Qaynar xətt:

(+99450) 247 90 86

Himayədar ailələrin sayı necə artırılsın? – Cavid Şahmalıyevdən AÇIQLAMA

Himayədar ailələrin sayı necə artırılsın? – Cavid Şahmalıyevdən AÇIQLAMA

CƏMİYYƏT

51

23.09.2026, 16:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində böyüməsi son illərdə sosial siyasətin mühüm istiqamətlərindən birinə çevrilib. Məqsəd yalnız sosial xidmət müəssisələrində yaşayan uşaqların sayını azaltmaq deyil, hər bir uşağın mümkün qədər təhlükəsiz, qayğıkeş və sabit ailə mühitində böyüməsinə şərait yaratmaqdır. Bu baxımdan himayədar ailə modeli xüsusi əhəmiyyət daşıyır. Lakin bu modelin cəmiyyətdə daha geniş yayılması üçün ailələrin məlumatlandırılması, onların tərəddüdlərinin aradan qaldırılması və real himayədar ailələrin təcrübələrinin ictimaiyyətə çatdırılması vacib məsələlərdəndir.

Mövzu ilə bağlı Sosial Xidmətlər Agentliyinin Övladlığa götürmə departamentinin müdiri Cavid Şahmalıyev Oxu24.com-a açıqlamasında bildirib ki, himayədar ailə olmaq və ya uşağı övladlığa götürmək istəyən ailələrin qarşısında çox ciddi və məsuliyyətli qərar dayanır. Onun sözlərinə görə, bu istiqamətdə əsas məqsədlərdən biri uşaqların müəssisələrdə deyil, mümkün qədər ailə mühitində böyüməsinə şərait yaratmaqdır.

“Himayədar ailə olmaq, həm də övladlığa götürmək üzrə müraciət etmək istəyən ailələrimiz nə fikirləşməlidirlər, nə etməlidirlər? Nə edək ki, himayədar ailələrin sayı çoxalsın? Nə edək ki, müəssisələrdə uşaqların sayı azalsın, bütün uşaqlar ailədə yaşasın? Ağır sualdır, çətin sualdır”, – deyə Cavid Şahmalıyev bildirib.

Departament rəhbərinin sözlərinə görə, bu məsələdə ən böyük problemlərdən biri insanların bəzən qərar verməkdən çəkinməsidir. Ailə uşağı qəbul etmək istəsə də, sonrakı mərhələdə yaranacaq çətinliklərdən narahat ola bilər. “Götürərəm, amma baxa bilmərəm”, “öhdəsindən gələ bilmərəm”, “ətraf nə deyər?” kimi suallar insanların qərarına təsir göstərə bilir.

“Bəzən insanlarımız tərəddüd edirlər ki, uşağı götürərəm, baxa bilmərəm və yaxud hansı qınaqla üzləşərəm. Bu baxımdan yanaşmaq lazımdır. Ailə ümumiyyətlə cəmiyyətdə fundamentdir. Ailə dəyərləri inkişaf etdikcə tərbiyə, uşağın dünyaya gəlməsi və belə məqamların hamısı bir-biri ilə zəncirvari şəkildə əlaqələnir. Bu da dolayısı ilə bizim işimizə təsir edir”, – deyə o vurğulayıb.

Cavid Şahmalıyev hesab edir ki, himayədar ailə modelinin genişləndirilməsi yalnız inzibati tədbirlərlə mümkün deyil. Bunun üçün cəmiyyətin düşüncəsində də müəyyən dəyişikliklərə ehtiyac var. İnsanlar bilməlidirlər ki, himayədar ailə olmaq yalnız bir uşağı evə gətirməkdən ibarət deyil. Burada uşağın emosional ehtiyaclarının başa düşülməsi, onun keçmişinə hörmətlə yanaşılması, ailəyə uyğunlaşmasına səbir göstərilməsi və onun gələcək inkişafına dəstək verilməsi kimi məsələlər də var.

Hazırkı qaydalara əsasən, himayədar ailə valideyn himayəsindən məhrum olmuş və müxtəlif səbəblərdən bioloji ailəsində qalması mümkün olmayan uşaqlar üçün ailə əsaslı alternativ qayğı modelidir. Uşaq himayədar ailəyə müqavilə əsasında və müəyyən müddətə verilir. Bu model övladlığa götürmədən fərqlənir: himayədar ailəyə verilən uşaq həmin ailənin varisi hesab edilmir. Əsas məqsəd uşağın sosial xidmət müəssisəsində deyil, ailə mühitində böyüməsini və inkişaf etməsini təmin etməkdir.

Şahmalıyevin sözlərinə görə, bu istiqamətdə cəmiyyətə təqdim olunan nümunələr də olduqca vacibdir. İnsanlara himayədar ailə modelini yalnız rəsmi məlumatlarla izah etmək əvəzinə, bu prosesi yaşayan ailələrin öz hekayələrini danışmasına imkan yaratmaq daha təsirli ola bilər.

“Burada mən elə bilirəm ki, modellər olmalıdır. Sizin tərəfdən məsələyə baxmaq lazımdır ki, bu ailələr ki, uşaq götürürlər, ailə özü danışanda daha təsirli olur. Məsələn, ailə deyir ki, mən xoşbəxtəm, mən həyatıma rəng qatmışam, mən bir uşağın hər gün ümidiyəm, sevinciyəm, kədəriyəm. Bunu ailə danışmalıdır”, – deyə departament müdiri qeyd edib.

Onun fikrincə, real həyat hekayələri digər ailələrin tərəddüdünün aradan qaldırılmasına ciddi təsir göstərə bilər. Çünki bəzən insanlar himayədar ailə modelinin necə işlədiyini yalnız nəzəri məlumatlardan öyrənirlər. Halbuki artıq bu təcrübəni yaşamış ailənin gündəlik həyatdan danışması, uşağın ailəyə uyğunlaşma prosesini bölüşməsi və qarşılaşdığı çətinliklərdən necə keçdiyini izah etməsi daha inandırıcı ola bilər.

Cavid Şahmalıyev qeyd edib ki, burada ailələrin özlərinin də ictimai maarifləndirmədə iştirak etməsi əhəmiyyətlidir. Lakin bəzi ailələr bu mövzuda danışmağa və müsahibə verməyə çəkinirlər.

“Bizim ailələr də utanırlar, bəzən bu zaman çəkinirlər. Ailə var, amma müsahibə çəkilir. Halbuki həmin ailənin öz hekayəsini danışması çox təsirli ola bilər. İnsanlar görməlidirlər ki, bu addımı atan ailə sonradan nə yaşadı, uşağın ailəyə gəlişi onların həyatına necə təsir etdi”, – deyə o əlavə edib.

Departament rəhbərinin sözlərinə görə, himayədar ailələrin sayının artırılması üçün yalnız insanlara “uşaq götürün” çağırışı etmək kifayət deyil. Ailələrə prosesin mahiyyəti, onların hüquq və öhdəlikləri, uşağın ehtiyacları və onlara göstərilən sosial dəstək barədə ətraflı məlumat verilməlidir.

Hazırda himayədar valideyn olmaq istəyən şəxslər üçün müəyyən edilmiş tələblər mövcuddur. Yetkinlik yaşına çatmış, evli və ya subay, ən azı ümumi orta təhsilli və müəyyən digər şərtlərə cavab verən Azərbaycan vətəndaşları himayədar valideyn ola bilərlər. Nikahda olan şəxslərdən biri üçün aşağı yaş həddi 25, nikahda olmayan şəxslər üçün isə 30 yaşdır. Namizədlərin yaşayış və gəlir vəziyyəti, sağlamlıq durumu, məhkumluğunun olub-olmaması və digər məsələlər qiymətləndirilir.

Himayədar ailə olmaq üçün müraciət prosesi də mərhələli şəkildə həyata keçirilir. Namizəd onunla birgə yaşayan 18 yaşdan yuxarı şəxslərlə birlikdə notariat ofisinə müraciət edir. Daha sonra notariat qaydasında təsdiqlənmiş ərizə elektron sistemə ötürülür və namizəd “e-Sosial” portalı vasitəsilə müraciəti davam etdirir. Namizədin yaşayış şəraiti, ailə tərkibi və ailə üzvlərinin münasibəti qiymətləndirilir. Daha sonra təlim mərhələsi keçirilir və uşağın mənafeyinə uyğunluq müəyyənləşdirilir.

Sentyabr ayında edilmiş dəyişikliklərlə bu prosesin daha da sadələşdirildiyi açıqlanıb. Hazırda uçota alınmış namizədlərlə 10 iş günü ərzində müsahibə keçirilməsi, maddi-məişət şəraitinin qiymətləndirilməsi və bu mərhələni uğurla keçən şəxslərin minimum üç gün davam edən təlimlərə cəlb olunması nəzərdə tutulur. Bu dəyişikliklərin məqsədi müraciət edən vətəndaşların daha qısa müddətdə himayədar valideyn kimi fəaliyyətə başlamasına imkan yaratmaqdır.

Himayədar ailəyə verilən uşağın seçilməsi zamanı isə əsas meyar uşağın mənafeyidir. Namizədin ailə şəraiti, ailə üzvlərinin münasibəti və uşağın ehtiyacları nəzərə alınır. Təlimdən müsbət nəticə əldə edən namizədlə uyğun uşaq arasında görüş sosial işçinin iştirakı ilə təşkil edilir. Görüşün nəticələri nəzərə alınaraq himayədar valideynlə uşaq arasında münasibətlərin uyğunluğu qiymətləndirilir və daha sonra müqavilə bağlanır.

Şahmalıyev bu prosesin sürətli nəticə verən bir kampaniya kimi deyil, uzunmüddətli sosial siyasət kimi qiymətləndirilməli olduğunu düşünür. O, müxtəlif ölkələrin təcrübəsində də ailə əsaslı qayğıya keçidin birdən-birə baş vermədiyini, mərhələli şəkildə həyata keçirildiyini diqqətə çatdırıb.

“Mən pessimist deyiləm, bunu normal proses hesab edirəm. Dünən Albaniya təcrübəsini oxuyuram, baxıram ki, orada proses daha ağır gedib, çox ağır gedib. Proses başlayıb müəyyən ildə, sonra mümkün olmayıb, sonra müəyyən qruplara təsir edə-edə, proses inkişaf etdirilib”, – deyə Cavid Şahmalıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda da bu istiqamətdə müəyyən müddət ərzində mərhələli nəticələr əldə etmək mümkündür. “Üç il üçün deyərdim ki, 87 uşağın ailədə verilməsi kifayət qədər nəticədir. Zatən bizim üç illik hədəfimiz, yəni 2026-cı ilin sonuna qədər olan hədəfimiz 120 uşağın himayədar ailədə olmasıdır. Hədəfdən çox uzaqlaşmamışıq, yaxınıq. İnşallah, ilin sonuna qədər də çatacaq”, – deyə departament müdiri qeyd edib.

Qeyd edək ki, dövlətin 2022–2026-cı illəri əhatə edən sosial siyasət strategiyasında dövrün sonuna qədər 120 uşağın himayədar ailəyə verilməsi, 220 uşağın ailələrə qaytarılması və 250 uşağın sosial xidmət müəssisələrinə düşməsinin qarşısının alınması hədəfləri müəyyənləşdirilib.

Himayədar ailələrin sayının artırılmasında sosial dəstək mexanizmlərinin də rolu var. Hazırkı qaydalara əsasən, himayədar ailəyə verilmiş uşağa görə yaş qrupundan asılı olaraq aylıq müavinət ödənilir. 0–6 yaşlı uşaqlar üçün bu məbləğ 355 manat, 7–13 yaşlı uşaqlar üçün 375 manat, 14–18 yaşlı uşaqlar üçün isə 395 manatdır. Əlilliyi müəyyən edilmiş uşaqlar üçün müavinət məbləğləri müvafiq olaraq 500, 600 və 650 manat təşkil edir.

Lakin bu məsələyə yalnız maddi təminat prizmasından yanaşmaq düzgün deyil. Çünki uşağın ailəyə yerləşdirilməsinin əsas məqsədi onun yalnız yaşayış şəraitini dəyişmək deyil, ailə mühitində emosional və sosial inkişafına imkan yaratmaqdır. Bu səbəbdən ailənin uşağa münasibəti, səbrli olması, onun fərdi xüsusiyyətlərini qəbul etməsi və ehtiyac yarandıqda mütəxəssislərin dəstəyindən istifadə etməsi də mühüm əhəmiyyət daşıyır.

Cavid Şahmalıyev hesab edir ki, gələcəkdə himayədar ailə modelinin daha da geniş yayılması üçün əsas istiqamətlərdən biri məhz cəmiyyətin məlumatlandırılması və real ailələrin təcrübələrinin daha çox görünən olmasıdır. İnsanların “Mən bacararammı?” sualına cavab tapması üçün artıq bu yolu keçmiş ailələrin təcrübəsini görməsi vacibdir.

Əslində, bir uşağın ailəyə qəbul edilməsi təkcə həmin uşağın deyil, bütün ailənin həyatında yeni mərhələnin başlanmasıdır. Bu prosesdə ailənin dəstəyə ehtiyacı ola bilər, uşağın da uyğunlaşmaq üçün zamana ehtiyacı yarana bilər. Ona görə də himayədar ailə olmaq qərarı nə qədər ciddi məsuliyyət tələb edirsə, cəmiyyətin həmin ailəyə münasibəti də bir o qədər əhəmiyyətlidir.

“Biz istəyirik ki, uşaqlar ailə mühitində böyüsünlər. Bunun üçün ailələrə dəstək olmalıdır, ailələr öz təcrübələrini paylaşmalıdır. İnsanlar bilməlidirlər ki, bir uşağın həyatına toxunmaq yalnız onun həyatını dəyişmir, bəzən ailənin öz həyatına da tamam başqa məna gətirir”, – deyə Cavid Şahmalıyev vurğulayıb.

Beləliklə, himayədar ailələrin sayının artırılması yalnız dövlət proqramlarının genişləndirilməsi ilə deyil, ailələrin bu prosesə hazırlanması, cəmiyyətdə mövcud tərəddüdlərin aradan qaldırılması, real nümunələrin təbliği və uşaqların mənafeyinin bütün mərhələlərdə əsas meyar kimi qorunması ilə mümkündür. Əsas məqsəd isə rəqəmlərin artması deyil, daha çox uşağın təhlükəsiz, qayğıkeş və sabit ailə mühitində böyüməsinə şərait yaradılmasıdır.

İrandan Azərbaycana uçuşlar dayandı  — Regionda nə dəyişəcək?

15:35 / 23 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

İrandan Azərbaycana uçuşlar dayandı  — Regionda nə dəyişəcək?

52

0
Azərbaycanda ordu generalı rütbəsi hələ heç kimə verilməyib – Bəs ona bərabər tutulan ali rütbələr hansılardır?  

15:25 / 23 Sentyabr 2026

HƏRBİ HƏRBİ

Azərbaycanda ordu generalı rütbəsi hələ heç kimə verilməyib – Bəs ona bərabər tutulan ali rütbələr hansılardır?  

153

0
“Xscyth3” adlı kiberdələduz tərəfindən ".az" domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb 

15:25 / 23 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

“Xscyth3” adlı kiberdələduz tərəfindən ".az" domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb 

62

0
Anar Bayramov TƏBİB-də iki xanıma vəzifə verdi (FOTO) 

15:23 / 23 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Anar Bayramov TƏBİB-də iki xanıma vəzifə verdi (FOTO) 

71

0
Bakıda "Formula 1" tıxacları: Nəqliyyat böhranını necə həll etməli? — Ekspert DANIŞDI  

15:10 / 23 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakıda "Formula 1" tıxacları: Nəqliyyat böhranını necə həll etməli? — Ekspert DANIŞDI  

79

0
YENƏ DƏ "QƏDİM TARİX" DAVASI...  Qulu  Məhərrəmli yazır

15:05 / 23 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

YENƏ DƏ "QƏDİM TARİX" DAVASI...  Qulu  Məhərrəmli yazır

64

0
11 aylıq uşaq itkin düşüb  — Dronlar havaya qalxdı,ölkə bu uşağı axtarır

15:03 / 23 Sentyabr 2026

DÜNYA DÜNYA

11 aylıq uşaq itkin düşüb  — Dronlar havaya qalxdı,ölkə bu uşağı axtarır

74

0
Biz misin qızıla çevriləcəyinə inanmışıq, bundan sonra da inanacağıq....

14:43 / 23 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Biz misin qızıla çevriləcəyinə inanmışıq, bundan sonra da inanacağıq....

62

0
Bir vaxtlar efirlərin tanınmış siması idi -Onu yaxından tanıyaq

14:38 / 23 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bir vaxtlar efirlərin tanınmış siması idi -Onu yaxından tanıyaq

82

0
Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 

14:35 / 23 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 

77

0
Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları  

14:32 / 23 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları  

73

0
Zeynəb Xanlarovaya nə olub?  — Əməliyyat olundu

14:19 / 23 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Zeynəb Xanlarovaya nə olub?  — Əməliyyat olundu

541

0