Qaynar xətt:

(+99450) 247 90 86

“Avto Kredit" fırıldağı: Vətəndaşları kimlər qarət edir?

“Avto Kredit\" fırıldağı: Vətəndaşları kimlər qarət edir?

İQTİSADİYYAT

97

10.03.2026, 17:49

“Avto Kredit" fırıldağı: Mərkəzi Bankdan  AÇIQLAMA – Vətəndaşları kimlər qarət edir?

"Avto Kredit" adlı təşkilat müxtəlif avtomobilləri girov saxlamaqla yüksək faizlə vətəndaşlara qanunsuz kredit verir.

Oxu24.com xəbər verir ki, Azərbaycanda son illər avtomobil krediti, yaxud lizinq, girovu ilə pul verilməsi artıb. Sosial şəbəkələrdə reklam olunan müxtəlif təşkilatlar avtomobili girov saxlamaqla vətəndaşlarla yüksək faizlə pul verirlər. Qanunla qadağan olunmasına baxmayaraq sosial şəbəkələrdə bir çoxları açıq-aşkar bu fəaliyyətlərini reklam etməklə məşğuldurlar.

Məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankının mətbuat xidmətindən Oxu24.com-un sorğularına cavab verilib.

-Mərkəzi Bank lisenziyasız kredit fəaliyyəti göstərən qurumları necə müəyyən edir? Bunun üçün xüsusi monitorinq mexanizmi varmı? 

-"Mərkəzi Bank haqqında” Qanunun (Qanun) 51.3-cü maddəsinə əsasən Mərkəzi Bank (MB) maliyyə bazarlarında lisenziya (icazə) tələb edən fəaliyyətin müvafiq lisenziya (icazə) olmadan göstərilməsi faktını aşkar etdikdə belə fəaliyyətlə məşğul olan şəxslərə bu fəaliyyətin və təqdim edilən xidmətin (məhsulun) reklamının və ya hər hansı digər formada yayımlanmasının dərhal dayandırılması tələbi barədə bildiriş təqdim edir, bu barədə məlumatı özünün rəsmi internet səhifəsində və mediada açıqlayır, habelə qanunvericiliklə müəyyən edilən tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanına (qurumuna) müraciət edir.

 

-Belə hallarda vətəndaşların hüquqları necə qorunur? Mərkəzi Bank zərərçəkmiş şəxslərə hər hansı hüquqi və ya məsləhət dəstəyi göstərirmi? 

-Bildiririk ki, Mərkəzi Bankın fəaliyyəti Qanunla tənzimlənir. Qanunun 5-ci maddəsində MB-ninfunksiyalarından biri olaraq maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarının qorunması üçün tədbirlərin görülməsi və maliyyə bazarları sahəsində maarifləndirmə işlərinin aparılması müəyyən edilmişdir. Qanunun 48.3.8-ci maddəsinə əsasən MB-ninmaliyyə bazarlarında istehlakçıların və investorlarınqanuni maraqlarının pozulması və ya pozulmasınaşərait yaradan halların aradan qaldırılması barədə nəzarət subyektlərinə icrası məcburi olan göstərişlər vermək hüququ var. Lakin, normadan göründüyü kimi, MB yalnız nəzarət subyektlərinə münasibətdə icrası məcburi göstəriş verə bilər. Odur ki, müraciətdəki təşkilat MB-nin nəzarət subyekti olmadığı üçün MB-ninona qarşı nəzarət tədbiri görmək səlahiyyəti yoxdur.

Qeyd edirik ki, vətəndaşlar hüquqlarının qorunması məqsədilə aidiyyəti üzrə məhkəməyə və ya hüquq mühafizə orqanlarına şikayət ünvanlaya bilərlər.

 

-Mərkəzi Bank bu kimi hallarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edirmi, yoxsa məsələ birbaşa onların səlahiyyətindədir? ‎

-Qeyd edirik ki, İnzibati Xətalar Məcəlləsinin 398-ci və Cinayət Məcəlləsinin 192-ci maddələrinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa görə müvafiq olaraq inzibati və cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 

Məlum olduğu kimi,  Qanunun 46-cı maddəsinə əsasən MB yalnız öz nəzarət subyektlərinin fəaliyyətinin lisenziyalaşdırılmasını, tənzimlənməsini və fəaliyyətləri üzərində nəzarəti həyata keçirir. “Avto Kredit” adlı təşkilat MB-nin nəzarət subyekti olmadığından MB bu təşkilatla bağlı Qanunun 51.3-cü maddəsində nəzərdə tutulmuş tədbirləri görə bilər.

Məlumat üçün bildiririk ki, qanunsuz sahibkarlıq inzibati məsuliyyət yaratdıqda İXM-in 43-cü maddəsinə əsasən belə inzibati xəta haqqında işə rayon (şəhər) məhkəmələrində baxılır və ölkə başçısının 03.05.2017-ci il tarixli 1361 saylı “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Fərmanının 32-ci bəndinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa dair işlərlə bağlı protokol Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən tərtib edilir.

Qanunsuz sahibkarlıq cinayət məsuliyyəti yaratdıqda isə ölkə başçısının “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə 25.08.2000-ci il tarixli 387 nömrəli Fərmanına əsasən qanunsuz sahibkarlıqla bağlı işlər üzrə ibtidai istintaq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən aparılır.

Çimnaz Telmanqızı