Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Cəsarət İsgəndərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Oxu24.com "report"a istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.Elan olunmuş ittiham üzrə C.İsgəndərov özünü təqsirli bildiyini deyib.
O, sərbəst ifadə verən zaman əvvəlcə Allahdan bağışlanmasını istəyib:
"Heç kim sığortalanmayıb. Həyatın necə olacağını bilmək olmur. Çox peşmanam. Allah da məni bağışlamaz".
C.İsgəndərov ailəsində yaranan problemlərin səbəbkarı kimi qətlə yetirdiyi qayınanasını göstərib: "Biz çox xoşbəxt idik. Amma qayınanam həmişə söz-söhbət yaradırdı.
Dolanışığımız da yaxşı idi, günə 50-80 manat qazanırdım. Çox nadir hallarda pulsuz evə qayıdardım. Yoldaşımla heç bir problemimiz olmayıb. Evlənəndə bir şərt qoymuşdum ki, yoldaşım harasa gedəndə mütləq mənə xəbər eləsin.
Yoldaşım belə də edirdi, lakin qayınanam yenə də problem yaradırdı. Çünki o, yoldaşımı özü ilə aparırdı. Qaynanam deyirdi ki, "Cəsarət işdən gec gəlir bilməyəcək".
Nişanlı olduğumuz zaman da belə söz-söhbət olurdu. Amma sonra mehribançılıq yaranırdı. Toydan sonra qayınanam mənə "ya atanı, ya da ailəni seç" söyləyirdi".
O, hadisə günü baş verənlərdən danışıb. Bildirib ki, həmin gün içkili olub və etdiklərini tam olaraq xatırlamır:
"Nə etdiyimi dəqiq xatırlamıram. Həmin ərəfədə artıq münasibətlər tam pisləşmişdi. Yoldaşım hamilə olanda anasıgildə qaldı. Mən də darıxırdım, bizdə qalmasını təklif etdim.
Lakin anası razı olmadı, mən də heç nə demədim. Artıq bıçaq sümüyə dirənmişdi. Qayınanam məni saymırdı. Bir o qalmışdı ki, kişiliyimi də əlimdən alsın. Yoldaşımı evə buraxmırdı. Bir neçə dəfə 11-də işdən çıxıb onlara getdim.
Deyirdi ki, "bir də 10-dan gec gəlsən, evə buraxmayacağam". Axşamlar yoldaşımla şəhərə çıxmağa da imkan vermirdi. Bir müddət belə davam elədi.
Bir qədər keçəndən sonra qayınanamla aramızda mübahisə yarandı, söyüş söydü. Mən də onu söydüm. Gecə çox içdim. Qayınanama zəng elədim, yenə məni təhqir elədi. Evlərinə getdim. Sonra nə etdiyimi xatırlamıram".
Məhkəmənin növbəti iclası yanvarın 17-nə təyin edilib.
Qeyd edək ki, hadisə Bakının Nərimanov rayonunda baş verib. Əliyar Əliyev küçəsi, 24 ünvanında yaşayan 51 yaşlı Fəhminə İsgəndərova qızı Leyla İsgəndərovanı həyat yoldaşı C.İsgəndərovla mübahisə etdiyi üçün ata evinə çağırıb.
Lakin L.İsgəndərovanın bu hadisədən hiddətlənən həyat yoldaşı C.İsgəndərov onların olduğu evə gəlib. Qapı və pəncərələr ev sahibəsi tərəfindən bağlı olduğundan C.İsgəndərov içəri evin damından daxil olub.
Bu zaman o, əlindəki bıçaqla əvvəlcə həyat yoldaşına bir neçə zərbə vurub. Bununla sakitləşməyən kişi onları ayırmağa gələn qayınanası F.İsgəndərovanın ürək nahiyəsinə iki bıçaq zərbəsi vurub.
C.İsgəndərov törətdiyi cinayət əməlindən sonra hadisə yerindən uzaqlaşıb. Onun qayınanası hadisə yerində ölüb. L.İsgəndərova isə 5 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralı 1-ci dərəcəli koma vəziyyətində olub. Daha sonra onun həyatını xilas etmək mümkün olub.
Faktla bağlı Nərimanov rayon Polis idarəsi və prokurorluğu tərəfindən cinayət işi başlanılıb. C.İsgəndərov istintaq qrupu tərəfindən saxlanılıb. Verilən məlumata görə, hadisə vaxtı o, sərxoş vəziyyətdə olub.
Xatırladaq ki, cütlüyün birgə nikahdan 3 aylıq qız övladı var. Oxu24.com
ŞƏRHLƏR