Qaynar xətt:

(+99450) 247 90 86

Politoloq: Tramp–Ərdoğan görüşü Azərbaycana da müsbət təsir edəcək

Politoloq: Tramp–Ərdoğan görüşü Azərbaycana da müsbət təsir edəcək

SİYASƏT

79

08.07.2026, 11:53

Dünya siyasətinin diqqəti yaxın günlərdə Ankarada keçiriləcək tarixi görüşə yönələcək. ABŞ Prezidenti Donald Trampın 11 illik fasilədən sonra Türkiyəyə planlaşdırılan rəsmi səfəri həm ikitərəfli əlaqələr, həm də qlobal müstəvidə yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu mühüm xəbər təkcə Vaşinqton və Ankara üçün deyil, bütövlükdə region dövlətləri üçün böyük maraq kəsb edir. NATO-nun sammiti fonunda baş tutacaq bu müzakirələr bölgədəki güclər balansına birbaşa təsir göstərmək potensialına malikdir. Xüsusilə Cənubi Qafqazda formalaşan yeni reallıqlar kontekstində bu görüşün strateji əhəmiyyəti olduqca yüksəkdir.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Əlimusa İbrahimov məsələnin detallarını şərh edərək bildirib:“Əlbəttə ki, Türkiyədə olan hadisələr böyük maraqla gözlənilirdi. Burada həm NATO-nun 36-cı sammiti, həm də Amerika Birləşmiş Ştatları Prezidenti ilə Türkiyə Prezidenti arasında keçirilən və aparılan müzakirələr nəzərdə tutulur. Təbii ki, həm region dövlətləri, həm də ki Türkiyə ilə, yaxud da ki NATO ilə bu və ya digər dərəcədə maraqlı olan, münasibəti olan dövlətlərin hamısı bu görüşlərdən özləri üçün bir müsbət nəticə gözləyirlər”.

Onun sözlərinə görə, burada Azərbaycan da istisna deyil. Azərbaycanın da bu hadisələrdən gözləntiləri daha çoxdur:

“Ona görə ki, Türkiyə bizim üçün qardaş, dost, yoldaş, sirdaş bir ölkədir və Türkiyənin maraqları Azərbaycanın maraqlarıdır. Heç şübhəsiz, Türkiyədə keçirilən görüşlərdə Azərbaycanın maraqları da Türkiyənin maraqları ilə eyni səviyyədə olacaq”.

Politoloq bildirib ki, artıq verilən bəyanatlara və məlumatlara görə, Cənubi Qafqazda gedən proseslər də burada müzakirə olunacaq və burada Azərbaycanın marağı da üstün yer tutur:“Əgər Türkiyə NATO sammitində, yaxud da ki Trampla keçirdiyi görüşlərdən müsbət nəticə əldə edəcəksə, bu, Azərbaycan üçün müsbət deməkdir. Yəni Türkiyənin qələbəsi, Türkiyənin əldə etdiyi nailiyyətlər, Türkiyənin qazandıqları Azərbaycanın qazandıqları ilə birdir və burada Azərbaycanı Türkiyə kontekstindən ayrı hesab etmək mümkün deyil”.

“Bu, həm Türkiyənin, həm də Azərbaycanın gələcək inkişaf perspektivlərinə çox ciddi təkan verəcəkdir",- deyə politoloq Ə.İbrahimov əlavə edib. 

Çimnaz Telmanqızı