Zəngəzur dəhlizi nə zaman istifadəyə veriləcək?
14 Fevral 2026, 19:26
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
109
17.02.2026, 10:16
1992-ci ilin sazaqlı fevral ayı idi. Qaradağlı camaatı Qarabağın yuxarılarından gələn bir xəbərlə sarsılmışdı. 10-dan 12-si fevrala qədər Şuşanın erməni kəndlərinin əhatəsində olan Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə xain rus silahlılarının da yardımı ilə erməni silahlı birləşmələri qəfil hücum edib , 50-yə yaxın dinc əhalini işğəncəyə məruz qoyub, qətl edib, vəhşicəsinə kütləvi şəkildə öldürüb.
Qaradağlı camaatını sarsıdan ikinci səbəb isə paytaxtda oturan, xalqın məsuliyyətini üzərinə götürüb, amma xalqla, xüsusən də, düşmənlə qarşı-qarşıya qalmış dinc əhali ilə maraqlanmayan başbilənlərin laqeydliyi idi.
Bu xəbər erməni kəndlərinin, şeytan yuvalarının əhatəsində yerləşmiş Qaradağlı kəndinin camaatını düşündürməyə bilməzdi. Amma bir-birinə ürək -dirək verir , tezliklə qələbə çalacaqlarına ümid edir, əlində silah kəndi qoruyan cavanlara ümid bağlayırdılar. Həmin vaxt Azərbaycan SSR Daxili İşlər Nazirliyi 30 nəfər Qaradağlı gəncini milis işçisi kimi işə qəbul edərək kəndin müdafiəsinə göndərmişdi, Ağdamdan polis işçilərinin növbə ilə Qaradağlıya ezam edilməsi kəndin müdafiə gücünü bir qədər artırmışdı. Üstəlik də, yaşından asılı olmayaraq əli silah tutan kənd camaatı əsl əsgərə dönmüşdü.
Döyüşçülərin ağır texnikası yox dərəcəsində olsa da belə, əhali bilirdi ki, 4 ildir el-obanı xain düşməndən qoruyan elə bu igidlərdir. Bu igidlər düşmənin qarşısından qaçmayacaqlar. Bütün ağır günlərində bu igidlərə güvənirdilər.
1990-cı il noyabrın 24-də 3 nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6 kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetiriləndə də, 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomaşın ermənilər tərəfindən atəşə tutulanda, bir nəfər öldürüləndə, 4 nəfər yaralananda da. (Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını dəyişdi) yurdlarını qoyub qaçmayıblar, elliklə yığışıb mübarizə aparıblar.
Hələ 1991-ci il martın 8-də ermənilər kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetirdi, həmin il iyunun 28-də kəndin 3 kilometrliyindəki fermada 6 sakin – 3 kişi və 3 qadın diri-diri yandırıldı, 1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6 kilometrliyində erməni quldurları tərəfindən atəşə tutuldu. Avtobusdakı 40 nəfərə yaxın sərnişindən 2 oğlan, 6 qadın həlak oldu.1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, 100-ə yaxın qoyun ermənilər tərəfindən qənimət kimi aparıldı.
Hər bir faciədə camaat ordu ilə, igidlərlə bir oldular, birlik oldular. Düşmən onları qorxuda, yurdundan qaçıra bilmədi.
Odur ki, məkrli bir plan hazırlandı. Bu geniş miqyaslı plan Rusiyaya məxsus mütəşəkkil hərbi nizami ordunun, erməni quldur və terror dəstəsinin birgə əməliyyat planı idi.
Nəhayət murdar plan 1992-ci il fevralın 17-də həyata keçirilməyə başlandı. Adi avtomat və ov tüfəngi ilə qorunan Qaradağlı kəndinə Arabo və Aramo birləşmələri, Monte Melkonyanın dəstəsi, həmçinin, 366-cı motoatıcı alayı hücum edərək həmin günə qədər Qarabağda ən böyük bir qətliam gerçəkləşdirdilər.
Azərbaycan Milli Ordusunun qadın zabitlərindən biri olan Sabirə Mahmudova da soyqırım aktının şahidlərindən biri olaraq belə söyləyib:" Uzun müddətdir mühasirədə olan Qaradağlıya ərzaq daşıyan helikopter 12 yanvar 1992-ci ildə ermənilər tərəfindən vuruldu və kəndin əhalisi taleyin ümidinə buraxıldılar...Fevralın əvvəlində erməni silahlı qüvvələri 366-cı motoatıcı alayın yardımı ilə Qardağlıya yenidən hücum etdilər. Əhali müqavimətə davam etdi. 15 yanvarda olan elan etmişdilər ki, son damla qanlarına qədər döyüşəcəklər..."
Həmçinin oxuyun
El-oba duruşları, davranışları ilə düşmənə meydan oxuyurdular. Sanki deyirdilər ki, kəndimə, el -obama düşmən ancaq meyidimin üzərindən girə bilər. Düşmən də məhz belə edirdi...
Qaradağlıda törədilən soyqırımda 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvləri əsir götürülür. Onlardan 180 nəfəri qətlə yetirilir.
Ümumilikdə, Qaradağlı soyqırımında kənd 217 övladını itirib, onlarla insan girov götürülüb. Ermənilər ölənləri silos quyularına doldublar, girovlara dəhşətli işgəncələr veriblər. Girovların əksəriyyəti geri alınsa da, çoxunun taleyi hələ də məlum deyil.
Kənd sakini Həqiqət Hüseynova başına gələnləri media belə nəql etmişdi: "Erməni silahlıları bizi mühasirəyə almışdılar. Gözümüz nələr görmədi? Kəndçimiz Eldarı gözümüzün qabağında ağacnan döyə-döyə öldürdülər. Kənddə yolun, asfaltın qırağında “Pir” deyilən yerdə... Sonra da mənim gəlinimin atasını öldürdülər. Heç bilmədim nə ilə vurdular amma kişinin başı iki yerə paralandı. Sonra da qoydular maşının altına əzib tanınmaz hala saldılar. Cəmiyyət (Ningi) kəndi yanında Zahid adlı kəndçimizi öldürdülər. Qardaşı qışqırmaq istəyəndə əlimi tutdum ağzına ki, səsi eşidilməsin. Əlimi qan çıxana qədər dişləmişdi. Vaqif idi adı... Allah ölənlərinizə rəhmət eləsin, həmin əzablara dözmədi öldü".
Öldürülənlərdən 50-si qadın, 28-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olub, 142 ailə başçısını itirib, 340-a yaxın uşaq yetim qalıb.
İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 520 yerlik orta məktəb binası, 45 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. Kəndin 1800 nəfərə yaxın sakini məcburi köçkün düşmüşdü.
Qaradağlı kəndində baş verən dəhşətli qətliam Qarabağda əks -səda verdi. Həmin vaxt bu xəbərdən ən çox sarsılanlar isə Xocalı camaatı idi. Xocalı camaatı şeytan yuvasına çevrilmiş, qandan bəslənən terrorçuların yığışdığı Xankəndi ilə Əsgəranın arasında təklənmişdilər, sahibsiz qalmışdılar... Qaradağlı qətliamına yanarkən ağıllarına gəlmirdi ki, cəmi 9 gün sonra soyqırıma məruz qalacaqlar, Qaradağlı qətliamı, Xocalı soyqırımının yanında "yüngül yara" olacaq
Artıq bu türk yurdunun yağmalanmasının 34 ilini dərin kədər hissi ilə anırıq. Qarabağ işğaldan azad edildi, Qaradağlı düşmən tapdağından təmizləndi. Amma o dəhşətli günlər qarabağlıların, qaradağlıların yaddaşından bir gün də silinib getmədi, unudulmadı.
Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Əntiqə Rəşid
11:59 / 17 Fevral 2026
1
11:44 / 17 Fevral 2026
13
11:39 / 17 Fevral 2026
31
11:29 / 17 Fevral 2026
35
11:19 / 17 Fevral 2026
46
11:14 / 17 Fevral 2026
38
11:03 / 17 Fevral 2026
55
10:49 / 17 Fevral 2026
46
10:43 / 17 Fevral 2026
284
10:39 / 17 Fevral 2026
38
10:24 / 17 Fevral 2026
38
10:08 / 17 Fevral 2026
61
10:02 / 17 Fevral 2026
51
09:54 / 17 Fevral 2026
188
09:46 / 17 Fevral 2026
58
09:41 / 17 Fevral 2026
790
09:35 / 17 Fevral 2026
66
09:30 / 17 Fevral 2026
105
09:25 / 17 Fevral 2026
67
09:16 / 17 Fevral 2026
59
09:08 / 17 Fevral 2026
51
08:58 / 17 Fevral 2026
64
08:46 / 17 Fevral 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.