Qaynar xətt:

(+99450) 247 90 86

Elnarə Akimova: “Qardaşlıq adı ilə Azərbaycanın suverenliyinə müdaxilə yolverilməzdir” 

Elnarə Akimova: “Qardaşlıq adı ilə Azərbaycanın suverenliyinə müdaxilə yolverilməzdir” 

SİYASƏT

59

15.10.2026, 16:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət, qarşılıqlı etimad və xalqlarımızın bir-birinə bağlılığı dayanır.Məhz buna görə də Türkiyə sosial mediasında Azərbaycana qarşı səsləndirilən əsassız ittihamlar, təhqiramiz ifadələr və səfirliyimiz qarşısında keçirilən aksiyalar təəssüf doğurur. Ancaq ayrı-ayrı şəxslərin və qrupların mövqeyini bütövlükdə Türkiyə cəmiyyətinin və ya dövlətinin münasibəti kimi qiymətləndirmək də düzgün olmazdı. Türkiyə böyük və müxtəlif baxışlara malik cəmiyyətdir, orada Azərbaycana səmimi rəğbət bəsləyən, qardaşlıq münasibətlərini yüksək qiymətləndirən milyonlarla insan var. Buna görə də emosional reaksiyalardan daha çox, baş verənləri soyuqqanlılıqla dəyərləndirməliyik.

Bu sözləri YAP İdarə Heyətinin üzvü ,Milli Məclisin deputatı Elnarə Akimova Oxu24.com saytına açıqlamasında bildirib.

E. Akimova qeyd edib ki, Azərbaycan müstəqil, suveren dövlətdir və öz milli maraqlarına uyğun qərarlar qəbul etmək hüququna malikdir. Bu hüquq beynəlxalq münasibətlərin fundamental prinsiplərindən biri olan dövlətlərin suveren bərabərliyinə əsaslanır. Hər hansı qərarla razılaşmamaq mümkündür, onu müzakirə etmək də təbiidir, lakin bu, başqa dövlətin daxili işlərinə müdaxilə etməyə, onun xalqına qarşı təhqiramiz münasibət göstərməyə və ya diplomatik nümayəndəliyinin fəaliyyətinə təzyiq göstərməyə əsas vermir. Səfirlik qarşısında keçirilən aksiyaların arxasında konkret hansı niyyətlərin dayandığı da aydındır. 

Millət vəkilinin fikrincə, bunu Türkiyədə demokratiyadır, hər kəs sözüne açıq deyə bilir məsələsi isə sadəcə gözəl kül üfürməkdir. Bütün iştirakçılar əvvəlcədən təxribata getdiklərini şüurlu şəkildə bilirdilər, ona gorə də baş verənləri sadəcə məlumatsızlıqla izah etmək doğru olmazdı.Əsl qardaşlıq, ilk növbədə, qarşı tərəfin hüquqlarına, seçimlərinə və dövlət maraqlarına hörmət etməkdir.

Azərbaycan Türkiyənin suveren qərarlarına necə hörmətlə yanaşırsa, Türkiyə vətəndaşlarından da Azərbaycanın müstəqil qərarlarına eyni münasibəti gözləmək təbiidir. Bu, dostluğun zəifləməsi deyil, əksinə, sağlam və bərabərhüquqlu münasibətlərin əsas şərtidir. Qardaşlıq qarşılıqlı itaət deyil, qarşılıqlı hörmətdir; tərəflər bütün məsələlərdə eyni düşünməyə bilər, amma fikir ayrılıqları dövlətlərarası etimadı sarsıtmamalıdır.Türkiyədə dini meyillər, dünyəvilik və milli kimlik ətrafında gedən müzakirələrə gəlincə, burada tarixi və ictimai reallıqları nəzərə almaq lazımdır.

Osmanlı imperiyası dövründə sultanların xəlifəlik iddiası və dini-siyasi ənənələr dövlətçilik tarixinin mühüm hissəsi olub. Türkiyə Cümhuriyyəti isə XX əsrdə dünyəvi dövlət quruculuğu istiqamətində köklü dəyişikliklər həyata keçirib. Bununla belə, dünyəvi dövlət modeli cəmiyyətin bütün üzvlərinin eyni dərəcədə dünyəvi düşünməsi demək deyil. Türkiyə cəmiyyətində dini inancların güclü olması, müxtəlif dini icmaların və təriqətlərin mövcudluğu həmin ölkənin mürəkkəb tarixi və sosial quruluşunun nəticəsidir.

Onun sözlərinə görə, Türkiyədə dini meyillərin güclənməsi və ya müəyyən dini cərəyanların ictimai həyata təsiri barədə müzakirələr, ilk növbədə, Türkiyə cəmiyyətinin özünün müzakirə etməli olduğu məsələlərdir. Hər bir xalq öz ictimai inkişaf yolunu, milli kimliyinin məzmununu və dini inancla dünyəvi dövlətçilik arasındakı münasibətləri özü müəyyənləşdirir. Bizim də başqa ölkələrin daxili seçimlərinə münasibətdə riayət etməli olduğumuz əsas prinsip budur: başqalarının Türkiyənin daxili işlərinə qarışmasını istəmiriksə, biz də Türkiyə cəmiyyətinə öz seçimlərini diktə etməyə çalışmamalıyıq. Eyni prinsip Azərbaycanın özünə münasibətdə də keçərlidir.

Deputat qeyd edib ki,Türkiyə cəmiyyətində türkçülük, turançılıq və müsəlman həmrəyliyi ideyalarına münasibət də birmənalı deyil. Bəzi insanlar üçün türk dünyasının birliyi milli kimliyin əsas ifadəsidir, digərləri üçün dini mənsubiyyət və İslam həmrəyliyi daha ön plandadır, bir qisim insan isə bu dəyərləri bir-birini tamamlayan anlayışlar kimi qəbul edir. Dini dünyagörüşünə malik bəzi çevrələrdə ümmət anlayışının milli kimlikdən daha üstün tutulması da mümkündür. Bu fərqləri nəzərə almadan bütün Türkiyə cəmiyyətindən eyni ideoloji mövqeni gözləmək reallığa uyğun olmazdı. Türkiyə vətəndaşlarının turançılıq ideyasına münasibəti onların öz seçimidir və bu seçimə hörmət etmək lazımdır. Eyni zamanda, heç bir ideoloji mövqenin başqa xalqların milli maraqlarına hörmətsizliyə bəraət qazandırmasına yol vermək olmaz.

Elnarə Akimova vurğulayıb ki, burada əsas fərq dini inancla radikal ideologiya arasındadır. İnsanın dindar olması, dini ayinlərə əməl etməsi və ya müəyyən dini ənənəyə bağlılığı özlüyündə təhlükə hesab edilə bilməz. Problem dini inancın siyasi təzyiq vasitəsinə çevrildiyi, başqalarının hüquqlarını inkar etdiyi, zorakılığa bəraət qazandırdığı və ya dövlətlərin suverenliyini şübhə altına aldığı məqamda yaranır. Eyni yanaşma dünyəvilik və millətçilik adı altında başqalarının inancına və kimliyinə qarşı dözümsüzlük göstərən mövqelərə də aiddir. Sağlam cəmiyyətin əsas meyarı insanların hansı inanca sahib olması deyil, qanunlara, insan hüquqlarına və başqalarının seçimlərinə necə yanaşmasıdır.

Millət vəkili əlavə edib ki, Azərbaycanla Türkiyənin münasibətləri ayrı-ayrı sosial şəbəkə mübahisələrindən və müəyyən qrupların emosional çıxışlarından daha möhkəm tarixi təmələ söykənir. Bu münasibətlərin gələcəyi qarşılıqlı hörmətə, suverenliyə, milli maraqların tanınmasına və ortaq strateji məqsədlərə bağlıdır. Biz nə Türkiyə cəmiyyətinin daxili seçimlərinə müdaxilə etməliyik, nə də Azərbaycanın dövlətçilik prinsiplərinə qarşı yönələn təzyiqləri normal qəbul etməliyik. Ən doğru mövqe dostluğu qorumaqla yanaşı, milli ləyaqətimizi və suveren hüquqlarımızı da qətiyyətlə müdafiə etməkdir. Çünki həqiqi qardaşlıq bir-birinin hər qərarını mütləq dəstəkləmək deyil, fikir ayrılığı yarandıqda belə bir-birinin hüququna və müstəqil iradəsinə hörmət etmək bacarığıdır.

Turan Etibaroğlu