Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48563
az

Rüstəm Muradovla SENSASİON MÜSAHİBƏ: \"Qərargaha mülki geyimdə basqın etdik, Suriyada isə...\"

10:2812 Fevral, 2021
2628
  • A

Rusiya Federasiyası Silahlı Qüvvələrinin general-leytenantı Rüstəm Muradovu bu gün Azərbaycanda çox adam tanıyır.
 

Oxu24.com  Teleqraf.com-a istinadla xəbər verir ki, bu da səbəbsiz deyil. General-leytenant R.Muradov Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın müvafiq bəndinə əsasən bölgəyə gələn Rusiya sülhməramlı qüvvələrinə komandanlıq edir. Hazırda Azərbaycanda xeyli populyar olan Rüstəm Muradovun hərbi əsirlərin və girovların qarşılıqlı olaraq dəyişdirilməsində, bölgədə sülhməramlı əməliyyatların aparılmasında rolu var. Əlbəttə, Dağlıq Qarabağ və işğaldan azad olunmuş ərazilərlə bağlı istənilən məsələ hər bir azərbaycanlı üçün yüksək həssasiyyətə malik olduğundan buradakı sülhməramlı qüvvələrə başçılıq edən şəxsin kimliyi də azərbaycanlılar üçün böyük önəm daşıyır.

Məhz bu həssaslıqdan irəli gələrək R.Muradovun 2019-cu ilin iyulunda doğulduğu Dağıstan Respublikasının Tabasaran rayonunda dərc olunan “Zori Tabasarana” qəzetinin müxbiri Zubaydat Şabanovaya vermiş olduğu müsahibəni təqdim edirik. Zənnimizcə, bu müsahibə R.Muradovu yaxından tanımaq baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, müsahibə götürülərkən R.Muradov general-mayor ali hərbi rütbəsində idi.

Rusiya Qəhrəmanı, general-mayor Rüstəm Muradov yaxın dostları, Mahaçqala şəhərinin hərbi komissarı Murtuzali İdrisovun, Dağıstan Respublikası Milli Məclisinin deputatı Səfər Əliyevin müşayiəti ilə Tabasaran rayonunu ziyarət edib. Tabasaran rayonunun girişində fəxri qonaqları rayonun başçısı Maqomed Qurbanov, Dağıstan Respublikası Milli Məclisinin deputatı Alavudin Mirzəbalayev, həmçinin, munisipalitetin nümayəndə heyəti duz-çörəklə qarşıladılar. Məhsuldar iş qrafikinə baxmayaraq general “Zori Tabasarana” respublika qəzetinin jurnalistləri ilə görüşməyə vaxt tapdı.

Rusiya Federasiyası Qəhrəmanı Rüstəm Muradov Tabasaran rayonunun Xanak kəndindəndir. Mahaçqaladakı 16 nömrəli məktəbi bitirib. O, Suvorov adına Kazan Hərbi Məktəbinin, S.M.Kirov adına Leninqrad Ali Ümumqoşun Komandirləri Məktəbinin, Ümumqoşun Akademiyasının, Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Akademiyasının məzunudur. Rusiyanın müxtəlif şəhərlərində və vilayətlərində xidmət edib. Çeçenistandakı anti-terror əməliyyatının iştirakçısıdır. 2017-ci ildə Suriyada hərbi müşavir vəzifəsində çalışıb. Hərbi vəzifəsini yerinə yetirərkən göstərdiyi igidlik və qəhrəmanlığa görə 2017-ci ildə Rusiya Federasiyası Qəhrəmanı yüksək fəxri adına layiq görülüb. 2018-ci ilin dekabr ayında Cənubi Hərbi Dairəsi qoşunlarının komandanının müavini təyin edilib.

– Rüstəm Usmanoviç, siz iki çeçen müharibəsinin iştirakçısısınız, 1996-cı ildə Yuxarı Sentoroy kəndinin, 2000-ci ildə Məshədovun qərargahının ələ keçirilməsində iştirak etmisiniz. Hərbçilər döyüş əməliyyatları barədə danışmağı sevmirlər, amma yenə də nələri xatırlayırsız, o hadisələrdən nələri unutmaq mümkünsüzdür?

– Siz tamamilə haqlısınız, Zubaydat. Təkcə hərbçilər deyil, ümumiyyətlə, istənilən normal kişi öz fədakarlıqları barədə danışmağı sevmir. Amma bir halda ki, siz sual vermisiniz, mən ona cavab verməliyəm. Əgər qərargahın ələ keçirilməsi ilə əlaqəli o epizoddan söhbət gedirsə, bunu deyə bilərəm... Deyə bilərəm ki, gənc idim, enerjim qaynayırdı. Mən o zaman ayrıca kəşfiyyat bölüyünə komandirlik edirdim, bu bizim Buynaksk briqadamız idi. Bizim qarşımıza konkret vəzifə qoyuldu və onun icrasına ilk olaraq mənim bölüyüm yollandı. Biz Məshədovun qərargahını ciddi sənədlərlə ələ keçirdik və elə alındı ki, onun olduğu dağa ilk olaraq mən qalxdım. Məni standart hərbi geyimdə deyil, mülki geyimdə olmağım xilas etdi. Belə ki, yaraqlılar məni əvvəlcə özlərindən biri sandılar. Bizim aramızda təxminən 50 metr məsafə var idi və onlar mənimlə danışmağa başladıqda qəfildən anladılar ki, “onlardan deyiləm”. Mən çox güclü atəşə məruz qaldım və ağır yaralandım. Onlar 15 nəfər, mən isə tək idim. Yaraqlılar atəş açanda mənim uşaqlarım vaxtında gəldi və tərəzi bizim tərəfə fırlandı. Hər iki tərəf itki verdi, ancaq bizim qarşımıza qoyulan vəzifə yerinə yetirildi. Həmin anda bizim qəlbimizdə nə qorxu, nə də həyəcan var idi. Bizim üçün, əsgərlər üçün bu normal haldır.

– Siz, həmçinin, Suriyanın da terrorçulardan azad olunmasında iştirak etmisiniz. Şübhəsiz ki, müharibə dağıntılar, xaos gətirir, bu, böyük bir fəlakətdir. Suriyanın necə olduğunu söyləyin – bir ölkə, insanlar olaraq... Onlar həyatda necədir, suriyalıların məişəti necə qurulub?

– Birincisi, bu bir müsəlman dövlətidir, oranın öz adət-ənənələri, davranış qaydaları var, ecazkar mədəniyyətə malikdir. Ümumiyyətlə, Suriya xalqı xeyirxah xalqdır, sahib olduğu hər şeyi paylaşmağa hazırdır. Qonağa münasibət, prinsipcə, bizdə – Qafqazda olduğu kimi hörmətlidir. Süfrə düzülür, yemək hazırlananadək isə sizi çaya, qəhvəyə və mateyə – yaşıl çaya bənzər çox canlandırıcı Suriya milli içkisinə qonaq edirlər. Çox xeyirxah xalqdır. Təəssüf ki, indi əzab-əziyyət çəkir. Siz onların öz dinlərinə, adət-ənənələrinə və mədəniyyətlərinə necə hörmət etdiklərini bir bilsəydiniz! Buna sonsuz dərəcədə heyran olmaq olar!

- İmam Şamil deyib: “Sonu barədə düşünən qəhrəman ola bilməz”. Soruşmaq istərdim, fədakarlıq etməyə gedəndə sizdə hansı düşüncələr olur? Nəticələr barədə düşünürsünüzmü?

– Biz ölə biləcəyimizi düşünsək, qarşımıza qoyulan vəzifəni yerinə yetirə bilməyəcəyik. Hərb sənəti ilə məşğul olan insanlar bu barədə düşünməməlidirlər. Biz mütləq tapşırığı necə yerinə yetirəcəyimizi, insanları necə qoruyub saxlayacağımızı düşünməliyik. Bu, bizim ən başlıca vəzifəmizdir. Əgərləri tapşırığın icrasına göndərəndə, ilk növbədə komandir kimi sən onların həyatını qorumalısan. Bununla ilk növbədə sən məşğul olmalısan. Və əlbəttə, tapşırığın necə yerinə yetirilməsi də vacibdir. Tapşırıq mütləq minimum itki ilə icra edilməlidir. Mən tapşırıq yerinə yetirməyə gedərkən başıma bir iş gələcəyini heç vaxt düşünmürəm. Belə situasiyalarda heç vaxt özüm haqqında düşünmürəm.

Mən axı bu peşəyə təsadüfən gəlməmişəm. Mən onu şüurlu şəkildə seçmişəm və nəyə getdiyimi bilirəm... Və qəhrəman doğulmurlar, döyüş meydanlarında qəhrəmana çevrilirlər, vətənini, insanları, zəiflərini qoruyarkən qəhrəman olurlar... Bu insanlar hamısı qəhrəmandır.

– Sizin üçün ən qorxunc zamanda daha çox kimin üçün qorxardınız – əsgərləriniz, ailəniz, yoxsa özünüz üçün?

– Əgər bir insanın qəlbində tamamilə qorxu yoxdursa, deməli o, canlı varlıq deyil. Təəccüblü deyil ki, bizdə özünüqoruma instinkti inkişaf edib. Ancaq biz, hərbçilər, bu barədə mütləq danışmamalıyıq, xüsusilə bunu nümayiş etdirməməliyik. Əlbəttə, ailəniz, övladlarınız, tabeliyinizdə olanlar üçün qorxu ola bilər. Yenə də qeyd etmək istəyirəm (məni düzgün başa düşməyinizi istəyirəm): bu barədə yalnız tapşırığın icrası artıq başa çatdıqda düşünürsünüz. Nə ola biləcəyini yalnız uğurla başa çatan əməliyyatdan sonra dərk edirsən. Burada bir faktı da nəzərə almaq lazımdır; əgər insanın qəlbində hansısa qorxu varsa, ona mane olacaq və tapşırığı yerinə yetirə bilməyəcək.

– Biz sizin dəfələrlə çətin situasiyalara düşdüyünüzü eşitmişik – qumbaraatan atəşinə düşmüsünüz, dəfələrlə ölümdən dönmüsünüz, həmçinin, təyyarə hadisəsi...

– Bəli, ağır hadisələr çox olub. Təyyarə hadisəsi ilə bağlı məsələyə gəldikdə isə onda Suriyaya iki təyyarədə hərbçi göndərmək qərara alınmışdı. Mən mütləq birincidə uçmalı idim. Məni o təyyarənin göyərtəsində olmaqdan tam təsadüf qurtardı. İlk təyyarə qəzaya uğradı. Təəssüf ki, biz insanlar itirdik. Əlbəttə, sonra nəticələri düşünürsən, xatırlayırsan, analiz edirsən. Səninlə bağlı nəsə dəhşətli hadisənin baş verə biləcəyini hiss etdiyiniz zaman qəlbiniz üçün ağır olur. Bu an ailənizi, valideynlərinizi düşünürsünüz...

– Rüstəm Usmanoviç, bir qədər də ailə haqqında danışaq. Generalımız evdə necədir? Onun ən sevimli yeməyi hansıdır? Həyat yoldaşınız xəngəl bişirir?

– Evdə evdaram (gülümsəyir). Həyat yoldaşım tabasaranlıdır. O, təbii ki, xəngəl də daxil olmaqla çox dadlı xörəklər bişirir. Bir çox dağıstanlı kimi, xəngəl bizim ailəmizin də ən sevdiyi xörəklərdən biridir.

– Qonaqlarla tez-tez görüşürsünüz?

– Qonaqlara gəldikdə, demək istəyirəm ki, valideynlər bizə qonağı hörmət etməyi, qəbul etməyi və hörmətlə yola salmağı öyrədiblər. Mən indi bunu öz uşaqlarıma öyrədirəm. Bu mütləq qanda olmalıdır. Evdə olanda həmişə qonaqlarım olur. Özləri də gəlirlər, mən də çağırıram. Hələ iki akademiyada oxuyanda da məşğələlərdən sonra xidmət yoldaşlarınm, dostlarım, sinif yoldaşlarım həmişə mənim qaldığım yerə toplaşırdılar. Onlar hamısı mənim yanıma gəlməyi sevirdilər... (gülümsəyir), çünki dadlı Dağıstan milli yeməklərinin dadına harda baxa biləcəklərini, süfrənin hər zaman harada qurulduğunu bilirdilər.

– Uşaqlar barədə bir qədər məlumat verin.

– Mənim iki qızım və dörd oğlum var. Hamısı öyrənir: kimisi orta məktəbdə, kimisi ali məktəbdə. bəziləri universitetdə. Onlarla bağlı hər şey yaxşıdır.

– Biz sizin çox sərt və tələbkar olduğunuzu eşitmişik. Orduda nizam-intizamı təmin etmək çətindir?

– Prinsipcə, siz tamamilə haqlısınız. Mən tabeliyimdə olanlara və hər şeydən əvvəl özümə qarşı sərt və tələbkaram. Əgər özünüzə qarşı tələbkar deyilsinizsə, başqalarından necə iş tələb edə bilərsiniz? Nizam-intizam birinci yerə olmalıdır, özü də təkcə orduda yox.

– Oxucularımıza nə arzu etmək istərdiniz?

– Mən Dağıstanı, öz xalqımı çox sevirəm. Özümü kiçik vətənimdə tapanda elə bir hiss olur ki, sanki böyük ailəmlə əhatə olunmuşam. Fürsətdən istifadə edərək, rayona dəvət etdiyinə və xalqımızla ünsiyyət qurmağına imkan yaratdığına görə, Tabasaran rayonunun başçısı Maqomed Sirajudinoviç Qurbanova təşəkkür etmək istəyirəm. Tabasaran rayonunun yubileyi ərəfəsində bizim bütün tabasaranlılara və rayonumuza sülh və xeyir diləyirəm. İnsanlar xoşbəxt, ailələrdə rahatlıq olsun, Tabasaran çiçəklənsin və Dağıstanın üzərində aydın, dinc səma olsun.

– Rüstəm Usmanoviç, söhbət üçün vaxt tapdığınız üçün təşəkkür edirəm. Sizi Tabasaran rayonunun yubiley tədbirlərində görəcəyimizə ümid edirik.

– Siz də sağ olun. Əlbəttə, görüşəcəyik. Bu bizim sonuncu görüşümüz deyil.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sürix Universitetinə qəbul olan azərbaycanlı danışdı -MÜSAHİBƏ
“Birbank Star-la müştərilərimizə sadəcə kart deyil, həyatlarını asanlaşdıracaq təcrübə təqdim edirik”
Fərid Hüseynov: “Kapital Bank olaraq 150 illik təcrübə ilə gələcəyin innovasiyalarına yol açırıq” -Müsahibə

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Bakıda 6 nəfərin 33 min manatı ələ keçirilib