Azərbaycanın ən çox vəzifədə qalan naziri - Ramil Usubov serjantlıqdan generala qədər -
15:0002 İyul, 2018
2340
CƏMİYYƏT
A
Xəbər verdiymiz kimi bu gün Azərbaycan polisinin 100 yaşı tamam olur.Azərbaycan polisinin xidmətləri Azərbaycan dövlətçiliyi tarixində danılmazdır. Hələ Qarabağ müharibəsi başlayan zaman Milli Ordunun formalaşmadığı zamanda milis dəstələrindən ibarət könüllü şəxslər vətənin müdafiəsində iştirak edib.Bu gün də Azərbaycan polisi ictimai asayişin qorunmasında və sabitliyin uzun müddət qorunmasında əvəzsiz xidmətlər göstərir.Təbii ki, belə bir məsuliyyətli işin qurulmasında və təmin edilməsində Daxili İşlər nazirinin çiyinlərinə böyük yük və məsuliyyət düşür.
Femida.az Azərbaycanın ən uzun müddətli daxili işlər naziri olan general-polkovnik Ramil Usubovun xidmət yolunu əks etdirən yazını təqdim edir.
Ramil Usubov kimdir?
Ramil İdris oğlu Usubov 22 dekabr 1948-ci ildə Xocalı rayonunda anadan olub. Həmin illərdə Xocalıda orta məktəb olmadığı üçün Ramil Usubov orta təhsilini Xankəndində Nizami adına 4 saylı orta məktəbdə alır.Hələ uşaqlıq illərində sözünün kəsəri ilə seçilən Usubov təhsil aldığı müddətdə böyük çətinliklər yaşayıb.Onunla birlikdə Xankəndində orta təhsil alan sinif yoldaşı Rafael Teymurlu o illəri belə xatırlayır:
-Mən Ramil Usubovla 3 il - son sinifləri birgə oxumuşam. Bu illər ərzində onunla bir partada əyləşmişəm. On iki nəfər bir otaqda qalırdıq. Milli qəhrəmanımız Şirin Mirzəyev də həmişə yanımıza gələrdi. O, bizdən bir sinif yuxarı oxuyurdu. Dəqiq fənlərdə bizə çox kömək edirdi. Xüsusilə də həndəsini gözəl bilirdi. Məsələni deyən kimi o dəqiqə şəklini çəkərdi. Ramil Usubovla da yaxın dost olmuşuq. Səmimi münasibətimiz olub. İlk günlər hər kəs yaxın yoldaşını seçirdi. Dərslərdə aktiv olduğumuzu, xasiyyətimizin uyğunluğunu görürdük. Bu səbəbdən, Ramil Usubovla söhbətimiz tutdu, bir partada əyləşdik. Onu da deyim ki, Ramil elə orta məktəbdən çox prinsipial, haqqı-ədaləti sevən idi. Hiss olunurdu ki, bu adamda yalana, fırıldağa meyli yoxdur.
Rafael Teymurlu müsahibəsində daxili işlər naziri ilə bağlı maraqlı faktları açıqlayıb.Onun sözlərinə görə,Ramil Usubovun həvəsi tetara olub.Hətta onlar birlikdə orta məktəbdə bir teatr səhnəsində yer alıb.
- Hər ikimiz humanitar fənləri çox sevirdik. 9-da oxuyanda Vahid müəllim vardı; o, bizə ədəbiyyatı, humanitar fənləri sevdirmişdi. Təsəvvür edin ki, müəllim dərsdən sonra yeni çıxmış əsəri bütün uşaqlara oxutdurur və müzakirəsini keçirirdi. Xüsusilə, Füzulidən dediyi şeirlər qəlbimizdə ona olan məhəbbəti birə on artırırdı. O, həm də yataqxanada tərbiyəçimiz idi. Bizi həmişə səhər idmanına oyadardı. Asif Cahangirovun atası ədəbiyyat müəllimimiz olub. Vahid müəllimin rəhbərliyi ilə Sevil tamaşasını səhnələşdirdik. Mən Əbdüləli bəyi, Ramil isə Məmmədəli bəyi canlandırdı. Vilayət teatrında məktəblilər arasında yarış keçirilirdi. Biz “1905-ci ildə” tamaşası ilə birinci yeri tutduq.
Birinci il Ramil Usubov teatr institutuna imtahan verdi. Nədənsə, işi alınmadı. Odur ki, Ramil Usubov bir il müəllim işlədi. Deməli, o vaxtı kəndlərdəki fermalarda azərbaycanlılar işləyirdi. Onların uşaqları təhsildən kənarda qalmasın deyə, məktəblər açılmışdı. Müəllim çatışmazlığı vardı. Ramil Usubov orta məktəbi bitirmişdi, kifayət qədər savadlı idi. Ona görə Ballıca məktəbində bir il müəllim işləyə bildi. Onun ilk əmək fəaliyyəti də məhz burdan başladı.(Mənbə: AzEDU.az saytı)
Bəs Ramil Usubov hərbi xidməti harada keçib?
Femida.az-ın araşdırması zamanı məlum olub ki, R.Usubov orta məktəbdə müəllim kimi işə başladıqdan bir il sonar hərbi xidmət keçmək üçün Almaniyaya yollanıb. İki il hərbi xidmət keçdikdən sonra yenidən Xankəndinə qayıdıb və orada milis məktəbinə daxil olub.O, təhsilini rus dilində alıb.
Serjantlıqdan generala qədər yüksələn nazirin yolu…
Milis məktəbini fərqlənmə ilə bitirdikdən sonra serjant kimi işə başlayıb. Sonralar Əsgəran rayonunda əməliyyatçı, sahə müvəkkili kimi çalışıb.Ramil Usubov təhsilini təkmilləşdirmək məqsədi ilə Rostovda milis akademiyasında təhsil alır. Oranı bitirdikdən sonra Şuşada rəis müavini kimi fəaliyyət göstərir. Sonradan Vilayət Daxili işlər orqanlarında müavin, Şirvan şəhərində rəis kimi peşəsini davam etdirib.Onun peşəkarlığı tezliklə rəhbərliyin də diqqətini cəlb edib.Bunun nəticəsi olaraq R.Usubov 1987-ci ildə Naxçıvanın daxili işlər naziri təyin edilib. 1989-cu ilədək həmin vəzifədə işləyib.
1989-1991-ci illərdə Azərbaycan Respublikası DİN-in Cinayət Axtarış İdarəsinin rəisi, 1991-1992-ci illərdə Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992-1993-cü illərdə Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb.
Ramil Usubovun peşəkarlığı və sadiqliyi hələ o vaxtlar mərhum dövlət başçısı Heydər Əliyevin diqqətini cəlb etmişdi.Məhz buna görə də Heydər Əliyev Azərbaycan prezidenti seçiləndən az sonra R.Usubovu Bakıya daha yüksək vəzifəyə gətirir. Belə ki, Heydər Əliyevin 29 aprel 1994-cü il tarixli fərmanı ilə Ramil Usubov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilir. Az sonra nazirin rütbəsi də artırılır - prezidentin 3 may 1994-cü il tarixli fərmanı ilə ona general-mayor, 26 dekabr 1995-ci il tarixli fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli fərmanı ilə isə general-polkovnik hərbi rütbəsi verilib.
Prezident Heydər Əliyevə ən sadiq nazirlərlərdən biri olan R.Usubov cinayətkarlıqla mübarizənin, ictimai təhlükəsizliyin təmin edilməsindəki xüsusi xidmətlərinə görə 24 dekabr 1998-ci il tarixində “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Azərbaycanın ən çox xidmət edən naziri...
Ramil Usubov peşəkarlığı sayəsində 1918-ci ildən bəri Azərbaycanda ən uzun müddət daxili işlər naziri vəzifəsini daşıyan məmurdur. 1918-ci ildə əsası qoyulan bu strukturun başında R.Usubova qədər cəmi iki nəfər 10 ildən çox əyləşib ki, onlardan da heç birinin səlahiyyət müddəti 20 ilə çatmayıb. Stepan Yemelyanov 12 il (01.08.1929 – 05.02.1941), Ağasəlim Atakişiyev isə 10 il (10.07.1943 – 06.06.1953) daxili işlər naziri olub.
Nazirin övladları kimdir? Harada çalışırlar?
Daxili işlər naziri Ramil Usubovun üç övladı var, iki oğlu və bir qızı. Nazirin oğlu general-mayor Emil Usubov DİN –in İstintaq və Təhqiqat İdarəsinin rəisidir. Emil Usubov Ramil Usubovun böyük oğludur. Emil Usubov prezident İlham Əliyev tərəfindən "igidlik” medalı ilə təltif edilib. Raul Usubov, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində İstintaq İdarəsinin rəisidir. Polkovnik-leytenantı Raul Usubov dövlət başçısı tərəfindən «İgidliyə görə» medalı ilə təltif edilib.
ŞƏRHLƏR