Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2969
az

Snayperlər və əks-snayperlər nəyə qadirdir? -

12:0416 İyun, 2018
4821
HƏRBİ
  • A
Son zamanlar düşmənlə təmas xəttində aktivliyin “sərin” fazaya keçməsi, snayper qruplarının aktivləşməsinə gətirib çıxarıb. Bundan sonra sosial şəbəkələrdə snayper anlayışına olan maraq və müzakirələr yenidən gündəmə gəlib. Acınacaqlı və şəxsən məni məyus edən bir sıra paylaşmalar, şərhlər, fikir diskussiyaları kontekstində müasir gənclərin hərb elmini və əsasən də snayper anlayışını romantikaya, kompüter oyununun hissəsinə, yüngül əyləncə anlamına gətirmələridir. Bu hərb sırasının dərinliklərinə varmadan onun aspektlərinin, yalnız yaxşı və keyfiyyətli baha silahlardan asılı olduğu anlamına gəlməkdir. Yazıda bu hərb sənətinin dərin aspektlərinə baxacaq, real snayperlərin real döyüşlərdən qazandığı təcrübələr haqda bilgi verəcək, ən əsası isə kompüter oyunları ilə real döyüşü səhv olaraq birləşdirənlərin miflərini qıracağıq. Yaxın oturun...


Sizə bir köhnə döyüşçü, bir zabit kimi müraciət edirəm. Heç zaman həyatda elm barədə romantikaya, eyforiyaya qapılmayın. Əsasən qeyd edim ki, hərb elmi başqa elmlərlə bir sırada dura bilməz. Burada, Vətən üçün ən əsası evdən, ailədən başlayaraq, məsuliyyət, cavabdehlik hər nəfərinin üzərinə düşür. Axır zamanlar bəsit fikirlərlə gəncləri sapdıran, hərb elmini bir oyun-oyuncaq kimi gündəmə gətirənlərin məqsəd və məramları məni məyus edir. Hərbçi olmaq, nişangaha gələn hər bir kəsi öldürmək yox, yaşatmaq, qurub-yaratmaq naminə öz canını fəda etməkdir. Məşhur bir misal var: Sülh istəyirsənsə, müharibəyə hazırlaş! Bu gün torpaqlarımızda gedən, bizlərinin daha da əzmlə, zəhmətlə dövlət yaratmağımıza əngəl olan düşmənin yaratdığı müharibə var. Biz bu müharibəyə evimizdən, övladımızdan, kökümüzdən və ən əsası özümüzdən, öz hərbi savadımızdan, hazırlığımızdan başlamalıyıq. Bu gün müasir ordumuza açıq fikirli, hərbi-texniki savadlı, psixoloji hazırlıqlı insanlar lazımdır. Savaş çölündə hər kəsin vəzifəsi, ştat bölgüsü var. Bu baxımdan da müsəlləh olmaq üçün və müsəlləh etmək üçün hər kəs özünə bir sual verməlidir: Mən Ali Baş Komandanın - “Hücuma!” əmrinə hazırammı?


Bu baxımdan Ordu.az olaraq hər zaman Sizi hərbi-texniki, siyasi və psixoloji hazırlıq məlumatları və yazıları ilə təlimləndirmək bizim Azərbaycan xalqı qarşısında olan müqəddəs borcumuzdur.

Snayperlər 

Hər bir müəmmalı olan anlam əfsanələr yaradır. Döyüş snayperlərinin anlamı isə mistika ilə bərabərləşmiş bir düşüncədir. Onun işinin nəticəsi vahiməlidir. O gözlənilməyən yerdən peyda olaraq, atəşdən sonra bilinməyən və görülməyən yerdən yox olması, artıq uzun illərin hazırlığı, keçilən əzablı təlim və tədris prosesinin göstəricisidir. Bu, romantika, əfsanə, nağıl deyil, həqiqətdir. Hazırlıqlı snayper doğurdan da başqalarının bacara bilmədiyini bacarandır və snayperlər arasında belə bir deyim var ki: “Snayper düşmənin ürəyinə vurulan nizədir, bu nizə o qadər itidir ki, bunula mütləq barışıb və məhv olurlar. Snayperi ciddiyə almamaq böyük səhvdir. Ondan nə uzaqlıq, nə də zirehli gödəkçə qoruyur. O döyüşün gedişatını kökündən dəyişən amildir, o siyasi proseslərə nöqtə qoyandır və cərrah bıçağı dəqiqliyi ilə terrorçunu, düşməni məhv edəndir. Yaxınlıqda snayperin olduğunu düşünmək, əsasən çox güclü halda əks tərəfin qüvvələlərinə psixoloji narahatlıq gətirərək, onları hər zaman qorxu və vahimə altında saxlayır.


ABŞ dəniz piyadalarının sıravi snayperi Stiven Donald deyir: Təsəvvür etməzsiniz ki, bu necə ağrılı bir məqamdır. Biz Bağdadın mərkəzində yüksək binalardan birinin damında mövqe tutaraq, Səddam ordusunun yüksək rütbəli mütəxəssisini nəzarətdə saxlamışdıq. Bu gün o mütləq zərərsizləşdirilməli idi. Bu Bağdadın və İraqın bir çox yerlərində pərakəndə partlayışların təşkilatçısı, kəşfiyyat orqanlarında “Bombaçı Zübeyir” adlanan, minlərlə günahsız insanları məhv edən və əsasən də canlı bomba hazırlayan qatı qatil idi. Kəşfiyyatın məlumatına görə, o, mənimlə üzbəüzdə yerləşən evdə idi. Hadisələr də bunu təsdiq edirdi. Evə müxtəlif saatlarda maşınlar yaxınlaşır, oraya adamlar daxil olur və çıxmırdılar. Zübeyir hiyləgər idi. O, snayperlər tərəfindən izləndiyini bilirdi. Bir neçə dəfə bizim snayperlərin hədəfindən ustalıqla qaçmışdı. Mənimsə onu vurmağa bir neçə saniyəm olacaqdı. Tər gözümü yandırır, dayanmadan nişangaha baxmaq əldən salır, gün isə əzirdi. O isə çıxmırdı. Mənə 1 saniyə də olsun qapıdan nəzarəti yayındırmamağı tapşırmışdılar. Boynuma doluşan cücülər köynəyimə girib bədənimi dişləyirdi. Mən tez arxası üstə çevrilib, köynəyimin altındakı cücüləri təmizlədim. Mövqeyimə qayıtdıqda isə artıq Zübeyir maşına oturaraq tərpənmişdi. İkinci qrup isə sağ cinaghda olduğuna görə trayektoriya kəskinliyindən düz nişan almamışdı və sürücünü vurmuşdu. Zübeyir qarışıqlıqdan istifadə edib qaçdı. Düzdür az bir zamandan sonra onu ərazidə olan fərdi hərbi kompaniyanın snayperi Corc Forst vurdu, lakin mən onda anladım ki, təlimlər zamanı psixoloji hazırlıq dərslərindən hərdən yayınmağım, mənimlə qəddar oyun oynadı. Mən özümü snayper kimi təhqir olunmuş saydım və istefa verərək getdim. Çünki mənim səhvim ucundan Zübeyirin rəhbəri olduğu dəstələr Bağdad bazarında 23 insanın qanını axıtmışdılar.


Qəddar səslənsə belə snayper - ovçudur. İnsan ovçusu. Ovçu hər zaman öz şikarı üçün görünməz olmağa məcburdur. Buna görə də snayperin birinci vəzifəsi təbiətlə və ətraf mühitlə harmoniyaya girməkdir və təbiətdə itərək, onun səslərini ayırd etməkdir. Snayperin ikinci vəzifəsi – qeyri-insani səbir və dözümdür, müvəffəqiyyət hər zaman dözümlü olanın dostudur. Məhz bu zaman hədəfini uzun vaxt ərzində gözləyə və zamanı çatdıqda bir göz qırpımında istifadə edə bilərsən. Onun hədəfdən yayınaraq bir gülləni də boş buraxmağa ixtiyarı yoxdur, hədəfə dəyməyən atəş artıq təlimlərin keyfiyyətsizliyinin nəticəsi kimi qəbul olunur. Buradan da belə deyim qaynaqlanır ki: “Sanayper mina zərərsizləşdirən istehkamçı kimi bir dəfə səhv edir və bu da onun sonu olur”.

Snayperlərə tapşırıq verilsə belə, hədəfin hansı şəraitdə və necə vurulması haqqında özü qərar çıxarır. Müharibə zamanı isə o fasiləsiz olaraq hədəf axtarmalı, bu zaman hava şəraiti və başqa amillər ona mane olsa belə, dözməlidir. O fərddir, fərdin isə etalonluğu, 800 metrdən düşmənin gözünün vurulmasıdır. Tarixdə məhz bu məsafədən, yaxud bir az da uzaqdan düşmənin optik nişangahından gözünü vuran snayperlər çox olub.


Rus-Fin müharibəsi zamanı rus qoşunları çox müəmmalı bir duruma düşmüşdülər. Hip-hop adlanan quşun səsi gəlir və bu zaman əsgərlərdən bir neçəsi güllə ilə vurularaq yıxılırdılar. Uzun zaman bu müəmmanın sirri rusları rahat buraxmır və vahimə yaradırdı. Sonralar məlum oldu ki, bu ağaclarda oturaraq bir-bir rus əsgərlərini vuran fin snayperləridir ki, quş səsi ilə bir-biri ilə kodlaşmış olaraq danışırlar. Ruslar ağacları “maksim” pulemyotundan atəşə tutan zaman isə, ikinci snayper, həm pulemyotçunu, həm də onun ətrafında olanları vuraraq məhv edirdi. Çox zaman da ağaclarda axtarılan snayperlər, meşələrin təpələrinin arxasında mövqe tutaraq ”meşə adamı” kimi maskalanır və aramsız ağacları atəşə tutan rus əsgərlərini vururdular. Bundan əlavə maskalanma şərtlərinə əməl edən fin snayperləri, görünməz olaraq aerodromların, artilleriya batareyalarının, rabitə və komanda mərkəzlərinin lap yaxınlığında mövqe tuturdular. Onlar hərəkətdə olan rus qoşunlarını irəli buraxaraq onların arxasında və cinahlarında qalır, sonradan öldürücü zərbələrlə qoşunların daxilində çaşqınlıq yaradırdılar.


Fin snayperləri əsasən ikili döyüş aparırdılar. Bir snayper ərazini müşahidə altında saxlayan zaman, ikincisi yataraq dincəlirdi. Bununla onlar sutkanın 24 saatını döyüşürdülər. Bu da rus kəşfiyyat-diversiya qrupları üçün böyük maneə yaradırdı. Bütün bu kimi tədbirlər rus qoşun birləşmələrinin komandanlıqlarını hiddətləndirməyə bilməzdi. Əvəzində ruslar böyük qüvvə ilə fin snayperlərinin ovuna başlamaq üçün toplum halda zəncirvari meşələrə axışdılar. Bu da onlara baha başa gəldi. Onları atəşlə aldadan snayperlər, rusları meşənin dərinliklərinə çəkərək böyük minalanmış ərazilərə saldılar ki, bu da onlar üçün böyük tələfata başa gəldi. Bu təlafatlara səbəb fin snayperləri isə sakitcə xizəklərini ayaqlarına taxaraq uzaqlaşırdılar. Fin snayperləri üçün 100-120 km qışda getmək, 40 dərəcə şaxtada qarda gecələmək heç bir problem deyildi. Sovet komandanlığı fin snayperlərinin bu professionallığı ilə barışmayaraq, əvəzində onlara qarşı döyüşən komandirlərin yararsız olduğu fikrini irəli sürürdü. Lakin qəddar həqiqət öz işini gördü. Fin snayperləri son zamanlarda bir neçə qərərgah avtomobilini onun içində olan yüksək rütbəli zabitlərlə məhv edərək, lazımi sənədləri apardılar. Maşınların məhv olunması fərqli sahələrdə baş versə belə, ssenari vahid idi: əvvəl maşının təkərləri vurularaq maşın hərəkətsiz hala gətrilir, sonra isə maşında olanlar amansızlıqla güllələnirdilər. Nəticədə, Sovet komandanlığı snayperlərə qarşı “yalançı qərargah maşınları” buraxaraq, onları böyük və gizli qüvvə ilə müşayiət etməyə başladı. Lakin bu artıq gec idi. Fin müharibəsi böyük itkilərlə başa çatırdı. Müharibə ərzində bir ədəd də olsa fin snayperi tutulmadı və öldürülmədi. Bundan əlavə Fin snayperləri buz bağlamış gölün üzərində aerodrom salmış rus qüvvələrini də ağır itkiyə məruz qoydular. Onlar gölün şlyuzlarını açaraq suyun səviyyəsini saldılar. Bu zaman 200 təyyarənin sınan buzların altına getməsini görmək dəhşət idi. Şlyuzlara yaxınlaşan hər bir kəs, dəqiq atəşlə məhv edilirdi.


Müharibədən sonra əfsanəvi fin snayperlərinin təcrübəsi böyük ordu təlim və tədris mərkəzlərində, yüksək komandanlıqlar tərəfindən analiz edilərək, onların təcrübələri təlimlər üçün vəsaitə çevrildi. Ruslar artıq snayper qrupları yaradaraq, onları SVT tüfəngləri ilə və PU tipli optik nişangahla təmin etdi. Ümumqoşun təlimatlarında ümumi taktikalar haqqında metodikalara dəyişikliklər edildi. İkinci Dünya Müharibəsi illərində də snayper qruplarına və snayper hazırlığına ciddi önəm verilirdi. Alman qoşunlarının tərkibində hər zaman snayper qrupları olurdu. Həqiqət naminə demək lazımdır ki, onlar yaxşı hazırlıq keçmiş atıcılar idi. Alman snayperlərin hazırlığı üçün 2 ildən çox vaxt sərf olunurdu.

Hər kəs anlamalıdır ki, silahlı münaqişənin nəticəsi tək silahdan ustalıqla istifadə deyil, ilkin olaraq psixoloji və fiziki faktorlardır. Çünki hər kəsə aydın bir aksioma var: silah yox, insan öldürür. Yaxşı ləvazimatlı, müasir silahlı, fiziki hazırlıqlı olmaq olar, lakin lazımı psixoloji hazırlıqsız olan snayper özü yüngül hədəfdir. Psixoloji hazırlığın ilkin anında anlamaq lazımdır ki, son anda iki çıxış yolu var: “Ya sən düşməni məhv edirsən, ya da o səni”. Bu tip hazırlığın aspektlərindən biri də snayperin vurmaq xatirinə, öldürmək xatirinə atəş açmamasıdır. Hədəf - düşmən, yəni əli silahlı təhlükəli insandır. Bu hədəfi axtaran zaman mülki şəxslər, uşaqlar, qocalar, sülh missiyasının əməkdaşları hədəf olmamalıdır.


Sanyperlər haqda danışarkən əsasən hissə qapılmaq lazım deyil. Onlar əsasən 100-lərlə həvəskardan seçilir, lakin sonda 5-10-u snayper ola bilir. Əsasən snayper güclü intuisiyaya, yaxşı eşitmə qabiliyyətinə, dəqiq görmə keyfiyyətinə və ən əsası psixofiziki hazırlığa malik olmalıdır. Bu keyfiyyətlər, düşmənin hiyləsinin qabaqlanmasına, onun gizli hərəkətinə, maskalanmasına və uzun zaman onu müşayiət etməsinə köməkçi və əsas vasitədir. Sağ qalmaq üçün snayper düşmənin onu aşkar etməsindən qabaq, düşməni aşkar edib məhv etməlidir. Maskalanmış hədəfi aşkar etmək üçün, daha keyfiyyətli maskalanaraq, ərazini səbrlə müşahidə etmək, landşaftın hər bir guşəsinə diqqət etməklə, qarşı tərəfin qüvvə, yaxud atıcılarını axtarmaq lazımdır. Bunun üçün isə diqqətlə təbiətin yaratdığı yaşıllıqların qeyri-adi dəyişməsinə, heyvan və quşların narahatlığına, ağac və kolların titrəyişinə, otluqlarda addım səslərinə, sakit havada qeyri-təbii qoxulara fikir vermək lazımdır.

Bu müddəlar üçün hazırlıq prosesi çox çətin keçir. Məsələn, təlimatçı stolun üstünə müxtəlif çaplı bir neçə güllə, düymələr, tanınma nişanları, komuflyaj parçasının tikəsi, daşlar, bir neçə siqaret və kompas qoyur. Bu əşyalara baxmaq üçün müdavimə bir neçə saniyə vaxt verilir. Bundan sonra isə əşyalar brezent ilə örtülür və parça altında nələrin olduğu soruşulur. Müdavimlərin çox hissəsi bu əşyaların yarısını saya bilir. Bir neçə müdavim isə hamısını sayır. Bu zaman təlimatçı deyir: “Sən güllələrin hansı çapdan olduğunu və sayını, daşların sayını və mənşəyini, siqaretlərin sayını və adlarını, komuflyajda nə qədər ləkə və hansı rəngdə olduğunu, kompasın isə əqrəbinin haranı göstərdiyini demədin”.


Beləliklə uzun zaman görmə, dərketmə, yadda saxlama, fərqləndirmə, təyinetmə, dəqiqləşdirmə, tanıma və s. kimi metodlar təlim və tədris olunur. Bu zaman əşyalar dəyişir və baxış üçün vaxt da azaldılır. Müdavim artıq qısa zamanda əşyaları düzgün və detallı qavrayıb, deyəndən sonra, təlim açıq təbiətdə davam etdirilir. Müdavimə 100 metr ərazidə olan bir hissəyə 3-5 saniyə ərzində baxmaq üçün vaxt verilir. Sonra o geriyə çevrildikdən sonra ərazidə kiçik dəyişiklik edilir. Yenidən geriyə çevrilən və əraziyə baxan müdavim, bu kiçik dəyişiklik haqqında düzgün məlumat verməlidir. Bu sınmış budaq, ərazidə peyda olmuş konserv bankası, tapdanmış və əzilmiş otlar, siqaret tüstüsü, yoxa çıxmış əşya da ola bilər. Sonradan bu məsafə 300 metrədək artırılır. Məhz belə məşğələlər zamanı müşahidə, dərketmə, görmə və təyinetmə keyfiyyətləri artır. Bundan sonra 300-600 metr məsafədə az görünən və zəif tanınan predmetlərdən atəş mövqeləri qurulur. Müdavim qısa dəqiqələr ərzində həmən mövqeləri tapıb yerlərini müəyyən etməlidir. Bu atəş sektoru təmizlənmiş otluq, baş hissəsində budağı qırılaraq, atəş üçün hazırlanmış ağac, meşənin qurtaracağında kölgəli yerdə olan təpə, təzə qazılmış və üstü tələsik otlarla örtülmüş səngər ola bilər.

Bu təlimlər sonradan maşın üzərində hərəkət zamanı aparılır. Müdavim hərəkət zamanı bir sıra təhlükəli yerləri dəqiq tapmalı və onların mənşəyi haqda məlumat verməlidir. Bu zaman hərəkətdə olarkən, qüvvələrin və kolonların qorunması funksiyası təlimdən keçirilmiş olur. Bütün bu kimi nümunələr, snayperlərin psixofiziki durumunun möhkəmləndirilməsi və bədənin bütün resurslarının səfərbər olunması üçün nəzərdə tutulur. Çünki, insanın gündəlik həyatında ona müəyyən miqdarda informasiyanı analiz etmək lazım olur. Bundan qədərcə yüksək informasiya isə insanın əqli və psixi durumuna çətinlik yaradır. Bu çətinlikləri aradan qaldırmaq üçün snayperləri aylarla belə təlim və tədrislərə məruz qoyulurlar. Təlimatçıların gəldiyi qənaətə görə, qulaqları tamam bağlanmış insanlar, qulaqlarını açdığı zaman, təbiətdə olan müxtəlif səsləri daha dəqiq ayırd edə bilirlər. Buna görə də çox hallarda təlimlər qulaqlıqlarla aparılır. Bundan sonra təlimlər poliqonlara keçir. Bu zaman artıq müşahidəçi snayperlərə optik qurğular verilir və 800 metr ərazidə hər millimetri müşahidə edərək, şərti düşmənin qurduğu mövqeni tapmaq, səmtləri müəyyənləşdirmək, hədəfə qədər məsafəni təyin etmək və atəş variantını seçmək tapşırığı verilir. Bundan sonra gecə zamanı qruplara gizli hərəkət edərək, gizli və maskalanmış mövqelər tutmaq və şərti düşməni “məhv” etmək tapşırığı verilir. Şərti düşmən isə ikinci qrup snayperlər olur ki, onlar da eyni tapşırığı alırlar. Səhər açılan zaman birinci şərti düşməni “məhv” edən qrup mükafat, uduzan isə cəza alır. Belə treninqlər hər zaman hərəkət zonasını böyütməklə, 800-100 metrə çatdırılmaqla davam etdirilir.


Snayperlərin audiovizual qavramasını məşq etmək üçün, onları saatlarla uzaqdan tikintidə işləyən fəhlələrə baxmağa məcbur edirlər. Bu zaman fəhlələrin jestləri və dodaqlarının hərəkəti ilə onların nə danışdığını təyin etməli olurlar. Bu həm onların audiovizual və insanın qapalı şəraitdə hərəkətlərinin qavranması üçün vacib amildir.

Əsasən hal-hazırda snayperlər müxtəlif kateqoriyalara bölünür. “Polis” qüvvələrinin snayperləri əsasən tək və cüt fəaliyyət göstərirlər. Bu zaman əgər bir neçə cütlük fəaliyyətdədirsə, onların əməliyyat rəhbəri ilə radioəlaqəsi vacibdir. Sanayperlər sektorlara bölünür, canilər isə operativ məhv üçün nömrələnir. Əməliyyat gedişində rəhbərlik ilk öncə hansı nömrəli caniləri ilk sıradan çıxarmağı təyin edir. Müxtəlif əməliyyatlar zamanı, müxtəlif hadisələr baş verir ki, bunlardan biri də toplu atəş açmaq prinsipidir. Bu zaman rəhbərliyin əmri ilə nömrələnmiş bütün caniləri nişana alaraq, bütün snayperlər eyni zamanda atəş açır. Belə nümunə Fransız GİGN qrupunun snayperləri tərəfindən 1976-cı ildə Cibutidə, məktəbli uşaqların avtobusunu girov götürmüş terrorçulara qarşı işlədilib.

Belə cütlük sistemində “işləmək” xüsusi snayper qrupları üçün də əlverişlidir. Belə ki, snayperlərdən biri “müşahidəçi snayper” adlanır ki, onun da vəzifəsi optik, termal müşahidə cihazları ilə sahəni müşahidə etmək, hədəfi tapmaq, onun uzaqlığını, səmt üzrə maneləri, yanküləklərin şiddətini, hədəfin hərəkət sürətini təyin edərək bu məlumatları toplu halda “atıcı snayeprə” ötürməkdir.


Müəyyən vəziyyətlərdə snayperlər asan görünən ərazidə mövqe tuta bilərlər. Onların qorunması üçün isə xüsusi piyada qoşunlarının atəş qrupları yaradılır ki, əsasən onların vəzifəsi düşməni atəşlə snayperdən uzaqlaşdırmaqdır. Belə tendensiyalar yaşayış məntəqələrində ola bilər ki, bu zaman snayperlər düşmənlə bərabar mülki əhalinin də hücumuna məruz qala bilərlər.

Başqa kateqoriyadan olan ümumqoşun snayperlərinin vəzifəsi isə ümumqoşun döyüşləri zamanı, qoşunların atəş sektorundan uzaqda yerləşən vacib hədəflərdir ki, bu hədəflərin məhvi əks tərəfin qüvvələrində çaşqınlıq, başıpozuqluq və ixtişaş yarada bilər. Bu komandanlıq üzvlərindən tutmuş, dəqiq cihaz və optik qurğular da ola bilir. İkinci Dünya Müharibəsi illərində məhz belə “qeyri-ənənəvi” snayper qrupları vardı ki, onların vəzifəsi əsasən gecə hücumları zamanı, almanların döyüş çölünə işıq salan projektorlarının məhvi idi.


Yaşayış məntəqələrində keçirilən ümumqoşun əməliyyatları zamanı snayperlərin vəzifəsi 3 mərhələyə bölünür: birinci mərhələdə bloklanmış rayona kənar qüvvələrin, sursat daşıyan avtomobillərin, canlı qüvvə qruplarının buraxılmaması, ikinci mərhələdə yaşayış məntəqəsinin içərilərinə doğru hərəkət edərək, atəş nöqtələrinin, komanda mərkəzlərinin sıradan çıxarılması, üçüncü mərhələdə isə, snayperlər piyada qoşunlarının tərkibində olaraq artıq alınmış yaşayış məntəqələrində parakəndə atəş açan düşmən qüvvələri və snayperlərinin məhv edilməsidir.

Dünya savaş praktikasında avtomat silahla silahlanmış döyüşçü, bir döyüşdə 1000-5000 güllə israf edir ki, onun da vurduğu hədəf, heç də bu qədər güllənin sayına yaxın deyil. Buna görə də snayperlər əsasən sursat qoruyucuları kimi qəbul edilir. Gəlin razılaşaq ki, bir güllədən hədəfi vurmaq anlayışı uzun zaman avtomatik atəş açmaqdan və bu zaman heç bir hədəfi məhv etməməkdən daha qiymətlidir.


ABŞ-ın Vyetnam müharibəsi zamanı, snayper hazırlığına vaxtı olmadığı dövrdə, Amerikanın şimal-qərbindən maralları, dovşanları fasiləsiz ovlayan fermer gənclərini, məhz snayper olmağa çağırırdılar. Atəş kurslarını 5 həftəlik hazırlıq, xəritə öyrənmə, səmtlərin təyin edilməsi, aerofotoçəkilişlərin oxunması, kompasdan və komuflyajdan istifadə, snayper mövqelərinin qurulması və az miqdarda uzaq məsafəyə əhatə edirdi. Yeni qəbul olunanlara təbiətdə rast gəlinən bir çox halların təyin olunması kimi hərbi hiylələr də öyrədilirdi. Məsələn, snayperi gecə tam qaranlıqda yaxından gələn addım səslərinə qulaq asmağa məcbur edirdilər. Bu zaman snayper keçənlərin neçə nəfər və yorğun olub-olmadıqlarını təyin etməli idi. Əsasən döyüş çölündə onları heç kim sevmirdi. Adi dəniz piyadası onlardan hörmətli idi. Çünki dəniz piyadası bir atəşə görə saatlarla tərpənmədən uzanmağı və gözləməyi qəbul etmirdi. Bunun əvəzinə sıx atəş açıb, tez-tez silahın darağını dəyişmək daha bəyənilən qəhrəmanlıq kimi qəbul olunurdu. Snayperlərə isə çox vaxt daha qəddar adamlar kimi baxırdılar. Onlara, “Sən etdiyin günahın nə dərəcədə ağır olduğunu anlamalısan, biz döyüşürük, sən isə sadəcə insanları öldürürsən” deyirdilər. Lakin sonrakı döyüşlərin praktikası göstərdi ki, ağaclarda, kolluqlarda, bunkerlərdə gizlənmiş vyetkonq əsgərlərini kütləvi atəşlə məhv etmək mümkün deyil. Bunun üçün snayperlərə daha böyük ehtiyac var.

(Ardı var...)
Hərbi eskpert Abuzər Əbilov
Yazı Ordu.az-a məxsusdur
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU
Vəfat edən hərbçimiz Naxçıvanda dəfn olundu - Fotolar
Hərbi xidmətlə bağlı MÜHÜM AÇIQLAMA

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu