Qaynar xətt:

(+99450) 247 90 86

Naxçıvanda idarəetmə necə dəyişdirilir? - Tarixçi alimlə MÜSAHİBƏ  

news/2026_02_06/naxcivan_sss_1770364373.jpg

MÜSAHİBƏ

234

06.02.2026, 11:50

 Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilmiş dəyişikliklərə görə, Naxçıvanın muxtariyyəti “de-fakto” ləğv edildi. 

 Oxu24.com-un bununla bağlı suallarını AMEA-nın Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Mübariz Ağalarlı  cavablandırıb.

 

-İlk növbədə ağlımıza gələn  sual bu olur ki, Naxçıvan Muxtariyyətinin ləğvinin  əhəmiyyətli tərəfləri nədir? 

-Əvvəlcə bilməyənlər üçün qeyd edim ki, 2026-cı ilin  2 fevralında Azərbaycan Milli Məclisi “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya Qanununu qəbul edib. Preambulada yazılırdı ki, “Naxçıvan Muxtar Respublikasının xalqı çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, "Azərbaycan Respublikasının Konstitusiyası" tərəfindən müəyyən edilmiş muxtariyyət statusunu, Moskva (16 mart 1921-ci il) və Qars (13 oktyabr 1921-ci il) beynəlxalq müqavilələrinin müddəalarını rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğunu bəyan edərək, muxtar respublikada demokratik, hüquqi, dünyəvi dövlət quruluşunu təmin etmək, vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq məqsədilə bu Konstitusiyanı qəbul edir”.

Bununla da NMR Konstitusiyasının preambulasından Moskva və Qars müqavilələrinə istinadlar çıxarılıb, bəzi digər maddələrdə də dəyişikliklər edilibdir. Bu siyasi təşəbbüs Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi statusunu hüquqi olaraq daha da möhkəmləndirmək və idarəetməni mərkəzləşdirmək məqsədi daşıyır. Yəni, Naxçıvanın muxtariyyət statusundakı bu dəyişiklikləri Cənubi Qafqazda formalaşan yeni geosiyasi şəraitdən kənarda təhlil etmək mümkün deyil, çünki region artıq passiv müdafiə zonasından aktiv iqtisadi mərkəzə çevrilir. Naxçıvanın gələcəkdə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində böyük bir logistik qovşağa çevrilməsi hədəflənir. Bu miqyasda beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin idarə olunması, gömrük və sərhəd prosedurlarının unifikasiyası yerli muxtar qurumların səlahiyyət çərçivəsini aşır. Bu proses birbaşa mərkəzi hökumətin operativ müdaxiləsini və beynəlxalq tərəfdaşlarla birbaşa Bakı üzərindən danışıqlar aparılmasını tələb edir. Həmçinin, Ermənistanla sülh sazişi ərəfəsində Naxçıvanın hüquqi statusunun möhkəmləndirilməsi və daxili idarəetmənin unifikasiyası, gələcəkdə hər hansı "xüsusi status" və ya separatizm meyilləri ilə bağlı yarana biləcək mübahisələrin qarşısını almaq üçün preventiv addımdır. Vahid idarəetmə sistemi regionun müdafiə və təhlükəsizlik arxitekturasını daha çevik edir.

Muxtariyyətin idarəetmə modelinin dəyişməsi regionun iqtisadi inkişafı üçün tamamilə yeni perspektivlər açır və "qapalı ada" iqtisadiyyatına son qoyur.

Tarixi materiallardan oxumuşuq, bilmişik ki, Naxçıvanın muxtariyyət statusu bir neçə mərhələdən ibarət olub. 1921-ci il martın 16-da Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-də isə Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası adlandırılıb. Tarixçilər sonuncu statusu (NMR ) uzaqgörən liderin, təcavüzçülərə qarşı  müdafiə modeli kimi xarakterizə ediblər.

Naxçıvanın muxtariyyət statusu XX əsrin əvvəllərindən etibarən həm beynəlxalq hüquqi aktlar (Moskva və Qars müqavilələri), həm də Azərbaycanın daxili konstitusion normaları ilə tənzimlənən xüsusi bir hüquqi rejim idi.

Lakin həyata keçirilən konstitusiya islahatları bu statusun mahiyyətini kökündən dəyişdirərək, "muxtariyyət" anlayışını klassik muxtar dövlət modelindən daha çox mərkəzləşdirilmiş inzibati idarəetmə modelinə doğru meylləndirir.

-Bu,dəyişikliklə nələr dəyişəcək?

-Konstitusiya islahatlarının ən mühüm tərəfi Naxçıvanın hüquqi statusunun istinad nöqtəsinin dəyişməsidir. Preambuladan Moskva və Qars müqavilələrinin adlarının çıxarılması simvolik deyil, dərin strateji xarakter daşıyır. Birincisi, bu dəyişiklik suverenliyin unifikasiyasına xidmət edir; beynəlxalq müqavilələrə istinadın azaldılması Naxçıvanın statusunun üçüncü tərəflərin (zamin dövlətlərin) iradəsindən deyil, birbaşa Azərbaycan xalqının və dövlətinin suveren iradəsindən asılı olduğunu bəyan edir. Bu, Azərbaycanın öz ərazisində tam və qəti suverenliyini təsbit edir, kənar güclərin hüquqi müstəvidə müdaxilə imkanlarını minimuma endirir. Vahid hüquqi məkanın yaradılması kontekstində Naxçıvan MR Konstitusiyasının Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsi ilə tam uyğunlaşdırılması muxtar respublikanı “dövlət daxilində dövlət” modelindən çıxarır. Bu, qanunvericiliyin harmonizasiyası deməkdir; yəni yerli qanunlar artıq mərkəzi qanunvericiliyin bir uzantısı kimi çıxış edir və hər hansı hüquqi uyğunsuzluğun qarşısı alınır.

-Belə çıxır ki, Naxçıvan artıq bir şəxsin  idaretməsindən çıxarılaraq, mərkəzi hakimiyyətin tabeçiliyinə verilir. Bu həm də Azərbaycan dövlətinin  unitar dövlət olmasına xidmət etmirmi?  

   

-Yeni dəyişikliklər Naxçıvanda onilliklər boyu mövcud olmuş “ali vəzifəli şəxs” institutunu ləğv etməklə hakimiyyətin idarəetmə  prinsipinə yeni baxış gətirir və idarəetmədə paralel strukturların aradan qaldırılmasına xidmət edir. Daha dəqiq, bu, Naxçıvanın daxili idarəetmə orqanlarının (məsələn, Nazirlər Kabinetinin) artıq yerli qanunverici orqana (Ali Məclisə) deyil, birbaşa Bakıya – mərkəzi hakimiyyətə hesabat verməsi deməkdir. Beləliklə, icraedici hakimiyyət şaquli iyerarxiya üzrə tam mərkəzləşir. 

Bir sözlə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında edilən son dəyişikliklər muxtariyyətin hüquqi baxımdan tam ləğvi deyil, onun dövlətçilik maraqlarına uyğun funksional transformasıyasıdır. Bu proses Azərbaycanın unitar dövlət quruluşunu möhkəmləndirir, Naxçıvanı ölkənin ümumi siyasi-hüquqi və iqtisadi sisteminə tam inteqrasiya edir. Yaradılan yeni idarəetmə arxitekturası regionun gələcək geosiyasi əhəmiyyətinə və Zəngəzur dəhlizi kimi qlobal layihələrə tam cavab verir. Naxçıvan artıq “izolyasiya olunmuş muxtariyyət” modelindən "strateji inteqrasiya olunmuş mərkəz" modelinə keçid edərək, Azərbaycanın inkişafının əsas lokomotivlərindən birinə çevrilir.

 Əntiqə Rəşid