Deputatdan Türkiyə mövzusunda MÜHÜM AÇIQLAMA
15 Oktyabr 2026, 15:01
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
115
15.10.2026, 14:36
Azərbaycan-Türkiyə münasibətləri tarixi qardaşlıq, qarşılıqlı etimad və strateji müttəfiqlik prinsipləri üzərində qurulub. Bu münasibətlərin qorunması və daha da möhkəmləndirilməsi yalnız iki dövlətin deyil, bütövlükdə Türk dünyasının gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün Türkiyədə Azərbaycana, eləcə də Azərbaycanın qəbul etdiyi qərarlara qarşı yönələn bəzi açıqlamalar və kampaniyalar fonunda qarşılıqlı münasibətlərə məsuliyyətlə yanaşmaq, ayrı-ayrı qrupların mövqeyini bütövlükdə dövlətin və cəmiyyətin mövqeyi kimi qəbul etməmək vacibdir. Eyni zamanda, iki qardaş ölkənin ictimaiyyətləri arasında qarşılıqlı inamı və həmrəyliyi qorumaq, yaranan narazılıqların dərinləşməsinə imkan verməmək xüsusi əhəmiyyət kəsb edir.
Siyasətçi Taleh Əliyev Oxu24.com-a açıqlamasında bildirib ki, Türkiyədə xarici dövlətlərin təsir dairəsində olan kifayət qədər ideoloji, siyasi və ictimai qruplar mövcuddur. Onun sözlərinə görə, bu gün həmin qruplar Azərbaycana qarşı deyil, həm də Türkiyənin digər dost və müttəfiq ölkələrinə qarşı Türkiyədə sosial şəbəkələr, eləcə də türk mediasının ayrı-ayrı qurumları vasitəsilə qərəzli və böhtan xarakterli kampaniyalar aparırlar.
Taleh Əliyev qeyd edib ki, bu kampaniyaları Türkiyə dövlətinin və ya Türkiyə iqtidarının mövqeyi kimi qəbul etmək yanlış olardı. Onun fikrincə, Türkiyədə ayrı-ayrı qrupların, media qurumlarının və ictimai şəxslərin səsləndirdiyi fikirləri bütövlükdə Türkiyə dövlətinin mövqeyi ilə eyniləşdirmək düzgün yanaşma deyil.
Siyasətçi bildirib ki, doğrudur, son zamanlar AK Partiya rəsmilərinin bəziləri tərəfindən Azərbaycana və Azərbaycanın qəbul etdiyi qərarlara qarşı münasibət ifadə olunub. Yerli ekspertlərimiz bunu çox doğru bir terminlə — Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi kimi ifadə edirlər. Hesab edirəm ki, AK Partiya rəsmiləri tərəfindən verilmiş bu açıqlamalara kifayət qədər adekvat münasibəti Yeni Azərbaycan Partiyası da bu günlərdə ortaya qoyub.
Taleh Əliyevin sözlərinə görə, bundan sonra Azərbaycan mediasında və sosial şəbəkələrin Azərbaycan seqmentində Türkiyə dövlətinə, Türkiyə cəmiyyətinə və Türkiyə iqtidarına qarşı əlavə gərginlik yaradacaq, qarşılıqlı inamı və etimadı sarsıdacaq mövqelərin sərgilənməsi hər iki dövlətin və hər iki xalqın maraqlarına ziddir. Əksinə, bu prosesdən qazanan tərəflər ortaq düşmənlərimiz, yaxud hər birimizin ayrı-ayrılıqda düşməni olan dövlətlər və cəmiyyətlərdir.
O vurğulayıb ki, Azərbaycan və Türkiyə arasında münasibətlərə yanaşarkən hər iki ölkənin maraqları, tarixi qardaşlığı və gələcək hədəfləri nəzərə alınmalıdır.
“Necə ki, biz haqlı olaraq Azərbaycanın daxili işlərinə qarışmağı düzgün hesab etmirik, eyni dərəcədə Türkiyənin də daxili işlərinə qarışmamalıyıq. Biz Azərbaycanın suverenliyinə, müstəqil qərarlarına və daxili qanunvericiliyinə hörmət edilməsini istəyiriksə, eyni yanaşmanı Türkiyəyə münasibətdə də nümayiş etdirməliyik. Azərbaycan-Türkiyə münasibətlərində qarşılıqlı hörmət və etimad əsas prinsip olmalıdır. Qardaşlıq bir-birinin daxili işlərinə müdaxilə etmək deyil, bir-birinin maraqlarına hörmətlə yanaşmaq, çətin məqamlarda qarşılıqlı dəstək göstərmək və ortaq gələcəyi birlikdə qurmaq deməkdir”, – deyə Taleh Əliyev bildirib.
Siyasətçi qeyd edib ki, Azərbaycan və Türkiyənin ortaq keçmişindən daha uzunmüddətli, bəlkə də əbədi və çox parlaq gələcəyi mövcuddur. Onun fikrincə, hadisə və proseslərə məhz bu kontekstdən yanaşmalıyıq. Unutmamalıyıq ki, yeni dünya düzəni formalaşdıqdan sonra dünyanın əsas aktorlarından birinə çevriləcək Türk Dövlətləri Təşkilatının bu gün təməllərinin möhkəmləndirilməsi prosesi gedir və təşkilat hazırda quruculuq mərhələsindədir.
Taleh Əliyev vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının qurucu dövlətlərindən ikisi, həm də onun əsas qurucuları hesab edə biləcəyimiz ölkələr Azərbaycan və Türkiyədir. Buna görə də bu iki dövlət arasında münasibətlərin qorunması və inkişaf etdirilməsi təkcə ikitərəfli əlaqələr baxımından deyil, bütövlükdə Türk dünyasının gələcəyi üçün də həyati əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, bu gün Azərbaycan və Türkiyə arasında münasibətlərin gərginləşməsi Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə, başqa sözlə, Turanın formalaşmasına və bu prosesin sürətinə təsir edən amillərdən biri olacaq.
“Yəni bizim münasibətlərimiz nə qədər sağlam olarsa, qarşılıqlı əməkdaşlığa və etimada nə qədər çox söykənərsə, Türk Dövlətləri Təşkilatının yeni dünya düzənində bir o qədər mühüm yeri və rolu olacaq. Əksinə, aramızda gərginlik yaranarsa, nifaq toxumları səpilərsə, hətta deyərdim ki, Türk Dövlətləri Təşkilatı yeni dövrün əsas aktorlarından birinə çevrilmək imkanını itirə bilər. Buna görə də hadisə və proseslərə bu məntiqlə yanaşmalı, ayrı-ayrı məsələlərin iki ölkə arasındakı münasibətlərə və bütövlükdə Türk dünyasının gələcəyinə təsirini nəzərə almalıyıq”, – deyə siyasətçi bildirib.
Taleh Əliyev qeyd edib ki, bu gün Azərbaycan seqmentində və Azərbaycan mediasında Türkiyə ilə bağlı ifadə olunan fikirlər, eləcə də Türkiyə cəmiyyətində Azərbaycan haqqında səsləndirilən fikirlər təkcə iki dost və qardaş ölkənin bu gününü və gələcəyini təhdid etmir. Eyni zamanda, bu cür yanaşmalar Türk dünyasının və Turanın formalaşması mexanizminə, bütövlükdə bu prosesin inkişafına mənfi təsir göstərə bilər.
Siyasətçi bildirib ki, bu məsələdə Azərbaycanın fəal ictimaiyyət nümayəndələrinin, media qurumlarının, vətəndaş cəmiyyəti institutlarının və siyasi qüvvələrin üzərinə mühüm məsuliyyət düşür. Onun sözlərinə görə, Azərbaycan öz dövləti və milləti üçün parlaq gələcək istəyirsə, xüsusilə də qardaş Türkiyə ilə münasibətlərdə daha çox əməkdaşlıq ruhuna əsaslanan, ortaq gələcəyin birlikdə qurulmasına hesablanmış mövqe sərgilənməlidir.
“Yaratdığınız bu fürsətdən istifadə edərək Azərbaycanın fəal ictimai kəsiminə səslənmək istəyirəm ki, biz öz dövlətimiz, öz millətimiz üçün parlaq gələcək istəyiriksə, bu gün, xüsusilə də qardaş Türkiyə dövləti ilə bağlı münasibətlərdə daha çox əməkdaşlıq ruhunda olan, o ortaq gələcəyi birgə inşa etmək perspektivinə hesablanmış mövqe sərgiləməliyik”, – deyə Taleh Əliyev vurğulayıb.
O, həmçinin diqqətə çatdırıb ki, bu gün Azərbaycanda həm İranın, həm də Rusiyanın beşinci kolonunu təmsil edən qüvvələr mövcuddur. Onun sözlərinə görə, həmin qüvvələr zaman-zaman Türkiyə dövlətinə və türk toplumuna qarşı qərəzli mövqe sərgiləyir, Moskva və Tehrandan aldıqları direktivlər və tezislər əsasında fəaliyyət göstərirlər.
Taleh Əliyev hesab edir ki, Azərbaycan cəmiyyətinin sağlam qüvvələri və milli maraqları təmsil edən insanlar bu proseslərə məsuliyyətlə yanaşmalıdırlar. O bildirib ki, media qurumları, vətəndaş cəmiyyəti institutları və siyasi qüvvələr Azərbaycan-Türkiyə münasibətlərinə müsbət kontekstdən yanaşmalı, iki ölkə arasında qarşılıqlı inamın və etimadın qorunmasına öz töhfələrini verməlidirlər.
Siyasətçinin fikrincə, Azərbaycan və Türkiyə arasında münasibətlərin sağlam əsaslar üzərində qorunması, qarşılıqlı hörmətin möhkəmləndirilməsi və fikir ayrılıqlarının əməkdaşlıq ruhunda həll edilməsi hər iki dövlətin və xalqın maraqlarına uyğundur. O vurğulayıb ki, ortaq gələcəyin qurulması üçün tərəflər bir-birinin daxili işlərinə müdaxilədən çəkinməli, suveren qərarlara hörmət etməli və Türk dünyasının birliyini zəiflədə biləcək proseslərə qarşı diqqətli olmalıdırlar.
Turan Etibaroğlu
15:19 / 15 Oktyabr 2026
9
15:01 / 15 Oktyabr 2026
116
14:57 / 15 Oktyabr 2026
91
14:56 / 15 Oktyabr 2026
50
14:53 / 15 Oktyabr 2026
63
14:49 / 15 Oktyabr 2026
56
14:46 / 15 Oktyabr 2026
52
14:29 / 15 Oktyabr 2026
62
14:20 / 15 Oktyabr 2026
213
14:13 / 15 Oktyabr 2026
656
14:10 / 15 Oktyabr 2026
67
14:02 / 15 Oktyabr 2026
86
13:54 / 15 Oktyabr 2026
136
13:52 / 15 Oktyabr 2026
297
13:26 / 15 Oktyabr 2026
77
13:24 / 15 Oktyabr 2026
1062
13:18 / 15 Oktyabr 2026
93
13:17 / 15 Oktyabr 2026
79
13:06 / 15 Oktyabr 2026
211
12:58 / 15 Oktyabr 2026
69
12:53 / 15 Oktyabr 2026
99
12:51 / 15 Oktyabr 2026
438
12:49 / 15 Oktyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.