Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105465
az

“İşğaldakı kəndlərimizin məsələsi artıq həll olunub” - sabiq nazir SENSASİON DETALLARI AÇIQLADI

18:4404 Aprel, 2024
158
ÖZƏL BÖLÜM
  • A

Tofiq Zülfüqarov: “Şərti sərhəddə rus sərhədçiləri və Avropa missiyası əməlli-başlı əməkdaşlıq edir”
 

Azərbaycanın sabiq xarici işlər naziri, siyasi analitik Tofiq Zülfüqarov “Yeni Müsavat”ın suallarını cavablandırıb. Ermənistanın artan təxribatları, işğal altındakı kəndlərimiz, həmçinin Brüsseldə keçiriləcək üçtərəfli görüşlə bağlı gözləntilər haqda eks-nazirin maraqlı təhlilləri və yanaşmaları var.  

- Tofiq bəy, ABŞ, Avropa İttifaqı və Ermənistan rəhbərliyinin 5 aprel görüşündən gözləntiləriniz nədir?

- Birincisi, bizdə bir çoxları məsələni o şəkildə şərh edirlər ki, guya Aİ və ümumiyyətlə, Qərb Ermənistan mövzusunda Rusiya ilə rəqabətdədir. Doğrusu, mən buna inanmıram. Söhbət nədən gedir? Paşinyan bəzi bəyanatlar verir ki, Zvartnosdan rus sərhədçilər çıxsın, yaxud KTMT-yə üzvlük bizə lazım deyil. Əslinə qalsa, bunlar hamısı görüntü yaratmaq üçündür. Bunları deyərkən eyni zamanda bəyan edir ki, Gümrüdəki hərbi baza 2044-cü ilədək qala bilər. 5-10 sərhədçini çıxarmaq istəyirlər, amma eyni zamanda yüzlərlə, minlərlə sərhədçi Türkiyə və İranın sərhədindədir. İndi də bizim şərti sərhədlərdə rus sərhədçiləri yerləşdiriblər. Həmçinin havadan müdafiə sistemi eynidir. KTMT-dən başqa, bunların hərbi müttəfiqlik barədə sazişi də var, heç bu məsələdən danışan yoxdur. Birgə hərbi birləşmələr təşkil ediblər. Orada da bir neçə min rus və erməni hərbçilər eyni komandanlıq altında hərbi fəaliyyət göstərir. Sonra havadan müdafiə sistemi, Ermənistandakı raketlər hamısı Moskvanın yaxınlığında yerləşən komanda mərkəzindən idarə olunur. Yəni hərbi strukturlara baxanda, ciddi məsələlər kənarda qalıb, amma boş-boş məsələləri gözümüzə soxurlar ki, hay-haray, bunlar küsüblər. Qəribəsi odur ki, Rusiya tərəfdən də elə bil davam etdirilir, eyni oyun oynayırlar. Yəni bunların hamısını nəzərə alaraq, mən yenə də o fikirdəyəm ki, Ermənistan-Rusiya gərginliyi bizim üçün və Qərb üçün süni şəkildə yaradılan bir şeydir. Qərb də mən dediklərimi yaxşı başa düşür. Söhbət ondan gedir ki, Qərbin, ABŞ-ın mövqeyi, hər halda, belədir: Bolton onu Tramp administrasiyası vaxtında səsləndirib, deyib ki, biz Ermənistana silah da verə bilərik, amma ruslar çıxmalıdır. İndi isə məncə, ABŞ və Qərb razılaşıb ki, Rusiya sərhədçiləri, hərbçiləri “qarovulçuluğu” eləsinlər, amma pullarını Qərb versin. Belə demək mümkünsə, dava yorğan davasıdır.

- Necə bilirsiniz, Ukrayna üçün pul xərcləməyə xəsislik edən Qərb Ermənistan üçün əlini cibinə salacaqmı?

- Ermənistanın bacısı var e, Fransa... O da nümayiş etdirdi ki, öz pullarını Ermənistana vermək istəmir. İndi təzə bir şey uydurublar ki, Ukrayna üçün yaradılan yardım fondundan Ermənistana da dəstək ayrılsın. Yəni Avropa İttifaqının hamısı Ermənistana yardım versin. Ona görə Fransa həmişə belə bir görüntü yaratmaq istəyir ki, “ay haray, ruslar Azərbaycanın əli ilə Ermənistanı cəzalandırmaq istəyir”.

- Elə Fransa XİN-in növbəti dəfə şivən qoparması da dediklərinizi təsdiqləyir...

- Bəli, həmin məsələdir. Yəni məqsəd budur. Bizdə də bəziləri deyir ki, ruslar bunları cəzalandıracaqlar, indi İranı bu məsələyə qatıblar. Bu, çox sadəlövh bir baxışdır. Əgər cəzalandırmaq istəsəydilər, Paşinyanı çoxdan cəzalandırardılar. Belə bir şey yoxdur. Özü də şərti sərhəddə rus sərhədçiləri və Avropa missiyası əməlli-başlı əməkdaşlıq edir. Avropa missiyası bunlara müraciət edir ki, filan yerə baxmaq istəyirəm. Rus sərhədçilər onlara icazə verəndən sonra gedib hansısa təpədən bizə tərəf baxırlar. Bu, əməkdaşlıq deyilsə, nədir? İkincisi də, yadınızdadırsa, buna bənzər vəziyyət Abxaziyada var idi. Rus sülhməramlıları və müxtəlif guya beynəlxalq təşkilatların nümayəndələri guya ki, Gürcüstanın maraqlarını orada güdürdülər. Amma bir-biri ilə elə yaxşı əməkdaşlıq edirdilər ki, gəl görəsən. Yəni təxminən bu model Ermənistan üçün də seçilib və indi həyata keçirilir. Bu modelin qarşısına nə İran çıxacaq... Çünki İranın əsas məqsədi Türk birliyinin qarşısını almaqdır. Odur ki, İran da buna qarşı çıxmayacaq, Rusiya da. Rusiya üçün bunun nəyi pisdir ki? 30 il ərzində Ermənistana maliyyə verib, saxlayırdısa, indi deyir Qərb saxlasın, mən istəmirəm. Təxminən bunların tərəfindən çox sadə bir yanaşmadır.

- Bəs Zəngəzur dəhlizi ilə bağlı nələr baş verəcək? Hazırda belə görünür ki, Fransa ilə hətta İranın mövqeləri üst-üstə düşür, Azərbaycanın Zəngəzur dəhlizini, Turan yolunu açmasını əngəlləməyə çalışırlar. Rusiya isə öz maraqlarını nəzərə alaraq dəhlizin açılmasında maraqlı görünür. Toqquşma gözləniləndir?  

- Bu da bir stereotipdir. Guya dəhliz olmasa, Turan yaranmayacaq. Sanki Arazboyu yol olacaq, dəvələr mallarla yüklənmiş, o yan, bu yana aparacaqlar. (Gülür) Yəni dəhliz üzərindən ticarət əlaqələri olmayanda məgər Türkiyə Özbəkistan, Qırğızıstanla əməkdaşlıq etmirdi? Bu da “ay haray, filan şey olacaq”, tipli yanaşmadır. Guya pul köçürmələri üçün gərək elə Araz çayı boyunca zənbildə pul aparılsın? Bunlar hamısı elə bil ki, bizi aldatmaq üçündür. Əsas türkçülük birliyi ideyasıdır. Zəngəzur dəhlizi onsuz da olacaq. Bu, bizim üçün həddindən artıq vacib məsələdir. Çünki vaxtilə bizim dövlətimizi bölüblər, bir hissəsi orada, bir hissəsi burada.

- Naxçıvanı nəzərdə tutursunuz yəqin...

- Bəli, Naxçıvandan söhbət gedir. Bizim istəklərimiz, tələblərimiz tamamilə məntiqəuyğundur. Amma Qərbdəki seçicilərdə təhlükə fonu yaratmaq üçün bu fon yaradılır: ay haray, türklər yenə Vyanaya hücum edəcəklər! İnsanları bu xofla idarə etmək cəhdini görürəm.

- Ermənistan üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəliklərə artıq 4-cü ildir əməl etmir. Belə olan halda proseslərin yekunundan nələr gözləmək olar?

- Mən hesab edirəm ki, Azərbaycanın indiki mərhələdə taktiki gedişləri çox düzgündür. Biz siyasi rıçaqları istifadə edib, hədəflərə nail olacağıq. Bizim opponentlər bu mövzuları gündəmə gətirərkən elə bil ki, istər-istəməz bizə də xidmət edirlər. Ən azı bu məsələni gündəmə gətirirlər. İstər-istəməz onların bu məsələyə münasibəti bəllidir. Amma gələcək danışıqlarda, təmaslarda bu məsələnin gündəmdə olması artıq şübhə altında deyil. Yəni biz 5 il bundan qabaqkı gündəmə baxsaydıq, onda ayrı mövzular gündəmdəydi. İndi isə biz yavaş-yavaş bu məsələləri gündəmə gətiririk. Gündəmə gətirməklə onları həll etməklə işimizi davam eləyəcəyik. Amma “ay haray, sabah gedib vuruşacağıq” və sair, hesab edirəm ki, bu cür bəyanatlara, təbliğata ehtiyac yoxdur. Məsələni qoymaq, gündəmə gətirmək lazımdır, amma onun həll yolları başqadır. Siyasi mexanizmləri istifadə etməklə bu məsələnin həllinə nail olmaq üçün şərait yaratmaq da bir mərhələdir.  

- Deyirsiniz hələlik hərbi yoldan yayınmaq lazımdır?

- Yox, yayınmaq da lazım deyil. Həddən artıq təbliğ etmək də lazım deyil. Bu mövzular artıq dünyanın gündəmindədir, Azərbaycan artıq buna nail olub. Bizim rəqiblər də məcburiyyət qarşısında qalıb bu mövzunu şərh edirlər və çalışırlar ki, öz xeyirlərinə istifadə etsinlər. Bu, yenə də Ermənistandan “qurban” obrazını yaratmaq cəhdidir.  

- Enində-sonunda Zəngəzur dəhlizi açılacaq, elə deyilmi? 

- Əlbəttə. Zəngəzur dəhlizi açılacaq və ikinci bir yol olacaq. Artıq Gürcüstan ərazisi ilə bir yolumuz var. İrandan üçüncü bir istiqamət də var. Ona görə biz heç də pis vəziyyətdə deyilik. Onsuz da biz bu məsələni artıq həll etməyə çoxdan başlamışıq.

- Bəs işğal altındakı kəndlərimizin məsələsi necə həll olunmalıdır?

- Mən hesab edirəm ki, işğaldakı kəndlərimizin məsələsi artıq həll olunub. Çünki Paşinyan özü birmənalı dedi ki, bu, bizim kəndlər deyil. Onlar istəyirdilər ki, bu məsələdən istifadə edərək, Azərbaycanı bu və ya digər şəkildə ittiham etsinlər. Bu baxımdan görsələr ki, Azərbaycan onların istədiyi kimi hərəkət eləmir, yaxınlarda kəndlərlə bağlı məsələnin həlli qaçılmaz reallıqdır.

- Amma 4 kənddən danışır Paşinyan, 8 yox...

- Birincisi, Azərbaycan hələ də Ermənistanın 1991-ci il razılaşması ilə bağlı təqdim etdiyi mövqeyi qəbul eləmir. Müxtəlif yollarla bunu gündəmə gətirmək istəyirdilər. Praqada, Qaranadada... Sonra 1975-ci il xəritələri gündəmə gəldi. Yəni onlar bunu gündəmə gətirmək istəyirlər. Mən hesab edirəm ki, bizim daha 4, yaxud 8 kənd yox, 444 kəndimiz qaytarılmalıdır!

- Yəni masada 1918-ci il xəritəsi olmalıdır? 

- Hər halda, 1918-ci il yox, bəlkə də 1920-ci ilin aprel ayında olan xəritəmizə əsasən, torpaqlarımız qayıtmalıdır, yəni bolşevik Rusiyasının işğalından qabaq olan xəritələrə əsasən. Ona görə də 4 kəndin məsələsini gündəmə gətirmək, əlbəttə, lazımdır, amma mən dediyim şəkildə - 444!

- 5 aprel görüşü ərəfəsində Naxçıvan istiqamətində atəş açıldı. Bu atəşin arxasında hansı qüvvələr dayanıb və məqsəd nədir?

- Ermənistandan qurban imicini yaratmaq üçün bu cür təxribatlar həmişə olub. Ermənilər həmişə birinci atəş açırdılar, sonra haray qoparırdılar. İndiki mərhələdə də məqsəd odur.

- Təxribatların miqyası genişlənərsə, o halda tutarlı cavab veriləcək sözsüz ki. Elə deyilmi?

- Onlar qorxurlar. İnanmıram ki, təxribatlar edə bilərlər. Çünki təxribatlara əl atsalar, bizdə elə imkanlar var ki, onların təxribatlarını qeyd edib, dünyaya yayacağıq. Yəni indi kimisə aldatmaq mümkün deyil, ona görə də bundan da ehtiyat edirlər.

- Elə son təxribatları və Ermənistan ordusunun hərəkətlənməsini Avropa İttifaqı da ört-basdır etməyə çalışdı...

- Bu da onu göstərdi ki, məsələnin arxasında kimlər durur və nə məqsədlə edirlər. Azərbaycanın davranışı və reaksiyası tamamilə adekvatdır.

- Maraqlıdır ki, Ermənistan dinc oturana oxşamır. Zərbə silahları, ağır artilleriya, tankların şərti sərhədlərə daşınması da bundan xəbər verir. Nə etmək istəyirlər?

- Bu, “itin qorxusundan hürməsi”nə oxşayır. Özləri də bilirlər ki, tərpənsələr, beşqat artıq cavablarını alacaqlar. Hər halda Qafandakı postu yaddan çıxartmırlar. Bu, təzə bir şey deyil, onlar həmişə belə işlərlə məşğul olublar. Biz sonra onlara göstərdik ki, snayper oradan gəldi, atəş açdı və daha sonra düşmən postunu tamamilə darmadağın etdik. Ona görə ehtiyat edirlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Müdafiə Nazirliyindən 143 milyonluq oğurluqda Nəcməddin Sadıkovun adı çəkildi - ŞOK DETALLAR
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Bütün sahələrdə əməkdaşlıq: Azərbaycan və Rusiya etibarlı tərəfdaşlardır - ŞƏRH