Goranboy rayonu,Hazırəhmədli kənd tam orta məktəbin sabiq Azərbaycan dili və ədəbiyyat müəllimi Aybəniz Əliyeva media vasitəsi ilə elm və təhsil naziri Emin Əmrullayevə müraciət edib.
Oxu24.com CityPost.az -a istinadən xəbər verir ki, Aybəniz Əliyeva yenidən imtahan verərək məktəbə bərpa olunmasını istəyir. Onun sözlərinə görə,işlədiyi məktəbin əvvəlki və hazırkı direktoru ilə arasında gərginliklər olduğu üçün onun imtahanda topladığı bal qəsdən saxtalaşdırılıb.Bu səbəbdən də 34 ildir ki, müəllim işləyən Aybəniz Əliyeva 6 aydır ki,işsiz qalıb.
“Mən təcrübəli Azərbaycan dili və ədəbiyyat müəlliməsiyəm.Sertifikasiya imtananına qədər məktəbdə baş vermiş qanunsuz hərəkətlərə etiraz edirdim. Bir neçə dəfə keçmiş direktor Səadət Abbasovanın məktəbdə etdiyi qanunsuz əməllər barədə şikayətlər etdim. Direktor mənim onun əməllərindən xəbərdar olduğumu hiss etdikdən sonra mənə qarşı münasibəti dəyişdi. Təbii ki, məktəb direktorunun bu əməllərindən rayonda təhsillə bağlı rəhbər vəzifələr tutan başqa şəxslərin də xəbəri var idi. Bu səbəbdən də sertifikasiya imtahanları keçirilən zaman mənim imtahan nəticələrimə süni şəkildə müdaxilə olundu.İnsanların gözü qarşısında əvvəlcədən rəhbər şəxslər tərəfindən öyrədilmiş nəzarətçilər tərəfindən imtahan verdiyim kompyuterə müdaxilə edildi. Sualların əksəriyyətinin cavabını dəqiq bilirdim.Hesablamama görə doğru cavabların sayı 47 bal olmalı idi.Amma, müdaxilədən sonra doğru cavablarımın sayı 28 bala endi. Bununla da mən imtahandan kəsildim.”
Aybəniz Əliyevanın iddiasına görə,onun imtahandan kəsilməsində vəzifəli şəxslərin birgə fəaliyyəti olub.
“Qeyd etdiyim kimi məktəbdə baş verən xoşagəlməz hallar barədə yuxarı qurumlara şikayət etdiyimə görə həm məktəbdə, həm də regional idarədə arzuolunmaz şəxsə çevrildim. İmtahanlardan istifadə edərək Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin keçmiş müdiri Anar Qədiməliyev,Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov,İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Azər İbrahimov birləşərək məni təhsildən uzaqlaşdırdılar”,- deyə keçmiş müəllimə bildirib.
Məktəbin keçmiş Azərbaycan dili və ədəbiyyatı müəllimi daha sonra bildirib ki, onun 28 balı olsa da,işsiz qalıb.Amma, 14 bal toplayan Sücaət Abdullayeva adlı şəxs ondan az bal toplamasına baxmayaraq məktəbdə işlə təmin olunub. Keçmiş müəllim bütün bunların ədalətizlik hesab edir.
“Necə olur ki,14 bal toplayan,imtahandan kəsilən bir şəxsi məktəbə işə götürürlər, 34 ilin müəllimini,ondan çox bal toplayan birini kənarda qoyurlar? Buradan görünür ki,orada mənim əleyhimə olan şəxslər var.”
Məktəbin müəllimi olmuş Aybəniz Əliyeva indiki direktor Təranə Cəbrayılovadan da şikayətçi olduğunu bildirib.Keçmiş müəllimənin iddiasına görə,direktor Təranə Cəbrayılova onun məktəbə qayıtmasına və hər hansı işlə təmin olunmasına maneə olanlardan biridir.
“İndiki direktor Təranə Cəbrayılovanın qanunsuz əməllərindən cana gəlmişik. Məktəbin musiqi müəllimi Sevda Məmmədovanı heç bir imtahan və müsabiqədən keçmədən kitabxanaya müdir təyin etdi.Təranə Cəbrayılovanın müavini Neman Eminov mənə və digər şəxslərə qarşı dələduzluq edərək 10 min manata yaxın pulu mənimsədi.O,bu pulları bizdən övladımı işə düzəltmək adı ilə almışdı.İndi o həbs olunub. 12.07.2024 – 31.08.2024-cü il tarixlərində Neman Eminov həbsdə olsa da,ona maaş yazılıb. İfadəsində istintaqa bildirib ki,pulların alınmasından Təranə Cəbrayılovanın da xəbəri olub. Hətta direktor bu məsələyə görə izahat da verib. Məktəbdəki nöqsanlar bununla da bitmir. Direktorun tədris işləri üzrə müavini Ruhəngiz Abdullayeva və təlim-tərbiyyə işləri üzrə müavini Xədicə Rzayeva saxta şəhadətnamə verdikləri üçün araşdırma aparılır.Bildiyimə görə,onlara cinayət işi də açılıb.
Aybəniz Əliyevanın sözlərinə görə,onun həyat yoldaşı Telman İsgəndərov I Qarabağ müharibəsinin veteranıdır. Oğlu Emil İsgəndərov isə II Qarabağ Müharibəsinin iştirakçısı olub.
“Ailə vəziyyətim olduqca pisdir.6 aydır işsizəm.Mənə süni şəkildə yaradılan bu problemə görə,övladlarımı da işə götürmürlər.Media vasitəsi ilə cənab Emin Əmrullayevə müraciət edirəm.Xahiş edirəm ki, mənim yenidən imtahan verməyimə və məktəbdə hər hansı münasib işlə təmin olunmağıma köməklik edəsiniz”,-deyə o bildirib.
CityPost.az məsələ ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.Yazıda adları hallanan digər şəxslərin də mövqeyini təqdim etməyə hazırıq.
Müşərrəfxanım
Oxu24.com
ŞƏRHLƏR