Qaynar xətt:

(+99450) 247 90 86

Əli İsa Cabbarovdan qat-qat yaxşı işi bilənlər var — Əmir Pəhləvanla MÜSAHİBƏ

Əli İsa Cabbarovdan qat-qat yaxşı işi bilənlər var — Əmir Pəhləvanla  MÜSAHİBƏ

MÜSAHİBƏ

178

01.06.2026, 14:30

Azərbaycan Kinematoqrafçılar İttifaqı ətrafında qalmaqallar səngimək bilmir.Xüsusilə mayın 26-da keçirilən qurultayın nəticələrinə əsasən, rejissor Əli İsa Cabbarov AKİ-nin sədri seçilməsi xəbəri yayıldıqdan sonra bir sıra etirazlar oldu.Bir sıra tanınmış simalar bu seçimi qəbul etmədiklərini açıq şəkildə bildirdilər.

Oxu24.com-un əməkdaşı məsələni yazıçı-dramaturq,AKİ-nin İdarə Heyətinin üzvü Əmir Pəhləvan ilə müzakirə edib.

-Əmir müəllim,Azərbaycan Kinematoqrafçılar İttifaqı ətrafında baş verənləri görürsünüz.Münasibətiniz necədir?

-Vətəndaş əxlaqımızın formalaşan əsas prinsiplərindən biri də mədəniyyətdaşlığımızın formalaşdırılmasıdır. 

Milli şüurumuz və milli vicdanımız oyanıbsa demək keçmişin eksponatları olan total təfəkkür qəlblərini birdəfəlik unutmalıyıq. Mənəm-mənəmlik, qoluzorluluq, şəxsi mənafe xəstəliyi, özünə məftunluq, gizli və məkrli - müəmmalı gedişlər, oyunbazlıq, dövlət və dövlətçiliklə qarşıdurma heç bir vaxt, heç bir quruma və təşkilata, o cümlədən, hec bir kəsə xeyir gətirməyib.Xalq Artisti Rasim Balayevin  dünyasını qəfil dəyişməsindən sonra Azərbaycan Kinematoqrafçılar İttifaqında bir qrupun məkrli gedişlərlə tez-tələsik Konfrans düzənləmək və sədr "seçkisi" keçirmək niyyətini reallaşdırmaq istəyi mədəniyyətdaşlığımızın umumi ahənginə uyğun gəlmir, cənablar! 

 Bu günlərdə seçki oyunu ilə siyasi şou yarışı aparmağınız mədəniyyətimizin və mədəniliyimizin səviyyəsilə tərs mütənasibdir. Bu şübhəli gedişlərin məqsədi nədir? Niyə belə narahatsınız? İttifaqın üzvlərini və İdarə Heyyətini nə üçün çaşdırırsınız? Nədən sığortalanmaq istəyirsiniz, cənablar?!

-Özünüz də dediniz ki,burada seçki oyunu,siyasi şou yaradanlar var.Bəs kimdir bunu edənlər?

Bu günə qədər İttifaqında bir çox qərar və layihələr kino ictimaiyyətinin deyil, ayrı-ayrı şəxslərin maraqları üzərində həyata keçirilir. Bunu necə başa düşmək olar? Əgər profesionalliq və peşəkarlıq prinsiplərinin unudulduğu bir qrupun ikitirəlik yaratmaq tendensiyası və 150 ittifaq üzvü ilə Konfrans düzənləyib qürrələnmək  azarı nəfs öldürmək -- öz xülyalarında ciddi qanunsuzluqların ört-basdır edilməsində  sığortalanmağa hesablanıbsa, demək, yanılırsınız, böyük bir səhvə yol verirsiniz.

Azərbaycan kino incəsənətində öz möhürlərini vurmuş böyük titul və nüfuz sahiblərinin, o cümlədən Xalq artisti,  dünya şöhrətli görkəmli aktrisa Şəfiqə Məmmədovanın əməyini qiymətləndirməmək, onunla hesablaşmamaq, onun və bizlərin başı üzərindən atdanıb şou göstərmək, kəndirbazlıq eləmək əsil cahillikdir, özbaşınalıqdır, əllaməlikdir!

Oxu:   “Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ  

-Xalq artisti Şəfiqə Məmmədovanın adını çəkdiniz.O boyda sənətkar niyə kənarda qalsın ki?

-Şəfiqə Məmmədovanın səyləri və nüfuzu sayəsində şəhərin mərkəzində yerləşən İttifaqın göz oxşayan möhtəşəm binasında genişliyi, səliqə-sahmanı, dinamik iş rejimi məsuliyyətini və rahatlığı unutmayın.Bu cür böyük bir işin və Şəfiqə xanımın dəyərini qiymətləndirin. Ölkə Prezidentinin kino sahəsinə olan xüsusi diqqətini və qayğısını, o cümlədən Mədəniyyət Nazirliyinin dəstəyini və isti münasibətini də unutmayın. Mən Allah şahidiyəm ki, hər iki İttifaqın birləşməsində Şəfiqə xanım hansı çətinliklərlə qarşılaşdı, hansı təzyiqlərlə üzləşdı, hansı maneələri dəf elədi...Hamını Ana qucağı kimi İttifaqın qoynuna aldı. Bütün bunlar nə tez unuduldu?! Paradoksal bir mənzərə yaranıb.”Gəmidə oturub gəmiçi ilə dava etməzlər”, axı?! 

-Gələk sözügedən qurultaya və səsverməyə... Bir çoxları bu qurultay kəlməsini də qəbul etmir.Nəticələri də tanımır.Bəs siz?

-İttifaqın 460 nəfər üzvündən yüz əllisinin (150) iştirakı və üstəlik bir çox seçicinin zalı tərk etməsi kvorum (tələb olunan iştirakçıların zəruri minimum sayı) olmamasından xəbər vermirmi? Belədə hansı səs vermədən və sədr seçkisindən söhbət gedə bilər? XXl əsrdir, cənablar! 

Nisbətən cavan nəsli təmsil edən kinematoqrafçılar elektron əsrin prinsipləri çərçivəsində müəyyən çabalar göstərsələr də, milli dəyərlər baxımından istənilən nəticəni əldə edə bilməyiblər.Çünki, özlərindən  müştəbeh razı olmaları, yaş və iş  stajı fərqli olan kino xadimləri ilə hesablaşmamaları və onlara etinasız münasibət  sərgiləmələri başqa bir absurd mənzərənin yaranmasından xəbər verir. Bu baxımdan cəmiyyətin və insanların həyat tərzlərini formalaşdıran və onların məişətinə daxil olan kino incəsənəti bugünümüzün ən aktual və vacib mənəvi-ideologiya cəbhəsi sayılır. Bu cəbhədə isə sözü, çəkisi, hörməti, nüfuzu, istedadı, stajı, imzası və peşəkarlığı olan birinə ehtiyac duyulur. 

- Məsələn,kim?

-Heç şübhəsiz ki, həmən şəxs məhz Şəfiqə xanım Məmmədovadır!

-Bəziləri belə hesb edir ki, kino ittifaqı yalnız rejissorlardan ibarət olmalıdır.Bu fikrə yanaşmanız necədir?

-Xeyir, bu belə deyil. Ədəbi material film istehsalı üçün əsas təməl daşıdır. O, ədəbiyyatla başlayır.Unutmayaq ki, Azərbaycan kinosu məşhur rejissorlarla yanaşı C. Cabbarlı, H.Cavid. A. Şərifzadə, İ. Tartakovski, M.Hüseyn, R.Rza, Ə.Məmmədxanlı  kimi dramaturqların birgə fəaliyyətləri ilə şərəfli yol keçərək bugünki inkişafa gəlib çıxmışdır. Dramaturqların söz və səs sahibliyini unutmaq insafsızlıq olardı. Məncə onların biliyindən və tövsiyələrindən bəhrələnmək lazımdır.Daha doğrusu, onların istedadı, imzası və nüfuzu fonunda daha mehriban fəaliyyət göstərmək məqsədə uyğun olardı. 

-Əli İsa Cabbarova gələk.Nədir burada problem?İşi bilmirmi?

-Azərbaycan kinosunun dərinliklərini məşhur rejissorlar və dramaturqlar Əli İsa Cabbarovdan qat-qat yaxşı bilirlər.

30 ildir ittifaqın üzvü olmağıma baxmayaraq, hələ bir dəfə də olsun məni hansısa bir konkursun, komissiyanın, yaxud bir layihənin icrasına dəvət eləməyiblər.Vaxtilə fəaliyyət göstərən kino məktəbində (təssüf ki, fəaliyyəti dayandırılıb) tələbələrlə görüşdürməyiblər. Fikir və düşüncələrimi soruşmayıblar, biliyimdən istifadə etməyiblər.Görkəmli kino xadimləri  Əbdül Mahmudbəyovun, Elxan Qasımovun, Akif Əlinin, Ayaz Salayevin, Firəngiz Qurbanovanın və başqalarının bilik və bacarıqlarından, təcrübələrindən  nə üçün bəhrələnməyiblər? Bu və ya digər məsələlərlə bağlı İdarə heyətinin konkret iclaslarını keçirməyiblər.Ayrı-ayrı müstəqil kino qurumları ilə münasibətlərin və ünsiyyətin, müştərək fəaliyyət istiqamətlərinin coğrafiyası  və umumi nəticələri haqqında heç bir bilgi açıqlanmayıb.   

Yekun olaraq,siz də nəticələri tanımırsınız?

-İyirmi yeddi (27) nəfər tanınmış kino xadimləri Azərbaycan Kinematoqrafiya İttifaqında azlıq təşkil edən bir qrupun keçirdiyi qanunsuz seçki prosesinin dayandırılmasını konkret dəlil və sübutlarla ölkə  ictimaiyyətinə açıqlamış, xoşagəlməz halların dayandırılmasını tələb etmiş, onları  ittifaqın nizamnaməsi çərçivəsidə davranmağa çağırmışdı. Təəssüf ki, onlar digər çoxluq təşkil edən ittifaq üzvlərinin - bizlərin xahiş və tövsiyyələrini, etirazlarını qəbul etməmiş və qeyri-legitim olan seçkiyə getmişlər.Nəticədə isə məqsədlərinə nail ola bilməyərək kütləvi informasiya vasitələrinin səhifələrində həqiqətə uyğun olmayan informasiyalar təqdim etmişlər.Kütləvi informasiyalar haqqında qanunun bəzi müddəaları ilə təzad təşkil edən, daha doğrusu üst-üstə düşməyən bu məlumatlar anlaşılmazlıq sindiromu yaratmışdır. Necə deyərlər, qanunvericilikdə müəyyən edilmiş qaydalar pozulmuşdur. 

Belə bir təzadlı, açıq və ya gizli qaydasız döyüşlərdə milli şüurumuz süni stereotiplərdən, birliyimizi pozub aramıza nifaq salanlardan, o cümlədən yersiz hücumlardan, tamahdan və açgözlükdən birdəfəlik qurtulmalı, Azərbaycan Kinematoqrafiya İttifaqı tamlığımızın, bütövlüyümüzün və mövcudluğumuzun ideoloji istiqamətləri müəyyənləşdirilməlidir.

Müsahibəni apardı: Miri Məcidli