Respublikanın daxili işlər və prokurorluq orqanlarının peşəkarlıqla həyata keçirdikləri əməliyyat-axtarış və istintaq hərəkətləri nəticəsində Yevlax şəhərində baş verən qətl hadisəsinin üstü açılıb.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu24.com-a verilən məlumata görə, fevralın 21-də Yevlax rayonunun Ərəbbəsrə kəndi ərazisində həmin kənd sakini Tahir Qafarovun gözətçi işlədiyi yerin yaxınlığındakı ərazidə güllə yarası ilə qətlə yetirilməsi barədə məlumat daxil olub.
Dərhal Polis Şöbəsi və rayon prokurorluğu rəhbərliyinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, təxirəsalınmaz istintaq hərəkətləri aparılaraq müvafiq əl-barmaq izləri götürülüb. Daxili işlər və prokurorluq orqanlarının əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T. Qafarovu münaqişə zəminində ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən Şəki rayon sakini, əvvəllər məhkum olunmuş Habil Mirzəyev saxlanılıb.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. Oxu24.com
ŞƏRHLƏR