Prezident İlham Əliyev çıxış edib - Yenilənir
17 Sentyabr 2026, 11:56
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
123
17.09.2026, 11:41
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın Türk dünyasının və Qafqazın kəsişməsində yerləşən ölkə kimi mövqeyinə xüsusi diqqət yetirməsi, Seyid Yəhya Bakuvi ilə yanaşı Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi böyük şəxsiyyətlərin irsini xatırlatması da təsadüfi olmayıb. Bu yanaşma Azərbaycanın tarixi və mənəvi irsinin yalnız milli deyil, Türk və İslam dünyası üçün də əhəmiyyət daşıdığını göstərən mesaj kimi qiymətləndirilir. Eyni zamanda, müxtəlif ölkələrdən dini rəhbərlərin Bakıda bir araya gəlməsi dini əməkdaşlığın ictimai və diplomatik münasibətlərdə oynaya biləcəyi rolu gündəmə gətirib.
Görüşün digər mühüm istiqaməti isə Qarabağla bağlı mesajlar olub. Dini liderlərin Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfər etməsi onların işğalın nəticələrini, dağıdılmış dini və mədəni abidələri, eləcə də bu gün bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini yerində görməsinə imkan yaradacaq. Prezidentin çıxışında işğal dövründə dağıdılan məscidlər, Xocalı faciəsi, məcburi köçkünlük və mədəni irsə vurulan zərər barədə səsləndirdiyi fikirlər isə Azərbaycanın tarixi yaddaş və gələcək nəsillərə ötürüləcək məsuliyyət anlayışına verdiyi əhəmiyyəti ortaya qoyub.
Deputat və ekspertlər də hesab edirlər ki, Bakıda keçirilən bu görüş və paralel tədbirlər Azərbaycanın yalnız dini və mədəni dialoq məkanı deyil, həm də Türk dünyası, Qafqaz və İslam ölkələri arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi mühüm platformaya çevrildiyini göstərir. Onların fikrincə, Azərbaycanın beynəlxalq münasibətlərdə artan rolu təkcə iqtisadi və hərbi imkanlarla deyil, müxtəlif siyasi, mədəni və dini coğrafiyalar arasında əlaqə yarada bilməsi ilə də bağlıdır.
Bəs Bakıda keçirilən görüşlərin siyasi və diplomatik əhəmiyyəti nədən ibarətdir? Azərbaycanın Türk və İslam dünyasındakı mövqeyi hansı istiqamətdə inkişaf edir? Dini liderlərin Qarabağa səfəri hansı mesajları özündə ehtiva edir və keçmişin ağır mirası ilə bu gün bölgədə aparılan quruculuq prosesi necə bir mənzərə yaradır? Mütəxəssislər və millət vəkilləri Prezident İlham Əliyevin çıxışında səslənən fikirləri bu istiqamətlər üzrə şərh ediblər.
Milli Məclisin deputatı Rövşən Muradov bildirib ki, Sentyabrın 15-də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin müsəlman dini idarə rəhbərlərini, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarını və Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndələrini qəbul etməsi Bakıda keçirilən tədbirlərin siyasi məna dairəsini əhəmiyyətli şəkildə genişləndirdi. Görüş dini əməkdaşlığın yalnız mənəvi münasibətlər sahəsi ilə məhdudlaşmadığını, dövlətlər və xalqlar arasında etimadın yaradılmasında mühüm ictimai institut rolunu oynadığını nümayiş etdirdi. Prezidentin Azərbaycanın böyük mütəfəkkirlərini tarixi ardıcıllıqla xatırlatması da təsadüfi xarakter daşımırdı. Bu yanaşma müasir Azərbaycan siyasətinin köklərini əsrlər boyu formalaşmış humanist düşüncə, dözümlülük və mənəvi məsuliyyət ənənəsinə bağlayırdı.
Deputat vurğulayıb ki, Azərbaycanın regional mövqeyi ilk növbədə onun çoxşaxəli tarixi kimliyindən qaynaqlanır. Ölkəmiz türk siyasi-mədəni arealının ayrılmaz hissəsi olmaqla bərabər, Qafqazın qədim dövlətçilik ənənələrini yaşadan əsas siyasi aktorlardan biridir. Məhz bu xüsusiyyət Bakıya müxtəlif coğrafiyaların maraqlarını uzlaşdırmaq, ortaq anlayışlar yaratmaq və əməkdaşlığın məzmununu müəyyənləşdirmək imkanı verir. Azərbaycan artıq proseslərə qoşulmaqla kifayətlənmir, müzakirənin mövzusunu və istiqamətini müəyyən edən təşəbbüs sahibi kimi çıxış edir. Bu xüsusiyyət ölkəmizin siyasi çəkisini yalnız maddi imkanlarla ölçməyə mane olur, çünki Azərbaycanın təsir gücü həm də etibarlı tərəfdaş obrazından, ardıcıl mövqedən, beynəlxalq auditoriyalarla səmərəli danışmaq bacarığından və müstəqil, sistemli, təşəbbüskar siyasi davranış mədəniyyətindən qaynaqlanır. Seyid Yəhya Bakuvinin irsinə həsr olunmuş konfransın dini rəhbərlərin toplantısı ilə eyni vaxtda keçirilməsi də tarixi yaddaşın müasir diplomatiyanın intellektual resursuna çevrildiyini göstərir.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında İslam həmrəyliyi mərasim xarakterli çağırış səviyyəsindən çıxarılaraq konkret siyasi məsuliyyət müstəvisinə gətirildi. Dini rəhbərlərin cəmiyyətlər üzərindəki mənəvi nüfuzu qarşıdurmaların yumşaldılması, məzhəb ayrı-seçkiliyinin zəiflədilməsi və ictimai barışın qorunması baxımından mühüm imkan kimi qiymətləndirildi. Azərbaycanın bu sahədəki üstünlüyü müxtəlif dini ənənələrin sərbəst yaşadığı daxili ictimai mühitlə beynəlxalq təşəbbüslər arasında uyğunluq yaratmasıdır. 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycanın təhlükəsiz, etibarlı və konsensus yarada bilən siyasi məkan kimi qəbul olunduğunu təsdiqləyir. Çıxışın Qarabağla bağlı hissəsi tarixi həqiqətin beynəlxalq auditoriyaya faktlar üzərindən təqdim olunması baxımından ayrıca əhəmiyyət daşıyır. Dini rəhbərlərin Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfəri həmin şəxsləri işğalın doğurduğu dağıntıların, mədəni irsə vurulan zərərin və hazırkı bərpa prosesinin birbaşa müşahidəçisinə çevirir. İşğal illərində 65 məscidin dağıdılması məqsədli mənəvi təcavüzün miqyasını göstərirsə, 12 məscidin artıq bərpa olunması Azərbaycan dövlətinin azad etdiyi ərazilərə hansı dəyərlərlə qayıtdığını nümayiş etdirir. Qırx səkkiz yaşayış məntəqəsində 90 mindən artıq insanın yaşaması suverenliyin hüquqi anlayışdan real həyata çevrildiyinin ən inandırıcı sübutudur.
Millət vəkili xatırladıb ki, Azərbaycanın sülh seçimi də bu mənzərənin məntiqi davamıdır. Qalib tərəfin qarşıdurmanı uzatmaq imkanına malik olduğu halda sabitliyi üstün tutması siyasi yetkinliyin və strateji uzaqgörənliyin göstəricisidir. Lakin sülh keçmişin silinməsi üzərində qurula bilməz. Xocalı faciəsi, etnik təmizləmə, dağıdılmış şəhərlər və təhqir olunmuş müqəddəs məkanlar milli yaddaşın ayrılmaz hissəsidir. Bu yaddaş düşmənçiliyi qidalandırmır, dövlətin ayıqlığını qoruyur, eyni faciələrin təkrarlanmasına imkan verməmək və gələcək nəsillərdə məsuliyyət hissini yaşatmaq baxımından mühüm strateji əhəmiyyət daşıyır.Beləliklə, Prezidentin çıxışında mədəni irs, mənəvi həmrəylik, dövlət suverenliyi, Qarabağın dirçəldilməsi və regional sülh bir-birindən ayrı mövzular kimi təqdim olunmur. Onlar Azərbaycanın müasir güc anlayışını formalaşdıran vahid siyasi sistemin tərkib hissələridir. Bu sistemdə hərbi qüdrət təhlükəsizliyi təmin edir, diplomatiya etimad yaradır, tarixi yaddaş milli iradəni qoruyur, quruculuq isə Qələbəyə davamlı sosial məzmun qazandırır. Bakı görüşünün əsas siyasi çəkisi də məhz bu bütöv dövlətçilik baxışında ifadə olunur.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən qeyri-qanuni işğalı zamanı beynəlxalq hüququn işləməməsi, bu xüsusda ATƏT, BMT, AŞPA və bir sıra beynəlxalq təşkilatlarda ədalətsizlik, ikili standartlara əsaslanan yanaşma ilə üzləşib, 30 ilə yaxın sülh danışıqları nəticə verməyib, qeyri-qanuni işğala son qoyulmayıb.
BMT Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı dörd qətnamə ilə Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək verərək, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb etsə də, həmin sənədlərin icra olunmaması BMT mexanizmlərinin zəifliyini ortaya qoydu.
Deputatın sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələri uzun illər ərzində turistik diplomatiya həyata keçirir, mütəmadi regiona nəticəsiz səfərlər təşkil edirdilər. Ermənistan Azərbaycanın ərazilərinin 20 faizini işğal edib, 700 min insan öz torpaqlarından didərgin salınıb, 250 min azərbaycanlını isə Ermənistandan zorla çıxarılıb. Bu proses nəticəsində şəhərlər və yaşayış məntəqələri ilə yanaşı, Azərbaycanın zəngin mədəni irsinə də ciddi ziyan vurulub. Prezident İlham Əliyev bu gün sanksiyaların artıq adi siyasi alətə çevrildiyini vurğulayaraq, Azərbaycan xalqının haqlı narazılığını ifadə etdi. Halbuki Minsk qrupunun üzvü olan nüvə dövlətləri Ermənistanın Azərbaycan ərazilərini qanunsuz işğal etdiyi dövrdə ona qarşı bir dəfə də olsun ciddi təzyiq göstərməmiş, hər hansı sanksiya tətbiq etməmişdilər. Əksinə, uzun illər ərzində Ermənistanın işğal siyasətinə son qoyulması üçün təsirli addımlar atmaq əvəzinə, Azərbaycan xalqının bu reallıqla barışacağını gözləyirdilər.
Xarici vasitəçilərin səmərəsiz fəaliyyəti fonunda ölkəmiz müstəqil siyasət kursunu ardıcıl şəkildə gücləndirdi. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ildə suverenliyin tam bərpası üçün son missiya bu siyasətin məntiqi yekunu oldu. Azərbaycan BMT Təhlükəsizlik Şurasının illərlə kağız üzərində qalan qətnamələrinin icrasını öz hərbi-siyasi gücü ilə təmin etdi, işğala son qoyaraq ərazi bütövlüyünü bərpa etdi.
P. Vəliyeva xatırladıb ki, daha bir ədalətsiz Qərb İnstitutu - Avropa Parlamenti son 5 ildə Azərbaycana qarşı 14 əsassız qətnamə qəbul edib. Bununla yanaşı, işğal dövründə Azərbaycanın icazəsi olmadan işğal altındakı ərazilərə səfərlər edilib və bu yanaşma işğalın legitimləşdirilməsi cəhdləri kimi qiymətləndirilib. Avropa Parlamentinin Azərbaycana qarşı birtərəfli və təzyiq xarakterli mövqeyi zaman-zaman öz deputatları tərəfindən də tənqid olunub.
Eyni zamanda, Aİ-nin keçmiş rəsmisi Cozef Borrelin Luis Moreno Okampo ilə Azərbaycan əleyhinə əməkdaşlığına dair üzə çıxan məlumatlar və Okamponun maliyyə dəstəyi ilə bağlı açıqlamaları Aİ-nin bəzi yüksək səviyyəli rəsmilərinin fəaliyyətinə dair ciddi suallar doğurub.
Bu yanaşmalar fonunda Azərbaycan AŞPA, Avropa Parlamenti və onun strukturlarında fəaliyyətini dayandırmaq qərarı qəbul edib.
Deputatın sözlərinə görə, Birinci Qarabağ müharibəsinədək bölgədə 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatında olub. İşğal nəticəsində 22 muzey, 927 kitabxana, 85 musiqi məktəbi, 4 teatr, 2 konsert zalı, 4 incəsənət qalereyası və 808 istirahət məkanı məhv edilib. İkinci Qarabağ müharibəsi zamanı azad edilmiş ərazilərdə isə 400-ə yaxın abidə, o cümlədən 65 məscid dağıdılıb.
Azərbaycan işğaldan azad olunmuş ərazilərdəki abidələrin dağıdılması faktlarının dünya ictimaiyyətinə çatdırılması məqsədilə UNESCO-nun ilk missiyası 2021-ci ildə baş tutacaqdı. Lakin UNESCO-nun səfər missiyasının vəzifə öhdəlikləri sənədində işğaldan azad edilmiş ərazilərimizi Azərbaycan Respublikasının ərazisi kimi qeyd etməkdən imtina etməsi, bu ərazilərdə baş çəkəcəkləri mədəni mülk siyahısının natamam qeyd etmələri və Azərbaycan tərəfinin düzəliş edilməsi ilə bağlı tələblərinə baxmayaraq UNESCO tərəfindən düzəlişlərin edilməməsi, eləcə də, Ermənistanda qalan Azərbaycan mədəni irsinə məxsus abidələrə baxış keçirməkdən imtina etməsi missiyanın səfərinin baş tutmaması ilə nəticələndi. UNESCO 2022-ci il üzrə illik hesabatında Ermənistan tərəfinin razılığı olmadığı üçün Qarabağa səfərdən imtina etməsini etiraf etmişdir. Bütün bunlar göstərir ki, Azərbaycan uzun illər ərzində beynəlxalq hüququn selektiv tətbiqi və ikili standartlarla üzləşsə də, öz milli iradəsi və gücü hesabına ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etdi. Bu gün əsas vəzifəmiz əldə olunan Zəfəri qorumaq, keçmişin acı təcrübəsini unutmamaq və gələcəkdə belə halların təkrarlanmaması üçün hər zaman ayıq-sayıq olmaqdır.
Q. Vəliyeva əlavə edib ki, İkinci Qarabağ müharibəsi zamanı bir sıra beynəlxalq təşkilatlar Azərbaycanın ərazilərinin qanunsuz işğalına hərbi-siyasi yolla son qoyulmasına qarşı əsassız qətnamə və bəyanatlar qəbul etmiş, Qərb ölkələrinin mediasında isə ölkəmizə qarşı qarayaxma kampaniyaları aparılmışdı. Belə bir mürəkkəb informasiya və siyasi mühitdə Prezident İlham Əliyev 27 xarici media resursuna müsahibə verərək Azərbaycanın haqlı mövqeyini və milli maraqlarını sonadək müdafiə etmişdi.Bu gün regionda sülh reallığı yaranıb, ancaq bununla belə, biz Xocalı soyqırımını, şəhidlərimizi, işğal illərində dağıdılmış torpaqlarımızı və mədəni irsimizə vurulmuş zərəri heç zaman unutmayacağıq. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, keçmişin acı təcrübəsindən nəticə çıxararaq hər zaman ayıq-sayıq və ehtiyatlı olacaq, dövlətimizin təhlükəsizliyini və milli maraqlarımızı qətiyyətlə qoruyacağıq.
Bu gün isə ölkəmizin qarşısında daha geniş və çoxqütblü diplomatik imkanlar var: Türk dünyası, Qafqaz, İslam aləmi. Azərbaycanın beynəlxalq mövqeyi yalnız onun iqtisadi və hərbi gücü ilə deyil, onun ətrafında formalaşan siyasi həmrəylik və tərəfdaşlıq şəbəkəsi ilə də müəyyən olunur.
Azərbaycan artıq Türk dünyası ilə Avropa, Mərkəzi Asiya və İslam dünyası arasında əlaqələndirici platformadır. Ölkəmiz regional gündəmin formalaşdırılmasında fəal iştirak edir. Bu, xüsusilə nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi, Orta Dəhliz, rəqəmsal bağlantı və regional sülh məsələlərində özünü göstərir.
Millət vəkili qeyd edib ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatında artan rolu ona qlobal və regional kontekstdə siyasi çəkisi olan tərəfdaşlıq şəbəkəsi qazandırıb. Ölkəmiz ikitərəfli formatda da TDT-yə üzv ölkələrin hər biri ilə artıq tərəfdaş deyil, müttəfiqdir.
İslam dünyası ilə əlaqələrin dərinləşməsi Azərbaycanın diplomatik manevr imkanlarını daha da genişləndirir. Məhz, dost və qardaş ölkələrin dəstəyi ilə BMT-də, Frankofoniya və bir sıra beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə bəyanat və kampaniyaların qarşısı alınıb, Xocalı soyqırımı tanınıb, Azərbaycanın milli maraqları müdafiə edilib. Burada söhbət yalnız dini həmrəylikdən getmir. İslam dünyası ilə siyasi, humanitar və mədəni əlaqələr Azərbaycanın beynəlxalq koalisiyalar qurmaq imkanlarını genişləndirir.Xüsusilə Qoşulmama Hərəkatına uğurlu sədrlik, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəallıq və müxtəlif İslam ölkələri ilə münasibətlər Azərbaycana Qərb–Şərq, Şimal–Cənub və Türk–İslam məkanları arasında dialoq qurmağa qadir, etibarlı tərəfdaş mövqeyi qazandırıb. Bu isə, məhz, Prezident İlham Əliyevin apardığı uğurlu regional və çoxvektorlu xarici siyasətin nəticəsidir.
Azərbaycan dəyişən dünya nizamında, yürütdüyü unikal, balanslı, müstəqil xarici siyasət sayəsində öz maraqlarını qorumağı, mürəkkəb geosiyasi proseslərdən Zəfərlə çıxmağı bacarıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, İrəvan qazısı Bəxtiyar Nəcəfovun sözlərinə görə, bir neçə gündür Azərbaycanda Türk Dövlətlərinin Dini Liderləri Şurasının 7-ci iclası və dini liderlərin 7-ci toplantısı keçirilib. O bildirib ki, eyni zamanda, böyük Xəlvətilik məktəbinin Azərbaycandakı banisi Seyid Yəhya Bakuviyə həsr olunmuş çox önəmli konfrans təşkil edilib. Bəxtiyar Nəcəfovun sözlərinə görə, konfrans Bakı şəhərində ayın 14-ü, 15-i və 16-sı keçirilib və Ağdamda başa çatıb.
B.Nəcəfov vurğulayıb ki, konfrans çərçivəsində cənab Prezidentin dini liderlərlə görüşü də keçirilib. Həmin görüşdə Türk Dövlətlərinin dini liderləri, o cümlədən ətraf ölkələrdən gələn din xadimləri iştirak ediblər.
B.Nəcəfov bildirib ki, cənab Prezident bu konfransa çox yüksək səviyyədə önəm verib. Onun sözlərinə görə, belə konfransların keçirilməsi dövlət başçısı tərəfindən çox müsbət hal kimi dəyərləndirilib. B.Nəcəfov qeyd edib ki, cənab Prezident çıxışında belə konfransların ildə, ən azı iki ildə bir dəfə keçirilməsinin çox gözəl olacağını bildirib.
Bəxtiyar Nəcəfovun sözlərinə görə, artıq Azərbaycan öz haqqına, halal haqqına – torpaqlarına qovuşub. O vurğulayıb ki, bu gün hər sahədə, bütün istiqamətlərdə, istər siyasi xadimlərimiz, istərsə də dövlətimizin başçısı, Ali Baş Komandanın daxildə və xaricdə apardığı yeni siyasətin kənarında din adamları da öz sözünü deməlidir. Hacı bildirib ki, din adamları öz sözləri, öz kəlamları ilə ictimaiyyətə, bütün dünyaya öz haqq səslərini çatdırmalıdırlar.
B.Nəcəfov qeyd edib ki, Azərbaycanın mədəni və tarixi irsi Qarabağda, Bakıda və ölkənin bütün guşələrində öz əksini tapır. Onun sözlərinə görə, Azərbaycanın bütün bölgələri zəngin tarixə malikdir.
Hacı bildirib ki, Azərbaycan xalqı və Azərbaycan milləti əsrlər boyu bütün sahələr üzrə, o cümlədən elm sahəsində dünyaya böyük töhfələr verib. Bəxtiyar Nəcəfov vurğulayıb ki, bu, nəinki Qarabağa, hətta İrəvan mahalına da aiddir. Onun sözlərinə görə, bu gün İrəvan mahalı ilə bağlı cənab Prezidentin Qərbi Azərbaycana Qayıdış Konsepsiyası həyata keçirilir.
B.Nəcəfov qeyd edib ki, Qarabağdan sonra artıq başqa hədəflər də var. O bildirib ki, Zəngəzur, Dərələyəz, İrəvan mahalı kimi bölgələrdə Azərbaycanın çox böyük tarixi şəxsiyyətləri, ziyarətgahları, elm və mədəniyyət abidələri var. Hacı vurğulayıb ki, həmin bölgələrdən çıxmış böyük şəxsiyyətlər hökmən gündəmə gətirilməli, onların irsinin təbliği istiqamətində işlər aparılmalıdır. Bəxtiyar Nəcəfov bildirib ki, Azərbaycan müharibəni qələbə ilə başa vurub.
“Bu gün artıq müharibə əsri deyil. Bu gün söz əsridir, söz zamanıdır. Həqiqətlərin ortaya çıxarıldığı, gerçəklərin cəmiyyətə, ictimaiyyətə və bəşəriyyətə çatdırıldığı zamandır. Bu gün biz öz haqqımıza, öz sözümüzlə, öz tarixi faktlarımızla sahib olmalıyıq”, – deyə Hacı bildirib.
Bəxtiyar Nəcəfovun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin bu istiqamətdə, bütün sahələrdə göstərilən xidmətlərlə yanaşı, çox geniş iş planı var. O qeyd edib ki, Şeyxülislam həzrətləri bu barədə geniş işlər aparır. Hacının sözlərinə görə, mədəni və elmi sahədə olan dəyərli şəxsiyyətlər barədə tədqiqatlar aparılır.
B.Nəcəfov vurğulayıb ki, həm Qarabağ, həm Qərbi Zəngəzur, həm də Qərbi Azərbaycanla bağlı dahi şəxsiyyətlər ictimaiyyətə çatdırılır və bu istiqamətdə işlər davam etdirilir.
CASCFEN sədri, siyasi şərhçi Nadir Azərinin sözlərinə görə, Azərbaycanın İslam dünyasında xüsusi yeri və nüfuzu var. Ölkəmiz həm tarixən İslam sivilizasiyasının mühüm mərkəzlərindən biri olub, həm də müasir dövrdə İslam dəyərlərinin qorunmasına, müsəlman dövlətləri arasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə mühüm töhfələr verib. Prezident İlham Əliyevin sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirlər də Azərbaycanın bu istiqamətdəki mövqeyini bir daha ortaya qoydu
Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında diqqət çəkən məqamlardan biri müsəlman dini liderlərin cəmiyyətlərdə sülh, əmin-amanlıq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində mühüm rolunun vurğulanmasıdır: “Azərbaycan hər zaman İslam dünyasının dəyərlərinə böyük hörmətlə yanaşıb və müsəlman həmrəyliyinin konkret əməli addımlarla gücləndirilməsinin tərəfdarı olub. Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində həyata keçirdiyi təşəbbüslər, Bakının IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi bunun nümunələrindəndir. Azərbaycan həmin tədbirlərə müsəlman dünyasının həmrəyliyini nümayiş etdirən mühüm platforma kimi yanaşıb”.
Nadir Azəri bildirib ki, Azərbaycan təmsil olunduğu beynəlxalq və regional təşkilatlarda qarşıdurmaları dərinləşdirən deyil, tərəfləri dialoqa və əməkdaşlığa yaxınlaşdıran mövqe nümayiş etdirir: “Hazırkı mürəkkəb geosiyasi şəraitdə İslam dünyası ilə Qərb arasında dialoqun inkişaf etdirilməsi və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan öz coğrafi mövqeyi, tarixi təcrübəsi, dünyəvi dövlət modeli və İslam dünyasındakı nüfuzu ilə bu dialoqda mühüm körpü rolunu oynaya biləcək ölkələrdəndir”.
Nadir Azəri qeyd edib ki, Azərbaycanın İslam dünyasına münasibəti yalnız mədəni və humanitar əməkdaşlıqla məhdudlaşmır: “Azərbaycan İslam dünyasında baş verən qarşıdurmalara, müsəlman xalqlarının üzləşdiyi problemlərə və İslam dünyasına qarşı ədalətsiz yanaşmalara hər zaman öz mövqeyini bildirib. Ölkəmiz üçün əsas prinsiplər beynəlxalq hüququn, ədalətin və insan təhlükəsizliyinin təmin edilməsidir. Azərbaycan müsəlman ölkələrinin problemlərinin həllində dialoq və qarşılıqlı anlaşma yolunu dəstəkləyir”.
Siyasi şərhçinin sözlərinə görə, gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün keçirilməsi də mühüm siyasi və diplomatik hadisədir:“Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin İslam dünyasındakı nüfuzunun və ona olan etimadın göstəricilərindən biridir. Bu Zirvə Görüşü müsəlman ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsi və mövcud fikir ayrılıqlarının dialoq yolu ilə aradan qaldırılması baxımından mühüm platformaya çevrilə bilər. Azərbaycan bu prosesdə öz üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır”.
Nadir Azəri hesab edir ki, bütün bu proseslər Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət xətti ilə sıx bağlıdır: “Prezident İlham Əliyevin liderliyi Azərbaycanın həm regional, həm də beynəlxalq müstəvidə sülh və əməkdaşlıq təşəbbüslərində özünü göstərir. Azərbaycan öz gücünü və nüfuzunu qarşıdurmaların dərinləşdirilməsi üçün deyil, əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün istifadə etməyə çalışır. Prezidentin müsəlman dini liderləri ilə görüşündə səsləndirdiyi fikirlər də Azərbaycanın İslam dünyasına yanaşmasının mahiyyətini ortaya qoyur”.
Nadir Azəri əlavə edib ki, Azərbaycan bundan sonra da Cənubi Qafqazdakı lider mövqeyini və İslam dünyasındakı nüfuzunu sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqinə yönəltməkdə davam edəcək: “Azərbaycanın məqsədi müsəlman dünyasının ortaq maraqları ətrafında daha sıx birliyin formalaşmasına, qarşıdurmaların dialoq yolu ilə həllinə və İslam dünyasının beynəlxalq müstəvidə daha həmrəy mövqe nümayiş etdirməsinə töhfə verməkdir”.
12:44 / 17 Sentyabr 2026
1
12:27 / 17 Sentyabr 2026
103
12:24 / 17 Sentyabr 2026
49
12:20 / 17 Sentyabr 2026
45
12:14 / 17 Sentyabr 2026
61
12:07 / 17 Sentyabr 2026
232
12:05 / 17 Sentyabr 2026
67
11:56 / 17 Sentyabr 2026
56
11:55 / 17 Sentyabr 2026
69
11:30 / 17 Sentyabr 2026
205
11:29 / 17 Sentyabr 2026
88
11:23 / 17 Sentyabr 2026
86
11:23 / 17 Sentyabr 2026
59
11:11 / 17 Sentyabr 2026
89
11:07 / 17 Sentyabr 2026
80
10:59 / 17 Sentyabr 2026
66
10:47 / 17 Sentyabr 2026
73
10:41 / 17 Sentyabr 2026
724
10:38 / 17 Sentyabr 2026
447
10:32 / 17 Sentyabr 2026
173
10:27 / 17 Sentyabr 2026
1922
10:26 / 17 Sentyabr 2026
85
10:22 / 17 Sentyabr 2026
6538
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.