Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9623
az

Köhnə ənənələr yenə gündəmdə – Tor, həsir zənbillər, kağız və ya parça torbalar...

21:4404 Fevral, 2019
792
CƏMİYYƏT
  • A
Sovet dövrünün bazarlıq trendlərini yəqin ki, çoxları xatırlayır: məşhur "Avoska" - tor çantalar, həsir zənbillər, kağız və ya parça torbalar. Vitrinlərə düzülmüş ərzaq malları alıcılara yalnız kağız torbalarda təqdim edilər, plastik qablarda qablaşdırılmış məhsullara rast gəlmək olmazdı, insanların hətta zibil qutularına atdığı zibillər də indiki kimi ayrı-ayrı polietilen torbalarda deyil, zibil vedrələrində daşınardı.

İndi isə marketlərə əliboş, əlində heç bir torba olmadan daxil olan şəxs oradan xeyli sayda polietilen torbalarla çıxır, zibil qutularına zibil atanlar da onu artıq vedrələrdə deyil, polietilen torbalarda daşıyırlar.

İlk baxışdan məişət həyatımızda istifadə etdiyimiz bu üsul bizə çox rahat, adi və səmərəli görünür. Ödənişsiz olduğu üçün bu torbaların alınmasına çəkiləcək xərci düşünməyərək onlardan məmnunluqla istifadə edir, hətta ən kiçik məhsulun belə ayrıca bir torbaya qoyulmasına etiraz etmirik. Torbaların yüngüllüyü isə onlara verilən üstünlüyü bir az da artırır. Evlərdə qalaq-qalaq yığılan torbalar da sonda tullantı olaraq, zibilxanalara daşınır və ən yaxşı halda, orada yanaraq məhv edilir.

Bizim ilk baxışdan dərinliyinə varmadığımız əsl problem də bundan sonra başlayır...

Çünki tez alışan bu torbalar yanma zamanı atmosferə olduqca zərərli maddələr ataraq insan sağlamlığı üçün əlavə risklər yaradır. Bu torbalar torpağa qarışdıqda isə orada təbii yolla çürüyüb parçalana bilmədiyi üçün uzun müddət tullantı kimi qalır və sonda da ətraf mühiti çirkləndirir.

Son illər dünya ölkələrinin çoxu polietilen torbalardan istifadənin yaratdığı riskləri nəzərə alaraq, onların istifadəsinin məhdudlaşdırılmasına və kağız, parca torbalardan istifadəyə üstünlük verməyə başlayıblar.

Ölkələrin çoxunda bu məqsədlə həyata keçirilən ən səmərəli tədbir həmin torbaların marketlərdə alıcılara satılması, bununla da onları kağız və parça torbalardan istifadəyə həvəsləndirmək olub. Beynəlxalq təcrübə polietilen torbaların ödənişli olmasından sonra onlara tələbatın 95 faizədək azaldığını göstərir.

Qeyd edək ki, Avropa Parlamentinin ətraf mühitin mühafizəsi məqsədilə qəbul etdiyi qərara görə, plastik məhsulların istifadəsi 2021-ci ilədək qadağan olunmalıdır.

Bu çağırışlara cavab olaraq, artıq ABŞ, İngiltərə, Yeni Zelandiyada ərzaqlar üçün yalnız kağız paketlərdən istifadə olunur. Tayvan, Keniya, Uqanda, Fransa, Latviya və bu kimi bir çox ölkələrin hökumətləri də sellofan paket istifadəsini qadağan edib. Bu yaxınlarda isə Gürcüstan da plastik qablardan, sellafon torbalardan istifadəyə qadağa qoyub.

Azərbaycanda plastik məhsulların istifadəsi ilə bağlı hələlik konkret şəkildə məhdudlaşdırıcı tədbirlər həyata keçirilməsə də, artıq müəyyən təşəbbüslər ortaya qoyulub.

"Plastik məhsulların istifadəsinin məhdudlaşdırılmasına hazırsınızmı?" adlı sorğunun iştirakçılarının 90,6 %-i bu təşəbbüsi dəstəklədiklərini açıqlayıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən irəli sürülən bu təşəbbüsün mahiyyəti isə ondan ibarətdir ki, marketlərdə ətraf mühitin çirklənməsində daha çox paya malik yüngül çəkili polietilen torbalardan istifadə məhdudlaşdırılsın, parça, kağız torbalardan istifadəyə üstünlük verilsin, marketlərdə polietilen torbalar üçün ödənişli sistem tətbiq edilsin, bu torbaların çox yüngülçəkili növləri isə tam qadağan edilsin.

ETSN-in bu təşəbbüsləri artıq təklif olaraq, onlar tərəfindən plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə hazırlanmış Tədbirlər Planında da yer alıb. Tədbirlər Planı qəbul olunduqdan sonra bütün maraqlı tərəflərin iştirakı ilə mərhələli şəkildə tədbirlərin icrasına başlanılacaq.

Toplanma və çeşidlənmə işlərinə əhalini cəlb etmək üçün bugünədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə başlanılan kampaniya çərçivəsində artıq 37 şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 153-dək konteyner yerləşdirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor İslam Mustafayev də açıqlamasında insanları nazirliyin bu təşəbbüsünə qoşulmağa çağırıb.

Bu təşəbbüsün gercəkləşməsinin yalnız müsbət nəticələr verəcəyini deyən İ.Mustafayev hesab edir ki, müəyyən xəstəliklərin yayılmasında plastik qabların, sellofan torbaların rolu var:

"Dünyanın bir çox ölkələrində bundan imtina edirlər. Azərbaycanda da bu ənənəyə start verilib. Fikir vermisinizsə, bəzi marketlərə daxil olanda kağız torbalar təqdim olunur. İnsanlarımız sağlamlıqlarının qeydinə qalmağı bacarmalıdırlar. Gələcək nəslin sağlamlığına biganə yanaşmamalıyıq. Ona görə də nazirliyin təklifini dəstəkləyirəm və hesab edirəm ki, ictimaiyyət bu təklifə aktiv şəkildə qoşulmalıdır".

Ərzaq məhsullarının sellofan torbalarda saxlanılmasını ümumiyyətlə, düzgün saymayan mütəxəssisin fikrincə, məhsulun uzun müddət sellofan torbada saxlanılması insan həyatına yalnız zərər verir.

Məhsulların saxlanılması üçün kağız torbalardan istifadəni daha münasib sayan İ.Mustafayev sovet dövründə də belə bir təcrübənin olduğunu, lakin sonradan bu ənənənin unudulduğunu söyləyib.

Ekspert də hesab edir ki, bütün bu sadalanan amillər nəzərə alınmaqla polietilen torbaların satışı məhdudlaşdırılmalıdır. Sellofan torbaların əvəzinə kağız və ya parça torbalardan istifadə olunması daha məqsədəuyğundur.

İ.Mustafayevin fikrincə, insanların plastik qabların, sellofan torbaların vurduğu ziyan və fəsadlarla bağlı maarifləndirilməsinə ehtiyac var. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanın üzvlüyü bu təşkilatı daha da gücləndirəcək - Ərdoğan
İtkin düşən alpinistlərin axtarışı dayandırıldı - Əlverişsiz havaya görə
Rəsmi Bakıdan ABŞ səfirliyinə CAVAB