Qaynar xətt:

(+99450) 247 90 86

Soda içərək xəstəliklərdən qorunmaq mümkündürmü? – Mütəxəssis açıqladı  

Soda içərək xəstəliklərdən qorunmaq mümkündürmü? – Mütəxəssis açıqladı  

MARAQLI

53

01.09.2026, 16:55

Son illər sosial şəbəkələrdə qida sodasının insan orqanizmi üçün olduqca faydalı olduğu barədə müxtəlif videolar və paylaşımlar geniş yayılıb. Bu paylaşımlarda sodanın guya orqanizmi “qələviləşdirdiyi”, qanın turşuluğunu azaltdığı, damarları açdığı, ürək-damar sistemini yaxşılaşdırdığı və hətta müxtəlif xəstəliklərin qarşısını aldığı iddia olunur. Lakin bu cür məlumatların əksəriyyəti elmi və tibbi əsaslandırılmadan təqdim edilir və insanlarda sağlamlıqla bağlı yanlış təsəvvür yarada bilər.

Məsələ ilə bağlı kardioloq-aritmoloq Emin Kərimli Oxu24.com-a açıqlamasında bildirib ki, insan orqanizmində turşu-qələvi balansı olduqca həssas və mürəkkəb mexanizmlərlə tənzimlənir. Onun sözlərinə görə, xüsusilə qanın pH göstəricisi müəyyən həddlər daxilində sabit saxlanılır və bu tarazlığın ciddi şəkildə dəyişməsi insan həyatı üçün təhlükəli nəticələr yarada bilər.

Həkim bildirib ki, qanın normal pH göstəricisi təxminən 7,35–7,45 intervalında olur və orqanizm bu tarazlığı daim nəzarətdə saxlayır. Bu prosesdə ağciyərlər, böyrəklər və digər fizioloji mexanizmlər mühüm rol oynayır. İnsan orqanizminin metabolizmi məhz bu normal göstəricilər əsasında fəaliyyət göstərir. Necə ki, bədən temperaturu müəyyən həddlər daxilində saxlanılır, qanın turşu-qələvi balansı da orqanizm tərəfindən çox ciddi şəkildə tənzimlənir.

Emin Kərimlinin sözlərinə görə, bəzi insanların düşündüyü kimi, soda içməklə qanın pH göstəricisini istənilən formada dəyişmək və orqanizmi “qələviləşdirmək” mümkün deyil.

“Soda qələvi xüsusiyyətə malik maddədir. İnsan onu qəbul etdikdə ilk növbədə soda mədəyə düşür və mədənin turş mühiti ilə qarşılaşır. Burada onun böyük bir hissəsi neytrallaşır. Orqanizmə müəyyən qədər təsir edən maddələr olsa belə, insan bədəni qanın pH göstəricisini sabit saxlamaq üçün çox güclü mexanizmlərə malikdir. Yəni soda içməklə qanın pH göstəricisini dəyişmək və bununla da müxtəlif xəstəlikləri müalicə etmək barədə fikirlər düzgün yanaşma deyil”, – deyə həkim bildirib.

Mütəxəssis qeyd edib ki, sosial şəbəkələrdə sodanın ürək-damar sisteminə müsbət təsir göstərməsi və damarları “açması” ilə bağlı səsləndirilən iddialar da insanları yanlış istiqamətə yönəldə bilər. Ürək və damar xəstəlikləri, ateroskleroz, damarların daralması və digər ciddi problemlər soda içməklə aradan qalxan xəstəliklər deyil. Bu cür xəstəliklərin düzgün diaqnozu və tibbi müalicəsi vacibdir.

Kardioloq-aritmoloq vurğulayıb ki, damarların “təmizlənməsi” və ya soda vasitəsilə açılması barədə yayılan fikirlər elmi əsaslara söykənmir. İnsanlarda sinə ağrısı, nəfəs darlığı, ürəkdöyünmə, yüksək arterial təzyiq və ya digər ürək-damar sistemi ilə bağlı şikayətlər yaranarsa, müxtəlif xalq üsullarına və sosial şəbəkələrdə yayılan reseptlərə müraciət etmək əvəzinə həkim müayinəsindən keçmək lazımdır.

Emin Kərimli bildirib ki, soda tibbdə ümumiyyətlə istifadə olunmayan maddə deyil. Lakin tibbi məqsədlə istifadə edilən soda ilə insanların ev şəraitində özbaşına soda içməsi arasında böyük fərq var. Həkimlərin müəyyən ağır vəziyyətlərdə, xüsusilə turşu-qələvi balansının ciddi şəkildə pozulduğu hallarda natrium bikarbonatdan istifadə edə bildiyini deyən mütəxəssis vurğulayıb ki, bu, yalnız konkret tibbi göstərişlər əsasında və həkim nəzarəti altında həyata keçirilir.

“Biz həkimlər müəyyən ağır xəstələrdə, pH göstəricisinin ciddi şəkildə dəyişdiyi bəzi vəziyyətlərdə soda tərkibli preparatlardan istifadə edə bilərik. Amma bu, insanların gündəlik olaraq soda içməsinin faydalı olduğu anlamına gəlmir. Tibbi göstərişlə aparılan müalicə ilə ev şəraitində özbaşına qəbul edilən maddəni eyniləşdirmək düzgün deyil”, – deyə Emin Kərimli bildirib.

Həkim qeyd edib ki, insan orqanizmi qəbul edilən maddələrdən asılı olmayaraq, həyati əhəmiyyət daşıyan daxili göstəriciləri müəyyən normal həddlərdə saxlamağa çalışır. Buna görə də “soda iç, orqanizmini qələviləşdir və xəstəliklərdən qurtul” kimi sadələşdirilmiş fikirlər insan fiziologiyasını düzgün əks etdirmir.

Mütəxəssis həmçinin xəbərdarlıq edib ki, sodanın həddindən artıq və nəzarətsiz şəkildə qəbul edilməsi əksinə, müəyyən sağlamlıq problemlərinə səbəb ola bilər. Orqanizmdə turşu-qələvi balansının və elektrolitlərin dəyişməsi müxtəlif fəsadlar yarada bilər. Xüsusilə ürək, böyrək və digər xroniki xəstəlikləri olan şəxslərin özbaşına belə üsullardan istifadə etməsi daha ciddi risklər daşıya bilər.

Emin Kərimli insanların internetdə və sosial şəbəkələrdə gördükləri hər məlumatı tibbi fakt kimi qəbul etməmələrinin vacibliyini bildirib. Onun sözlərinə görə, hər hansı bir şəxsin soda içərək özünü yaxşı hiss etdiyini deməsi həmin üsulun bütün insanlar üçün təhlükəsiz və faydalı olduğu anlamına gəlmir. Hər bir insanın sağlamlıq vəziyyəti, yanaşı xəstəlikləri və orqanizmin xüsusiyyətləri fərqlidir.

Həkim sağlamlığın qorunması üçün “möcüzəvi vasitələr” axtarmaq əvəzinə düzgün həyat tərzinə üstünlük verilməsini tövsiyə edib. Balanslı qidalanma, kifayət qədər fiziki aktivlik, normal yuxu rejimi, zərərli vərdişlərdən uzaq durmaq və mütəmadi tibbi müayinələrdən keçmək sağlamlığın qorunmasında daha mühüm rol oynayır.

Kardioloq-aritmoloq Emin Kərimli yekunda bildirib ki, soda içməyin sağlam insanlarda xüsusi müalicəvi faydası və orqanizmi ümumi şəkildə “qələviləşdirərək” xəstəliklərin qarşısını alması barədə yayılan iddialara ehtiyatla yanaşmaq lazımdır. Soda tibbdə müəyyən xüsusi hallarda istifadə olunsa da, bu, yalnız tibbi göstəriş və həkim nəzarəti əsasında həyata keçirilir. Özbaşına və davamlı şəkildə soda içmək sağlamlıq üçün faydalı vərdiş kimi qəbul edilməməli, xüsusilə yüksək miqdarda qəbulun yarada biləcəyi mümkün risklər nəzərə alınmalıdır.

Mütəxəssis vətəndaşlara sağlamlıqla bağlı qərar verərkən sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara deyil, elmi və tibbi əsaslara söykənməyi tövsiyə edib.

Jalə

İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib 

16:35 / 01 Sentyabr 2026

SİYASƏT SİYASƏT

İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib 

60

0
2 sentyabrda bizi nələr gözləyir?  — ULDUZ FALI

16:25 / 01 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2 sentyabrda bizi nələr gözləyir?  — ULDUZ FALI

90

0
Azərbaycan idmanına ağır itki üz verib

16:19 / 01 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycan idmanına ağır itki üz verib

428

0
Damardaxili litotripsiya necə işləyir? - Kardioloq Üzeyir Rəhimov DANIŞIR

16:10 / 01 Sentyabr 2026

TİBB TİBB

Damardaxili litotripsiya necə işləyir? - Kardioloq Üzeyir Rəhimov DANIŞIR

68

0
Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürüldü 

16:09 / 01 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürüldü 

103

0
Tələbə krediti ilə bağlı MÜHÜM MƏQAMLAR: “Gələcək gəlirinizi əvvəlcədən hesablayın”  

16:00 / 01 Sentyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Tələbə krediti ilə bağlı MÜHÜM MƏQAMLAR: “Gələcək gəlirinizi əvvəlcədən hesablayın”  

95

0
Tez-tez təyyarəyə minmək dəmir çatışmazlığı yaradır? – Həkimdən Şəbnəm Tovuzluya CAVAB  

15:53 / 01 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Tez-tez təyyarəyə minmək dəmir çatışmazlığı yaradır? – Həkimdən Şəbnəm Tovuzluya CAVAB  

428

0
Prezident: Müttəfiqlik müqaviləsi Azərbaycan-Qırğızıstan münasibətlərini ən yüksək səviyyəyə yüksəldib 

15:43 / 01 Sentyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Müttəfiqlik müqaviləsi Azərbaycan-Qırğızıstan münasibətlərini ən yüksək səviyyəyə yüksəldib 

71

0
Qan parçalanması nə vaxta kimi davam edir? – Mütəxəssisdən mühüm açıqlama  

15:40 / 01 Sentyabr 2026

TİBB TİBB

Qan parçalanması nə vaxta kimi davam edir? – Mütəxəssisdən mühüm açıqlama  

75

0
Liderlərin  görüşü Azərbaycan-Ermənistan sülh gündəliyinə nə vəd edir?   

15:30 / 01 Sentyabr 2026

SİYASƏT SİYASƏT

Liderlərin  görüşü Azərbaycan-Ermənistan sülh gündəliyinə nə vəd edir?   

87

0
 Əsəd Əliyev  məhkəmə zalında həbs olunub

15:27 / 01 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

 Əsəd Əliyev  məhkəmə zalında həbs olunub

87

0
ZAUR ŞÜKÜROV: “İlham Əliyevin Bişkek səfəri Azərbaycanın regional və beynəlxalq mövqeyini daha da gücləndirir”  

15:16 / 01 Sentyabr 2026

SİYASƏT SİYASƏT

ZAUR ŞÜKÜROV: “İlham Əliyevin Bişkek səfəri Azərbaycanın regional və beynəlxalq mövqeyini daha da gücləndirir”  

102

0