Qaynar xətt:

(+99450) 247 90 86

Ad günümdə oğlumun şəhid xəbərini aldım - "Hadrut Fatehi"nin anası

Ad günümdə oğlumun şəhid xəbərini aldım - \"Hadrut Fatehi\"nin anası

QARABAĞ

88

07.11.2026, 20:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qürurla qeyd etdiyi, şəhid ailələrinin isə həm fəxarət, həm də övlad həsrəti ilə qarşıladığı gündür. Bu Zəfər uğrunda canından keçən qəhrəmanların xatirəsi onları böyüdən anaların yaddaşında, söylədikləri hər xatirədə yaşayır.

Zəfər Günü ərəfəsində Vətən Müharibəsi Qəhrəmanı, "Hadrut Fatehi", şəhid Camal İsmayılovun anası Filarə İsmayılova Trend-ə açıqlamasında oğlu ilə bağlı xatirələrini bölüşüb.

Şəhid anası bildirib ki, oğlunun şəhadət xəbərini oktyabrın 21-də, öz ad günündə alıb:

“Balam Laçın dəhlizinə nəzarət edən yüksəkliklərdə şəhid olub. Şəhid xəbərini oktyabrın 21-də aldım. Mənim ad günüm idi. Gözləyirdim ki, zəng edib məni təbrik edəcək. Axşamüstü isə şəhid xəbərini aldım. Camal mənim ad günümü şəhadəti ilə təbrik elədi”.

Filarə İsmayılova oğlu ilə son dəfə oktyabrın 18-də danışdığını deyib. Onun sözlərinə görə, Camaldan hər zəng gələndə uşaqlara şirniyyat, qonşulara isə yemək paylayır, oğlunun və döyüş yoldaşlarının sağ-salamat qayıtması üçün dua edirdi:

“Ona dedim ki, gedirəm konfet alım, küçədə uşaqlara paylayım, sizə dua eləsinlər. Güldü, dedi ki, çox pul xərcləmə. Sonra da dedi: "Özünüzə yaxşı baxın, atama de, darıxmasın". Mən təkcə oğlum üçün deyil, bütün hərbçi yoldaşları üçün dua edirdim. Zəng edəndə özünə də deyirdim ki, hamınız üçün dua edirəm”.

Anasının sözlərinə görə, Camal 18 il hərbi xidmətdə olub, xüsusi təyinatlı bölmələrdə xidmət edib. Türkiyə, Gürcüstan və digər ölkələrdə təlimlərdə iştirak edib, rus, ingilis və erməni dillərini bilib.

Filarə İsmayılova oğlunun mütaliəyə, musiqiyə və texnikaya marağından da danışıb. Bildirib ki, Camal “Koroğlu” dastanını, “Qızılbaşlar” romanını sevərək oxuyub, Şah İsmayıl Xətainin həyatı ilə maraqlanıb. İdarə etdiyi avtomobilin təmiri ilə də özü məşğul olub.

“O, əsgər gedəndə 18 yaşı vardı. Getməzdən əvvəl evdəki bütün elektrik əşyalarını nəzərdən keçirdi, nə lazım idisə, düzəltdi. Deyirdi ki, mən gedəndən sonra anam əziyyət çəkməsin”, – deyə şəhid anası xatırlayıb.

Filarə İsmayılova oğlunun ailəsinə bağlı olduğunu, övladlarını, valideynlərini və bacısını çox sevdiyini vurğulayıb. Onun sözlərinə görə, Camalın iki qızı və özünün Alp Aslan adını seçdiyi bir oğlu var.

Şəhid anası oğlunun müharibəyə yollanarkən dediyi sözləri də bölüşüb:

“Ona dedim ki, sən gedirsən, bizi kimə əmanət edirsən? Dedi ki, sizi dövlətə əmanət edirəm. Bu sözləri ürəkdən deyirdi. Nə edirdisə, ürəkdən edirdi. Ürəyində nə vardısa, dilində də o vardı. Şan-şöhrəti, çox danışmağı xoşlamazdı. Vətənini çox sevirdi”.

Filarə İsmayılova kiçik oğlunun da hərbçi olduğunu, zabit kimi xidmət etdiyini, qızının isə müəllim işlədiyini bildirib.

Camal İsmayılov Neftçalada Şəhidlər xiyabanında dəfn olunub. O, ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.