Qaynar xətt:

(+99450) 247 90 86

Market açmaq istəyənlər bunları mütləq BİLMƏLİDİR 

Market açmaq istəyənlər bunları mütləq BİLMƏLİDİR 

CƏMİYYƏT

43

07.10.2026, 12:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda “biznes qurmaq istəyirəm” deyəndə çoxlarının ağlına ilk olaraq market açmaq gəlir. 

Bəzən bir küçədə bir-birinə çox yaxın məsafədə belə market görmək mümkündür. Bəs niyə məhz market? Kiçik bir məhəllə dükanını sıfırdan qurmaq üçün əslində nə qədər pul lazımdır və bu biznesə başlamaq üçün hansı prosedurlardan keçmək tələb olunur?

Oxu24.com xəbər verir  ki,İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib ki, market açmaq bir çox sahibkar üçün nisbətən sadə və anlaşılan biznes sahəsi kimi görünür: 

“Çünki burada satılan məhsullar gündəlik tələbat mallarıdır və alıcıya həmin məhsulların nə üçün lazım olduğunu ayrıca izah etməyə ehtiyac yoxdur. Lakin bu sahənin göründüyü qədər asan olmadığı, ciddi rəqabət və müəyyən risklərin olduğu da nəzərə alınmalıdır.

Market sahibkara ona görə asan görünür ki, satılan məhsullar gündəlik istifadə olunan mallardır. Məsələn, insan çörək, süd, yumurta və digər ərzaq məhsullarını onsuz da almalıdır. Üstəlik, burada nağd pul dövriyyəsi də var. Ona görə də biznes ilk baxışdan sadə görünür”.

411824

Ekspert qeyd edib ki, market biznesində əsas problemlərdən biri rəqabətin yüksək olmasıdır:

“Hazırda kifayət qədər çox sayda marketin fəaliyyət göstərməsi sahibkar üçün rəqabət mühitini çətinləşdirir. Birinci problem rəqabətin çox olmasıdır. İkinci məsələ isə məhsulların üzərində qazanc normasının aşağı olmasıdır. Sahibkar bir çox məhsulun üzərinə cəmi 2, 3 və ya 5 faiz gəlir qoya bilir. Bu baxımdan, market böyük qazanc marjası olan biznes deyil”.

Onun fikrincə, marketlər üçün yerləşmə yeri də mühüm amillərdən biridir: 

“Çünki alıcı gündəlik tələbat məhsulu almaq üçün uzaq məsafə qət etməyə həmişə meylli olmur. Yəni insan bir məhsul almaq üçün 10-15 dəqiqə uzağa getməyə bilər. Market evinin yaxınlığında olması alıcı üçün daha rahatdır. Ona görə də sahibkar market açarkən yerləşmə məsələsini də nəzərə almalıdır. 

Market açmaq camaat üçün asan görünür, amma əslində xərci olmayan və risksiz biznes deyil. Dediyim kimi, rəqabət çoxdur, məhsulların üzərində qazanc faizi aşağıdır. Ona görə də bu sahəyə daxil olarkən bütün riskləri və xərcləri əvvəlcədən hesablamaq lazımdır”.

İqtisadçı diqqətə çatdırıb ki, market açmaq üçün nə qədər pul lazım olduğunu konkret demək mümkün deyil:

“Bu, çoxlu faktordan asılıdır. Hansı ölçüdə market açılacaq, hansı regionda yerləşəcək, necə fəaliyyət göstərəcək - bütün bunlar nəzərə alınmalıdır. Məsələn, 100 kvadratmetrlik marketin konkret bir regionda açılması ilə bağlı xərcləri hesablamaq ayrıca biznes məsələsidir. Bu, fərdi yanaşma tələb edir.

Market açmaq üçün tələb olunan prosedurlara gəlincə deyim ki,  digər sahibkarlıq fəaliyyətlərindən ciddi şəkildə fərqlənmir. İlk növbədə sahibkar kimi qeydiyyatdan keçmək, daha sonra mağazanı obyekt kimi uçota almaq lazımdır. Qida məhsulları satıldığı üçün Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə bağlı tələb olunan sənədlər də əldə edilməlidir.

Bundan əlavə, marketdə POS-terminal və nəzarət-kassa aparatı quraşdırılmalı, işçilərin qeydiyyatı həyata keçirilməlidir. Bunlar adi sahibkarlıq prosedurlarıdır. Digər bizneslərdə hansı prosedurlar həyata keçirilirsə, market fəaliyyətində də əsasən həmin qaydalar tətbiq olunur”.