Qaynar xətt:

(+99450) 247 90 86

Görkəmli alim, professor  Aida xanım İmanquliyevanın anım günüdür

Görkəmli alim, professor  Aida xanım İmanquliyevanın anım günüdür

CƏMİYYƏT

61

19.09.2026, 23:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sentyabrın 19-u ürəklərdə əbədi yaşayan görkəmli alim, professor və nəcib insan Aida xanım İmanquliyevanın anım günüdür.

Hər bir dövlətin qüdrəti onun ziyalı potensialı ilə ölçülür. Hər bir xalqı isə müasir dünyaya inteqrasiya yolunda irəli aparan onun elmi, zəkası və ziyalılarıdır. Azərbaycanda bu missiyanı layiqincə yerinə yetirən güclü ziyalı qüvvəsi mövcuddur. Müxtəlif sahələrdə fəaliyyət göstərən qadınlarımız səmərəli fəaliyyəti və dəyərli elmi axtarışları ilə ölkəmizin elm və mədəniyyətini dünyada tanıdırlar. Bu gün gənc tədqiqatçılar onların zəngin elmi irsini və həyat təcrübəsini maraqla öyrənir, yaradıcılıqlarından bəhrələnirlər. Əgər insan xatırlanırsa, deməli, yaşayır. Qoyub getdiyi xeyirxah əməlləri, sevənlərinin qəlbində buraxdığı dərin iz onun əbədiyyətini təmin edir. Bu əbədiyyəti isə Aida xanım İmanquliyeva hələ sağlığında qazanmışdı.

Görkəmli alim, tanınmış şərqşünas, istedadlı tərcüməçi və pedaqoq Aida xanım İmanquliyeva məhz belə əvəzolunmaz şəxsiyyətlərdən idi. Onun həyatı və zəngin yaradıcılıq yolu ilə tanış olduqda, haqqında yazılan xatirələri oxuduqda qarşımızda sadə, humanist, yüksək mənəvi dəyərlərə sahib, mədəni və iradəli bir ziyalı obrazı canlanır. Mənalı və dolğun ömrü Aida xanımı xalqımızın yaddaşına xüsusi yeri olan bir şəxsiyyət kimi həkk etmişdir. Milli köklərə sadiq olan bu nəcib qadın xalqının maariflənməsi, elmin və mədəniyyətin inkişafı naminə yorulmadan çalışmış, həyatını sevdiyi işə həsr etmişdir.  Elmi fəaliyyətə kiçik elmi işçi kimi başlayan Aida xanım sonrakı illərdə şöbə müdiri, elmi işlər üzrə direktor müavini və Şərqşünaslıq İnstitutunun direktoru vəzifələrinə qədər yüksəlmişdir. Bu yol onun dərin biliyinin, zəhmətinin, təşkilatçılıq bacarığının və elmi nüfuzunun göstəricisi idi. 1989-cu ildə filologiya elmləri doktoru elmi dərəcəsini alan Aida xanım 1991-ci ildə professor elmi adını qazanmışdır. Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın elmlər doktoru və professor kimi onun adı elm tariximizdə xüsusi yer tutur. Aida xanımın elmi fəaliyyəti ilə yanaşı, gənc alimlərin yetişməsinə verdiyi töhfə də xüsusi qeyd olunmalıdır. Onun rəhbərlik etdiyi dövrdə bir sıra gənc ərəbşünas alimlər dissertasiya müdafiə edərək elmi dərəcələrə yiyələnmişlər.

Aida xanım İmanquliyeva yalnız Azərbaycan elminin parlaq nümayəndəsi deyildi, həm də övladlarına aşıladığı yüksək əxlaq və mənəvi dəyərlərlə xalqımıza örnək oldu. Onun tərbiyə etdiyi övladlar, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, dövlətimizin inkişafı naminə çalışan Mehriban xanım Əliyeva və elm, təhsil və ictimai fəaliyyət sahəsində mühüm xidmətləri ilə tanınan professor Nərgiz xanım Paşayeva bu gün Aida xanımın yaşatdığı dəyərləri öz fəaliyyətlərində davam etdirirlər.

Mehriban xanım öz fəaliyyətində milli-mənəvi dəyərlərə sədaqət, humanizm və insanlara qayğı nümunəsi göstərərək müasir Azərbaycanın inkişafına mühüm töhfələr verir. Azərbaycan mədəniyyətinin, musiqisinin, incəsənətinin, ədəbiyyatının və tarixinin dünyada tanıdılmasında onun xidmətləri xüsusi əhəmiyyət daşıyır.  Nərgiz xanım isə filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü olaraq uzun illərdir elm və təhsil sahəsindəki fəaliyyəti ilə Azərbaycan ziyalılığının layiqli nümayəndəsi kimi tanınır. Aida xanımın ailəsinə münasibəti isə onun şəxsiyyətinin daha bir gözəl tərəfini göstərirdi. Gərgin elmi və rəhbərlik fəaliyyəti ilə yanaşı, o, ailəsinə və övladlarına böyük diqqət ayırırdı. Sevimli qızları Nərgizin və Mehribanın təlim-tərbiyəsi ilə yaxından maraqlanır, onların həyatında baş verən hər hadisəyə həssaslıqla yanaşırdı. Elmi işlərə və inzibati vəzifələrə olan böyük məsuliyyəti onu ailəsinə qayğı göstərən ana olmaqdan uzaqlaşdırmamışdı. Əksinə, Aida xanım həm ciddi alim və rəhbər, həm də ailəsinə bağlı, qayğıkeş və nəvazişkar bir ana kimi yadda qalmışdır. Onu yaxından tanıyanların xatirələrində də Aida xanım ilk növbədə insanlara münasibəti, diqqəti və həssaslığı ilə xatırlanır. O, qarşısındakı insanı dinləməyi, onun qayğısını anlamağı bacaran, yaxınlarından tez-tez xəbər tutan, çətinlikləri ilə maraqlanan bir insan idi. Məncə, Aida xanımın şəxsiyyətini daha yaxından tanımaq üçün məhz bu xatirələr çox qiymətlidir. Çünki insanı yalnız tutduğu vəzifələr və yazdığı əsərlər deyil, ətrafındakı insanlara münasibəti də tanıdır.

Elmi fəaliyyətində Aida xanım ərəb ədəbiyyatı və Şərq-Qərb ədəbi-mədəni əlaqələri istiqamətində apardığı sanballı tədqiqatları ilə Azərbaycan şərqşünaslıq elminin inkişafına mühüm töhfələr vermişdir. Onun dərin analitik düşüncəsi və elmi araşdırmaları yalnız Azərbaycan elmi üçün deyil, ərəb ədəbiyyatının və Şərq-Qərb ədəbi əlaqələrinin öyrənilməsi baxımından da əhəmiyyətli olmuşdur.

Aida xanımın üç monoqrafiyası, 70-dən artıq elmi məqaləsi və çoxsaylı araşdırmaları onun elmi maraq dairəsinin nə qədər geniş olduğunu göstərir. “Mixail Nüaymə və “Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatının korifeyləri” kimi əsərlərində o, ərəb ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığını araşdırmış, Şərq və Qərb mədəni ənənələrinin qarşılıqlı əlaqələrinə xüsusi diqqət yetirmişdir. Əsərləri dəfələrlə nəşr olunmuş, tərcümə edilərək dünyaya yayılmış, ideya və amalları isə gənc nəsil üçün həmişəlik bir örnək olmuşdur. Bu gün onun xatirəsinə həsr olunan müsabiqələr, araşdırmalar və əsərlər alimin elmi irsinin yaşadığını göstərir.

Müstəqil Azərbaycanın bu gün İslam dünyası ilə qurduğu geniş siyasi, iqtisadi, elmi, mədəni və humanitar əlaqələrə nəzər saldıqda Aida xanımın vaxtilə araşdırdığı mövzuların nə qədər böyük əhəmiyyət daşıdığını daha yaxşı anlayırıq. Azərbaycan bu gün Şərq və Qərb arasında dialoqun inkişafına, müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə mühüm əhəmiyyət verir. Bu proseslər fonunda Aida xanımın elmi irsi və vaxtilə diqqət yetirdiyi məsələlər bu gün də öz aktuallığını qoruyur.

Aida xanımın həyatı bir daha göstərdi ki, qadın öz ailəsinə bağlılığını qoruyaraq elmə, mədəniyyətə və ictimai həyata da böyük töhfələr verə bilər. O, Azərbaycan qadınının sadəcə ailə və cəmiyyət daxilində deyil, elm və ictimai fikir sahəsində də necə böyük iz qoya biləcəyini öz ömrü ilə göstərdi. Onun həyatında qadının ailə, elm və cəmiyyət qarşısındakı məsuliyyəti bir-birinə zidd deyil, əksinə, bir-birini tamamlayan dəyərlər kimi görünür.

Qısa, amma son dərəcə mənalı və şərəfli ömür yaşayan Aida xanım İmanquliyeva həyatın bütün sınaqlarından alnıaçıq çıxmış, elm və mənəviyyat sahəsində dərin iz qoymuşdur. Onun nurlu xatirəsi Azərbaycan xalqının qəlbində hər zaman yaşayacaqdır.

Aida xanım İmanquliyevanın zəngin elmi irsini, ailə dəyərlərini və yüksək şəxsiyyətini dərin ehtiramla xatırlayır, onun əziz xatirəsini böyük məhəbbətlə yad edirik.

Fəxrlə deyə bilərik ki, bu gün Aida xanımın ruhu şaddır. Çünki onun qoyub getdiyi nəcib əməlləri yaşadan, yolunu davam etdirən övladları və nəvələri var.