Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ukraynaya səfəri başlayıb
04 Noyabr 2026, 23:12
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
264
15.10.2026, 12:01
Aydın Quliyev: Türkiyədən gələn ideoloji zərbələr narahatlıq doğurur
Azərbaycan-Türkiyə münasibətləri tarixi qardaşlıq, qarşılıqlı etimad və strateji müttəfiqlik prinsipləri üzərində qurulub. Lakin Türkiyədə müəyyən dini təriqət və sektant qrupların Azərbaycana qarşı mövqeyi, ölkəmizin daxili işlərinə müdaxilə cəhdləri və bu istiqamətdə keçirilən aksiyalar iki ölkənin ictimaiyyətləri arasında narazılıq yarada, qardaşlıq münasibətlərinə xələl gətirə bilər. Belə halların qarşısının alınması, qarşılıqlı hörmətin qorunması və Azərbaycan-Türkiyə birliyinin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
“Bakı-Xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev Oxu24.com-a açıqlamasında bildirib ki, qardaş ölkə Türkiyədə müəyyən dini təriqət və sektant qrupların fəaliyyəti təəssüf ki, qorxulu şəkil almağa başlayıb.
Onun sözlərinə görə, bu qrupların keçirdiyi aksiyalar həm Azərbaycan-Türkiyə birliyinə zərər vurmaq, həm Türkiyə cəmiyyətini parçalamaq, həm də Azərbaycan və Türkiyə ictimaiyyətləri arasında həmrəyliyin kökünü baltalamaq potensialına malikdir.
Aydın Quliyev qeyd edib ki, daha çox narahatlıq doğuran məqam Türkiyə kimi, xüsusilə də ölkə daxilində proseslərin nəzarətdə olduğu bir məkanda belə sektant qrupların sərbəst fəaliyyət göstərməsi və onların qarşısının lazımi şəkildə alınmamasıdır.
Politoloqun fikrincə, ən acınacaqlı məqamlardan biri də əvvəlcə sektant və təriqətçi qrupların Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri kimi qiymətləndirilən hərəkətlərinə sonradan AKP strukturlarında və rəsmi şəxslər arasında dəstək verilməsidir.
O vurğulayıb ki, Türkiyənin sosial mediasında təriqətçi və sektant nümayəndələrinin dili ilə başladılan zərərli hicab hərəkatı sonradan Türkiyənin rəsmi strukturlarında, hətta hakim Ədalət və İnkişaf Partiyasında da dəstək tapıb. Bu vəziyyətin azərbaycanlıları və Azərbaycan dövlətini incitdiyini bildirən politoloq hesab edir ki, Türkiyənin rəsmi dairələri mümkün qədər qısa müddətdə bu cür halların qarşısını almalıdırlar.
Aydın Quliyev bildirib ki, təriqətçi qruplar nəhayət anlamalıdırlar: Azərbaycan-Türkiyə qardaşlığı ona görə dəyərlidir ki, tərəflər bir-birinin mənafelərinə hörmət etməyi və onları dəstəkləməyi bacarırlar. Onun sözlərinə görə, qardaşlıq bir-birinin daxili işlərinə müdaxilə etmək demək deyil. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərinin toxunulmazlığına, müstəqilliyinə və daxili qanunvericiliyinə hörmətlə yanaşmalıdır.
Politoloq qeyd edib ki, yaranmış narazılığın aradan qaldırılması üçün Türkiyənin hakimiyyət dairələrinin ata biləcəyi və atmalı olduğu çoxsaylı addımlar var. O vurğulayıb ki, bu cür ideoloji müdaxilələr Azərbaycan-Türkiyə qardaşlığına və əməkdaşlığına zərər vurur.
Aydın Quliyev xatırladıb ki, Azərbaycan dövləti Türk Dövlətləri Təşkilatının müasir dünyada ən perspektivli təşkilatlardan biri olduğuna inanır. Onun fikrincə, bu cür ideoloji sarsıntılar, xüsusilə Türkiyədən gələn sektant qrupların ideoloji zərbələri təşkilatın gələcək perspektivlərinə olduqca mənfi təsir göstərir.
Politoloq hesab edir ki, mövcud vəziyyətin qarşısını almaq üçün iki istiqamətdə mühüm addımlar atılmalıdır. Birincisi, dövlətlərarası münasibətlərdə hər iki ölkənin hakimiyyətləri, xüsusilə də Türkiyənin hakimiyyət dairələri bu cür proseslərin qarşısını almaq üçün məqsədyönlü fəaliyyət göstərməlidirlər. İkincisi, cəmiyyətlərdə dini-maarifləndirici və ideoloji təbliğat işi gücləndirilməlidir.
Aydın Quliyev bildirib ki, bu məqsədlə müasir kommunikasiya vasitələrindən maksimum səmərəli istifadə edilməlidir. Xüsusilə sosial şəbəkələrin, klassik medianın və televiziya kanallarının imkanlarından geniş şəkildə yararlanmaq lazımdır ki, Azərbaycan-Türkiyə qardaşlığına zərbə vurmaq istəyən kənar qüvvələrə və onların hər iki ölkədəki tərəfdarlarına vaxtında cavab verilsin.
Turan Etibaroğlu
00:23 / 05 Noyabr 2026
36
00:18 / 05 Noyabr 2026
51
00:16 / 05 Noyabr 2026
110
23:48 / 04 Noyabr 2026
115
23:44 / 04 Noyabr 2026
83
23:40 / 04 Noyabr 2026
81
23:35 / 04 Noyabr 2026
81
23:33 / 04 Noyabr 2026
73
23:30 / 04 Noyabr 2026
97
23:26 / 04 Noyabr 2026
62
23:22 / 04 Noyabr 2026
94
23:17 / 04 Noyabr 2026
113
23:14 / 04 Noyabr 2026
71
23:12 / 04 Noyabr 2026
76
23:04 / 04 Noyabr 2026
107
22:59 / 04 Noyabr 2026
147
22:51 / 04 Noyabr 2026
97
22:38 / 04 Noyabr 2026
100
22:34 / 04 Noyabr 2026
118
22:26 / 04 Noyabr 2026
104
22:22 / 04 Noyabr 2026
113
22:16 / 04 Noyabr 2026
2535
22:14 / 04 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.