“Mənə kazino üçün icazə yox, söz verilsə idi…” — Hacı İbrahimdən SENSASİON AÇIQLAMA
09 İyul 2025, 08:16
Qaynar xətt:
(+99450) 247 90 86"30 ilə yaxındır ki, mətbuatda külüng çalıram, heç bir fəxri adım yoxdur" — Nəcibə İlkinlə MÜSAHİBƏ
MÜSAHİBƏ
3721
19.05.2025, 19:07
Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi bu il böyük təntənə ilə qeyd ediləcək. Prezident İlham Əliyev bununla bağlı xüsusi sərəncam imzalayıb. Sənəddə yubiley tədbirlərinin yüksək səviyyədə təşkili üçün konkret tapşırıqlar verilib.
Belə bir əlamətdar tədbirlərin hazırlandığı bir vaxtda uzun illər mətbuatda imzası ilə tanınan yazıçı,araşdırmaçı jurnalist Nəcibə İlkinlə görüşdük. Xanım yazıçı ilə söhbətimizdə bir sıra maraqlı məqamlara toxunduq.
Oxu24.com Nəcibə İlkinlə müsahibəni təqdim edir:
Salam Nəcibə xanım, necəsiniz, işləriniz necə gedir?
Salam, xoş gördük sizi. Təşəkkür edirəm ki, yada salmısınız. İşlərim pis deyil. Həmişə olduğu kimi...Əldə qələm, ürəkdə arzular... Arzularımı azadlığımın ipindən asmışam, quruduram. Güclü külək əssə onu da əlimdən alıb aparacaq, deyəsən. Fikirlərimi isə ipə-sapa düzsəm, Yer kürəsini on dəfə dolanıb üstümə qayıdar. Xəyallarımın girdabında yaşamağa çalışıram. Zamanla döyüşdüm, vaxtla savaşdım heç nə əldə edə bilmədim. Amma bir şeydə xoşbəxtəm ki, mübarizliyim məni tərk etməyib. Daha doğrusu nə qədər sıxılsam da, o qədər mətinləşdim və gücləndim. Yorulduğum zaman həqiqətimin qələbəsi istirahətimin ləziz xörəyinə çevrilir...
-İstərdim ki, oxucular Sizi, elə öz dilinizdən tanısınlar. Kimdir Nəcibə İlkin?
Nəcibə İlkin - Tövbə ilə günah arasında olan məsafə. Müsafirlərim mövzularımdı. O mövzular ki, orada ümidlərimin pəncərəsi hər zaman üzümə açıqdır, hələ ki, bağlanmayıb. O pəncərə bağlanarsa tənhalığa üz tutaram. O zaman dərdlərimin sirdaşı, ağrılarımın hakimi olaram. Hələ ki, içimdəki mənlə özümü mütaliə və tənqid edirəm. Bəzən tənqiddən nəticə çıxarıb, özümü danlayıram. Baxıram ki, başqa cür ola bilmirəm. Tək olan Allahıma sığınaraq yenə də həqiqətə üz tuturam. Haqqın yolçusu olmaq ağır olsa da, şərəflidir. Deməli, şair, yazıçı, jurnalist ömrü pərvanə ömrü qədərmiş...
Yaradıcılığım haqda qısa arayış verim; 1980-ci ildən çap olunuram. 2002-ci ildən mətbu və ədəbi mühitdə imzamla tanınıram. “Bir ömür uduzdum” adlı ilk şeirlər kitabım 2004-cü ildə çxıb. Artıq 27 kitabın müəllifiyəm. 500-dən artıq kitabın redaktoru və ön söz müəllifiyəm. 2006-ci ildən AYB-nin, 2007-ci ildən AJB-nin, 2010-cu ildən Türkiyə Yazarlar Birliyinin və İraq Ədəbiyyatı İttifaqının üzvüyəm. Şeirlərim Azərbaycanın və Türkiyənin bir çox antologiyalarında, qardaş türk dövlətlərində- Özbəkistanda, Qazaxıstanda, Türkiyənin bir çox dərgilərində və doğma Təbrizimizdə dərc olunub. Onu da qeyd edim ki, kitabımın 11-i şəhidlərimiz haqqındadır. Allah Şəhidlərimizə rəhmət eləsin. Qalanları isə şeirlər, nəsr və publisistik kitablardır.
-Uşaqlığınız necə və harada keçib?
Qəhrəman şəhərimiz Tərtər rayonunun Sarov kəndində doğulmuşam. Deyilənə görə həddindən artıq inadkar və tərs qız olmuşam. Bir az da ağıllı və cəsarətli... Amma bu xasiyyətlərimlə çox şeyləri əldə edə bilmişəm. Bəlkə elə olmasaydım bügünkü Nəcibə İlkin olmazdım. Gücümlə əldə edə bilmədiklərimi ağlımla əldə etmişəm. Anamdan çox atamla həmsöhbət olmuşam, onunla dostluq etmişəm. O, Böyük Vətən müharibəsinin iştirakçısı olub. Müharibə veteranı idi. Böyük döyüş yolu keçib. Çoxlu qəhrəmanlıqlar göstərib. Bəlkə də onun döyüş yolları haqda söhbətləri, xatirələri məni qorxmaz, cəsarətli olmağı öyrədib.
Deyilənə görə başı bəlalı qız olmuşam. Dəfələrlə ölümdən qurtarmışam. Görünür məni yaşadan bir varlıq olub. Ölümə qalib gələ bildim, amma bəzi insanların, haqsızlığın öhdəsindən hələ ki, gələ bilmirəm.
-Ali Təhsilinizi niyə yarımçıq qoydunuz?
Orta məktəbi əla qiymətlərlə oxumuşam. Arzum həkim olmaq idi. Lakin o fikirdən məni qardaşım uzaqlaşdırdı. Səbəbini hələ də indiyədək anlaya bilmədim. Onun təkidi ilə sənədlərimi indiki BDU-nin kimya-biologiya fakültəsinə verdim. Konkursa düşdüm. Kəndə qayıtmaq istəmirdim. Bilirdim ki, elçilərin əlindən təngə gələcəm. Lakin məcbur olub qayıtdım kəndə. Növbəti il üçün 6 aylıq staj lazım olduğu üçün işləməli idim. Atam məni kolxoz işinə düzəltdi. Lakin müəyyən səbəblərdən kənddən şəhərə üz tutası oldum. Bir idarədə işə düzəldim. 1980- cu ildə işlərimi o vaxtki Moskva Kooperativ İnstitutu- indiki Kommersiya Universitetinə verdim. Və qəbul olundum. Gah iqtisadçı, gah da əmtəəşünas kimi çalışmaqla, təhsilimi qiyabi yolla davam etdirdim. İnstitutun 3-cü kursundan, yəni 1983-cü ildə ailə həyatı qurdum. Bir müddət işləmədiyim üçün təhsilim də yarımçıq qaldı. Əslində o sənət mənim sevmədiyim bir sənət idi. Onun üçün ailəmlə razılığa gələrək 1998-ci ildə Moskva Texnologiya İnstitutunun (Elmi Tətbiqi Kosmanavtika) –filologiya fakültəsinə sənədlərimi verdim və imtahan yolu ilə qəbul oldum. 2002-ci ildə oranı bitirdim. İki il həmin institutda çalışdım. Lakin azadlığı çox sevdiyimdəm, oradan uzaqlaşdım və mətbuatda çalışmağa başladım. Müxtəlif qəzetlərdə yazılarım getdiyi üçün imzam tanınırdı. Onun üçün mətbuatda çalışmağa üstünlük verdim. 4 ilə qədər “Demokratiya” qəzetində çalışdım. Sonra isə 2006-cı ildə təsisçisi və baş redaktoru olduğum “Azad qələm” qəzetini açdım və Azərbaycan Nəşriyyatında çalışmağa başladım.
- Qurduğunuz ailə həyatı uğurlu oldumu?
Şükürlər olsun, ailə həyatım uğurlu oldu. Həyat yoldaşımla institutda oxuyan zaman tanış olmuşduq. O, Politexnik institutunda təhsil alırdı. Üç ilə yaxın nişanlı olduq. Bir-birimizi çox yaxından tanıdıq. Və el adətiylə ailə qurduq. Xoşbəxt bir ailəyik. İki övladımız var. İki nəvəmiz.
Ailə kiçik bir dövlətdir. Gərək onu idarə etməyi bacarasan. Bir yalnışlığa yol verdinsə, o ailə nə zamansa dağılacaq. Bünün üçün ailə qanunlarını, yəni hörməti, sədaqəti qoruyub saxlamq lazımdır. Şükür ki, bu barədə problem yaşamamışıq.
-Övladlarınız nə işlə məşğul olurlar?
Oğlum- İlkin Babakişiyev Xarici Dillər Universitetinin (ingilis dili-filologiya) fakültəsini bitirib. Müəllimlik etməyi sevmədiyi üçün xarici şirkətlərin birində tərcüməçi, sonra isə xarici əlaqələr şöbəsinin müdiri kimi çalışmağa başladı. Onu da deyim ki, oğlum da şairdir, üç kitab müəllifidir. AYB-nin üzvüdür. İki oğul atasıdır. Qızım da ali təhsilli ibdtidai sinif müəllimidir. O da müəllimlik fəaliyyəti ilə məşğul olmayıb. Hal-hazırda redaksiyada çalışır. Qəribədir, övladlarım da mənim kimi müəllimlik oxudular, amma müəllim işləmədilər.
-Nəcibə xanım İqtisadiyyatı atıb Ədəbiyyata gəldiniz. Nə çəkdi sizi bu sahədə?
Yuxarıda qeyd etdim. Əslində iqtisadiyyat mənim sevmədiyim, müəyyən məcburiyyətdən irəli gələn bir sahə idi. Ali təhsil almaq və kəndə getməmək xatirinə yiyələndiyim bu sənətə. Ürəyimdəki arzulara çatmaq üçün isə müəyyən yollar axtarırdım. Həkimlik arzum ürəyimdə qaldığı üçün filoloq olmaq arzumun arxasınca gedirdim. Nəhayət ki, bu arzuma çatdım. Ədəbiyyat mənim aldığım nəfəs, dincəldiyim dünyamdır. Orta məktəbdən ədəbiyyatı çox sevmişəm. Həkim olsaydım da bu istedad mənimlə olacaqdı. Buna tam əminəm. Çünki ilk şeirimi hələ 5-ci sinifdə oxuyanda yazmışdım. Və bu hisslərdən uzaq dura bilmirdim...
-Niyə İlkin təxəllüsü?
Oğlumun adı olduğu üçün, onu özümə ləqəb kimi seçdim. Rəhmətlik şairimiz Oqtay Rza həmişə məni görən kimi deyirdi: Sən Qılman İlkinin qohumusan? Deyirdim yox, amma kaş ki, olaydım. Deyirdi ki, siz ədəbiyyatın gövhərisiniz. Amma mən Qılman İlkin məktəbinə hələ çatmamışam. İlkin isə mənim gövhərimdir...
- Bu gün yazılan şeirlər sizi qane edirmi?
Gözəl qələmi olanlar çoxdur. İstər orta yaşlı nəsil olsun, istər gənclər. Mən deyərdim ki, sözün sahibi olanlar, sözə dayaq duranlar da var, sözü gözdən salanlar da var. Bəzən şeirlərə yazığım gəlir. Elə bil, can istəyirlər insandan. Son zamanlar ədəbiyyatda qəribə bir tendensiya yaranıb. Hamı şair olmaq istəyir. Sanki şeir əyəncəyə dönüb. Bayağı mahnılarımız kimi bayağı şeirlər yazılır. Sözü-sözə calamaqla, ordan-burdan köçürməklə kitab çıxarmaq və AYB-nin üzvü olmaq kimi qəribə bir maraq yaranıb. Mənə elə gəlir ki, artıq senzuranın vaxtı çatıb. Bəlkə də gecikib. Qəribə orasıdır ki, şeir satan, pulla şeir yazdıran o qədər çoxalıb ki, bir də eşidirsən ki, heç vaxt şeirdən anlayışı olmayanın şeir kitabı var. Bu, biabırçılıqdı. Bunlara son qoymaq lazımdır. İstər ədəbi sahədə, istər mətbuat sahəsində senzura yaradılmalıdır. Adını yaza bilməyən qəzet açır, sayıt açır jurnalist adına xələl gətirir. Və bir də eşidirsən ki, fəxri ad alıb, ev alıb. Ancaq neçə illərdir mənim kimi canını, gözlərini qoyanlar var ki, nə adı var, nə bir şeyi...Şeirlərimin birində yazmışam:
Həmçinin oxuyun
Haqqımı asıblar dar ağacından,
Həqiqət mülkümü yoxa çəkiblər.
Qeyrətim, vicdanım ölür acından,
Hünərimi kəfən kimi büküblər.
Bilmirəm namərdəm, bilmirəm mərdəm,
Haqq dəyirmannda üyünən dərdəm,
De, hansı dərdimin üstünü örtəm,
Dərdimin üstünə min dərd əkiblər.
Eksperti olduğum veriişlərdə şeir müsabiqəsi elan olunan zaman yaxşı gənc şairlərə rast gəlirəm. Çox xoşuma gəlir. Belələrini tanıtmaq lazımdır. Yaxşı ki, televiziyalarda belə müsabiqələr olur. Yaxşı ki, sosial şəbəkələr var. Elə gənclər var ki, fitri istedadı var. Yeni fikirləri var. Onlara diqqət etmək lazımdır ki, şair kimi ədəbiyyata gəlsinlər.
-Efirlərin birində həmkarınızla yazdığı şeirə görə mübahisə etdiniz. Çoxdurmu belə yazanlar?
Miri bəy siz də gənc olaraq çoxdan bu aləmdəsiniz. Məni yaxşı tanıyırsınız. Bilirsiz ki, heç kimdən, heç nədən qorxmamışam. Çünki haqq yolundayam hər zaman.
Elələri sonsuz sayda çoxdur. Utanmasan oynamağa nə var. Durub ağlına gələni yazır, yazdığından hətta özünün də başı çıxmır. Tənqid də olunanda deyir, mən AYB-nin üzvüyəm. Amma düşünmürlər ki, AYB-nin üzvü olmaq şair olmaq demək deyil. Mən bunu dəfələrlə qeyd etmişəm. Bir şeyi deyim ki, sözü deməkdən heç zaman çəkinməmişəm. Sözü çəkinə-çəkinə demək qorxaqlara aiddir. Elə söz özü də qorxaqlardan çəkinir. Mən, məndən qorxanlardan qorxuram. İlan qorxudğu zaman çalır, it də qorxduğu zaman tutur.
Bu gün AYB böyük bir dövlət qurumu olaraq birdəfəlik bu məsələlərə son qoymalıdır. Senzura mütləq mənada yaradılmalıdır.
-Efirdən söz düşmüşkən. Sizi “Elgizlə-izlə” verilişində ekspert kimi görürük. Efirdə baş verənlər reallıqdırmı? Bəzən tamaşaçı zənn edir ki, onlara göstərilən hadisələr quramadır.
Xeyir, heç bir quramadan söz gedə bilməz. Bunu birmənalı olaraq deyirəm. Doğrudur, veriliş şou xarakterli verilişdi. Reallıqlar isə öz yerində. Əslində isə çox baxımlı verilişdir. O verilişin gözəlliyi orasındadır ki, onun qapıları hər kəsin üzünə açıqdır. İmkansız, xəstə olanlar ora müraciət edir. Verilişin aparıcısı Elgiz Əkbər çox humanist insandır. Hər kəsə yaxşılıq edir, xeyirxah əməllərinə görə xalq onu sevir. Verilişdə ekspert həkimlər müraciət edən xəstələrə təmannasız xidmət edirlər. Gənclər üçün aparıcı, mahnı, şeir müsabiqəsi elan olunduqda, hər kəs gəlib öz istedadını nümayiş etdirir, tanınmağa başlayır. Bu, onların haqqıdır. Neçə mahnı oxuyanlar, şairlər var ki, artıq toylara dəvət alıblar. Aparıcılar içərisində qaliblər oldu ki, Elqiz müəllimin sayəsində ARB kanalında işlə təmin olundular. Bütün bunlar qurama yox, əsl həqiqətdir...Onu da əlavə edim ki, hətta muğam müsabiqələrində qalib olunan gənc müğənniləri heç kəs tanımır, amma Elqiz Əkbər onları dəvət edib, xalqa tanıtdırır. Bundan gözəl nə ola bilər?
-Efirə çıxdığınıza görə qonarrar alırsınızmı?
Doğrudur təqdim olunub, ancaq istəməmişəm. Çünki qonarrardan çox o efirlərin mənə diqqət və qayğısı daha önəmlidir. Məsələn Elqizlə izlə verilişində həkimlərdən təmmannasız yararlanmışam. Yeri düşəndə rayonlarda istirahətimiz üçün bizə təmannasız xidmət göstərilib. Sənətçi adamlarların ziyafətlərinə dəvət olunuram. Bu, mənim üçün verilən qonarradan da artıqdır.
- Bəs, maddi durumunuzu necə həll edirsiniz? Bildiyimə görə qələm adamlarının maddi vəziyyəti o qədər də ürəkaçan olmur.
Tam doğru deyirsiz, əslində qələm adamlarını Allah dolandırır. Düzdü Allah bizə maaş kəsmir. Amma nə eləmək olar ədəbiyyat kürsüyə dönəndə biz də ağzımızı göyə tuturuq da. Ev də, müakafat da, dolanışıq da dönə-dönə eyni adamlara verilir. Biz də qalırıq kənarda. Amma şükür ki, heç kəsə möhtac deyiləm. Nə qədər ki, qələmin var, savadım, zehnim var qapı döyməmişəm. Qaldı ki, ədəbi mühit üçün hələ haqq qapıları inşa edilməyib.
Ən böyük qazancım isə mənəvi zənginliyimdr. Bunun üçün Allahıma minnətdaram.
- Fəxri adınız da yoxdur. Halbuki, düşünürəm ki, bu adı almağa haqq edirsiniz. Müraciət etmisinizmi?
Doğru vurğuladınız. Heç bir fəxri adım yoxdur. Baxmayarq ki, 30 ilə yaxındır ki, mətbuatda külüng çalıram. Təsisçisi və baş redaktoru olduğum “Azad Qələm” qəzetimlə və jurnalımla mətbu və ədəbi fəaliyyətimi hər zaman, dayanmadan davam etdirmişəm. Təkcə Yazıçılar Birliyində birillik Prezident mükafatından başqa heç bir mükafat almamışam. Yaxşı ki, Cənab Prezidentimiz biz yazarlara bu mükafatı ayırıb. Onu da 2017-ci ildə almışam. Mətbuat işçisi kimi də heç bir fəxri adım yoxdur. Bu barədə heç bir yerə müraciət etməmişəm. Və niyə müraciət etməliym ki? Bəyəm kimin kim olduğunu görmürlər? Qaldı ki, müraciət etməyin nə xeyri... Mətbuatda adı, imzası olmayanlara ev də verildi, ad da verildi. Amma bizim kimi qələm sahiblərini görməzdən keçirlər.
- Çağdaş ədəbiyyatımızda kimləri oxuyursunuz?
Yazıçılardan- Xalq yazıçısı Elçini, Çingiz Abdullayevi, Seyran Səxavəti, Elçin Hüseynbəylini, Elxan Elatlını, şairlərdən Musaq Yaqubu, Məmməd İsmayılı, Nəriman Həsənzadəni, Hikmət Məlikzadəni... Və yaxşı yazan gənc şair və yazıçılarımızı...
-Üzdə olan qələm sahibi kimi gənclərə tövsiyəniz nədir?
Gənclərə yeganə tövsiyəm odur ki, özləri olmağı bacarsınlar. Çoxlu mütailə etsinlər. Kimlərisə oxuyub təsir altına düşməsinlər. Oxuduqlarından yaxşı şeyləri əxz etməklə zehni biliyə, gözəl nitqə, savada sahib olsunlar. Sözlərinin sahibi, qulu olmağı bacarsınlar. Şəxsi intriqaya yox, ədəbi intriqaya, ədəbi mübarizəyə daha geniş yer versinlər. Bir sözlə, doğru və dürüst olmağı bacarsınlar...
Müsahibə üçün təşəkkür edirik.
Mən də öz adımdan, ailəm adından sizə təşəkkür edir və işlərinizdə uğurlar diləyirəm. Sizin kimi savadlı, haqq yolunda olan gənclər var olsun. İnanıram ki, haqq gec də olsa öz yerini tapacaq...
Müsahibəni apardı :Miri Məcidli
23:59 / 19 İyul 2025
Ərinin tabutu yanında rəqs edən qadın sosial şəbəkədə müzakirələrə səbəb oldu - VİDEO
17
23:39 / 19 İyul 2025
İyulun 21-də qaz kəsiləcək - Bu ərazilərdə
83
23:20 / 19 İyul 2025
Məşhur jurnalist İlham Əliyevdən məsləhət istədi - Prezidentin cavabı gündəm oldu
81
23:13 / 19 İyul 2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
32
20:28 / 19 İyul 2025
İlham Əliyev: Cənubi Qafqaz sabit məkan olacaq
116
18:19 / 19 İyul 2025
Dənizə belə girmək iflic edə bilər
154
17:53 / 19 İyul 2025
Zauru efirdə operatoru PƏRT ETDİ - VİDEO
138
17:00 / 19 İyul 2025
"Böyük razılaşmalar elan olunacaq"
146
14:11 / 19 İyul 2025
Azərbaycan nefti ucuzlaşdı
266
12:33 / 19 İyul 2025
Tanınmış azərbaycanlı aktyor VƏFAT ETDİ - FOTO
249
12:20 / 19 İyul 2025
Prezident vacib SƏRƏNCAM imzaladı
311
12:01 / 19 İyul 2025
Rusiya Odessanı vurdu - Ölən var
234
11:35 / 19 İyul 2025
Kanalda qadın meyiti TAPILDI
165
10:00 / 19 İyul 2025
“Onun məhkəmədə ifadə verməsini səbrsizliklə gözləyirəm”
168
09:50 / 19 İyul 2025
Bu ölkədə teleqram bloklanacaq
172
09:39 / 19 İyul 2025
İsrail və Suriya atəşkəs barədə razılığa gəldilər
159
09:30 / 19 İyul 2025
Rusiyanın bu hava limanında məhdudiyyətlər tətbiq edildi
174
09:20 / 19 İyul 2025
Ukraynada daha bir azərbaycanlı həlak oldu
171
09:11 / 19 İyul 2025
Bu binanın sakinləri qorxu içində yaşayırlar - VİDEO
162
09:00 / 19 İyul 2025
Güclü yağış Ankarada həyatı iflic etdi - Video
159
00:46 / 19 İyul 2025
Lalə Məmmədovanın evi - VİDEO
395
23:42 / 18 İyul 2025
Antalyada zəlzələ oldu
393
22:35 / 18 İyul 2025
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
349
22:21 / 18 İyul 2025
Qazaxda Ukrayna vətəndaşı çayda batdı
344
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.