Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan üçün atılan böyük addımlar:Zəfər diplomatiyası və “Yumşaq güc” strategiyası necə qurulur?  — TƏHLİL

Azərbaycan üçün atılan böyük addımlar:Zəfər diplomatiyası və “Yumşaq güc” strategiyası necə qurulur?  — TƏHLİL

SİYASƏT

270

12.08.2026, 17:41

Azərbaycanın yeni dünya nizamında yüksələn geosiyasi rolu – Müstəqil siyasət, Zəfər diplomatiyası və “Yumşaq güc” strategiyası

Müasir beynəlxalq münasibətlər sistemində baş verən kəskin geosiyasi transformasiyalar, güc mərkəzləri arasında dərinləşən ziddiyyətlər və qlobal təhlükəsizlik arxitekturasının böhranı fonunda Azərbaycan Respublikasının nümayiş etdirdiyi müstəqil dövlətçilik modeli xüsusi strateji əhəmiyyət kəsb edir. Böyük dövlətlərin və beynəlxalq təzyiq mexanizmlərinin kəskinləşdiyi bir şəraitdə Prezident İlham Əliyevin prinsipial, milli maraqlara söykənən və geri çəkilməyən xarici siyasət xətti ölkəmizi regional güc mərkəzindən qlobal miqyaslı aktor səviyyəsinə qaldırmışdır. BMT Təhlükəsizlik Şurasının 30 il boyunca kağız üzərində qalan və icra olunmayan 4 qətnaməsini Azərbaycanın öz hərbi-siyasi gücü ilə təkbaşına təmin etməsi beynəlxalq hüququn tətbiqində analoqu olmayan yeni bir presedent yaratmışdır. 

Tarixi 44 günlük Vətən müharibəsi və Lokal Antiterror Əməliyyatından sonra Cənubi Qafqazda formalaşan yeni reallıqlar bilavasitə ikitərəfli danışıqlar modelinin qələbəsi ilə nəticələndi. Məhz bu diplomatiyanın zirvəsi olaraq 8 Avqust Sülh Bəyannaməsi regionda onilliklər boyu davam edən münaqişəyə hüquqi və siyasi nöqtə qoydu.

Bundan əlavə, Azərbaycan Avrasiyanın nəqliyyat və enerji xəritəsini köklü şəkildə yenidən şəkilləndirərək strateji təşəbbüsləri öz əlində cəmləşdirir. Prezident İlham Əliyev tərəfindən beynəlxalq leksikona daxil edilən Zəngəzur dəhlizi layihəsi yalnız Naxçıvanı blokadadan çıxaran infrastruktur xətti deyil, həm də Türk Dövlətləri Təşkilatının (TDT) coğrafi, iqtisadi və siyasi birliyini təmin edən, onu qlobal güc mərkəzinə çevirən strateji bir gedişdir. Orta Dəhlizin ən mühüm seqmentinə çevrilən bu marşrut Mərkəzi Asiyanın zəngin resurslarını və nadir torpaq elementlərini qlobal pazarlara çıxarmaqla Türk dünyasında yüz illər ərzində mövcud olmuş coğrafi ayrılığı aradan qaldırır. Azərbaycanın təşəbbüskarı olduğu nəqliyyat şəbəkələri, Avropanın enerji təhlükəsizliyindəki aparıcı rolu və beynəlxalq təşkilatlardakı liderliyi ölkəmizin qlobal iqtisadi zəncirdə və diplomatik masada söz sahibliyini tam təmin etmişdir.

Azərbaycanın müstəqil xarici siyasət xətti, Zəngəzur dəhlizinin strateji perspektivləri və 8 Avqust Sülh Bəyannaməsinin gətirdiyi yeni geosiyasi reallıqlar barədə Oxu24.com-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Zəngəzur dəhlizi terminini beynəlxalq leksikona gətirən Prezident İlham Əliyevdir:

“2020-ci ildə Ermənistan kapitulyasiya sənədinə imza atarkən bu məsələ də sənədin əsas bəndlərindən biri kimi müəyyənləşdirilmişdi.

Zəngəzur dəhlizinin arxasında böyük perspektivlər dayanır. Bu dəhliz Orta Dəhlizin bir seqmenti kimi multimodal nəqliyyat marşrutu olaraq istifadə ediləcək. Hətta avqustun 8-də Ağ Evdə paraflanmış sülh sənədinin birinci ildönümü münasibətilə yayımlanan üçtərəfli bəyanatda Zəngəzur dəhlizi ilə bağlı məqamlar xüsusilə qeyd olunub. Bəyanatda dəhlizin Azərbaycandan keçən hissəsinin demək olar ki, hazır vəziyyətə gətirildiyi, Ermənistandan keçəcək TRIPP layihəsi ilə bağlı isə hesablama və tədqiqat işlərinə başlanıldığı vurğulanıb”.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi Azərbaycanın Asiya ilə Avropa arasında mühüm nəqliyyat körpüsü rolunu daha da möhkəmləndirəcək. Bununla yanaşı, dəhliz Türk Dövlətləri Təşkilatına üzv ölkələr üçün də yeni imkanlar açır. Belə ki, Zəngəzur dəhlizi türk dünyasında yüz illər əvvəl yaranmış coğrafi ayrılığın aradan qaldırılmasına və TDT məkanında fiziki bağlantının təmin olunmasına imkan yaradacaq.

Azər Badamov qeyd edib ki, Zəngəzur dəhlizi TDT daxilində iqtisadi-ticari əməkdaşlığın genişlənməsi üçün də yeni perspektivlər formalaşdırır:

“Bu, ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin daha da dərinləşməsinə imkan verəcək. Eyni zamanda, TDT coğrafiyasının beynəlxalq əhəmiyyətini artıracaq. Mərkəzi Asiya ölkələri, Azərbaycan və Türkiyənin vahid nəqliyyat xətti üzərində birləşməsi qlobal iqtisadi zəncirdə sözümüzün və təsir imkanlarımızın güclənməsinə xidmət edəcək. Bu proses siyasi mövqelərimizi də daha da möhkəmləndirəcək”.

Əlavə olaraq, deputat xüsusi olaraq vurğulayıb ki, Mərkəzi Asiya ölkələrində istehsal olunan nadir torpaq elementlərinin qlobal bazarlara çıxarılmasında Zəngəzur dəhlizinin rolunun artacağı gözlənilir. Bu baxımdan dəhliz yalnız nəqliyyat və logistika layihəsi deyil, həm də Türk dünyasının iqtisadi potensialının qlobal bazarlara çıxarılmasını təmin edən strateji bağlantı kimi qiymətləndirilə bilər.

“Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Zəngəzur dəhlizi TDT daxilində birlik və əməkdaşlığı möhkəmləndirməklə yanaşı, ümumi siyasi və iqtisadi mövqelərin qlobal arenada daha da güclənməsi üçün yeni perspektivlər açacaq. Eyni zamanda, bu layihə Azərbaycanın regional nəqliyyat qovşağı kimi mövqeyini daha da möhkəmləndirəcək, Naxçıvanın blokadadan çıxarılması və Türk dünyasının coğrafi baxımdan daha sıx inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyacaq”, - deyə deputat fikrini tamamlayıb. 

Mövzu ilə bağlı Oxu24.com-a fikirlərini bölüşən Milli Məclisin deputatı Tural Gəncəliyev Azərbaycanın bir güc mərkəzi kimi formalaşmasını vurğulayıb. O bildirib ki, Azərbaycanın müstəqil və suveren siyasət yürütməsinin birinci faktoru cənab Prezident İlham Əliyevin güclü liderlik xüsusiyyətləri və Azərbaycanın milli mənafelərinin beynəlxalq səviyyədə qorunmasından başlayır:

“Azərbaycan Prezidenti dünya liderləri arasında ən güclü liderlərdən biri kimi qəbul edilir. Bu da bizim ölkəmizin qarşısında duran problemlərin, çağırışların daha diplomatik, siyasi, çevik yollarla həll edilməsinə imkan yaradır. Azərbaycanın hərbi-siyasi gücü də öz növbəsində Azərbaycanın gücünə güc qatır”.

Deputatın sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini Azərbaycanın özü icra etməsi, üstəlik Azərbaycanın beynəlxalq təşkilatlarda liderlik funksiyalarını həyata keçirməsi, Azərbaycanın məhz Ermənistanla müharibədən sonra Cənubi Qafqazı və Ermənistanın daxil olması ilə sülh prosesi təşəbbüsünə güc verməsi Azərbaycanın çox ciddi şəkildə yeni bir güc mərkəzi kimi formalaşması və meydana çıxmasına səbəb olmuşdur.

Tural Gəncəliyev qeyd edib ki, Azərbaycan dünyanın hazırda əhalisi və coğrafiyasına görə nisbətən mötədil bir ölkə sayılmasına baxmayaraq, çox ciddi şəkildə yeni bir güc mərkəzinə çevrilməsinə səbəb olmuşdur. Elə ölkələr var ki, onların əhalisi, coğrafiyası, ərazisi çox böyük olsa da hər hansısa bir şəkildə beynəlxalq gündəliyi formalaşdırmaqda çəkiləri azdır:

“Bu kontekstdə Azərbaycanın beynəlxalq təşkilatlara sədrlik etməsi — Qoşulmama Hərəkatına rəhbərlik etməsi, Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal rolu, eləcə də Avropa İttifaqı ilə qurduğu güclü münasibətlər — ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Azərbaycanın Avropa İttifaqının 10 üzv ölkəsinin enerji təhlükəsizliyinə töhfə verməsi, yalnız neft və qaz ixracatçısı kimi deyil, eyni zamanda nəqliyyat-kommunikasiya layihələrində aparıcı ölkə kimi çıxış etməsi də bu mövqeyi daha da gücləndirir. Bununla yanaşı, Azərbaycanın COP29, Dünya Şəhərsalma Forumu və digər mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin qlobal gündəliyin formalaşdırılmasında xüsusi rol oynadığını bir daha təsdiqləyir. Təbii ki, bütün bunların reallaşmasında əsas rol cənab Prezidentin liderliyinə və onun həyata keçirdiyi müstəqil, çoxşaxəli xarici siyasət kursuna məxsusdur”.

Məsələyə diplomatiya və beynəlxalq hüquq müstəvisində yanaşan Milli Məclisin deputatı, siyasətçi Tənzilə Rüstəmxanlı Oxu24.com-a şərhində bildirib ki, Vətən müharibəsini qazanmaq böyük bir tarixi hadisə idi, amma bu zəfərin nəticələrini qorumaq savaş meydanında olduğu kimi diplomatik müstəvidə də böyük çaba tələb edirdi. Çünki qələbədən sonrakı dövr müharibənin özündən də mürəkkəb olur. 

Onun sözlərinə görə, ötən il avqustun 8-də diplomatiya, iqtisadiyyat, beynəlxalq hüquq, kommunikasiya layihələri, böyük dövlətlərin maraqları və regional geosiyasət eyni masanın üzərinə gəldi:

“Bir il əvvəl Vaşinqtonda Azərbaycanın Zəfər masası quruldu. Vaşinqton mərasimində tərəflər sülh müqaviləsinin ilkin mətnini parafladılar və bu sənədin ratifikasiyası üçün daxili prosedurların başa çatdırılması üzrə konkret cədvəl müəyyən edildi. Mətn sərhədlərin delimitasiyası, diplomatik əlaqələrin qurulması və qarşılıqlı tanınma prinsiplərini özündə ehtiva edir”.

Deputat qeyd edib ki, bütövlükdə 2025-ci ilin Avqustun 8-də Vaşinqtonda imzalanan Birgə Bəyannamə Cənubi Qafqazda onilliklərdir davam edən gərginlik dövrünün başa çatması istiqamətində ən ciddi siyasi addımlardan biri kimi tarixə düşdü. Sənəd həm diplomatik mətn, həm də siyasi siqnal olaraq, tərəflərin uzunmüddətli sülh və əməkdaşlıq iradəsini təsdiqlədi. 

Tənzilə Rüstəmxanlı sonda əlavə edib ki, bu həm də illərlə davam edən danışıqların real sənəd forması alması anlamındadır:

“Azərbaycanın Zəfər diplomatiyasının yeni səhifəsi kimi qeyd olunan bu hadisə dövlətimizin və regionun gələcək inkişafına mühüm töhfə verəcək. Bu uğur ölkəmizin beynəlxalq arenada mövqeyini gücləndirməklə yanaşı, həm də regionda sülhün və sabitliyin təmin edilməsində əsaslı rol oynayacaq”.

Ölkəmizin diplomatik müqavimət gücünün təməllərini təhlil edən siyasi şərhçi Polad Mehdiyev Oxu24.com-a açıqlamasında qeyd edib ki, Cənab Prezident İlham Əliyevin müxtəlif beynəlxalq güc mərkəzlərinin siyasi və diplomatik təzyiqləri qarşısında prinsipial mövqeyini qorumasının arxasında ilk növbədə güclü və müstəqil Azərbaycan dövləti dayanır. 

O bildirib ki, bu güc bir gündə yaranmayıb. Onun siyasi və iqtisadi təməlləri Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası ilə qoyulub, Prezident İlham Əliyevin son 20 ildən artıq müddətdə həyata keçirdiyi ardıcıl siyasət nəticəsində isə Azərbaycan daha güclü, iqtisadi cəhətdən müstəqil və regional proseslərə təsir imkanları geniş olan dövlətə çevrilib:

“Bu gün Prezident İlham Əliyevin diplomatik müqavimət gücünü təmin edən bir neçə əsas faktor var: daxili siyasi sabitlik, iqtisadi və enerji müstəqilliyi, güclü ordu, Türkiyə ilə strateji müttəfiqlik, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu, Şərqlə Qərbi birləşdirən nəqliyyat-logistika imkanları və balanslaşdırılmış xarici siyasət. Xüsusilə 2020-ci il Vətən müharibəsində qazanılan Qələbə və Azərbaycanın ərazi bütövlüyü üzərində suverenliyinin tam bərpası ölkənin beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi”.

Polad Mehdiyev vurğulayıb ki, Azərbaycan artıq Cənubi Qafqazda yeni siyasi və iqtisadi reallıqların formalaşmasına birbaşa təsir göstərən əsas aktorlardan biridir:

“Prezident İlham Əliyevin siyasətinin mühüm xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan bütün güc mərkəzləri ilə əməkdaşlığa açıqdır, lakin münasibətlərin qarşılıqlı hörmət, bərabərhüquqluluq və milli maraqlar əsasında qurulmasını tələb edir. Prezidentin xarici təzyiqlər qarşısında nümayiş etdirdiyi siyasi iradənin arxasında Heydər Əliyevin yaratdığı möhkəm dövlətçilik təməli və İlham Əliyevin bu təməl üzərində qurduğu güclü, öz imkanlarına arxalanan Azərbaycan modeli dayanır. Bu siyasətin əsas formulu kifayət qədər aydındır: Azərbaycan əməkdaşlığa və tərəfdaşlığa açıqdır, ancaq dövlətin suverenliyi və milli maraqları müzakirə predmeti ola bilməz”.

Mədəni dirçəliş, milli-mənəvi irsin bərpası və "Yumşaq güc" diplomatiyası

Dövlət müstəqilliyinin və geosiyasi hərbi-siyasi Zəfərin davamlılığı yalnız sərt güc resursları ilə deyil, həm də milli-mənəvi dəyərlərin qorunması, mədəni dirçəliş və humanist diplomatiya vasitəsilə təmin edilir. Bu çərçivədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr ölkəmizin beynəlxalq nüfuzunun artmasında xüsusi sütun təşkil edir. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində erməni vandalizminə məruz qalmış tarixi, dini və mədəni abidələrin, məscidlərin, ziyarətgahların orijinallığı saxlanılmaqla bərpası məhz Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və birbaşa diqqəti sayəsində reallaşır. Şuşa şəhərinin yenidən dirçəldilməsi, onun mədəniyyət paytaxtı kimi dünyaya tanıdılması, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Bülbülün ev-muzeyinin bərpası, Şuşada yenidən "Xarıbülbül" Musiqi Festivalının və "Vaqif Poeziya Günləri"nin təşkili Azərbaycan xalqının öz mənəvi köklərinə sahib çıxdığının bariz göstəricisidir.

Heydər Əliyev Fondunun fəaliyyəti yalnız mədəni-tarixi irsin bərpası ilə məhdudlaşmır. Fond Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin ailələrinə, yaralanmış qazilərimizə və müharibə iştirakçılarına yüksək dövlət qayğısının və həssaslığının nümayiş etdirilməsində aparıcı rol oynayır. Eyni zamanda, UNESCO və ISESCO çərçivəsində, eləcə də dünyanın müxtəlif ölkələrində həyata keçirilən beynəlxalq humanitar layihələr Azərbaycanın "yumşaq güc" (soft power) potesialını ardıcıl olaraq genişləndirir. Mədəni diplomatiya və tolerantlıq modelinin dünyaya təqdim olunması Prezident İlham Əliyevin yürütdüyü böyük geopolitikanı tam tamamlayaraq, ölkəmizin beynəlxalq müstəvidə etimad kapitalını və strateji nüfuzunu ən yüksək səviyyəyə qaldırır.

Heydər Əliyev Fondunun azad olunmuş ərazilərdəki genişmiqyaslı bərpa işləri və mədəni dirçəliş modeli haqqında Oxu24.com-a danışan Milli Məclisin deputatı Məlahət İbrahimqızı vurğulayıb ki, XX əsirlik tarixinin ən şanlı mərhələsini yaşayan Azərbaycan xalqı bir neçə aydan sonra təntənə ilə 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfərin 6-cı ildönümünü ilə qeyd edəcək. Bu Zəfər xalqımıza elə bir tükənməz sevinc bəxş edib ki, illər, əsrlər keçəcək amma onun hiss və duyğu dolu şüaları əbədiyyətədək davam ediləcək.

Onun sözlərinə görə, bu savaş adi bir savaş deyildi və bu savaşın tərəfi Vətən məfhumu bilməyən, yarandığı gündən başqa xalqların torpaqlarına köç edib, sonra “yersiz gəldi,yerli köç” deyərək, torpağın əsas sahibinə xəyanət edən mənfur qonşumuz erməni deyildi. Savaşın əsas tərəfi dünyanın imperialist güclərinin öz maraqları naminə alət və maşa kimi istifadə etdiyi “yazıq və əzabkeş” görünüşlü, bəşəriyyəti yalan və saxtakar tarixi ilə çaşqınlığa salmış və daima dünya erməniliyi idi:

“44 günlük savaşda və Xankəndi ətrafında bir gün içində həyata keçirilən antiterror əməliyyatında Azərbaycan xalqının birliyi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı, cəsarəti, əyilməzliyi və müdrikliyi və Qəhrəman Milli Ordumuzun hər bir əsgər və zabitinin şücaəti və rəşadəti ilə uydurduqları “Dənizdən Dənizə Böyük Ermənistan” adlı üç yüz illik xülya və projesi darmadağın edildi. Otuz ildən artıq dövrdə işğal altında olan ərazilərimiz azad edildi və suverenliyimiz bərpa olundu”.

Deputat bildirib ki, xalqımız bu əfsanəvi qəhrəmanlığa, qazanılan müqəddəs Zəfərə, Azərbaycanı dünyaya Qalib xalq kimi tanıtdırdıqlarına görə, Respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhid və qazilərimizə əbədiyyən minnətdar olacaq və onlara sonsuz ehtiramlarını bildirəcəkdir.

Məlahət İbrahimqızı vurğulayıb ki, istər Qarabağın işğalı dövründə, istər II Qarabağ savaşında, istərsə də işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazisində həyata keçirilən möhtəşəm bərpa quruculuq dövründə Heydər Əliyev Fondunun, onun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var:

“Hələ müstəqilliyin ilk illərində onun təsis etdiyi və rəhbəri olduğu “Azərbaycan Mədəniyyətin Dostları” təşkilatının xətti ilə Azərbaycan xalqının, eləcə də Qarabağın zəngin və əsrarəngiz mədəniyyətinin dünyada və beynəlxalq təşkilatlarda tanıdılmasında, təbliğ və təşviqində, eləcə də qorunmasında misilsiz əməyi var”.

Deputat əlavə edib ki, sonralar Respublikamızın Birinci Xanımı Mehriban Əliyeva 2004-cü ildə təsis və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə beynəlxalq aləmdə böyük əks-səda verən humanitar layihələri ilə ölkəmizin imicini dünyada daha da gücləndirdi. 

O xüsusi olaraq qeyd edib ki, həm UNECO-nun, həm də İSESCO-nun xoşməramlı səfiri olduğu müddətdə bu mötəbər platformalarda Onun böyük peşəkarlıqla həyata keçirdiyi mədəniyyət diplomatiyası, Azərbaycan xalqının, eləcə də Qarabağın əsrarəngiz və qədim mədəniyyətini və incəsənətini dünya birliyində tanıdılmasında çox böyük uğurlar qazandı. 

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsindən qısa müddət sonra 2020-ci il 8 dekabr tarixində Heydər Əliyev Fondu işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan etdi. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini ictimaiyyətə bildirdi. Zəfərin sevincini bayram edən Azərbaycan xalqına bu müjdəni də məhz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva özü bildirmişdi. Onun Zəfər sevincli bu açıqlamasında deyilirdi:

“Əziz həmvətənlər! Bu günlər biz hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının qürurunu və sevincini yaşayırıq. 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmişdir. Əlbəttə, işğaldan azad olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni hər birimiz ürək ağrısı ilə seyr edirik. Erməni təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətlərimizi talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına məruz qoymuşdur. Bir vaxtlar Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsindəki abadlıqdan əsər-əlamət qalmamışdır. Amma əminliklə bildirmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb, yaradacaqlar. Əziz həmvətənlər, Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır. Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır! Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”.

M.İbrahimqızı vurğulayıb ki, Zəfər qədər qiymətli olan bu gözəl xəbər sözsüz ki, xalqımız üçün, Türk dünyası üçün böyük əhəmiyyəti var idi:

“Bir daha qeyd etmək istərdim ki, 30 ilə yaxın müddətdə Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlaması, əsrlərdən bəri xalqımıza məxsus tarixi, mədəni, dini abidələrimizi məhv etməsi, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə qənim kəsilməsi, doğma yurdlarından ayrı düşmüş həmvətənlərimizin həsrəti, acı nisgili Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti sayəsində şanlı ordumuzun düşmən üzərində qələbəsi ilə başa çatmışdı. Bildiyimiz kimi işğaldan azad edilmiş ərazilərdə ilk bərpa quruculuq layihəsi "Zəfər yolu"nun təməlinin qoyulması ilə başlamışdı. Əslində bu layihəni Qarabağa dönüşün, doğma torpağa qayıdışın başlanğıcı adlandırmaq olar. Dövlətimizin Başçısının tapşırığı ilə Qarabağın işğaldan azad edilmiş bütün ərazilərində və bütün sahələrində dövlətmizin bütün gücü ilə əzəmətli quruculuq işlərinə başlandı.

Vətən müharibəsinin başa çatmasından ötən müddətdə işğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa və yenidənqurma işləri ölkə rəhbərinin bu məsələlərdəki qətiyyətini və məqsədyönlülüyünü bir daha nümayiş etdirdi. Qarabağ və Şərqi Zəngəzurda qısa müddətdə nəhəng infrastruktur layihələrinin həyata keçirilməsinə başlanıldı, yurd yerlərimizə qayıdış layihələrinin icrasına start verildi, quruculuq işləri daha sürətlə davam etdirildi”.

Azərbaycanın tarixi-mədəni irsinin çox böyük bir hissəsinin bu diyarın payına düşdüyünü qeyd edən deputat bildirib ki, işğaldan azad edilən Qarabağda və Şərqi Zəngəzurda minlərlə dini və mədəniyyət nümunələrimiz mövcuddur. Bu tarixi abidələrin çox böyük bir hissəsi işğal dövründə erməni vandalizminə məruz qalmış, süni yollarla erməniləşdirilməyə cəhd edilmiş, məscidlərimiz, müqəddəs inanc yerlərimiz düşmən tərəfindən dağıdılmışdır:

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 2020-ci il dekabrın 8-də fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başlanıldığını bəyan etdi. Bütün bu layihələrə həm yerli mütəxəssislər, həm də xarici ekspertlər dəvət olundu. Bərpa-quruculuq işləri dini mənsubiyyətindən asılı olmayaraq, bütün abidələri əhatə edirdi. Bu da bir daha Azərbaycanın tolerant ölkə və multikultural dəyərlərlə zəngin bir xalq olduğunu dünyaya göstərirdi”.

Deputatın sözlərinə görə, Heydər Əliyev Fondu həmçinin Qarabağda yeni dini və mədəniyyət obyektlərinin inşasına diqqət ayırır, dağıdılmış tarixi abidələri əvvəlki görkəminə qaytarır. Fond artıq bir sıra mədəniyyət abidələrinin bərpasını başa çatdırıb. Ötən dövr ərzində Heydər Əliyev Fondu tərəfindən uğurla başa çatdırılan layihələr arasında Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Molla Pənah Vaqifin büstü, görkəmli bəstəkar Üzeyir bəy Hacıbəylinin heykəlinin ucaldılması, Bülbülün ev muzeyi də var. 

Möhtərəm cənab İlham Əliyevin Şuşanın "Mədəniyyət paytaxtı" elan edilməsi barədə sərəncam imzalaması şəhərin xüsusi əhəmiyyətə malik olduğunu, xalqımızın şəhərə ruhən bağlılığını bir daha göstərir. Buna görə də Şuşanın bərpası və yenidən qurulmasına xüsusi həssaslıqla yanaşılır”.

Mütəxəssislərin rəyinə görə, Şuşa şəhərində 150-dən çox tarixi abidə mövcuddur. Onların hər biri Azərbaycan, eləcə də dünya mədəni irsinə məxsus xüsusiyyətlərə malikdir. Deputat əlavə edib ki, bu abidələr arasında dini tarixi abidələrin, məscidlərin xüsusi çəkisi var. Möhtəşəm layihələrə imza atan Heydər Əliyev Fondu bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması işinini bu gün də davam etdirir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış ibadət yerləri,bütövlükdə işğaldan azad olmuş ərazilərdəki bütün məscid və dini ibadət məkanları məhz Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş və bu nəcib missiya yenə də davam edir.

Müsahibimiz bildirib ki, hər il Şuşanın Cıdır düzündə "Xarıbülbül" Musiqi Festivalı təşkil olunması, görkəmli Azərbaycan şairi, ictimai xadim Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi önündə “Vaqif Poeziya Günləri” kimi tədbirlər də məhz Heydər Əliyev Fondunun bilavasitə təşəbbüsü və dəstəyi ilə həyata keçirilir. Şuşada keçirilən "Xarıbülbül" Musiqi Festivalı çərçivəsində Heydər Əliyev Fondu tərəfindən beynəlxalq incəsənət festivalının təşkil olunması, fondun təşəbbüsü ilə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət "Əbədi imzalar", "Qarabağın mədəni irsi" adlı nəşrlər toplusunun hazırlanması Azərbaycan xalqının mənəvi, tarixi, mədəni irsinin qorunmasına, təbliğinə, həmçinin dünyada tanıdılması da bilavasitə Heydər Əliyev Fondu tərəfindən gerçəkləşdirilir. Bütün bunlar əlbəttə icra edilən layihələr adət-ənənlərimizin, mədəniyyətimizin bir parçası olan milli dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə ən qiymətli töhfələrdir.

“Bildiyimiz kimi bir neçə il öncə ədəbiyyat, musiqi, memarlıq sahələrini, xalq sənətkarlığını və xalçaçılığı əks etdirən beş cilddən ibarət "Qarabağın mədəni irsi" adlı nəşrlər toplusu nəşr edilib. Fondun dəstəyi ilə hazırlanmış Azərbaycan xalqının zəngin yaradıcılığında mühüm yeri olan və onun həyat və məişət, gündəlik güzaranı ilə bağlı "Xalq sənətkarlığı" nəşri, eləcə də Qarabağ bölgəsinin çoxəsrlik tarixə malik və mədəni sərvətinin mühüm hissəsini təşkil edən "Musiqi" və Qarabağda xalqımızın yaratdığı, qədim və zəngin mədəniyyətin bir qolunu təşkil edən mədəni sərvətlər, söz və sənət nümunələri haqqında ətraflı bilgiləri əks etdirən "Ədəbiyyat" nəşrləri də Heydər Əliyev Fondunun dəstəyi ilə işıq üzü görüb. Fondun dəstəklədiyi "Memarlıq" haqqında nəşrdə Azərbaycan ərazisində mövcud olan memarlıq abidələrinin forma, tipoloji və konstruktiv baxımından zənginliyi barədə məlumatlar diqqətə çatdırılır. "Qarabağın mədəni irsi" toplusunun bu bölməsində zamanın tələblərinə uyğun yaradılan memarlıq nümunələri barədə fotolar və qrafik rəsmlər təqdim edilir. "Xalçaçılıq" nəşrində isə Qarabağ xalçaçılığının yaranma tarixi, onların işlənmə texnikası, Qarabağ xalça qrupunun xarakterik xüsusiyyətləri, bu bölgədə toxunan xalçaların səs-sorağının bütün dünyaya yayıldığı qeyd olunur”,- deyə M.İbrahimqızı qeyd edib. 

Yekun olaraq, deputat əlavə edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, möhtərəm Mehriban xanım Əliyevanın fədakarlığı, yorulmaq bilməyən əzmkarlığı, uğurlu mədəniyyət və xalq diplomatiyası sayəsində uzun illərdir ki, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmış, Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin ifşası, ermənilər tərəfindən yurdlarından didərgin salınan yüz minlərlə məcburi köçkünün pozulmuş hüquqlarının beynəlxalq müstəvidə qorunması istiqamətində geniş-miqyaslı fəaliyyət göstərir:

“Mehriban Əliyeva bu gün də Azərbaycanın haqq səsinin dünyaya çatdırılması üçün var qüvvəsi ilə çalışır. Qarabağın dirçəldilməsi, “Böyük Qayıdış”-ın tezliklə başa çatması, bütün məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı üçün görülən işlərə böyük dəstək verir. Son olaraq, bu müqəddəs yolda biz Böyük Azərbaycan Xanımı, Nəcib insan, Görkəmli Dövlət Xadimi, Müzəffər Ali Baş Komandanın silahdaşı Mehriban xanım Əliyevaya bol uğurlar və can sağlığı arzulayırıq”.

Mədəni diplomatiyanın geopolitika ilə vəhdətini politoloji bucaqdan şərh edən Prezident yanında İdarəçilik Akademiyasının Müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə Oxu24.com-a açıqlamasında qeyd edib ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi mədəni-humanitar layihələr Azərbaycanın xarici siyasətində “Yumşaq güc”ün ən mühüm və sistemli istiqamətlərindən biridir:

“Burada söhbət yalnız Azərbaycan mədəniyyətinin dünyada təbliğindən deyil, ölkənin beynəlxalq imicinin, humanitar nüfuzunun və etimad kapitalının formalaşdırılmasından gedir. Qeyd etmək lazımdır ki, Fond tərəfindən aparılan siyasət, diplomatiya - epizodik xarakter daşımır, uzunmüddətli və institusional xarakter daşıyır”.

Onun sözlərinə görə, bu fəaliyyət Prezident İlham Əliyevin həyata keçirdiyi böyük geosiyasi xətti tamamlayır. Azərbaycanın son illərdə formalaşdırdığı “orta güc” modelinin mühüm xüsusiyyətlərindən biri də məhz budur: ölkə yalnız sərt güc və iqtisadi resurslarla deyil, mədəniyyət, humanizm, multikulturalizm, tolerantlıq və tarixi irsin qorunması kimi vasitələrlə də beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirir.

Yekun olaraq deyə bilərik ki, Azərbaycanın reallaşdırdığı böyük geopolitik transformasiya həm hərbi-siyasi, həm də mədəni-mənəvi müstəvidə tam formalaşmış unikal bir müstəqil dövlətçilik modelinin təntənəsidir. Prezident İlham Əliyevin prinsipial xarici siyasəti, diplomatik iradəsi və Zəngəzur dəhlizi kimi strateji layihələrlə Avrasiyanın xəritəsini yenidən cızması ölkəmizi qlobal güc mərkəzlərindən birinə çevirmişdir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun azad olunmuş torpaqlarımızda yürütdüyü mədəni dirçəliş missiyası və şəhid-qazi ailələrinə göstərilən dövlət qayğısı bu böyük Zəfəri mənəvi baxımdan tamamlayır. Məhz sərt və yumşaq gücün bu sintezi Azərbaycanın yeni dünya nizamında öz milli maraqlarını qətiyyətlə qoruyan, Türk dünyasını birləşdirən və regional sülhün əsas zəmanətçisi olan lider dövlət mövqeyini əbədiləşdirir.

Hazırladı: Çimnaz Telmanqızı