Qaynar xətt:

(+99450) 247 90 86

Məktəbi niyə yandırırsınız? - Axı uşaqlar içəridədir…

Məktəbi niyə yandırırsınız? - Axı uşaqlar içəridədir…

CƏMİYYƏT

74

14.10.2026, 09:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Uşaqlar böyüklərin dediklərini yox, etdiklərini öyrənirlər. Onlar məktəbdə qanunun, evdə hörmətin, cəmiyyətdə isə fərqli düşüncələrə dözümlülüyün mahiyyətini sözlərdən yox, həyatı müşahidə edərək anlayırlar…

Son günlər məktəblərin önündə baş verən hadisələr, sındırılan şüşələr, alovlanan aqressiya fonunda unudulan ən böyük həqiqət də elə budur: Məktəbin qapısında qıy-qışqırıq eşidən uşaq böyük ehtimal ki, mübahisənin səbəbini tam olaraq anlamır, amma qəzəbin dilini çox yaxşı öyrənir. Beləcə, fərqində olmadan, uşaqlarımıza öyrətdiyimiz qəzəb dili ilə elə düşmənlərimizin arzuladığı parçalanmanın toxumlarını öz əllərimizlə səpirik. Böyüklərin özlərini sübut etmək üçün əl atdıqları zorakılıq, uşağın gözündə haqqın özündən də böyük bir həqiqətə çevrilir…

Videoları ürək ağrısı ilə izləyirəm. Uşaqlarınıza inanclarının arxasında durmağı belə öyrətməməli idiniz. Onlara deməli idiniz ki, indi sənin baş örtüyün olmadan məktəbə getməyin günah deyil; günah olan – elmdən, işıqdan, məktəbdən kənar qalmaqdır. Dini övladına sevdirməyin yolu onu məktəb qapısında sındırılan şüşələrin “kəsər” qorxusu ilə üz-üzə qoymaq deyil. İslam fəlsəfəsi zərurət anında elm almağı, dinc yaşamağı və dövlətin nizamına hörmət etməyi hər şeydən uca tutur. Bir ananın, bir atanın övladına verəcəyi ən böyük mənəvi tərbiyə – inancı aqressiya və mübarizə alətinə çevirmək deyil, onun qəlbində təqvanı, həyanı və elmə olan sevgini yaşatmaqdır. Uşağın çantasını günah və savab tərəzilərinin ağır yükü altında əzmək, ona balaca yaşda “düşmən” və “mübarizə” anlayışlarını aşılamaq özü böyük günahdır.

Uşaqlarımıza aşıladığımız anlayışlar o qədər kəskindir ki: ya dindarsan, ya ateist; başı örtülüsənsə, olmayanlar kafirdir; başını açmaq tələb olunursa, təhsil həyatın bitməlidir... Bunun sonunun hara getdiyini görürükmü? Bu, cəmiyyəti bürüyən “ya ağdır, ya qara” xəstəliyidir. Axı həyatda başqa rənglər də var! Bu gün artan cinayət işlərinin, məişət zorakılıqlarının, küçə aqressiyasının kökündə həm də bu barışmazlıq durur. Çünki hər kəs öz “həqiqət”inin arxasında əlində balta ilə dayanır; güzəştə getmir, masaya oturmur, bir dəfə də olsun “bəlkə” demir, “qan-qan” deyir.

Psixologiya qəzəb anındakı bu kor aqressiyanı şüurun itirilməsi ilə izah edir: beyin təhdid və ya təxribat hissinə qapananda məntiq, soyuqqanlılıq və düşünmək qabiliyyəti müvəqqəti olaraq sönür. İnsan öz fərdi cavabdehliyini kütlənin bağırtıları içində itirir, özünü kütlənin arxasında gizlədərək daxilindəki bütün ibtidai instinktləri, nifrəti küçəyə tökür. Ən təhlükəlisi isə odur ki, beyin bu vəhşiliyi dərhal pərdələməyə çalışır – insan məktəb şüşəsini qırmağını zorakılıq kimi yox, öz gözündə “müqəddəs borc” kimi rasionallaşdırır. Özünü inancın qoruyucusu sanan fərd, əslində öz bioloji instinktlərinin və kütlə psixologiyasının oyuncağına çevrilir.

Bu gün Azərbaycanda 4400-dən çox ümumtəhsil məktəbi fəaliyyət göstərir və bu ocaqlarda 1,6 milyondan çox şagird təhsil alır. Dövlətin vahid məktəbli forması qərarı məhz bu sosial nəhəng kütlədə varlı-kasıb, fərqli sosial təbəqə və ideoloji fərqləri vizual olaraq sıfırlamaq, sinif otaqlarında bərabərlik zirehi yaratmaq funksiyasını daşıyır. Bu, heç kimin vicdan azadlığına müdaxilə deyil; bu, 1918-ci ildə Şərqdə ilk dəfə məktəbi ideoloji fərqlərdən təmizləyib dünyəvi təhsilin təməlini qoyan Xalq Cümhuriyyətindən gələn mirasdır.

Kütlənin səsi bəzən o qədər gur olur ki, insan öz düşüncəsini eşitmir. Güstav Le Bon “Kütlə psixologiyası” əsərində yazırdı ki, kütlənin içindəki fərd dənizdəki qum dənəsidir; külək haradan əssə, o tərəfə yuvarlanar. Məktəbin vəzifəsi isə uşağa məhz bunu öyrətməkdir: səs-küyün içində düşünməyi, fərqliliyin qarşısında insanlığını itirməməyi və haqlı olduğuna inansa belə, başqasının haqqını tapdalamamağı. Bu gün məktəb qapısına hücum edənlər – bir-birinin küyünə gedərək Le Bonun təsvir etdiyi o şüursuz, idarəolunmaz kütlə coşğusuna təslim olanlardır.

Baş örtüyü, öz mahiyyəti etibarilə sükutdur, insanın daxili aləminə çəkilib Yaradanı ilə baş-başa qalması, təqvasıdır. Lakin bu gün məktəb qapısına daş atan, təhsil işçisinə hücum edən, maşın yandıran kütlənin əlində o baş örtüyü bir təqva libasına yox, kütləvi aqressiyanın bayrağına çevrilib.

Cəmiyyət olaraq anlamalıyıq ki, bu gün məktəb qapısında sınan şüşə təhsilin, sosial bərabərliyin və dövlət nizamının təhlükəsizlik sərhədidir. İnanc məktəb qapısı sındırmaqla, maşın yandırmaqla müdafiə olunmur. Azərbaycan XXI əsrin fırtınalı coğrafiyasında öz dünyəviliyini və dövlət nizamını qorumağa məcburdur. Kütlə psixologiyasının korluğuna, daşa və küçə aqressiyasına qarşı duracaq yeganə cavab – qanunun aliliyi, təmkin və pəncərə arxasında çantasını qucaqlayıb təhlükədən qorxan o balaca uşağın gələcəyinə və güvəninə sahib çıxmaqdır.

Nərmin Dadaşova“Qafqazinfo”