Azərbaycanda yeni qərar VERİLDİ:Məhdudiyyət ləğv edilir
03 Noyabr 2026, 13:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
397
03.11.2026, 13:04
Vizasız qapılar açılır: Azərbaycanı nə gözləyir? -Təhlil
Bir pasport, onlarla istiqamət və getdikcə genişlənən seçimlər… Xaricə səfər etmək istəyən Azərbaycan vətəndaşı üçün viza məsələsi çox vaxt səyahətin ən çətin mərhələlərindən birinə çevrilir. Sənədlər, növbələr, gözləmə müddəti və əlavə xərclər bəzən səfər planlarını dəyişməyə belə məcbur edir. Bu baxımdan vizasız rejimin tətbiq olunduğu ölkələrin sayının artması təkcə turizm xəbəri deyil, həm də vətəndaşların hərəkət imkanlarını genişləndirən mühüm məsələdir.
Milli Məclisdə səsləndirilən məlumata görə,Azərbaycan vətəndaşları 23- dən çox ölkəyə vizasız gedə bilər.
Ən çox səyahət edilən ölkələr və qalma müddəti: Türkiyə 90 gün (şəxsiyyət vəsiqəsi ilə də), Gürcüstan 365 gün, Rusiya 90, BƏƏ (Dubai) 90, Qətər 30, Çin 30, İran 14, Malayziya 30, Qazaxıstan 90, Qırğızıstan 90, Özbəkistan 90, Tacikistan 90, Ukrayna 90, Belarus 90, Moldova 90, Serbiya 90, Bosniya və Herseqovina 90, Albaniya il ərzində 90, Mərakeş 90, Kolumbiya 90, Ekvador 90, Mikroneziya 30, Livan 30 gün.
Yaxın vaxtlarda bu rəqəmlərin daha da artacağı gözlənilir.
Bəs vizasız ölkələrin sayının artması Azərbaycan vətəndaşına real olaraq nə qazandırır? Bu proses turizm sektoruna, ölkəyə gələn turistlərin sayına və iqtisadi aktivliyə necə təsir göstərə bilər? Daha çox ölkəyə vizasız səfər imkanının yaradılması hansı hallarda həm vətəndaşın, həm də dövlətin maraqlarına xidmət edir?
Oxu24.com- a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, ölkədə turizm balansına təsir göstərə biləcək əsas istiqamətlərdən biri Çindir. Onun sözlərinə görə, Oman, Honkonq, Makao, Fici, Antiqua və Barbuda, Ekvador kimi istiqamətlər üzrə viza rüsumlarının 30-40 dollar civarında olması Azərbaycan vətəndaşlarının səyahət qərarlarına ciddi təsir göstərmir:
“Əgər vətəndaşın həmin ölkələrə səfər etmək niyyəti varsa, viza prosedurunun mövcudluğu və ya olmaması, bir qayda olaraq, onun qərarını dəyişmir. Bu baxımdan, sadalanan ölkələr arasında Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan istiqamət Çindir. Lakin burada əsas məsələ yalnız Azərbaycan vətəndaşlarının Çinə səfəri deyil, eyni zamanda Çin turistlərinin Azərbaycana cəlb edilməsidir. Çin hazırda dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biridir və beynəlxalq turizm bazarında Çin turistləri uğrunda ciddi rəqabət aparılır. Onların Azərbaycana rahat şəkildə gəlib-getməsinin təmin edilməsi ölkəmiz üçün maraqlı və əhəmiyyətli istiqamətdir. Digər tərəfdən, Azərbaycan vətəndaşlarının Çinə səfərləri əsasən istirahət və turizmdən daha çox biznes məqsədləri daşıyır. Sahibkarlar bu ölkəyə məhsul almaq, yeni biznes əlaqələri qurmaq, texnologiyalar əldə etmək, beynəlxalq sərgilərdə iştirak etmək və kommersiya imkanlarını genişləndirmək üçün üz tuturlar.
2026-cı ilin sentyabr ayında Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı ötən ilin eyni ayı ilə müqayisədə 28% artaraq 11 min 49 nəfərə çatıb. Cari ilin yanvar-sentyabr aylarında isə Azərbaycana 52 min 115 Çin vətəndaşı səfər edib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4% artım deməkdir. Son bir ildə Azərbaycan üçün iqtisadi və turizm baxımından əhəmiyyətli ölkələrlə viza rejiminin aradan qaldırılması məsələsinə nəzər saldıqda, Çin istisna olmaqla, digər istiqamətlərdə ciddi dəyişiklik müşahidə olunmur”.
İqtisadçı qeyd edib ki, Azərbaycan turizmin inkişafını qeyri-neft sektorunun əsas prioritetlərindən biri kimi müəyyənləşdirib:
“Qeyri-neft sektorunun şaxələndirilməsi ilə yanaşı, turizmin inkişafı da ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət daşıyır. Lakin Azərbaycanı İspaniya, İtaliya, Yunanıstan və Fransa kimi artıq formalaşmış turizm mərkəzləri ilə müqayisə etmək düzgün olmazdı. Həmin ölkələr zəngin tarixi irsi, turizm infrastrukturu, təbii və coğrafi imkanları ilə seçilir. Azərbaycan isə bu sahədə hələ yeni-yeni addımlar atır.
Məhz buna görə də hesab edirəm ki, Azərbaycanın turizm potensialı olan ölkələr üçün viza prosedurları mümkün qədər sadələşdirilməlidir. Xarici turistlərin ölkəyə gəlişini asanlaşdırmaq vacibdir. Ancaq turizmin inkişafını yalnız vizasız rejimlə əlaqələndirmək doğru deyil. Burada digər amillər də mühüm rol oynayır.
Məsələn, ölkəyə rahat və əlçatan uçuş imkanları olmalıdır. Turist uzun müddət yolda vaxt itirirsə və Azərbaycana gəlmək üçün yüksək məbləğ ödəməli olarsa, alternativ istiqamətlərə üstünlük verə bilər.
Viza rejiminin ləğvi turizmin inkişafı üçün zəruri addımlardan biri olsa da, bu, özlüyündə turist axınının artmasına zəmanət vermir. Azərbaycan bu sahədə Türkiyə, Gürcüstan və digər yaxın ölkələrin təcrübəsindən yararlanmalıdır. Həmin ölkələr turistlərin giriş-çıxışını asanlaşdırır, daha çox və əlçatan aviareyslər təklif edir, viza məhdudiyyətlərini minimuma endirir, eyni zamanda əyləncə məkanları və turizm infrastrukturunu inkişaf etdirirlər”.
Xalid Kərimlinin fikrincə, xarici səfərlərin artması ölkədən valyuta axınına səbəb ola bilər:
“Bununla belə, mövcud statistik göstəricilər viza rejiminin yumşaldılmasının hələlik gözlənilən turizm artımını təmin etmədiyini göstərir. Belə ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 191 ölkədən 1 milyon 831,8 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6% az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu rəqəmlər göstərir ki, viza rejiminin sadələşdirilməsi hələlik nə Azərbaycana gələn turistlərin, nə də ölkə vətəndaşlarının xarici səfərlərinin sayında nəzərəçarpacaq artım yaradıb”.
Ekspert əlavə edib ki, turizmin inkişafı isə iqtisadiyyatın bir çox sahələrinə müsbət təsir göstərir:
“Buraya turizm agentlikləri, hotellər, ictimai iaşə obyektləri, nəqliyyat, xidmət və ticarət sektorları daxildir. Hətta kənd təsərrüfatı da bu prosesdən faydalanır. Çünki ölkəyə gələn turistlərin qida və digər məhsullara tələbatı yerli istehsala əlavə stimul yaradır.
Ümumilikdə, ölkə beynəlxalq iqtisadi və turizm əlaqələrini genişləndirmək üçün daha açıq siyasət yürütməli, sərhədlərarası hərəkətliliyi artırmalı və viza prosedurlarını mümkün qədər sadələşdirməlidir”.
Turizm üzrə ekspert, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək Komitəsinin rəhbəri Rəhman Quliyev Oxu24.com-a açıqlamasında bildirib ki, Azərbaycan turizminin inkişafı baxımından 2026–2030-cu illər üçün Dövlət Proqramının qəbul edilməsini çox mühüm və strateji addımdır.
Onun sözlərinə görə, bu proqram ölkəmizin turizm potensialının daha geniş miqyasda reallaşdırılmasına, beynəlxalq turizm bazarında mövqeyinin gücləndirilməsinə yeni imkanlar yaradır:
“Artıq proqramın icrasının əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi üzrə institusional mexanizmlərin yaradılması istiqamətində konkret addımlar atılıb. Dövlət Proqramının əsas üstünlüklərindən biri turizmin yalnız Bakı şəhərində deyil, Azərbaycanın bütün regionlarında inkişafını prioritet istiqamət kimi müəyyən etməsidir.
Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan, Şəki-Zaqatala, Lənkəran və digər bölgələrimizdə yeni turizm marşrutlarının inkişafı üçün geniş imkanlar mövcuddur. Proqram çərçivəsində turizm infrastrukturunun təkmilləşdirilməsi, investisiyaların cəlb edilməsi və sahibkarlara dəstək mexanizmlərinin gücləndirilməsi nəzərdə tutulur. Xüsusilə hava nəqliyyatının turizmə töhfəsinin artırılması, ölkəmizə beynəlxalq uçuş imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Rəqəmsallaşma, müasir marketinq strategiyaları və Azərbaycanın turizm brendinin beynəlxalq səviyyədə tanıdılması da əsas hədəflərdəndir”.
Ekspert vurğulayıb ki, mədəni, ekoturizm, sağlamlıq, qış və kənd turizmi kimi istiqamətlərin inkişafı ölkəmizin turizm məhsullarını daha rəngarəng edəcək:
“Bu proqramın uğurlu icrası nəticəsində Azərbaycana gələn turistlərin sayının, turizm gəlirlərinin və yeni iş yerlərinin artması üçün əlverişli şərait formalaşacaq.
Əsas məqsədimiz Azərbaycanı təkcə regionun deyil, bütövlükdə dünyanın cəlbedici, rəqabətqabiliyyətli və ilboyu səyahət edilən turizm istiqamətlərindən birinə çevirmək olmalıdır.
Azərbaycan turizminin gələcəyi yalnız turistlərin sayının artırılması deyil, keyfiyyətli xidmət, rəqabətqabiliyyətli qiymətlər, regionların inkişafı və turist məmnuniyyətinin yüksəldilməsidir”.
Mehim Mehmanqızı
Qeyd: Məqalə Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.
13:53 / 03 Noyabr 2026
22
13:49 / 03 Noyabr 2026
64
13:37 / 03 Noyabr 2026
44
13:25 / 03 Noyabr 2026
45
13:16 / 03 Noyabr 2026
113
12:43 / 03 Noyabr 2026
81
12:38 / 03 Noyabr 2026
415
12:30 / 03 Noyabr 2026
541
12:24 / 03 Noyabr 2026
77
12:20 / 03 Noyabr 2026
83
12:17 / 03 Noyabr 2026
355
12:09 / 03 Noyabr 2026
53
12:06 / 03 Noyabr 2026
75
12:01 / 03 Noyabr 2026
139
11:59 / 03 Noyabr 2026
94
11:57 / 03 Noyabr 2026
84
11:46 / 03 Noyabr 2026
123
11:44 / 03 Noyabr 2026
82
11:40 / 03 Noyabr 2026
73
11:35 / 03 Noyabr 2026
108
11:33 / 03 Noyabr 2026
92
11:30 / 03 Noyabr 2026
974
11:22 / 03 Noyabr 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.