Qaynar xətt:

(+99450) 247 90 86

Məktəblərdə psixoloqların fəaliyyəti qənaətbəxşdirmi? - Təhlil  

Məktəblərdə psixoloqların fəaliyyəti qənaətbəxşdirmi?  - Təhlil  

SİYASƏT

56

11.10.2026, 14:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məktəb uşağın yalnız təhsil aldığı deyil, həm də şəxsiyyətinin formalaşdığı  mühitdir. Bu prosesdə məktəb psixoloqlarının üzərinə də ciddi məsuliyyət düşür. Xüsusilə sosial şəbəkələrin yeniyetmələrin həyatına təsirinin artdığı bir dövrdə onların psixoloji vəziyyətinin vaxtında müşahidə edilməsi və problemlərə erkən müdaxilə daha da aktuallaşır. Bəs məktəb psixoloqları bu gün şagirdlərin dəyişən ehtiyaclarına nə dərəcədə cavab verə bilir və məktəblərdə psixoloji xidmətin qarşısında hansı problemlər dayanır?

Bu barədə Oxu24.com-a danışan Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki,məktəb psixoloqu uşağın yaşadığı çətinliyi erkən mərhələdə görə bilər. Onun sözlərinə görə, bunun üçün yalnız şagirdin dərsdəki nəticələrinə baxmaq kifayət etmir: 

“Əvvəllər ünsiyyətcil olan uşağın özünə qapanması, məktəbə getmək istəməməsi, dostlarından uzaqlaşması, diqqətinin və dərsə marağının azalması, tez qıcıqlanması və ya özünü davamlı günahlandırması diqqət tələb edən dəyişikliklərdir. Bəzən çətinlik baş və qarın ağrısı, yuxu pozuntusu kimi şikayətlərdə də özünü göstərir. Ancaq bu əlamətlərin heç biri təkbaşına diaqnoz deyil. Məktəb psixoloqunun işi uşağı damğalamaq yox, dəyişikliklərin nə ilə bağlı ola biləcəyini diqqətlə araşdırmaq və ehtiyac varsa, onu uyğun dəstəyə yönləndirməkdir”.

Psixoloq hesab edir ki, şagirdlərin psixoloqa müraciət etməsi daha çox aralarındakı etibardan asılıdır: 

“Uşaq «Dediklərim müəllimə, valideynimə və ya sinif yoldaşlarıma çatacaqmı?», «Məni qınayacaqlarmı?» deyə narahat ola bilər. Bəzən də psixoloqa getməyin «məndə ciddi problem var» kimi qəbul ediləcəyindən çəkinir. Buna görə məktəb psixoloqu özünü yalnız problem yarananda çağırılan şəxs kimi təqdim etməməlidir. Şagirdlər onu gündəlik məktəb həyatında tanımalı, onunla danışmağın normal olduğunu bilməlidirlər. Görüş zamanı uşağa hansı məlumatların məxfi saxlanacağı, hansı hallarda isə onun təhlükəsizliyi üçün böyüklərin köməyinə ehtiyac duyulacağı yaşına uyğun, aydın dillə izah edilməlidir. Kiberzorakılıq, sosial müqayisə və sosial şəbəkələrdə qəbul olunmamaq hissi uşağın özünə münasibətinə və davranışına təsir edə bilər. Məsələn, uşaq telefonunda baş verənlərdən sonra məktəbdə daha səssiz, gərgin və ya əsəbi görünə bilər; dostluq münasibətlərindən çəkilə, öz görünüşü və bacarıqları barədə mənfi fikirlər səsləndirə bilər. Bəzi uşaqlar baş verənləri gizlədirlər, çünki telefonlarının əllərindən alınacağından, günahlandırılacaqlarından və ya vəziyyətin daha da pisləşəcəyindən qorxurlar. Ona görə ilk reaksiya «Niyə o səhifəyə girdin?» və ya «Niyə cavab yazdın?» olmamalıdır. Əvvəlcə uşağı sakit şəkildə dinləmək, onun təhlükəsizliyini və nəyə ehtiyacı olduğunu müəyyənləşdirmək lazımdır. Kiberzorakılıq varsa, onu adi uşaq mübahisəsi kimi kiçiltmək də doğru deyil”.

Elnur Rüstəmov əlavə edib ki, məktəb psixoloqu, müəllim və valideyn arasında əməkdaşlıq erkən müdaxilənin əsas şərtidir:

“Müəllim gündəlik davranışdakı dəyişikliyi görə bilər, valideyn uşağın evdəki vəziyyətini müşahidə edir, psixoloq isə bu məlumatları peşəkar şəkildə qiymətləndirib dəstək planı qurur. Bu üç tərəf uşağın yanında bir-birini günahlandırmadan danışmalı və onun ehtiyacına yönəlməlidir. Məsələn, müəllim konkret müşahidəsini psixoloqla bölüşə, psixoloq şagirdlə fərdi söhbət aparıb valideynlə əlaqə saxlaya bilər. Sonra isə məktəbdə və evdə hansı addımların atılacağı, vəziyyətin nə vaxt yenidən qiymətləndiriləcəyi razılaşdırılmalıdır. Uşağın şəxsi məlumatları bu prosesdə yalnız zəruri şəxslərlə və zəruri həcmdə paylaşılmalıdır.

Biz uşaqlardan yalnız «problem olanda xəbər ver» gözləntisi ilə kifayətlənməməliyik. Məktəbdə elə bir mühit qurmalıyıq ki, onlar çətinliklərini söyləməyə cəsarət etsinlər və danışdıqdan sonra həqiqətən dinlənildiklərini görsünlər. Erkən müəyyən etmənin məqsədi hər davranış dəyişikliyini xəstəlik kimi təqdim etmək deyil; uşağın çətinliyi dərinləşməmiş ona vaxtında, düzgün və hörmətlə dəstək verməkdir”.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov vurğulayıb ki, müasir təhsil sistemində məktəb psixoloqlarının fəaliyyəti sadəcə inzibati bir vəzifə deyil, şagirdlərin psixi sağlamlığının, emosional zəkasının və şəxsiyyət kimi formalaşmasının fundamental təminatçısıdır:

“Hazırkı reallıqda məktəb psixoloqlarının şagird ehtiyaclarına cavab vermə dərəcəsi institusional mexanizmlər və kadr potensialı ilə birbaşa bağlıdır. Müarir qlobal çağırışlar fonunda bu gün məktəblərdə psixoloji xidmətin effektivliyini qiymətləndirmək üçün risk qrupuna daxil olan uşaqların vaxtında müəyyən edilməsi, şagird-valideyn-müəllim üçbucağında münaqişələrin tənzimlənməsi və keçirilən diaqnostik testlərin nəticələri kimi meyarlar əsas götürülür. Lakin etiraf etmək lazımdır ki, mövcud sistemdə bir məktəb psixoloqunun minlərlə şagirdlə fərdi, fundamental və eyni zamanda keyfiyyətli işləməsi fiziki və peşəkar baxımdan real olaraq qeyri-mümkündür. Çünki mövcud şagird-psixoloq nisbəti beynəlxalq standartlardan dəfələrlə çoxdur və bu izafi yüklənmə psixoloji xidməti mahiyyət etibarilə kağız üzərində qurulan formal xarakterli hesabatçılığa doğru itələyir”.

İlqar Orucov qabaqcıl beynəlxalq təcrübəni, xüsusilə ABŞ, Finlandiya və Sinqapur kimi uğurlu təhsil modellərini diqqətə çatdıraraq deyib ki,  belə məktəblərdə çoxşaxəli dəstək komandaları fəaliyyət göstərir:

“Beynəlxalq Məktəb Psixologiyası Assosiasiyasının standartlarına əsasən, effektiv nəticə üçün bir psixoloqa maksimum 250-300 şagird düşməlidir. Məsələn, Finlandiya modelində məktəb psixoloqu təkbaşına deyil, sosial işçi, xüsusi təhsil mütəxəssisi və pedaqoqla koordinasiyalı şəkildə şagird rifahı qrupu daxilində işləyir. Bu yanaşma hər bir uşağın probleminə fərdi yanaşmağa imkan verir və psixoloqun funksiyasını sadəcə böhran anında müdaxilə etməkdən çıxarıb, önləyici-profilaktik xidmət səviyyəsinə qaldırır. Bu institusional problemlərlə yanaşı, hazırda sistemin qarşısında dayanan ən böyük əngəllərdən biri də kadr axını və maliyyə çatışmazlığıdır. Məktəb psixoloqlarının əməkhaqlarının aşağı olması peşəkar mütəxəssislərin sistemdə qalmasını çətinləşdirir. Fikrimcə, bir çox təcrübəli və savadlı mütəxəssis dövlət məktəblərindəki ağır iş yükü və aşağı maddi təminat qarşılığında işləməkdənsə, özlərinin fərdi reabilitasiya və inkişaf mərkəzlərini açmağı, yaxud özəl sektorda fəaliyyət göstərməyi üstün tuturlar. Bu vəziyyət dövlət məktəblərində ciddi kadr qıtlığına və ya təcrübəsiz kadrların cəmləşməsinə yol açır ki, nəticədə rəqabətədavamlı psixoloji xidmət formalaşa bilmir. Məktəblərdə psixoloji xidmətin rəsmi xarakterdən uzaqlaşıb real və effektiv bir instituta çevrilməsi üçün hazırkı təhsil sistemində konkret və təxirəsalınmaz struktur dəyişiklikləri həyata keçirilməlidir. İlk növbədə, məktəblərdə şagird sayına görə ayrılan psixoloq ştatlarının kvotası beynəlxalq standartlara uyğunlaşdırılmalı, hər korpus və ya paralel siniflər üzrə differensiallaşdırılmış çoxşaxəli xidmət qrupları yaradılmalıdır”.

Müsahibimiz hesab edir ki, psixoloqların üzərindəki bürokratik hesabat yükü azaldılmalı, onların fəaliyyəti rəqəmsallaşdırılmış və anonimliyi qoruyan izləmə sistemlərinə keçirilməlidir:

“Bununla yanaşı, kadr axınının qarşısını almaq üçün məktəb psixoloqlarının əməkhaqqı fondu və statusu əhəmiyyətli dərəcədə artırılmalı, onların mütəmadi olaraq klinik psixologiya, böhran menecmenti və yeniyetmə psixologiyası üzrə praktiki beynəlxalq sertifikasiya proqramlarına cəlb olunması təmin edilməlidir. Yalnız kadr yükünün optimallaşdırılması, layiqli maddi təminatın qurulması və diaqnostik alətlərin müasirləşdirilməsi sayəsində məktəblərimizi şagirdlər üçün həqiqi mənada təhlükəsiz və emosional baxımdan stabil bir mühitə çevirə bilərik”.

Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi Oxu24.com-un sorğusuna cavab olaraq bildirib ki,məktəblərdə psixoloji xidmətin səviyyəsinin öyrənilməsi və məktəb psixoloqlarının qarşılaşdıqları çətinliklərin müəyyənləşdirilməsi məqsədilə son bir il ərzində Bakı və ətraf regionlarda müxtəlif mövzularda tədqiqat və sorğular aparılıb:

“Nəticələr göstərir ki, məktəb psixoloqlarının qarşılaşdıqları əsas çətinliklər resurs çatışmazlığı, beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi, eləcə də müasir diaqnostik alətlər və metodik vasitələrdən istifadə ilə bağlıdır. Bu amillər psixoloji xidmətin keyfiyyətli təşkili baxımından müəyyən çətinliklər yaradır”.

Agentlikdən bildirilib ki, son illərdə məktəb psixoloqlarına müraciətlərin sayında artım müşahidə olunur:

“Bununla bağlı yekun statistik məlumat olmasa da, psixoloqlarla keçirilən sorğuların nəticələri müraciətlərin artdığını göstərir. Eyni zamanda, 2025–2026-cı tədris ili ərzində “Məktəblinin dostu” xidməti üzrə psixoloqlara 800-ə yaxın müraciət daxil olub, onların 550-yə yaxını, yəni təxminən 70 faizi üzrə psixoloji konsultasiya həyata keçirilib. Müraciətlərin əsas hissəsini şəxsiyyət problemləri, uşaq-valideyn münasibətləri və davranış pozuntuları ilə bağlı məsələlər təşkil edib.

Məktəb psixoloqlarının fəaliyyətinin effektivliyi təhsilalanların, təhsilverənlərin və valideynlərin psixoloji xidmətlə bağlı rəylərinin öyrənilməsi, həmçinin məktəb psixoloqlarının məlumatlılıq səviyyəsi, qarşılaşdıqları çətinliklər və tətbiq etdikləri yanaşmalar barədə aparılan sorğular əsasında qiymətləndirilir. Əldə olunan məlumatlar mövcud ehtiyacların müəyyənləşdirilməsi və psixoloji xidmətin inkişaf istiqamətlərinin formalaşdırılması üçün əsas kimi istifadə olunur”.

Qeyd edilib ki, məktəblərdə psixoloji xidmətin gücləndirilməsi istiqamətində son bir ildə aparılmış sorğuların nəticələri əsasında bir sıra təkliflər hazırlanıb:

“Təkliflər çərçivəsində məktəb psixoloqlarının rolunun gücləndirilməsi üçün vahid metodik çərçivənin hazırlanması, yaş qruplarına uyğun profilaktika proqramlarının və müasir metodik vəsaitlərin, qiymətləndirmə alətlərinin hazırlanaraq vahid elektron platformada yerləşdirilməsi, beynəlxalq təcrübəyə uyğun materialların mütəmadi yenilənməsi və psixoloqlar üçün onlayn resurs bankının yaradılması nəzərdə tutulur. Həmçinin psixoloqların müasir profilaktik yanaşmalar üzrə biliklərinin artırılması məqsədilə mütəmadi sertifikat proqramlarının və ixtisasartırma təlimlərinin təşkili təklif olunur”.

“Bununla yanaşı, psixoloji xidmət sahəsində müasir texnologiyaların, o cümlədən süni intellektin tətbiqi ilə bağlı təkliflər hazırlanıb. Bu istiqamətdə psixologiya üzrə ali təhsil proqramlarına süni intellekt, məlumat təhlükəsizliyi və Sİ əsaslı psixodiaqnostika modullarının daxil edilməsi, məktəblərdə pilot layihələrin həyata keçirilməsi və nəticələr əsasında müvafiq metodik tövsiyələrin hazırlanması təklif olunur.

Eyni zamanda, məktəb psixoloqlarının peşəkar bacarıqlarının artırılması məqsədilə digər dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində də tədbirlər həyata keçirilir. 12 may 2026-cı il tarixində Abşeron rayonunda fəaliyyət göstərən məktəblərin psixoloqları üçün məişət zorakılığından zərər çəkmiş uşaqların müəyyən edilməsi və onlara psixoloji yardımın göstərilməsi mövzusunda seminar keçirilib. 2026-cı il ərzində isə Dövlət Məşğulluq Agentliyinin layihəsi çərçivəsində bir sıra məktəb psixoloqları üçün peşəyönümü və karyera məsləhəti xidmətləri üzrə təlimlər təşkil olunub.

Qeyd edirik ki, məktəb psixoloqlarının peşəkar potensialının gücləndirilməsi uşaqların psixoloji rifahının və təhlükəsizliyinin təmin olunması, eləcə də psixoloji risklərin erkən müəyyənləşdirilməsi və qarşısının alınması baxımından əsas istiqamətlərdən biridir”-deyə Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi vurğulayıb.

Mehin Mehmanqızı

Qeyd: Məqalə Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “ uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanıb.