Qaynar xətt:

(+99450) 247 90 86

Zaur Şükürov: Konstitusiya Günü dövlətçiliyimizin əsas hüquqi sənədidir

Zaur Şükürov: Konstitusiya Günü dövlətçiliyimizin əsas hüquqi sənədidir

SİYASƏT

53

11.11.2026, 10:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində müstəsna əhəmiyyətə malik olan 12 Noyabr - Konstitusiya Günü müstəqil Azərbaycan Respublikasının siyasi-hüquqi inkişafında yeni mərhələnin əsasını formalaşdıran, dövlət müstəqilliyinin hüquqi və institusional əsaslarını müəyyənləşdirən, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun fundamental prinsiplərini təsbit edən, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına yönəlmiş mühüm tarixi hadisə kimi xüsusi əhəmiyyət daşıyır. Çünki 1995-ci il noyabrın 12-də ümumxalq referendumunun nəticəsi olaraq qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın azad iradəsinin ifadəsinə çevrilməklə yanaşı, müstəqil dövlətimizin gələcək inkişaf yolunu müəyyən edən ən mühüm siyasi-hüquqi sənəd kimi tarixə yazılmışdır.

Bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov Citypost.az- açıqlamasında bildirib.

Zaur Şükürovun sözlərinə görə, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanması mühüm vəzifə kimi qarşıya qoyulsa da, dövlət müstəqilliyinin ilk illərində ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi şərait, hakimiyyət böhranı, idarəçilik sahəsində yol verilən ciddi nöqsanlar, cəmiyyət həyatının müxtəlif istiqamətlərində yaranmış dərin qarşıdurmalar, separatizm meyillərinin güclənməsi və anarxiyanın geniş vüsət alması nəticəsində dövlət idarəçiliyinin zəruri mexanizmlərinin formalaşdırılması, qanunçuluğun və ictimai asayişin təmin edilməsi, vətəndaşların təhlükəsiz və sabit şəraitdə yaşamaq hüququnun qorunması, eləcə də müstəqil Azərbaycan dövlətinin gələcək hüquqi əsaslarının müəyyənləşdirilməsi olduqca mürəkkəb və təxirəsalınmaz vəzifəyə çevrilmişdi.Məhz belə ağır və taleyüklü bir şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi, qətiyyəti və xilaskarlıq missiyası nəticəsində Azərbaycanın müstəqilliyini və dövlətçiliyini ciddi təhlükə qarşısında qoyan proseslərin qarşısı alındı, ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, dövlət idarəçiliyi möhkəmləndirildi və bununla da müasir, demokratik və hüquqi dövlət quruculuğunun həyata keçirilməsi, o cümlədən müstəqil Azərbaycanın gələcək inkişafının əsas hüquqi sənədi olacaq yeni Konstitusiyanın hazırlanması üçün etibarlı siyasi və hüquqi zəmin formalaşdırıldı.

Deputat qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və ardıcıl fəaliyyət nəticəsində Konstitusiya Komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiya layihəsi hazırlandı. Geniş ictimai müzakirələrdən sonra, Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq ölkənin Əsas Qanununun qəbul edilməsi birbaşa xalqın iradəsinə həvalə olundu və 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq referendumunda seçicilərin 86 faizinin iştirakı, referendumda iştirak edənlərin isə 91,9 faizinin Konstitusiyanın qəbul edilməsinin lehinə səs verməsi xalqımızın müstəqil, demokratik və hüquqi dövlət quruculuğu yoluna verdiyi tarixi dəstəyin və etimadın parlaq ifadəsi oldu.1995-ci il noyabrın 27-də qüvvəyə minən Azərbaycan Respublikasının Konstitusiyası dövlət hakimiyyətinin təşkilinin əsas prinsiplərini müəyyənləşdirərək hakimiyyətin qanunvericilik, icra və məhkəmə qolları arasında bölünməsini, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını, hüququn aliliyinin qorunmasını və demokratik idarəçilik prinsiplərinin bərqərar edilməsini dövlət quruculuğunun fundamental əsasları kimi təsbit etdi və bu baxımdan Konstitusiyanın qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında göstərdiyi ən böyük və tarixi xidmətlərdən biri olmaqla, ölkəmizin uzunmüddətli və sabit inkişafını təmin edən möhkəm hüquqi təməlin yaradılmasına imkan verdi.

Zaur Şükürov xatırladıb ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə başlayan Vətən müharibəsində xalqımızın qazandığı möhtəşəm tarixi Zəfər, 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən antiterror tədbirləri nəticəsində, şəhidlərimizin misilsiz qəhrəmanlığı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin rəşadəti və peşəkarlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Qürur duyuruq ki, bu gün Konstitusiyamız ölkəmizin bütün ərazilərində qüvvədədir.

Zaur Şükürov vurğulayıb ki, əminik ki, Ulu Öndər Heydır Əliyevin uzaqgörən dövlətçilik siyasətinin Prezident İlham Əliyev tərəfindən son dərəcə uğurla davam etdirilməsinin nəticəsində, gələcək illərdə dövlətimiz daha qüdrətli olacaq və xalqımız daim firavan yaşayacaqdır.