Çində geni dəyişdirilmiş iki uşaq doğulub, daha bir uşağın isə doğulması gözlənilir.
Oxu24.com bildirir ki, geni modifikasiya olunmuş (GMO) körpələrin dünyaya gəlməsi üçün eksperiment aparan Tzankuy Xenin fəaliyyətini araşdıran müstəntiqlər maraqlı faktlar əldə ediblər. Onların apardığı təhqiqat nəticəsində məlum olub ki, insanlıq tarixində geni dəyişdirilmiş ilk körpələr olan Lulu və Nana artıq dünyaya gəlib, Xenin eksperimentində iştirak edən ikinci cütlüyün isə daha bir geni dəyişdirilmiş körpəsinin doğulması gözlənilir.
2018-ci il noyabrın 25-də "MIT Technology Review" jurnalında geni dəyişdirilmiş körpələrin yaradılması ilə bağlı çinli alim Tzankuy Xenin eksperiment apardığı barədə yazı dərc olunub. Bundan sonra "Associated Press" alimlə müsahibə dərc edib. Alim müsahibəsində məlumatı təsdiqləyib, həmçinin, əlavə edib ki, bəşəriyyət tarixində geni modifikasiya olunmuş uşaqlar artıq dünyaya gəlib.
T. Xe bir müddət sonra Honkonqda keçirilən konfransda da çıxış edərək apardığı eksperiment barədə məlumat verib və sualları cavablandırıb. Lakin molekulyar genetika sahəsinin əsas mütəxəssisləri Xenin eksperimentini tənqid edib, bu cür manipulyasiyalara ehtiyac olmadığını bildiriblər.
Daha sonra Çin Səhiyyə Nazirliyi, Elm və Texnologiyalar Nazirliyi və Çinin Elm və Texnika üzrə Assosiasiyası birgə bəyanat yayaraq, aidiyyəti qurumlardan T. Xenin eksperimentinin qarşısını almaq və araşdırma aparmaq üçün lazımı addımlar atmağı tələb ediblər. "Bu insidentin təbiəti iyrəncdir", - deyə bəyanatda vurğulanır.
"Sinxua" agentliyinin bu gün yaydığı məlumatda isə bildirilir ki, təhqiqatın nəticələri artıq Quadon əyalətinin hakimiyyət orqanlarına təqdim olunub.
Təhqiqatçılar qeyd ediblər ki, T. Xe layihəyə 2016-cı ildə start verib.
Hakimiyyət orqanları isə alimin və eksperimentin digər iştirakçılarının cəzalandırılacaqlarını bəyan ediblər. "Şübhəlilər həbs olunacaq, doğulmuş uşaqlar və digər hamilə qadın isə Çin həkimlərinin nəzarətində olacaq", - deyə rəsmi şəxslər bildiriblər. Oxu24.com
ŞƏRHLƏR