təhsil sahəsində tərəfdaşlığın genişləndirilməsinə şərait yaradır.Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış təhsil qrant proqramı da Vyetnam gəncləri üçün əlavə imkanlar açır. Bu proqramın əhəmiyyəti yalnız tələbələrin ali təhsil alması ilə məhdudlaşmır. O, müxtəlif ölkələrdən olan gənclərin Azərbaycanla tanışlığına, burada yeni bilik və təcrübə qazanmasına, gələcəkdə ölkələr arasında əməkdaşlığın inkişafına töhfə verməsinə imkan yaradır. 2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması isə tarixi yaddaşın qorunması baxımından xüsusi məna daşıyır. Görkəmli dövlət xadiminin anadan olmasının 135-ci ildönümünə təsadüf edən bu hadisə iki ölkənin ortaq tarixə və dostluq ənənələrinə verdiyi dəyərin rəmzinə çevrildi.Mədəni əlaqələr Azərbaycan və Vyetnam xalqlarının bir-birini daha yaxından tanımasına, milli ənənələrini və mənəvi dəyərlərini bölüşməsinə imkan yaradır. Azərbaycanda keçirilən Vyetnam Günləri bu istiqamətdə həyata keçirilən mühüm təşəbbüslərdəndir. 2026-cı ildə Vyetnam Günlərinin dördüncü festivalının ilk dəfə Bakı ilə yanaşı Qəbələdə də keçirilməsi tədbirin coğrafiyasının genişlənməsi baxımından əlamətdar hadisə oldu. Bu, Vyetnam mədəniyyətinin Azərbaycanın müxtəlif bölgələrində tanıdılması və xalqlar arasında mədəni dialoqun inkişaf etdirilməsi baxımından yeni imkanlar yaratdı. Vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” şeirlər toplusunun Azərbaycanda nəşr edilməsi də ədəbi əlaqələrin inkişafına xidmət edən əhəmiyyətli hadisədir. Ədəbiyyat xalqların düşüncə tərzini, tarixini və mənəvi dünyasını tanımaq üçün mühüm vasitədir. Bu baxımdan, bir ölkənin ədəbiyyat nümunələrinin digər ölkədə nəşri mədəni yaxınlaşmanın xüsusi formasıdır. Azərbaycan mədəniyyətinin Vyetnamda tanıdılmasında da tarixi ənənələr mövcuddur. Hələ 1955-ci ildə görkəmli bəstəkar Qara Qarayev ilk Sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası” əsərini yaratmışdı. Bu əsər Azərbaycan musiqi sənətinin Vyetnam mövzusuna müraciətinin maraqlı nümunələrindən biridir. Rejissor Əjdər İbrahimovun 1959–1962-ci illərdə Vyetnamda fəaliyyəti isə iki ölkə arasında mədəni əlaqələrin tarixində xüsusi yer tutur. O, Vyetnam kino sənətinin inkişafına, yerli rejissor və aktyorların yetişdirilməsinə töhfə vermiş, bu ölkəyə dair əsərlər yaratmışdır. Rejissorun “Vyetnamda gördüklərim” kitabının Vyetnam dilinə tərcümə edilməsi və 2026-cı ildə Hanoyda təqdimatının keçirilməsi bu irsin müasir dövrdə də yaşadıldığını göstərir. Dostluğun həqiqi mahiyyəti yalnız xoş günlərdə qurulan münasibətlərlə deyil, çətin anlarda nümayiş etdirilən həmrəyliklə də ölçülür. Azərbaycanın 2024-cü ildə Vyetnamda baş vermiş “Yaqi” fırtınasının, 2025-ci ildə isə genişmiqyaslı daşqınların nəticələrinin aradan qaldırılması üçün maliyyə yardımı göstərməsi bu həmrəyliyin konkret təzahürüdür.
Deputat sonda qeyd edib ki, Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi Azərbaycan–Vyetnam münasibətlərinin tarixi köklərini və gələcək inkişaf perspektivlərini vahid məntiqdə birləşdirir. Bu münasibətlərin əsas xüsusiyyəti ondan ibarətdir ki, siyasi əməkdaşlıq, iqtisadi tərəfdaşlıq və humanitar əlaqələr bir-birini tamamlayır. Bu gün Vyetnam Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən dövlətlərindən biridir. Azərbaycan isə Cənubi Qafqazda mühüm geosiyasi, energetika və nəqliyyat-logistika mövqeyinə malikdir. Hər iki ölkənin malik olduğu imkanlar qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Lakin bütün bu inkişaf perspektivlərinin arxasında ilk növbədə xalqlarımızın onilliklər ərzində formalaşdırdığı dostluq dayanır. Ho Şi Minin 1959-cu ildə Bakıya səfəri ilə möhkəmlənən, Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnamda həyata keçirdiyi mühüm təşəbbüslərlə yeni məzmun qazanan bu münasibətlər bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Tarixi yaddaşa sədaqət, qarşılıqlı etimad və gələcəyə yönəlmiş siyasi iradə Azərbaycan–Vyetnam münasibətlərinin davamlı inkişafını təmin edən əsas amillərdir. Bu dostluq yalnız keçmişin qiymətli irsi deyil, həm də gələcək nəsillər üçün qorunmalı və daha da zənginləşdirilməli olan mühüm mənəvi sərvətdir.
Turan Etibaroğlu
13:08 / 20 Noyabr 2026
1
13:06 / 20 Noyabr 2026
16
13:01 / 20 Noyabr 2026
26
12:52 / 20 Noyabr 2026
57
12:50 / 20 Noyabr 2026
44
12:48 / 20 Noyabr 2026
53
12:47 / 20 Noyabr 2026
116
12:37 / 20 Noyabr 2026
61
12:30 / 20 Noyabr 2026
58
12:23 / 20 Noyabr 2026
179
12:11 / 20 Noyabr 2026
70
11:43 / 20 Noyabr 2026
93
11:42 / 20 Noyabr 2026
184
11:36 / 20 Noyabr 2026
88
11:20 / 20 Noyabr 2026
117
11:05 / 20 Noyabr 2026
30
11:05 / 20 Noyabr 2026
89
11:03 / 20 Noyabr 2026
109
11:01 / 20 Noyabr 2026
107
10:49 / 20 Noyabr 2026
137
10:40 / 20 Noyabr 2026
104
10:20 / 20 Noyabr 2026
109
10:20 / 20 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.