Qaynar xətt:

(+99450) 247 90 86

"Uşaqlar, düşməni heç bir səs-küy salmadan, yalnız bıçaqla aradan götürməlisiniz"  —  "Aprel Döyüşləri"ndən xatirələr 

HƏRBİ

710

07.04.2025, 20:40

Zəfər dolu dörd gün

                                                                     (Oçerk)

                                             Bu oçerki Aprel döyüşlərində torpaqlarımızın geri                    

                                              qaytarılması uğrunda şəhid olmuş Milli Ordunun əsgərləri 

                                            və XTD-nin cəsur üzvlərinin əziz xatirəsinə ithaf olunur.

Mart ayının sonlarında kəşfiyyatçılarımız mühüm bir məlumat gətirdilər: düşmən Tərtər rayonu istiqamətində genişmiqyaslı təxribat planı hazırlayır. Düşmənin planı belə idi: qabaqcadan, gizlicə erməni “sapyorlar”ı tərəfindən eni bir tank keçidi olan ərazidə minalanmış sahəni təmizləmək,  hərbi texnika ilə sürətlə hücuma keçib, rayon mərkəzini darmadağın etmək, Azərbaycanda çoxlu əsgər və dinc sakini  məhv etmək və yenidən əvvəlki mövqelərinə qayıtmaq. Düşmənin bu planı 1992-ci ildə törətdiyi Xocalı ssenarisinə bənzəyirdi. 

       Təbii ki ermənilərin belə bir təxribat törətmələrinə heç cür yol vermək olmazdı! Ona görə də bu məlumatın nə dərəcədə həqiqətə uyğun olduğu müxtəlif mənbələr vasitəsilə bir də yoxlanıldı. Kəşfiyyatçılarımız haqlı çıxdı.  Elə ona görə də ermənilərin  növbəti  təxribatının qarşısını almaq üçün təcili surətdə əks-həmlə planı hazırlandı. Artıq səbr kasası dolub-daşan Azərbaycan Ordusunun düşmənə öz qüdrətini və Azərbaycan əsgərinin nəyə qadir olduğunu nümayiş etdirmək vaxtı çatmışdı.     

       Müəyyən qüvvələr  əməliyyatın əleyhinə olsalar da Azərbaycan Ordusu bu planı həyata keçirilməsini qəti şəkildə irəli sürdü.  Artıq sərhədyanı  hərbi hissələr döyüş hazırlığı vəziyyətinə gətirilmişdi. Toplar  düşmən mövqelərinə tərəf tuşlanmışdı. Topçulara qabaqcadan koordinatlar verilmişdi. Tanklar və piyada dəstələri də  hücum əmrini gözləyirdi. Piyada döyüşçülərimizə havadan da dəstək olacaqdı...

                                                               ***

       Aprelin ikisinə keçən gecə təxminən altımışa yaxın cəsur Azərbaycan əsgəri  kəşfiyyatın nişan verdiyi yerdən düşmənin möhkəmləndiyi mövqeni keçdi. Hər şey zərgər dəqiqliyi ilə yerinə yetirilməli idi.  Belə ki  xüsusi təyinatlı dəstə kəşfiyyatçıların  minalanmış sahədən çəkdiyi ip üzrə hərəkət etməliydi. İpdən azacıq kənara çıxmaq isə ölüm demək idi. Düşmən hər tərəfi minalamışdı.  Ona  görə də dəstə çox dəqiq və ehtiyatla hərəkət edərək düşmənin birinci postunu keçdi. Dəstə üç qrupa bölünmüşdü. Hər qrupun qarşısında xüsusi tapşırıq qoyulmuşdu. Arxadan gələn üçüncü qrup isə düşmənin rabitə əlaqəsini kəsməliydi.  Bu  qrup həm də postda dayanan düşməni  məhv etməməliydi. Tapşırıq beləydi. Bununla da Talış kəndinə gedən yol düşməndən təmizlənməliydi... 

       Nəhayət ki, birinci qrup ikinci posta gəlib çatdı. Dəstə artıq xeyli məsafədə düşmən mövqeyinin içərisinə  daxil olmuşdu. Kəndə isə hələ iki kilometr məsafə var idi. Gecə saat 4-ə işləyirdi. Birinci dəstənin komandiri mayor Samid İmanov digər qruplarla Talış kəndində görüşəcəyini qərarlaşdırmışdı. Beləcə oOnlar səssiscə gəlib ikinci posta yaxınlaşdılar. Dəqiq müşahidə nəticəsində bəlli oldu ki, postda altı erməni əsgəri keşik çəkir. Onlardan ikisi “dot”da qoyulmuş pulemyotun yanında, ikisi postun arxa tərəfində, ikisi də postun daxilində idi. 

       Komandir döyüşçülərindən üç nəfər seçib onlara belə bir təlimat verdi: 

-     Uşaqlar, düşməni heç bir səs-küy salmadan,  yalnız bıçaqla aradan götürməlisiniz. Zəruri halda isə, səssiz tapançadan istifadə edin. 

       Sıravi əsgər Tərlan dedi:

-     Cənab komandir, siz narahat olmayın. Biz onları elə aradan götürəcəyik ki, heç səslərini çıxarmağa imkan tapa bilməyəcəklər, gözlərini bir də cəhənnəmdə açacaqlar!

        Mayor əsgərin sözündən xoşhallanıb gülümsədi: 

 -      Elə isə sizə uğur olsun! 

        Tərlangil əvvəlcə postun arxasındakı əsgərləri  aradan götürmək qərarını verdilər. Erməni əsgərlərinin heç səsi də çıxmadı.  Sonra  ildırım sürətilə postun içinə tullanaraq oradakı əsgərləri də öldürdülər. İndi qalırdı  “dot”dakı əsgərlər.  Ora girmək isə çox da asan deyildi. Belə ki  oranın giriş qapısının açılması üçün parolu  bilmək  gərək idi. Parolu isə öldürdükləri əsgərlərdən öyrənməliydilər. Yeganə çıxış yolu  düşməni səssiz tapançayla aradan götürmək idi.  Buna imkan isə ancaq beton istehkamın  qarşısındakı kiçik baxış pəncərəsindəndi. Onların üzləri “pəncərə”də görünən kimi atəş açılmalıydı.  Buna görə də “dot”un qabağında hansısa bir səs, xışıltı yaratmaq lazım idi. Tərlan fəaliyyətə başladı. O, bir odun  parçası götürüb, beton istehkamının qarşısına  tulladı.  Bu zaman hər iki əsgərin başı baxış pəncərəsindən göründü.  Və eyni andaca iki atəş açıldı. Görünən  iki baş bir-birinə pərçim olub daşa döndü... 

         Ətraf ölüm sükutuna bürünmüşdü. Dəstə artıq öz missiyasını yerinə yetirərək kəndə tərəf istiqamət götürdü...

Sübh çağı xüsusi təyinatlı dəstənin üzvləri isə artıq kənddəydilər. Komandirin göstərişiylə döyüşçülərin hamısı maska taxmışdı. Onlar kənd sakinləri ilə  ünsiyyətdə olmamalıydılar. Əsas məqsəd erməni xüsusi təyinatlılarının və  ətrafda yerləşən hərbi texnikanın yerini öyrənmək idi. Səhər yuxudan ayılan kənd sakinləri maskalıları görüb  təəccübləndilər. Amma çoxu elə bilirdi ki, erməni əsgərləri yenə hərbi təlim keçirlər. Komandirə məlumat çatdı ki, on nəfərə yaxın erməni hərbçisi kəndin qurtaracağında yerləşən qəbiristanlığın yanındakı evdə cəmləşib. Komandir əmr verdi ki, həmin dəstə təcili məhv edilməli, sonra da hərbi texnikanın yeri öyrənilməlidir. Bir saatdan sonra həmin evdəki  erməni əsgərləri  məhv edildi.  Bizimkilər oradan bir xəritə tapmışdılar. Həmin xəritədə Tərtər  rayonu qırmızı dairəyə alınmışdı. “Demək, kəşfiyyatımızın məlumatı düzgünmüş. Alçaqlar növbəti çirkin plan hazırlayırlarmış”, - mayor İmanov düşündü. - özləri kimi bu çirkin planları öz başalarında sındı”.

Günortaya yaxın ikinci dəstədən xəbər gəldi ki, düşmənin tank və piyada əsgərləri artıq kəndə yaxınlaşır. “Deməli, ermənilər bizim kənddə olduğumuzdan artıq xəbər tutub. Bu, necə ola bilər? Onlar bu tezliklə xəbər tutmamalıydılar!” -  mayor İmanov təəccübünü gizlədə bilməyərək  düşündü. 

Komandir əsgərlərə kənddə mövqe tutmağı tapşırdı. Çünki onun qənaətinə görə, tanklar kəndə girə bilməzdi. Kəndə ancaq ermənilərin xüsusi təyinatlıları və piyada əsgərləri daxil ola bilərdi. Bu da bizimkilərə döyüşmək üçün sərf edirdi. Amma vəziyyət gözlənilən kimi olmadı. Düşmən tankları sırayla gəlib kəndin girişində dayandılar və atəşə başladılar. “Adə, bu qansızlar nə edir?! Bunlar kənd sakinlərini qırmaq istəyirlər?! Vay, sizi şərəfsizlər!”, - deyə Tərlanın gur səsi eşidildi. 

Komandir əmr etdi: “İgid qartallarım,  artıq düşmənə kim olduğumuzu sübut etmək vaxtıdır. Biz  Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərməliyik.  Siz bu gün göstərəcəyiniz şücaətinizlə yeni  tarix yazacaqsınız.  Qoy Allah bizə düşməni məhv etməkdə güc-qüvvət versin!” Əsgərlər bir ağızdan: “Amin!” deyib gözləmə mövqeyi seçdilər...

Tankların atdığı mərmilərdən yer-göy lərzəyə gəlirdi. Evlər bir anda yerlə-yeksan olmuşdu. İnsan qışqırtısı partlayan mərmi səslərinə qarışmışdı. Kənd sakinləri hara qaçacaqları səmti belə  unutmuşdular. Çünki top və tanklardan atılan mərmilər kəndi başına götürmüşdü. Dəhşətli mənzərə Kərbəla müsibətini xatırladırdı.

       Mayorun dəstəsi isə  münasib döyüş mövqeyi seçmişdi. Kəndə tərəf irəliləyən düşmənin canlı qüvvəsi xeyli təlafat versə də, geri çəkilmək fikrində deyildi. Bu vaxt birinci və ikinci dəstədən on nəfərə yaxın  əsgər də arxa tərəfdən mayor İmanovun dəstəsinə qoşuldu.

-     Bəs digər uşaqlar hanı? - deyə komandir həyəcanla soruşdu.

      Əsgərlər əvvəlcə susdular. Sonra Zakir adlı əsgər astadan, az qala eşidilməyən tərzdə cavab verdi: 

-     Komandir, qalanlar elə təkcə bizik. Digərlərindən xəbərimiz yoxdur.

      Komandirin gözlərindəki ümid işartısı öləzilədi. Elə bu andaca  səmada iki döyüş vertolyotu göründü və onlar fasiləsiz olaraq düşmən tanklarını  raket atəşinə tutdular. Düşmən tanklarından üçü alışıb yanmağa başladı. 

-    Uşaqlar, eşq olsun, afərin! Bizim vertolyotlardır! Bizə köməyə gəliblər! Sizə dedim axı, bizimkilər köməyə gələcəklər!  - deyə komandir ucadan sevinclə qışqırdı. 

      Sonra əlavə elədi:

-    Bizimkilər hücuma keçib. Bu əclaflara aman verməyin! Yetər əsəblərimizlə oynadılar. Bu döyüşdə məkrli qonşularımıza gücümüzü göstərməliyik! 

      Düşmən tanklarının alovlandığını görən döyüşçülərimiz daha da ruhlandılar. Onlar yaxınlaşmaqda olan düşmən əsgərlərini bir-bir  toyuq kimi dənləyirdilər. Snayper Kamran daha fəal idi. O, bacardıqca düşmənin qara beretli xüsusi təyinatlılarını aradan götürməyə çalışır, istəyinə də nail olurdu. Bu zaman lap yaxınlıqda bir mərmi partladı. Sonra da qışqırıq, fəryad, inilti səsləri ətrafa yayıldı.  Tərlan sürünə -sürünə səs gələn tərəfə getdi. Vaqiflə Qabil qan içində uzanıb qalmışdı. Mərmi hər ikisinin bədənini dəlik-deşik eləmişdi. Qabil elə yerindəcə keçinmiş, artıq əbədiyyətə qovuşmuş,  müqəddəs  şəhidlik zirvəsinə ucalmışdı...

       Vaqif isə qırıq-qırıq, güclə eşidiləcək səslə ancaq bunları deyə bildi: “Tərlan, mən düşməndən istədiyim qısası ala bilmədim. Bu, mənim özümə qismət olmadı. Sənsə söz ver ki, bu bədxah qonşularımızdan mənim də intiqamımı alacaqsan...”

         Şiddətli döyüş axşama kimi davam etdi. Kənd sakinləri ara azacıq sakitləşən kimi, evlərini tərk edib, qaçırdılar. Erməni tanklarının atdığı mərmilərdən çoxlu ev dağılmışdı, camaat arasında xeyli tələfat  vardı.  Düşmənin piyada və xüsusi təyinatlı dəstələri kəndi mühasirə vəziyyətində saxlamağa çalışırdılar. Onların istəkləri bu idi ki,  Azərbaycanın xüsusi təyinatlı dəstəsinin üzvlərini əsir götürsünlər.  Onu da yaxşı bilirdilər ki, xüsusi təyinatlılarımız heç vaxt əsir düşmürlər. Ermənilər axşam kəndə girməyə cəsarət etmədilər. Başa düşürdülər ki, kəndə girsələr, cəzalarını alacaqlar, burunları ovulacaq - özləri xeyli itki verəcəklər. 

 Axşamtərəfi komandir qalan  döyüşçüləri bir yerə yığıb, tapşırıq verdi: “Uşaqlar, sübh tezdən üç kiçik qrupa bölünüb, düşmənə amçan verməməliyik.  Bilirsiniz ki, biz hazırda döyüş mövqelərimizdən təxminən dörd-beş kilometr düşmən mövqeyinin içərisindəyik. Amma  narahat olmağa da hacət yoxdur. Bizimkilər Tərtər - Ağdərə və Xocavənd - Füzuli istiqamətində bütün cəbhəboyu hücuma keçiblər. Bu saat düşmən böyük vahimə içindədir. Yaxşı məqamdır - onlar özlərinə gəlməmiş biz mühasirədən çıxmalıyıq. Bilirəm, iki gündür yuxusuzsunuz, acsınız. Onu da bilməlisiniz ki, bu döyüş əməliyyatından çox şey asılıdır. Bu döyüşdən sonra biz erməniləri məcburən danışıqlar masası arxasına əyləşdirəcəyik. Bu əməliyyat sabahkı sülhün taleyini həll edəcək! Ermənilər anlamalıdır ki, bizimlə zor dilində danışmaq olmaz. Bu torpaq əcdadlarımızın bizə miras qoyub getdiyi müqəddəs əmanətdir, onu qanımız bahasına qorumalı, əcdadlarımızın ruhunu sevindirməliyik! Kifayətdir iki əsr torpaqlarımızı yağmaladıqları! Biz bu əmanətə sahib çıxmalıyıq ki, gələcək nəsillər qarşısında üzüqara olmayaq.  Allah yardımçımız olsun! Allah-təala bizi bu sınaqda, bu ölüm-dirim savaşında utandırmasın! Hə, uşaqlar, sabahkı qəzamız mübarək olsun!”

-     Qəzamız mübarək olsun! - deyə  döyüşçülər də bir ağızdan səsləndilər. 

       Komandir döyüşçülərinə onuda  tapşırdı ki, sabaha qədər kimsə gözünü qırpmasın...

       Aprelin 3-də sübhçağı, komandirin dediyi kimi, üç kiçik qrupla kəndin üç istiqamətindən düşmən mühasirəsini yarmaq üçün hərəkətə keçdi. Komandir uşaqlara göstəriş verdi ki, əsas istiqamət meşə olmalıdır.

      Ermənilər artıq ikinci postlarını bərpa etmişdilər. Postda əsgərlərinin sayını artırmışdılar. Əsas canlı qüvvəni isə meşə ətrafına cəmləşdirmişdilər. Mayor  Tərlanın dediyi istiqaməti qəbul etmədi. O, qrupa meşəyə doğru hərəkət etmək əmrini verdi. Amma  birlikdə deyil, üç-üç olmaqla ayrı-ayrı qruplarda meşəyə doğru istiqamət götürdülər. Onlar kənddən yenicə aralanmışdılar ki, arxalarıyca güllələr yağmağa başladı. Azca aralı bir neçə minomyot mərmisi də partladı. Qəlpələrdən biri Sərxanın sol qolunu siyirdi. Əsgərlər  nəfəslərini dərmədən qaçırdılar ki, mümkün qədər meşəyə tez girsinlər. Çünki  ermənilərin xüsusi təyinatlı dəstəsi onları izləyirdi. Meşəyə girər-girməz  düşmən snayperi Şahini arxadan vurdu. O, elə yerindəcə keçindi. Bir az keçməmişdi ki,  Teymur düşmən gülləsinə tuş gəldi.  

-    Komandir, belə getsə, ermənilər hamımızı birər-birər dənləyəcəklər. Qaçmaqla  biz onların hədəfinə daha sərrast tuş gəlirik. Gəlin, ağacların arxasında özümüzə mövqe tutaq və onları ləngidək. Bunula da  digər yoldaşlarımızın uzaqlaşmaları üçün imkan yaranar, - deyə Tərlan komandirə  məsləhət verdi.     

-    Yaxşı, bu dəfə sən deyən olsun, - mayor döyüşçünün fikriylə razılaşdı. 

      Sonra  üzünü Kamrana tutdu: 

-     Kamran, indi sən  öz şücaətini göstər.

 -   Oldu, komandir! -  Kamran cəld böyük bir ağacın arxasında özünə mövqe seçdi. Digər əsgərlər də  düşməni qarşılamaq üçün silahlarını hazır vəziyyətə gətirdilər. Ermənilər görününcə Kamranın snayperi işə düşdü. On dəqiqə  ərzində  Kamran altı erməni gəbərtdi. Tərlan da sərrast atəşlə dörd erməni döyüşçüsünü  cəhənnəmə vasil elədi. Lakin düşmən qüvvələri getdikcə çoxalırdı. Məqsədləri Azərbaycan əsgərlərini mühasirəyə alıb, əsir götürmək idi. 

       Kamran:

-     Cənab  komandir, siz uşaqları da götürün, gedin. Mən onları gecikdirərəm. O vaxta qədər siz də düşmənlərdən bir xeyli uzaqlaşmış olarsınız.

-     Bəs sonra necə edəcəksən, Kamran?

-     Mənə görə narahat olmayın,  cənab komandir. Mən arxadan gəlib sizə çataram!

-    Yox,  belə olmaz! Gediriksə, birlikdə gedək. Səni burada tək qoymarıq,  - deyə komandir Kamrana etiraz etdi.

-     Cənab komandir, gedin, yoxsa burada hamımız həlak olarıq. Siz getsəniz, yoldaşlarımızı da xilas edərsiniz.  Söz verirəm ki, arxadan gəlib sizə çatacağam, - deyə Kamran az qala yalvaracaqdı. 

-   Yaxşı, biz gedirik, ancaq səni meşənin çıxacağında gözləyəcəyik. Allah səni qorusun! - komandir razılaşdı.

       Əsgərlər meşənin içiylə qaçmağa üz tutdular. Onlar iyirmi dəqiqədən sonra meşənin qurtaracağına gedib çıxdılar. Oturub azca dinclərini aldılar. Komandir: “Burada Kamranı gözləyək”, - dedi... 

       Meşədən fasilələrlə atışma səsi gəlirdi. Bir azdan sükut çökdü. Amma  ermənilərin qarşıdakı döyüş mövqelərində mərmi səslərinin arası kəsilmirdi.

-    Cənab komandir, getmək vaxtıdır. Deyəsən,  bizə kömək gəlməyəcək, -  deyə Tərlan bu dəfə də öz məsləhətini verdi. 

-    Necə gedək?! Bəs Kamran? - Komandir sərt baxışla Tərlanı süzdü.

-   Cənab komandir, o  gəlməyəcək. - Tərlan məyus halda başını aşağı dikdi. - Mən onu yaxşı tanıyıram.  Son nəfəsinə kimi düşmənlə vuruşmasa, əl çəkən deyil.

-  Ola bilməz! Söz verdi ki, gəlib bizə çatacaq. -  Komandir dolmuş gözlərini əsgərlərdən gizlətmək üçün üzünü yana çevirdi.

-  Biz tələsməliyik, əks halda düşmən  hər an bizi haqlaya bilər, - Tərlan yenə komandiri tələsdirdi.

-   Yaxşı, gedirik. - Komandir razılaşdı. 

      Onlar təzəcə ayağa qalxmışdılar ki, arxadan düşmən snayperindən atılan güllə komandirin qıçını haqladı.  Onun diz  sümüyü az qala bayıra çıxacaqdı. Tərlan tez komandiri yerə uzandırdı, qan çox axmasın deyə, dizdən yuxarı hissəsini bel kəməriylə möhkəmcə bağladı.

-   Demək, mənimki bura qədərmiş. - Komandir dərindən köks ötürdü. - Tərlan, uşaqları da götürüb, gedin. Qarşıdan sizə hökmən kömək gələcək!

-    Xeyr, cənab komandir,  sizi burada  qoyub gedə bilmərik. - Tərlan cavabında dedi.

 -   Tərlan haqlıdır. Biz sizi burada necə qoyub gedə bilərik? - Bunu da bir ağızdan döyüşçülər təkarladılar. 

-   Sizə əmr edirəm,  gedin! Məni apara bilməzsiniz. Sizə ancaq artıq yük ola bilərəm. Məni burada yaxşıca gizlədin ki, ermənilər görə bilməsin. Sonra gəlib  apararsınız. İndi gedin. Verilən əmri icra edin! Tərlan, uşaqlar sənə əmanət, onları qoru! - Komandir mülayim tərzdə dilləndi.

      Əsgərlər vaxt itirmədən komandiri böyük bir kolluğa  gətirib, üstünü yarpaqlı budaqlarla örtdülər. Tərlan üzünü uşaqlara tutdu:

 -    Uşaqlar, bundan sonra komandanlıq məndədir. Nə desəm, onu yerinə yetirəcəksiniz!

-     Oldu, cənab komandir! - uşaqlar bir ağızdan səsləndilər.

       Onlar Tərlanın göstərişiylə ermənilərin ikinci postuna tərəf addımlayırdılar. Posta yaxınlaşanda, Tərlan dedi ki, axşamın düşməsini gözləməliyik. Çünki posta gündüz hücum etsələr,  itkiləri çox ola bilər. Odur ki, axşamın düşməsini gözlədilər.  

        Düşmən postunda əsgərlər çox idi. Onlarsa cəmi  dörd nəfərdi. Artıq üçüncü gündü ki, ac idilər. Taqətdən düşmüşdülər. Əməliyyatın bu qədər uzun çəkəcəyini gözləmədiklərinə görə özləriylə  azuqə  götürməmişdilər. Silah-sursat da tükənmək üzrəydi. Tərlan axşamkı hücumda ancaq əl qumbaralarından istifadə etməyi tapşırdı. 

       Əsgərlər arxası üstə uzanıb açıq səmaya baxırdılar. Tərlan bir anlığa da olsa xəyalən doğulub,  boya-başa çatdığı kəndi  gəzib-dolaşırdı... Ailələri böyük idi. Çətinliklə dolanırdılar. Anası toyuq bişirəndə, Tərlanın bu toyuqdan nəsibi yalnız  bir qanadı olardı. Qardaşlarının ikisi onun  kimi Milli Ordu sıralarında xidməti müddəti başa çatdıqdan sonra könüllü xidmət edirdi. İki qardaşı isə məktəbliydi. Bacısının biri ailə qurmuş,  digər nişanlı bacısı isə evdə anasına kömək edirdi. Qonşuların evlərinə baxanda, onlarınkı müasir daxmaya bənzəyirdi.  Amma bir çətən külfət üçün darısqallıq  idi...  Xəyalı onu bir az da çəkib lap uzaqlara - orta məktəb illərinə apardı; yaxşı yadındadır,  yeddinci sinifdə onunla atası icra hakimiyyətində məsul vəzifədə işləyən Ramal adında oğlan da oxuyurdu. Məktəbdə uşaqlara göz verib, işıq vermirdi.  Yetənə yetir, yetməyənə bir daş atırdı. Kür topuğundan idi, Araz  aşığından. Deyirdi burda mənəm, Bağdadda kor xəlifə. Nə qanırdı, nə də qandırırdı. Atasına görə də  heç kim Ramala qaşın altda gözün var deməyə cürət etmirdi. O da istədiyi uşağı döyür, təhqir edir, yoldaşlarının gözləri qabağında  alçaltmaqdan zövq alırdı.  Ramal məktəbdə təkcə Tərlandan çəkinirdi. Bir dəfə o, Tərlanı da başqalarıtək  təhqir  etmək  istəmişdi.  O zaman: “Ramal, məni başqalarıyla səhv salma.  Sənə elə bir toy tutaram ki, ömrün boyu unuda bilməzsən!”  - demişdi Tərlan. Ramal isə belə cavab vermişdi: 

-   Tərlan, özünü  niyə bu qədər dartırsan?  Niyə göynən gedirsən? Elə bil Allahın bacısı oğlusan.  Buna yalnız mənim haqqım çatır. Çünki dərslərimi yaxşı oxuyuram. Sən isə  dərslərdən çox zəifsən.  Gələcəkdə səndən heç nə çıxmayacaq.  Avaranın birisi olacaqsan. Mən isə ali məktəbi bitirib, tanınmış biznesmen olacağam. Bax, o  zaman gəlib əlimi sıxaraq məndən yardım istəyəcəksən.

        Tərlan isə Ramalın sözlərindən bərk əsəbiləşərək:

-    Mən ölərəm,  ancaq sənin kimi şərəfsizə heç vaxt əl açmaram. Bir də ki  kim-kimin ayağına gələcək, bunu zaman göstərər. - demişdi.

-    Görürəm, böyük adam olmaq iddiasındasan.  General-zad olarsan e..., birdən, - Ramal yenə də onu sancmışdı.  

-     Bəli, mən elə məhz general olacam... O zaman hamınız  mənə həsəd aparacaqsınız. Hamınız mənə deyəcəksiniz ki, Tərlan, sən bizim fəxrimizsən. Biz, bütün kənd, rayon,  el-oba, xalqımız səninlə qürur duyur!

       Ramal Tərlanın bu sözlərinə bir xeyli gülüb demişdi:

-    Generala bax ha! Tərlan,  Allah səni güldürsün. Bu gündən sonra adın general qaldı. Uşaqlar, bundan sonra Tərlanı general, - deyə çağıracaqsınız, eşitdinizmi?

      Yaxınlıqdakı xışıltı səsi Tərlanı şirin xəyallardan ayırdı. Tərlan yoldaşlarına əl işarəsiylə “hazır olun!” göstərişini verdi. Amma gələnlər özümüzkülərdən idi - ikinci dəstədən. Üç nəfər  idi. Onların sözlərinə görə, dəstənin digər üzvləri düşmən cəbhəsini şərq istiqamətdən yarıb keçməliydilər...

       Artıq vaxtdı. Tərlan posta iki tərəfdən - şimal və qərb istiqamətindən hücum etmək barədə göstəriş verdi. Onun işarəsiylə postun hər iki tərəfindən əl qumbaraları erməni əsgərlərinin üzərinə yağdırılmağa başladı. Bir-birinin ardınca dörd partlayış oldu. Ermənilərin qışqırtısı eşidildi. Uşaqlar onlara avtomat silahlarından atəş açmağa belə macal vermədilər... Nəhayət, Tərlangil posta daxil oldu. O gecə Azərbaycanın Milli Ordusunun əsgərləri on bir erməni silahlısını məhv etdilər.  Əsgərlər ac olduqlarından ilk növbədə,  yemək axtardılar. “Tuşonka”  ələ keçirib yeməyə başladılar. Lakin az keçmişdi ki, post atəşə tutuldu.  Ermənilər postdakı partlayışın səsini eşidiblərmiş. Tərlangilin silah-sursatı qurtardığından öldürdükləri erməni əsgərlərinin silahlarından istifadə etməyə başladılar. Güclü atışma başladı. Əsgərlərimizin güllələri tükəndi. Tərlan postun içini axtarmağa başladı və üç yeşik əl qumbarası aşkar etdi. Amma qumbaraların “zapal”ları yox idi. 

       Nəhayət, xeyli axtarışdan sonra “zapal”ları böyük “tuşonka”ların içindən tapdılar.

       Tərlan əsgərlərə göstəriş verdi:

-   Uşaqlar, cəld “zapal”ları  bir-bir qumbaralara bağlayıb mənə verin. Ermənilər artıq yaxındadırlar. Tez olun!

       Tərlan hazır qumbaraları bir-bir əsgərlərdən alıb, “Ya Allah!” - deyərək erməni əsgərlərinə tərəf  tullayırdı. O, bütövlükdə  ermənilərə doxsana yaxın qumbara atdı.  Əməliyyat bir saatdan çox  davam etdi. Teymur və Elnur isə ağır yaralanmışdı. “Dözün, tezliklə bizə kömək gələcək!” - deyə vəziyyəti ağır olan yaralıları yoldaşları sakitləşdirməyə, onlara ümid verməyə çalışırdılar.  Ermənilər tərfdən isə  bir neçə dəqiqə atəş səsi  gəlmədi. Əsgərlər təəccüb içindəydilər. “Görəsən, onlara nə oldu belə, səsləri kəsildi?” -  Tərlan yoldaşlarından soruşdu. 

      Sərxan ucadan gülüb dedi:

-    Nə olacaq?  Hamısını gəbərtdin də!..

-  Ola bilməz. Yəni deyirsən, bizə hücum edənlərin hamısı öldü?! - Tərlan  təəccübünü gizlətmədi.  

-   Yəqin ki ölənlər ölüb, sağ qalanlar da qorxub aradan çıxıblar. Qoy, bir baxıb görüm ki, bu əclaflar  hara yox oldular. Bəlkə səhərin açılmasını gözləyirlər? - Sərxan başını azacıq səngərdən yuxarı çıxartdı.

-    Başını səngərdən çıxarma, Sərxan!  Erməni snayper vura bilər! - Tərlan  Sərxanın qıçından tutub dartdı.

      Aprelin 4-ü idi. Kapitan Məmmədov on döyüşçü ilə onlara köməyə gəlmişdi. O, səngərin ətrafında ölmüş erməni əsgərlərini Tərlana göstərərək soruşdu:

-    Bunlar sizin işinizdir?! Halal olsun! Sizin hər biriniz  əsl qəhrəmansınız! Sizin kimi oğullarla fəxr edir, qürur duyuruq! Bu dəfə ermənilərin dərsini yaxşıca vermisiniz! Düzü, sizin sağ olmağınızı bilmirdik. Bizə məlumat verdilər ki, hamınız şəhid olmusunuz. Bizi bağışlayın ki, vaxtında sizə köməyə gələ bilmədik. Amma sizə sevindirici xəbərlərim var.  Milli Ordumuz Xocavənd-Füzuli istiqamətində də böyük qələbə qazanıb. Belə ki  uzun müddətdən bəri ermənilər tərəfindən işğal edilmiş, mühüm strateji əhəmiyyətə malik olan, düşmən işğalı altında öz xilaskarlarını gözləyən  Lələtəpə yüksəkliyi azad olunub. İndi həmin yüksəklikdə  Azərbaycan bayrağı dalğalanır.

Bundan sonra qabaqda kapitan Məmmədov, arxasınca da digər əsgərlər dünən axşam döyüşdə  məhv edilmiş erməni əsgərlərinin meyitlərinə baxmağa getdilər. Onlar əlli səkkiz erməni meyiti saydılar.

-    Cənab  kapitan, gördüyünüz erməni meyitlərinin  hamısını axşam Tərlan əl qumbaralarıyla gəbərdib - deyə döyüşçülər bir ağızdan dilləndilər.

-  Yox, əzizlərim, elə deməyin, sizsiz mən nə edə bilərdim? Həqiqətən siz bu axşam böyük şücaət göstərdiniz! - deyə Tərlan döyüşçü dostlarının hünərini yerə vurmaq  istəmədi. Sonra əlavə elədi.  - cənab kapitan, onu da deyim ki, biz mayor İmanovu ağır yaralı halda meşədə, kolluqda gizlətmişik. Onu təcili xilas etmək lazımdır.

-  Siz narahat olmayın, mayoru ordan çıxaracağıq, - kapitan Tərlanı sakitləşdirdi. Sonra o, ratsiyanı açaraq fərəhlə məlumat verməyə başladı:“Cənab rəis, siz məndən qəhrəman adı istəyirdiniz. İndi buyurun  sizə əsl qəhrəmanın adını söyləyim. Yazın, sıravi əsgər Tərlan Arif oğlu Zahidov. O, təkbaşına 60 erməni əsgərini məhv edib.  Mən bunun şəxsən şahidiyəm.”

-    Bəli, cənab kapitan, axşamkı döyüşün  əsl qəhrəmanı Tərlandır! - döyüşçülər bu dəfə də bir ağızdan kapitanın dediklərini təsdiqlədilər.

-   Bu, hamımızın qələbəsidir, əzizlərim. Bunu tək mənim adıma yazmaq böyük ədalətsizlik olar. Bu, bütünlüklə Azərbaycan əsgərinin zəfəridir. Biz bu döyüşdə erməniləri yerində oturtduq. Bundan sonra çətin ki onlar bir daha təxribata əl atsınlar. Cənab kapitan, bəs əsgərlərimiz arxamızca niyə hücuma keçmədilər? İki gündən çox gözlədik. Buna çox təəccüb etdik, lap məəttəl qalmışdıq bu işə.

-   Oğul, elə şeylər var ki, bizim imkanımız xaricindədər. Əlbəttə, biz bu sürətlə hərəkət etsəydik, bir həftənin içərisində bütün Qarabağı işğaldan azad edərdik. Amma nə edəsən ki, böyük güc dövlətləri,  bütün beynəlxalq təşkilatlar bizə torpaqlarımızı döyüş yoluyla azad etməyə imkan vermirlər. Çünki məsələni döyüş yolu ilə həll etməli olsaq, erməni tərəfi məğlub olub, çoxlu sayda itkiyə məruz qalacaq. Onlar məsələnin dinc yolla  həll olunmasını istəyirlər. Sülh danışıqlarını da hər dəfə erməni tərəfi təxribat törətməklə pozur. İpə-sapa yatmır. Nəyin bahasına olur-olsun, məsələni uzadır, beynəlxalq təşkilatların qərarlarını qulaqardına vurur, xarici havadarlarının yedəyində gedərək, sülh haqqında müxtəlif qərarlardan vaz keçir. Amma hər şeyin də bir həddi var, səbr kasasının dolub-daşması mqamı gələndə, onun qarşısını heç cür almaq mümkün olmur. Ölkə başçısı da dəfələrlə vurğulayıb ki, ermənilər qeyd-şərtsiz torpaqlarımızdan çıxmasalar, biz başqa vasitələrə əl atmağa məcbur olacağıq. Nə edəsən ki düşmən hələ də torpaqlarımızda at oynadır. Orası da bəllidir ki, ac donuzu darılıqdan xoşla çıxarmaq mümkünsüzdür, yəni donuz salavatla darılıqdan çıxmaz - söyləyiblər.  Gec-tez onlara güc yolu ilə cavab verməli olacağıq, gücümüzü göstərmək lazım gələcək. Ölkə başçısı, Ali Baş Komandan da bu fikirdədir və həmişə hər yerdə bu fikrini qabardır. Yaxşı, yaralıları da götürün, mövqelərimizdən geri çəkilək. Bir azdan bu postu geri qaytarmaq üçün ermənilər yenidən hücuma keçəcəklər. Biz tələsməliyik!

-   Cənab kapitan, bəs ermənilərin birinci postu?!

-   O barədə narahat olmayın,  birinci postu da bizim uşaqlar ələ keçiriblər. 

-   Bəs mayor İmanov necə olacaq? Onu oradan çıxarmayacağıq? 

-   Samidi oradan çıxarmağa  hökmən qayıdacağıq. İndi isə getmək vaxtıdır, - deyə kapitan onları tələsdirdi.

      Döyüşçülər ermənilərin  birinci postuna az qalmış kapitanı snayperlə arxadan vurdular. Tərlanın göstərişiylə indi  onlar sürünə-sürünə  hərəkət etməyə məcbur oldular. Bir neçə dəqiqədən sonra isə onlar kapitanın meyitini birinci posta çatdırdılar. Kapitanın ölümü əsgərləri sarsıtmışdı. Bir neçə dəqiqə bundan öncə onlarla həmsöhbət olan insan artıq həyatla vidalaşmışdı. Nə etmək olar, müharibənin  öz qanunları var... Qələbə qurbansız olmur...

                                                             ***

Ertəsi gün ermənilərin yalvarışı, Moskvanın təkidi, eləcə də digər güc dövlətlərinin və beynəlxalq təşkilatlarının xahişi ilə yenidən atəşkəs elan olundu. Qərara alındı ki, Qırmızı Xaçın iştirakı ilə hər iki tərəf meyitlərini döyüş ərazisindən çıxarsın. 

O gün Tərlan da döyüşçü dostlarıyla birlikdə mayor İmanovu qoyub gəldikləri yerə  getdilər. Onlar komandirlərini gizlətdikləri  yerə çatanda, Samid artıq Haqqın dərgahına qovuşmuşdu. O, çoxlu qan itirərək yerindəcə  keçinmişdi. Komandirin sağ əlində başlığı çıxarılmış qumbara vardı.  Bir az da irəli gedib, Kamranın meyitini ağacın arxasında aşkar etdilər...

       Zəfər dolu dörd günlə Ordumuz  şanlı Azərbaycanın hünər salnaməsinə  tarixi  səhifə yazdı. Müqəddəs torpaq və haqq yolunda şəhid olan cəsur oğullarımız da unudulmadı. Onlardan bir neçəsi Ali Baş Komandan tərəfindən  Milli Qəhrəman adına layiq görüldü...

      Xalq döyüş ovqatı üstündə köklənmişdi... Azərbaycan Ordusunun zəfər yürüşündən, ermənilərin hücumunu darmadağın etməsindən danışırdı. Yeniyetmələr də, cavanlar da, qocalar da Qarabağın azadlığı, Azərbaycan torpaqlarının bütövlüyü naminə səfərbərliyə hazır idi...

      Döyüşdən bir həftə sonra Tərlan kəndə, doğma yurda əsl qəhrəman kimi qayıtdı. Kənd camaatı Tərlanın ayaqları altında qurbanlar kəsdilər. Kəndin bütün cavanları dəstə-dəstə ona baş çəkməyə gəlirdilər. Gələnlər arasında  sinif yoldaşı Ramal da vardı. Ramal Tərlanı qucaqlayıb üzündən öpərək  dedi:

-    Tərlan, sən doğrudan da əsl qəhrəmansan. Vaxtiylə orta məktəbdə dediyin sözə sadiq qaldın və həqiqətən də nəinki kəndimizin,  bütöv Azərbaycan xalqının  Milli qəhrəmanı oldun. Çünki atalar doğru deyib: “Niyyətin hara, mənzilin ora”. Biz səninlə haqlı olaraq  fəxr edirik. İnanıram ki, sən gec-tez general rütbəsinə də yüksələcəksən.

      Tərlanınsa beynini bir şey rahat buraxmırdı: Hərb sahəsində biliyini artırmaq, hərb elminə mükəmməl yiyələnmək, Vətən torpağının düşmən tapdağından xilas edilməsi uğrunda mübarizənin önündə getmək...

                                                                                                       Camal ZEYNALOĞLU

                                                                                                          15.06.2016