Lənkəranda azyaşlı uşağı öldürməyə cəhd etməkdə ittiham olunan 1990-cı il təvəllüdlü Məhəmməd Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu24.com Teleqraf.com-a istinadən xəbər verir ki, Lənkəran rayonunun Lüvəsər kənd sakini Məhəmməd Məmmədov 2014-cü ildə ərindən boşanan Bəlləbur kənd sakini Pakizə Paşayeva ilə ər-arvad kimi yaşamağa başlayıb.
Məhəmməd sonradan ər-arvad münasibətində olduğu Pakizə ilə qısqanclıqla bağlı aralarında mübahisələr yaranıb. Bu səbəbdən onların münasibətləri soyuyub.
Ər-arvadın davası və qisas planı
Pakizə 2017-ci ilin noyabrından etibarən Məhəmmədlə münasibətlərinə son qoyaraq, bir daha onunla əlaqə saxlamayacağını bildirib.
Məhəmməd isə onunla barışmaq və ər-arvad kimi münasibətlərinin saxlanmasına çalışıb. Buna nail ola bilmədikdə Pakizə Paşayevadan qisas almaq niyyəti ilə sonuncunun azyaşlı, 2008-ci il təvəllüdlü övladı Mehdi Abdullayevi öldürmək qərarına gəlib.
Bu məqsədlə həmin ilin dekabrın 23-də, saat 6 radələrində Məhəmməd Pakizə Paşayevanın işə getdiyini bilib, əlverişli şəraitdən istifadə edərək onun oğlu ilə yaşadığı Bəlləbur kəndindəki fərdi evinə gedib.
{banner_reklam1}
Məhəmməd həmin vaxt evdə tək olan Mehdi Abdullayevi evin həyətindəki su quyusunda cadu olmasına inandırıb, duaya baxmaq adı ilə aldadıb. O, azyaşlını 6 metr dərinliyi olan quyunun yanına aparıb.
Quyudakı dua və azyaşlıya qarşı amansızlıq
Məhəmməd azyaşlıdan əyilərək quyunun içərisindən duanı çıxartmasını istəyib. Mehdi də onun sözünə inanıb və quyuya yaxınlaşıb, suya vedrə salmaq istəyib.
Bu zaman Məhəmməd azyaşlının ayaqlarından tutub və quyunun içərisinə atıb. Sonra quyunun ağzının bağlanması üçün istifadə edilən dəmir qapağı quyunun üzərinə qoyub.
Məhəmməd azyaşlının öləcəyinə tam əmin olub, hadisə yerini dərhal tərk edib.
Amma həmin vaxt azyaşlı suyun içinə düşməyib və o, quyunun divarında olan beton səthinə dəyib, oradan asılı vəziyyətdə qalıb, çoxsaylı bədən xəsarətləri alıb.
Asılı vəziyyətdə qalan azyaşlı cəld hərəkətlərlə quyunun içərisində olan rezin borudan tutub və yuxarıya doğru qalxmaqla quyunun içərisindən çıxmağa müvəffəq olub.
"Bizim evə gəlib-gedib"
İstintaq orqanı tərəfindən Məhəmməd Məmmədov barəsində Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan azyaşlı Mehdi Abdullayev bildirib ki, anası Pakizə Paşayeva ilə birgə Lənkəran rayonunun Bəlləbur kəndində yaşayır: "Lənkəran rayonunun Lüvəsər kəndində yaşayan Məhəmməd Məmmədovu anam Pakizənin tanışı kimi tanımışam. Məhəmməd əvvəllər tez-tez bizim evə gəlib-gedib. Anam ilə münasibətləri yaxşı olub".
Mehdi Abdullayevin sözlərinə görə, sonradan Məhəmmədlə anasının münasibətləri pisləşməyə başlayıb və onların arasında dəfələrlə mübahisə olub: "Məhəmməd anamı döymüşdü. Bu səbəbdən anam polis şöbəsinə şikayət etdi.
Anam bir neçə dəfə Məhəmmədin evə gəlməsinə etiraz etsə, Məhəmməd yenə gəlib-gedirdi".
"Quyuya baxmağımı istədi"
Mehdi Abdullayev qeyd edib ki, dekabrın 22-də saat 21 radələrində Məhəmməd onların evinə gəlib və birlikdə şam yeməyi yeyiblər: "Məhəmməd gecəni bizdə qaldı, səhəri günü saat 6 radələrində yuxudan oyanarkən anam Məhəmmədlə birlikdə evdən işə getdi.
Az sonra Məhəmməd evə qayıtdi, şəxsiyyət vəsiqəsinin bizdə qaldığını dedi. Sonra mənə həyətlərində olan su quyusuna cadu atıldığını və cadunu göstərəcəyini söylədi. Məni quyunun yanına gətirdi, əyilib quyuya baxmağımı istədi. Mən quyuya baxarkən orada heç bir şey görmədim".
"Çox çətinliklə quyudan çıxaraq evə gəldim"
Mehdi Abdullayev bildirib ki, Məhəmməd əvvəlcə onun belindən yapışıb, sonra belini buraxıb, ayaqlarından tutaraq yuxarıya qaldırıb: "Məhəmməd həmin an məni su quyusunun içərisinə atdı. Quyuya başı üstə düşməməyim üçün əlimlə quyunun içindəki rezin borudan yapışdım. Məhəmməd məni quyuya atdıqdan sonra içəri baxdı, quyunun üzərini bağlayaraq getdi.
{banner_reklam1}
Mən quyudakı ipdən yapışaraq yuxarı qalxanda ip qırıldı. Sonra rezin borudan yapışdım və çox çətinliklə quyudan çıxıb evə gəldim. Əynimdə paltarlarımı dəyişdim.
Həmin gün saat 14.30-da anam mənə zəng edəndə baş verənləri ona bildirdim. Anam mənə xalamgilə getməyi tapşırdı, sonra polisə zəng etdi".
"Yalvar-yaxar etdiyindən şikayətimi geri götürmüşəm"
Cinayət işi üzrə şahid qismində dindirilən Pakizə Paşayeva bildirib ki, 2008-ci il təvəllüdlü azyaşlı oğlu Mehdi ilə birlikdə Lənkəran rayonunun Bəlləbur kəndində yaşayır: "2014-ci ilin martında rəsmi olaraq həyat yoldaşım Müseyib Abdullayevdən boşanmışam. Sonradan Məhəmməd Məmmədovla qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamışam.
Əvvəllər Məhəmmədlə münasibətlərim yaxşı olub. Lakin sonradan onun məni qısqanması səbəbindən aramızda bir neçə dəfə mübahisələrimiz olub. Məhəmməd məni döydüyü üçün polisə şikayət etmişəm. Hər dəfə mənə yalvar-yaxar etdiyindən onunla barışıb, şikayətimi geri götürmüşəm".
Pakizə Paşayeva deyib ki, 2017-ci ilin noyabrından aralarında dəfələrlə mübahisə olub, omünasibətləri pozulub: "Məhəmmədə məndən əl çəkməsini, onunla barışmayacağımı dedim, telefonda mənimlə kobud danışdı. Ondan bir daha mənə zəng etməməyi xahiş elədim, telefonu bağladım. Buna baxmayaraq Məhəmməd sözümə əhəmiyyət vermədi, evimə gəlib-getdi".
"Ayrıldıqdan az sonra zəng etdi"
Pakizə Paşayevanın sözlərinə görə, dekabrın 22-də saat 21 radələrində Məhəmməd onların evinə gəlib və birlikdə şam ediblər: "Həmin gecəni də bizdə qaldı, səhəri günü saat 6 radələrində Mehdi yuxudan oyanaraq televizora baxarkən Məhəmmədlə birlikdə işə getmək üçün evdən çıxdıq.
Məhəmməd piyada İpək yoluna tərəf getdi. Mən isə küçədə marşrut avtobusu gözlədim.
Az sonra Məhəmməd mənə zəng etdi, avtobusun gəlib-gəlməsi ilə maraqlandı. Mən ona artıq avtobusa minərək işə getdiyimi dedim".
Pakizə Paşayevanın sözlərinə görə, işdə olarkən saat 14.30-da ə oğlu Mehdiyə zəng edib: "Mehdi dedi ki, biz səhər evdən çıxandan sonra Məhəmmədin yenidən qayıdıb, həyətimizdəki su quyusuna cadu atıldığını deyib, onu quyunun yanına aparıb, quyunun içərisinə baxdırdığı zaman onu su quyusuna atıb. Oğlum çox çətinliklə quyudan çıxdığını söylədi.
Mehdiyə paltarını dəyişib, xalası Şəfəqgilə getməyi tapşırdım. Mehdi bacımgilə getdikdən sonra Məhəmmədə zəng edərək nə üçün belə hərəkət elədiyini soruşdum. O, Mehdini quyuya atmadığını bildirdi.
Həmin gün saat 22 radələrində ərizə ilə Lənkəran rayon polis şöbəsinə müraciət etdim".
Məhəmmədin ifadəsi və məhkəmə hökmü
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məhəmməd Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Məhəmməd Məmmədov apelyasiya şikayəti verib. O bildirib ki, zərərçəkmişi öldürmək niyyətində olmayıb.
Qeyd edib ki, zərərçəkmiş özü quyunun içərisinə doğru əyilmiş vəziyyətdə olduğundan onu əlində saxlaya bilməyib və gözləmədiyi halda Mehdi qəfildən sürüşüb əlindən çıxaraq başı aşağı quyunun içərisinə düşüb.
Azyaşlının quyuya düşməsindən qorxduğunu bildirən Məhəmməd Məmmədov əlavə edib ki, həyəcanlı olduğundan ona quyudan çıxması üçün kömək etmədən oradan uzaqlaşıb.
Məhəmməd Məmmədov bu cinayət işi üzrə günahsız olduğunu, bəraətverici əsaslarla cinayət işinə xitam verilməsini istəyib.
Onun apelyasiya şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin olunmayıb.
Bu qərardan narazı qalan Məhəmməd Məmmədov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Kasasiya şikayəti də təmin olunmayıb.
Oxu24.com
ŞƏRHLƏR