Qaynar xətt:

(+99450) 247 90 86

Prezident İlham Əliyevi daha kimlər təbrik etdi? - SİYAHI

Prezident İlham Əliyevi daha kimlər təbrik etdi? - SİYAHI

SİYASƏT

115

26.05.2026, 22:05

İspaniya Kralı VI Felipe Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Oxu24.com  xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə İspaniya Hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Cənab Prezident, Sizə cansağlığı, sevimli Azərbaycan xalqına sülh, firavanlıq və tərəqqi arzulayıram.

Dərin hörmət və ehtiramla".

***

İsveçrə Konfederasiyasının Prezidenti Gi Parmelin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Oxu24.com  məktubu təqdim edir:

"Zati-aliləri.

İsveçrə Federal Şurası və İsveçrə xalqı adından Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırıram. Həmçinin ölkənizin və xalqınızın xoşbəxt, uğurlu gələcəyi ilə bağlı ən xoş arzularımı bildirirəm.

Azərbaycan və İsveçrə möhkəm ikitərəfli əlaqələrə malikdir. Əminəm ki, Cənubi Qafqazda müsbət dəyişiklikləri nəzərə alaraq, bu əlaqələrimiz qarşıdakı illərdə də konstruktiv şəkildə inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə olan yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Oxu24.com  xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Azərbaycan ilə Avstriya arasında əla ikitərəfli münasibətlər mövcuddur. Azərbaycan və Ermənistan arasında hər iki ölkənin xalqlarının qarşılıqlı rifahı naminə davamlı sülh və təhlükəsizlik perspektivləri reallaşmağa yaxınlaşdıqca gələcək əməkdaşlıq imkanları artmaqda davam edəcək.

Çoxtərəfli kontekstdə, icazə verin, 2027-2028-ci illərdə BMT Təhlükəsizlik Şurasına üzvlük üçün Avstriyanın namizədliyinin Azərbaycan tərəfindən dəstəklənməsinə görə minnətdarlığımı bildirim.

Fürsətdən istifadə edərək, Sizə və ailənizə rifah diləyir, həmçinin Azərbaycan xalqının dinc və xoşbəxt gələcəyi ilə bağlı ən xoş arzularımı çatdırıram".

***

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Oxu24.com  məktubu təqdim edir:

"Hörmətli cənab Prezident.

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə cansağlığı, xoşbəxtlik və müvəffəqiyyət, qardaş Azərbaycan xalqına və hökumətinizə daha böyük tərəqqi, firavanlıq arzulayıram.

Dəyər verdiyimiz ikitərəfli münasibətlərimizin daha da inkişaf etməsi və möhkəmlənməsi ilə bağlı səmimi istəyimi bir daha ifadə edir, Fələstin məsələsində Azərbaycanın mövqeyini yüksək qiymətləndirdiyimi bildirirəm.

Sizi və xalqınızı, həmçinin müqəddəs Qurban bayramı münasibətilə təbrik edir və ən xoş salamlarımı qəbul etməyinizi xahiş edirəm".

***

Bolqarıstan Prezidenti İliyana Yotova Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Oxu24.com  xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbriklərimi və ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilən 13-cü Sessiyası zamanı mənə və nümayəndə heyətimə göstərilən səmimi qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Bolqarıstan bələdiyyələrinin 10-dan çox meri, həmçinin Bolqarıstanın ali təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdikləri Sessiya ilə bağlı bizdə olduqca xoş təəssüratlar yarandı. Eyni zamanda, üç ay ərzində Sizinlə keçirilən ikinci ikitərəfli görüşdən məmnunluğumu vurğulayıram. Bu, ölkələrimiz arasında ən yüksək səviyyədə intensiv siyasi dialoqun sübutudur.

Münasibətlərimizdəki müsbət siyasi dinamikanın hər iki tərəf üçün faydalı əməli nəticələrə və layihələrə çevrilməli olduğu fikrinizi tamamilə bölüşürəm. Hesab edirəm ki, enerji sahəsində əməkdaşlıqla bağlı danışıqlarımız zamanı əldə edilən razılaşmaların həyata keçirilməsi, Bolqarıstan şirkətlərinə Azərbaycanın təbii qazının tədarükünün artırılması, həmçinin Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında "yaşıl enerji"nin quru yolla ötürülməsi üçün ikinci enerji dəhlizinin müzakirə olunan potensialı münaqişələr və qeyri-sabitlik səbəbindən sarsılmış bugünkü dünyada zəruri investisiyalardır. Sənaye zonaları və texnoloji parklar sahəsində tərəfdaşlıq münasibətlərinin intensivləşdirilməsi, eyni zamanda, xalqlarımız arasında təhsil və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi də Bolqarıstan üçün vacib prioritet sahələrdir.

Sizi Bolqarıstanda qonağımız kimi qəbul etmək, Veliko Tırnovo şəhərində "Şuşa Parkı"nın dostluq münasibətlərimizin parlaq rəmzi olaraq birgə açılışını etmək mənim üçün şərəf olardı.

Yaxın gələcəkdə Zati-alinizi Bolqarıstanda salamlamaq imkanımın olacağı ümidi ilə Sizə və ailənizə cansağlığı, ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram.

Hörmətlə".

***

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Qu Donqyu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Oxu24.com  məktubu təqdim edir:

"Hörmətli cənab Prezident.

İcazə verin, Azərbaycanın Müstəqillik Günü münasibətilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı adından və şəxsən öz adımdan Zati-alinizi təbrik edim. Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram. Qoy, xalqınız həmişə sülh və firavanlıq içində yaşasın".

***

Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Oxu24.com  məktubu təqdim edir:

"Hörmətli Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Xorvatiya Respublikasının Hökuməti adından və şəxsən öz adımdan təbriklərimi çatdırıram.

Xorvatiya Respublikası dialoq, qarşılıqlı hörmət və əməkdaşlıq yolu ilə müxtəlif sahələrdə ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsinə böyük əhəmiyyət verir. Əminəm ki, Xorvatiya ilə Azərbaycan arasındakı dostluq və strateji tərəfdaşlıq xalqlarımızın rifahı naminə birgə səylərimizlə daha da dərinləşəcək.

Xorvatiya Respublikası ümumi əməkdaşlığımızı xüsusən də ticarət və enerji təhlükəsizliyi sahələrində daha da gücləndirməkdə maraqlıdır. İqtisadi əlaqələrimiz böyük əhəmiyyət kəsb edir, xüsusilə Xorvatiya və Azərbaycan şirkətləri arasında daha sıx əməkdaşlığı təşviq etmək və qarşılıqlı investisiyaları artırmaqla mühüm inkişaf potensialına malikdir.

Cənab Prezident, bayram münasibətilə Sizə ən xoş arzularımı bir daha çatdırır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".