Qaynar xətt:

(+99450) 247 90 86

BDU-da mühüm TƏDBİR: Anlaşma memorandumu imzalanıb

BDU-da mühüm TƏDBİR: Anlaşma memorandumu imzalanıb

CƏMİYYƏT

88

05.11.2026, 19:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan radiosu – 100: Milli yaddaşdan rəqəmsal mediaya” mövzusunda Respublika elmi-praktik konfransı öz işinə başlayıb. Tədbirdə media rəhbərləri, tanınmış ziyalılar, akademik heyət və radio veteranları iştirak edərək milli radio yayımının tarixi, inkişaf mərhələləri və müasir çağırışları barədə fikirlərini bölüşüblər.

Oxu24.com tədbirdən reportajı təqdim edir:

Rektor Elçin Babayev: “Radio və televiziyanı mütəxəssislər universitet adlandırıblar”

Konfransı giriş sözü ilə açan BDU rektoru Elçin Babayev Azərbaycan radiosunun milli mədəniyyətimizin, ədəbi dilimizin və musiqi sənətimizin inkişafında müstəsna rol oynadığını vurğulayıb:

“Azərbaycan radiosu ötən yüzillər ərzində ana dilimizin zənginləşməsində, ədəbi dil normalarının formalaşmasında, xüsusilə cəmiyyətin maariflənməsində müstəsna rol oynamışdır. Təsadüfi deyil ki, bir vaxtlar radio və televiziyanı faktiki olaraq mütəxəssislər universitet adlandırıblar. Mən universitetlə onlar arasında birbaşa analogiya görürəm. Radionun ilk əməkdaşları, diktorları və mütəxəssisləri Bakı Dövlət Universitetinin məzunları olublar. Onlar radio jurnalistikamızın peşəkar ənənələrinin formalaşmasına mühüm töhfələr veriblər. Universitetimiz bu gün də radio və televiziya üçün ixtisaslı jurnalist kadrlarının hazırlanmasında aparıcı rolunu davam etdirir”.

Rektor bildirib ki, müasir texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə gənc nəslin radionun vaxtilə malik olduğu böyük təsir gücünü tam təsəvvür etməsi çətindir: “Ötən əsrin 50-ci illərinin ortalarında televiziya geniş yayılana qədər radio dünyanın və ölkəmizin əsas informasiya vasitəsi olub. Sovet dövrünün ideoloji məhdudiyyətlərinə baxmayaraq, Azərbaycan radiosu mənəvi dəyərlərimizin və ana dilimizin saflığının qorunub yaşadılmasında mühüm missiya yerinə yetirib”.

Əhməd İsmayılov: “Rəqəmsal transformasiya radionun ləğvi deyil, yeni imkanların yaranmasıdır”

Azərbaycan Respublikası Media və Yayım Şurasının sədri Əhməd İsmayılov çıxışında radionun keçdiyi keşməkeşli yolun dastanlara mövzu olacaq səviyyədə olduğunu diqqətə çatdırıb:

“Azərbaycan radiosu 100 illik şanlı tarixə malik olmaqla yanaşı, bu gün də özünün qızıl dövrünü yaşayır. Bu yubiley yalnız keçmişə baxış mənası daşımır, elmi əsaslandırma baxımından gələcəyə böyük imkanlar yaradır. Qeyd etmək istərdim ki, yubiley tədbirlərinə Şuşa şəhərindən başlamışıq. Bu ilin iyul ayında Prezident cənab İlham Əliyevin iştirakı ilə keçirilən IV Şuşa Qlobal Media Forumu çərçivəsində tədbirlərimizdən biri radio jurnalistikası, süni intellekt və yeni texnologiyalar mövzusuna həsr olunmuşdu”.

Ə.İsmayılov 1926-cı il noyabrın 6-da ilk efirin yayımlanmasını xalqımızın mədəni həyatında yeni inkişaf dövrünün başlanğıcı kimi qiymətləndirib: 

“Radio milli yaddaşımızın, mədəni irsimizin və orfoepik normaların formalaşmasının ən etibarlı qoruyucularından biridir. Bu gün rəqəmsal transformasiya və müasir çağırışlar fonunda rəqəmsal texnologiyaların radioya təsiri qaçılmazdır. Lakin bu təsir radionun sıxılması və ya ləğvi deyil, ənənəvi şablonlardan yeni innovativ platformalara keçid deməkdir”.

Rövşən Məmmədov: “Azərbaycan radiosu ideoloji müharibədə öz missiyasını davam etdirir”

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC sədri Rövşən Məmmədov 1926-cı ildə səslənən “Danışır Bakı!” nidasının xalqın sözünü dövlətin sözünə çevirdiyini qeyd edib:

“6 noyabr tarixini yalnız bir qurumun yaranması kimi şərh etmək mümkün deyil, bu, xalqın və dövlətin milli xəzinəsidir, Qızıl fondun tərcümanıdır. Sovet imperiyası dövründə, hətta 1937-ci ilin çətin repressiya illərində belə Azərbaycan radiosu dilimizin saflığını, azərbaycançılıq ideologiyasını qoruyub gələcək nəsillərə ötürən əvəzsiz bir missiya daşıyıcısı olub”.

R.Məmmədov ideoloji mübarizədə radionun roluna toxunaraq əlavə edib: “Cənab Prezidentin qeyd etdiyi kimi, fiziki müharibə artıq ideoloji müharibəyə keçib. Azərbaycana qarşı xaricdən edilən ideoloji basqıların qarşısının alınmasında Azərbaycan radiosunun xidmətləri əvəzsizdir və bu missiya bu gün də uğurla davam edir. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, Azərbaycan jurnalistikası və radiosu xalqın güzgüsüdür. Biz bu gün həmin ənənələri qoruyub gələcək nəsillərə çatdırmaqla xoşbəxtik”.

Əlibaba Əliyev: “Yayım infrastrukturunun müasirləşdirilməsi dövlət siyasətinin prioritetidir”

“Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” MMC-nin (Teleradio) rəhbəri Əlibaba Əliyev texnoloji infrastrukturun inkişafından danışıb:

“Ötən bir əsr ərzində radio və televiziya milli media məkanının formalaşmasında müstəsna rol oynayıb. Müasir yayım infrastrukturu və rəqəmsal texnologiyalar milli proqramların geniş auditoriyaya yüksək keyfiyyətlə çatdırılmasına xidmət edir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Bakı Teleqüllə kompleksinin tikilib 1996-cı ildə istifadəyə verilməsi bu aləmdə mühüm mərhələ olmuşdur. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində isə ölkəmizin yayım infrastrukturu müasir texnoloji imkanlarla daha da zənginləşdirilmişdir”.

Professor Qulu Məhərrəmli: “Radio ixtiraları və texniki təkamülü ilə bəşəriyyətə böyük töhfələr verib”

Əməkdar jurnalist, BDU-nun professoru Qulu Məhərrəmli radionun yaranma tarixindən və elmi-texniki mahiyyətindən geniş bəhs edib:

“Radio hər şeydən əvvəl insan şəxsiyyətidir, onun peşəkarlığı və düşüncəsidir. Bu gün radionu yaşadan insanları, o cümlədən radionun brend səsinə çevrilmiş Xalq artisti Eldost Bayramı xüsusi alqışlamaq lazımdır. Radio həm də fizika elminin, rabitə vasitələrinin inkişafı ilə bağlıdır. Edison tərəfindən səsin canlandırılması, daha sonra Markoni, Popov və Teslanın ixtiraları radionun rabitə və kütləvi media vasitəsi kimi formalaşmasına yol açdı. 1920-ci illərdən etibarən səsli yayıma başlayan radio bəşəriyyətin ən unikal kommunikasiya vasitələrindən birinə çevrilib”.

Xalq artisti Eldost Bayram: “Azərbaycan” sözü ilə xalqımızı maarifləndirənlərin ruhu şad olsun”

Xalq artisti, bədii qiraətçi Eldost Bayram Nizami Gəncəvinin hikmətli kəlamları ilə çıxış edərək sözün və dilin qüdrətini diqqətə çatdırıb:

“Şeyx Nizami buyurur ki, aləmdə elmdən və hünərdən başqa heç nəyə üstünlük verilməz. BDU-nun alimlərinə bu cür möhtəşəm mövzunu müzakirəyə çıxardıqları üçün təşəkkür edirəm. Kəskin və həzin Azərbaycan sözlərindən istifadə edərək xalqımızı yüz il boyunca maarifləndirən qocaman radio işçilərindən dünyasını dəyişənlərin ruhu şad olsun, qalanlara isə cansağlığı arzulayıram”.

Çıxışlardan sonra konfrans çərçivəsində Bakı Dövlət Universiteti ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AZTV) arasında birgə kadr hazırlanlığı və elmi-praktik əlaqələrin genişləndirilməsini nəzərdə tutan əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. 

Çimnaz Telmanqızı