Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1978
az

Azərbaycan Ordusunun itlərinin şok görüntüsü - Onlara erməni dili öyrədilir

13:5520 May, 2018
4473
MÜSAHİBƏ
  • A

 Femida.az –ın ideyası və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Silahlı Qüvvələrin Kinoloji mərkəzindən xüsusi reportajı təqdim edirik.


Bir ildən sonra baş tutan səfər...

Bir zabitlə dialoq zamanı söz təsadüfən əsgərlərlə birlikdə eyni postda xidmət keçən itlərdən düşdü. O, itlərlə bağlı maraqlı xatirələrini danışır. İtlərin postlarda əsgər və zabitlərin sadiq dostu, düşmənin isə kabusu olduğunu deyirdi. Əsgərlərə arxa, dayaq olan sadiq itlərin harada hazırlanması, onların necə təlim keçməsi böyük marağıma səbəb oldu. Müdafiə Nazirliyinə təxminən bir il bundan qabaq it yetişdirmə - kinologiya mərkəzindən reportaj hazırlamaq üçün rəsmi müraciət ünvanladıq. Nəhayət, sorğumuza müsbət cavab almışıq. Nazirliyin mətbuat xidmətindən səfər üçün bütün hazırlıqların görüldüyünü və cümə günü mərkəzə reportaj hazırlamaq üçün gedəcəyimiz bildirilir.

Təyin olunan vaxtda artıq nazirliyin mətbuat xidmətinin yerləşdiyi binadayıq. Rəhbərliyin ayırdığı avtomobildə məkana yollanırıq. Bəxtimizdən sürücümüz də kifayət qədər maraqlı və bu sahədə böyük biliyə sahib şəxsdir.

Elçin Nəsirov uzun müddətdir ki, bu sahədə çalışır. Özü də kinologiya mərkəzində baytar həkim kimi itlərin sağlamlığını təmin edərək onlara diqqət və qayğı göstərir. Yol uzunu maraqlı söhbətlərin əhatəsində N saylı hərbi hissəyə çatırıq.
Təzə təmirli darvazadan və divarlardan, səliqəli intizamlı əsgərlərdən hiss olunur ki, mərkəzdə kifayət qədər işlər görülüb. Bizi girişdə Silahlı Qüvvələrin Kinologiya Mərkəzinin rəisi polkovnik-leytenant Ariz Xasıyev qarşılayır. Qısa tanışlığımız zamanı məlum olur ki, o uzun müddət cəbhə bölgəsində xidmət edib.

Bu yaxınlarda mərkəzə rəis təyin edilib. Mərkəz barədə məlumat verən rəisin sözlərinə görə, Azərbaycan Ordusunda Kinologiya mərkəzi 1992-ci ildən fəaliyyətə başlayıb. Hazırda mərkəzdə xüsusi itlər yetişdirilir və seçilərək təyinatı üzrə bölmələrə verilir. Burada ümumilikdə 30 baş xidməti itə təlim keçilir.Onlardan 13 baş erkək, 17 baş isə dişi itlərdir...


İtlərin təlim keçdiyi poliqondayıq....






...Artıq itlərin təlim keçdiyi poliqondayıq. Sıra ilə düzülən itlər öz məharətlərini göstərmək üçün əsgərlərin əmrini gözləyir. Bacarığını nümayiş etdirmək üçün ilk olaraq kifayət qədər peşəkar olan “Soltan” ləqəbli labrador cinsindən olan it önə atılır. Düzü onun üzündə olan zəhmi gördükdən sonra təlim keçirilən ərazidən bir qədər uzaqlaşmaq istədim. Bunu görən zabit bu itlərin xüsusi təlim gördüyünü və bizə xəsarət yetirmək təhlükəsinin olmadığını deyir. “Soltan” təlimçinin əmrini gözləyir. Onun ilk tapşırığı maşınlarda gizlədilən şərti bombanı tapmaqdır. “Soltan” ilk sınaqdan uğurla çıxır. Elə ilk həmlədə “bomba”nı tapır. O növbəti sınaqdan da üzüağ çıxır. Bu dəfə bizim əməkdaşın gizlətidiyi şərti partlayıcını tapır. Peşəkar təlim keçmiş it bütün tapşırıqları yerinə yetirdikdən sonra təlimçinin əmri ilə yerinə keçir.

Kinologiya mərkəzinin baş kinoloq-təlimatçısı kapitan Mövcud Əsgərov itlər barədə bizə ətraflı məlumat verir. Onun sözlərinə görə, hazırda mərkəzdə 6 növdə it var. Alman çoban qurdu, labrador, rotveyler, doberman, pidbul və digər it növlərindən mərkəzdə istifadə olunur. Bu itlərin əksəriyyəti damazlıq bölməsində yetişdirilir. Daha sonra digər bölmələrə paylanılır. İtlər 4 aylığından xidmət göstərəcəyi sahə üzrə seçilir. Sakit itlər minaaxtaran bölümünə, nisbətən bəd itlərsə qaravul xidmətinə verilir. Bunun da səbəbi var. Baş təlimçi deyir ki, qaravul itləri posta kənar şəxslərin yaxınlaşdığını dərhal hiss edir və buna reaksiya verir. Minaaxtaran itlərsə nisbətən sakit olduğu üçün onlar qaravula çıxarılmır.

İtlərə erməni dili öyrədiləcək...?


Peşəkar təlimatçı bizimlə söhbəti zamanı çox maraqlı bir məsələyə də toxunur. Onun sözlərinə görə, hazırda itlərə təlimlər ancaq Azərbaycan dilində keçilir. İtlər bütün tapşırıqları Azərbaycan dilində səsləndirilən sözlər əsasında edir. Yaxın zamanda itlərə erməni dilində sözlərin öyrədilməsi nəzərdə tutulur. Bu daha çox qaravul itləri üçün nəzərdə tutulub. Çünki onlar düşmən yaxınlaşdığı zaman səs, yaxud erməni dilində danışıq eşitdikdə əsgərləri xəbərdar edə biləcək.


Artıq 5 ilir ki, bu mərkəzdə çalışan baş kinoloq Silahlı Qüvvələr tarixində seçilən itlər barədə də məlumat verir.


-Əvvəllər başqa ordularda kamikadze itlər var idi. Onlar düşmən texnikasını məhv etmək üçün istifadə olunurdu. Amma bu gün bizim ordumuzda humanistlik nöqteyi-nəzərindən o cür itlərdən istifadə olunmur. Bizim seçilən itlərimiz çox olub. “Slayd” ləqəbli it itlər arasında keçirilən müsabiqələrdə üç dəfə da 3-cü yerə layiq görülüb. O it çox güclü idi. Bizim hazırladığımız itlər yüksək nəticələr verir.

Hərbi hissənin ərazisində yeni salınmış yaşıllıq sahəsini gəzə-gəzə təlimatçı yetişdirdikləri itlərin cəbhənin ön xəttində qaravul xidmətində istifadə olunmasından fəxrlə danışır.


- Bu il 24 baş it ön cəbhəyə göndərilib. Onlardan qaravul xidmətində istifadə olunur. O itlərin qorxusundan düşmən kəşfiyyatı mövqelərimizə yaxın dura bilmir. Hərbçilərimiz də itlərdən çox razıdırlar.

Hərbi hissənin ərazisini dolaşdıqca diqqətimi yaradılan səliqə səhman və yeni əkilən ağaclar cəlb edir. Mərkəz rəisi polkovnik-leytenant Ariz Xasıyev əsgərlər və itlər üçün yaradılan yüksək şəraitlə bizi tanış edir. Əsgər yataqxanasına daxil olan zaman səliqəli ilə düzülmüş çarpayılar, təmiz yataq dəstləri görülən işlərdən xəbər verir. Əsgərlərin istiliklə bağlı da heç bir problemləri yoxdur. Yataqxanada kombi sistemi ilə yanaşı ehtiyat sobanın olması da diqqətimizdən yayınmır. Qayğıkeş komandir əsgərlərin sağlamlığı və təmizliyi üçün əvvəllər hərbi hissənin ərazisində yerləşən hamamı kazarmanın içərisinə köçürüb. Bu isə əsgərləri soyuq hava şəraitində xəstələnməkdən qoruyur.


Burada əsgərlər dolma, aş, kotlet yeyir...

-Əsgər yataqxanası ilə tanışlıqdan sonra nahar vaxtı yaxınlaşır. Əsgər yeməkxanasında onlarla birgə yeməklərin dadına baxmağınsa, tam başqa bir ləzzəti var. Əsgər yeməkxanasına səfərimiz ilk öncə əsgərlər üçün yemək bişirən xanımlarla tanışlıqdan başlayır. Rəfiqə xanım bir müddətdir ki, bu hərbi hissədə əsgərlər üçün yemək bişirir. Deyir ki, onları öz övladları qədər sevir. “Əsgərlər üçün hər gün müxtəlif cür yeməklər bişirirəm. Bu işdən böyük həzz alıram. Mən də Vətənə belə xidmət edirəm” - deyir baş aşpaz.


Əsgərlərlə birlikdə dadlı yeməklərdən yedikdən sonra reportajın daha maraqlı və həyəcanlı bölümünə keçirik.

Poliqonda əsgərlər itləri ilə bizi gözləyir. Bayaqdan aktivliyi ilə seçilən labrador cinsindən olan “Soltan” ləqəbli it bu dəfə də öndə dayanıb. O, təlimçidən veriləcək əmrləri gözləyir. Artıq əmr gəlir. “Soltan” maneələri dəf edə-edə sahibinin yanına qayıdır. Onun arxasınca başqa cinslərdən olan itlər də öz məharətini göstərir. Kənar şəxslərin əraziyə girdiyini görən canavara bənzəyən bir itsə, heç də ipə-sapa yatmır. Sanki kənar şəxsləri parçalamaq üçün bir əmr gözləyir...


İtlər əraziyə girmiş şərti düşməni belə yaxalayır...

İtlərin sayı artıqca həyəcanımız da artır. İndi daha çox riskli olan bir hərəkət yerinə yetiriləcək. “Qraf” ləqəbli it əraziyə girmiş kənar şəxsi zərərsizləşdirməlidir. Əmr verilir. Xüsusi geyimlə, təlim kombinizonu ilə təchiz olunmuş əsgəri görən “Qraf” ona hücum edir və yerə yıxır. Təlimçilərin dediyinə görə, it bu zaman kəsiyində tutduğu adamı dişləmir. Hərbçilərin əraziyə gəlməsini gözləyir. Əgər, əraziyə girmiş kənar şəxs müqavimət göstərərsə, təlim görmüş it onu parçalaya da bilər...

Digər itlər məharətlərini göstərən zaman günün qəhrəmanı olan “Soltan” ləqəbli it qarşıda onu gözləyən ən təhlükəli təlim növündən xəbərsiz idi. Təlimçilər onu alovla əhatələnmiş dəmir halqadan tullanmaq əmrini verir. O bu əmrin də öhdəsindən məharətlə gəlir. Bir neçə dəfə odla əhatələnmiş halqanı keçən “Soltan” ayağından yüngül yanıq xəsarəti alır. Bu zaman özlüyümdə narahatlıq keçirirəm. “Soltan” isə əsl hərbçi iti olduğunu və yüksək təlim keçdiyini o dəqiqə hiss etdirir. Heç nə olmayıbmış kimi yoluna davam edir...

İtlərin təlimləri davam edir. Məni isə onların səhhəti ilə bağlı suallar düşündürür. Onlar təlim zamanı zədə alsa, yaxud xəstələnsə kim yardım edəcək, deyə hərbi hissə komandirindən soruşuram.


Burada itlərə soyuq olmasaın deyə döşəməyə xüsusi qızdırıcı cihazlar quraşdırılıb...


“İtlərin sağlamlığında müəyyən problem yarandıqa bu şəxs onların qayğısına qalır”, deyə komandir baytar həkimə işarə edir. Baytar həkim Elçin Nəsirovla görüşümüzün əvvəlində qısaca tanış olmuşduq. O, itlərə verilən qidalardan, onların müalicəsindən bizi xəbərdar edir.

- İtlər Müdafiə Nazirliyinin müvafiq qurumları tərəfindən dərman preparatları və xüsusi qidalarla təmin olunur. Yeni doğulan küçüklər üçün ana itlərin südü kifayət etmədikdə onlara xüsusi südlər veririk. Bala itlər gün ərzində 150-500 qram quru süd yeyir. Onların qidası təkcə südlə bitmir. Gün ərzində hər bir küçük 100 qram müxtəlif tərəvəzlər, 3-10 qram duz, 10 qram yağ, 20-200 qram II növ ət yeyir. Böyük itlərin də qidalanması təxminən eynidir. Fərq yalnız qidanın miqdarındadır.

Mərkəzin baytar həkimi itlərlə bağlı bir maraqlı faktı da bizimlə bölüşür...


“Alman ovçarkaları digər itlərdən seçilir. Onların öz əcdadlarına məxsus xüsusiyyətləri var. İtlər bala verdiyi gündən ilk olaraq onlara süd vermir. Südün əvəzinə ana it yediyi qidanı qusma yolu ilə geri qaytarır. Balaca küçüklər də onunla qidalanır. Bizdə “Alisia” ləqəbli bir it var. Bu xüsusiyyət onda var. Görünür o, əcdadlarının müəyyən genini hələ də özündə saxlayıb.”

İtlərin xüsusi darağı və hamam günü var...

Mərkəzin baytar həkimi ilə söhbətimiz zamanı masanın üzərində olan müxtəlif əşyalar diqqətimi cəlb edir. Elçin Nəsirov həmin əşyaların itlərə məxsus olduğunu bildirir. Hətta itlərin oyuncaqlarının da olduğunu qeyd edir.

“Gördüyünüz bu əşyalar hamısı itlərə aiddir. Bu xüsusi daraqla onlar masaj edilir. Digər daraqla isə itlər çimizdirildikdən sonra daranır. Həftənin 6-cı günü itlərin hamam günüdür. Onlar xüsusi dərmanla və şampunla çimizdirildikdən sonra qurulanır.”

Burada yetişdirilən itlərdən təkcə minaaxtarmaq, düşməni yaxlamaq məqsədi ilə deyil, bir məntəqədən digər yerə məktub çatdırmaq məqsədi ilə də istifadə olunur. Müəyyən şərait yaranarsa, it əsgərlərə lazım olan əşyanı və digər ləvazimatları aparıb çatdıra bilir...

...Artıq günortadan xeyli keçir. Hərbi hissədə günümüz o qədər maraqlı keçib ki, geri qayıtmaq istəmirik. Lakin hərbçilərimizi xidmətdən də ayırmaq istəmirik. Yenidən görüşmək ümidi ilə əsgərlərlə və hərbi hissənin zabit, gizir heyəti ilə sağollaşırıq...


Reportajın hazırlanması üçün şərait yaratdıqlarına görə, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığımızı bildiririk.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polad Həşimovun xanımı:
Rusiyanın idarə edildiyi Kremli tikən azərbaycanlı kimdir? -Başı bədənindən ayrılan memarın həyatı
Özünə  120  milyon  dollarlıq   bina  tikən

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı