İran ali rəhbərinin yanvarın 4-də qadınların baş örtüyü mövzusunda çıxışı ciddi rezonans doğurub. Belə ki, dini liderin çıxışı İranda faktiki olaraq hicabın qadağan edilmədiyi kimi yozulub.
Ayətullah Xameneyinin məlum çıxışında müzakirələrə səbəb olan sitat budur:
"Hicab İslamdan doğan zəruri şəri məsələdir və şəriətin vacib buyurduğu hökmdür. Hicabın vacibliyinə dair heç bir şəkk və şübhə yoxdur. Bunu hamı bilməlidir ki, hicab şəriətin vacib buyurduğu əmrdir və buna riayət edilməlidir. Amma hicab taxmayanları dinsizlikdə və inqilab düşməni olmaqda ittiham etmək olmaz..."
Ayətullah Xameneyi İranın dini rəhbəri olmaqla yanaşı eyni zamanda din alimi - müctəhiddir və onun açıqlaması həm də dini hökm hesab olunur. Yəni belə anlaşılır ki, İranda hicab taxmayanlar təqib oluna bilməz. Bu açıqlama İranda Məhsa Əmini etirazlarından sonra verildiyi üçün həm də son iğtişaşlarla əlaqələndirilir.
Məlum olduğu kimi, ötən il sentyabrın 13-də Tehranda "əxlaq polisi" əməkdaşları tərəfindən saxlanılan Məhsa Əmini adlı gənc qadının polis məntəqəsində vəziyyəti pisləşib və sentyabrın 16-da xəstəxanada dünyasını dəyişib. Bundan sonra İranda baş örtüyünə qarşı etiraz dalğası başlayıb və bu aksiyalar daha sonra hakimiyyətə qarşı siyasi aksiyalara çevrilib.
Ötən il dekabrın əvvəlində isə İran hakimiyyəti ölkədə ciddi narazılıq doğuran "əxlaq polisi" və ya "irşad patrulları" adlanan qurumu ləğv edib. Bildirilib ki, bu qurumun səlahiyyətlərini polis orqanları həyata keçirəcək. Bu addım İran hakimiyyətinin hicaba nəzarət məsələsində geri çəkilməsi kimi yozulsa da, yerli müşahidəçilər Tehranın sadəcə tənqidləri zəiflətmək üçün "əxlaq polisi"ni bir qurum olaraq ləğv etdiyini, ancaq baş örtüyü məcburiyyətinin və buna nəzarətin isə davam edəcəyini bildirirdilər.
Lakin dini liderin yanvarın 4-dəki açıqlaması rəsmi Tehranın baş örtüyü məsələsində müəyyən qədər yumşalmaya getməyə hazır olduğunu göstərir. Çünki bundan əvvəl mühafizəkar siyasətçilər baş örtüyü məsələsində güzəşt olmayacağını bildirmişdilər. Ancaq dini liderin açıqlaması bu yumşalmaya işarədir.
Bəs dini liderin açıqlamasını hansı formada anlamaq lazımdır? Doğrudanmı, İranda baş örtüyü qadağası götürülür? Məlumdur ki, indiyə qədər İran ərazisində yaşayan və bu ölkəyə hər hansı səbəbdən gələn bütün qadınlara baş örtüyü taxmaq məcburi idi. Məlum çıxışında da dini lider bir daha təkrar edib ki, hicab şəriətin vacib buyurduğu əmrdir və buna riayət edilməlidir. Yəni baş örtüyü ilə bağlı dini hökmdə hər hansı dəyişiklik yoxdur. Lakin sonrakı cümləsində əlavə edir ki, hicab geyinməyənləri dinsizlikdə və inqilab düşməni olmaqda ittiham etmək olmaz.
Burdan isə belə anlaşılır ki, dini lider ölkədə baş örtüyü məsələsində yaranan dərin fikir ayrılığını yumşaltmağa çalışıb. Başqa sözlə, yaxın dövrdə dövlət orqanlarının baş örtüyü qadağasının tətbiqi və buna nəzarət məsələsində yumşalmaya gedəcəyi gözlənilir.
Bilindiyi kimi, İranda baş örtüyünün bütün ölkə ərazisində məcburi olması barədə qərar inqilabdan qısa müddət sonra - 1979-cu ildə qəbul olunub. Həmin vaxt bu qərara etirazlar olsa da, hakimiyyət bu məsələdə geri çəkilməyib.
Lakin ötən dövrdə baş verənlər, xüsusən də axırıncı etirazlar göstərdi ki, İranda qadınların bir çoxu məcburi baş örtüyünə qarşıdır. Bu qədər böyük bir kütlənin dinsiz və ya inqilab düşməni elan olunması İranda parçalanmanı daha da dərinləşdirə bilər.
Burada daha bir həssas nüans yeni nəsil gənclərə münasibətdir. Məlumdur ki, yeni nəsil İran gəncliyi Qərb mədəniyyətinin təsiri altındadır. Bunların arasında İslam inqilabına xidmət etmiş, mühüm dövlət və dini vəzifə tutmuş şəxslərin övladları belə var. Bir mənada baş örtüyü məsələsi İranda nəsillər arasında uçurumu ortaya çıxardı. Modern İran gəncliyinin mühüm bir qismi, xüsusən də şəhərli gənclər İslam inqilabı ideyaları və dini həyat tərzindən çox uzaqdır. Onların təcrid edilməsi, "dinsiz" elan olunaraq düşmən münasibətə məruz qalması nəticə etibarı ilə mövcud dini sistemin özü üçün təhlükədir. Bu mənada İran dini lideri Məhsa Əmini etirazlarının üzə çıxardığı sosial problemə özünəməxsus barışdırıcı yanaşma ortaya qoydu.
Milli.Az musavat.com-a istinadən bildirir ki, lakin indi əsas məsələ bu açıqlamanın real həyatda necə tətbiq olunmasıdır. Qarşıda iki mühüm seçim var. Birincisi, İran hakimiyyətinin baş örtüyü ilə bağlı məhdudiyyəti ləğv etməsidir. Məlum olduğu kimi, son illərdə İran və Səudiyyə Ərəbistanında bir sıra dini hesab olunan qadağalar ləğv olunub. Bunların sırasında qadınların avtomobil idarə etməsi (S.Ərəbistanında) və ya idman yarışlarını izləməsinə icazə verilməsi (hər iki ölkədə) və sair yumşalmalardır.
İkinci ehtimal isə rəsmi olaraq baş örtüyü qadağasının qüvvədə qalması, ancaq dövlət orqanları tərəfindən bu qadağaya nəzarətin yumşalması ola bilər. Başqa sözlə, qadağa formal olaraq qüvvədə qalacaq, dövlət orqanları və ictimai qurumlarda tətbiq olunacaq, ancaq küçədə bu qadağaya nəzarət yumşaldılacaq. Başqa sözlə, "əxlaq polisi"nin ləğv olunması qərarının davamı olaraq küçələrdə baş örtüyünə nəzarət edilməyəcək. Çünki şəriət dövlətində baş örtüyünün sərbəst olması qərarı üləma tərəfindən narazılıqla qarşılana və ölkədə bu dəfə din xadimləri daxilində ciddi gərginliyə səbəb ola bilər. Ayətullah Xameneyinin məlum açıqlaması isə iki kəskin seçim arasında nisbətən yumşaq və ağrısız bir variantdır.
Oxu24.com
ŞƏRHLƏR