Qaynar xətt:

(+99450) 247 90 86

Qərbi Azərbaycanda mədəni irsin məhv edilməsi: alimlərdən HESABAT  

Qərbi Azərbaycanda mədəni irsin məhv edilməsi: alimlərdən HESABAT  

CƏMİYYƏT

65

17.09.2026, 10:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İnsanlıq tarixi göstərir ki, bir xalqın bir ərazidən silinməsi yalnız fiziki deportasiya ilə bitmir. Bunun ardınca həmin xalqın minilliklər boyu yaratdığı mədəni, tarixi və mənəvi izlər də hədəfə çevrilir. Bu gün Ermənistan ərazisi kimi tanınan Qərbi Azərbaycan torpaqları əsrlər boyu Azərbaycan xalqının köklü yaşayış məskəni olmuş, burada zəngin memarlıq, dini və etnoqrafik irs formalaşmışdır. İrəvan xanlığı dövründə (1747-1828) bu ərazilərdə yüzlərlə məscid, mədrəsə, karvansara, hamam, qala və yaşayış kompleksi inşa edilmişdir.

XX əsrin əvvəllərindən, xüsusilə 1918-1920, 1948-1953 və 1988-1991-ci illərdə həyata keçirilən kütləvi deportasiyalar və monoetnik dövlət quruculuğu siyasəti nəticəsində bu irs sistemli şəkildə dağıdılmışdır. Ermənistan rəhbərliyi Azərbaycan xalqının bu torpaqlardakı tarixi varlığını inkar etmək üçün yalnız əhalini deportasiya etməklə kifayətlənməmiş, tarixi abidələri, məscidləri, qəbiristanlıqları və yaşayış məskənlərini də məhv etməyə yönəlmiş vandalizm siyasəti yürütmüşdür. Bu siyasətin nəticələri bu gün beynəlxalq ictimaiyyətə təqdim olunan arxiv materialları, xəritələr və peyk təsvirləri ilə aydın şəkildə sübut olunur.

Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə inkar etməyə çalışır. Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irs — tarixi abidələr, qəbiristanlıqlar, məscidlər, tarixi yaşayış yerləri dağıdılıb. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan bu addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyil.

Ermənistan tərəfinin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi, beynəlxalq hüququn — o cümlədən 1954-cü il Haaqa Konvensiyasının və UNESCO-nun müvafiq qərarlarının, kobud şəkildə pozulmasıdır.

Bu prosesin miqyası və mahiyyəti Qərbi Azərbaycanın tarixi-mədəni mənzərəsinə nəzər saldıqda daha aydın görünür. Burada Azərbaycan xalqının çoxəsrlik yaşayışını və mədəni varlığını təsdiqləyən memarlıq abidələri, dini tikililər, qəbiristanlıqlar və toponimlər zaman keçdikcə həm fiziki olaraq məhv edilmiş, həm də tarixi məzmunundan uzaqlaşdırılmışdır.

Qərbi Azərbaycanın tarixi mədəni mənzərəsi regionun etnik-mədəni kimliyini əks etdirən ən bariz sübut idi. İrəvan xanlığı dövrünə aid memarlıq abidələri — İrəvan qalası (XVI əsr), Sərdar sarayı, Göy məscid (1766), Zal xan məscidi, Sərdar məscidi, Şah Abbas məscidi, Təpəbaşı məscidi, Dəmirbulaq məscidi — eləcə də Göyçə, Zəngəzur, Dərələyəz və Ağbaba mahallarındakı qədim alban abidələri, pir və ziyarətgahlar, qəbiristanlıqlar bu torpaqların tarixi sahiblərinin kimliyini açıq şəkildə nümayiş etdirirdi. 1917-ci il siyahıyaalmasına görə yalnız İrəvan şəhərində 8 məscid, 2 mədrəsə və 10-dan çox dini ibadətgah fəaliyyət göstərirdi.

Ermənistanın yürütdüyü destruktiv siyasət iki əsas istiqamətdə həyata keçirilmişdir.

Birincisi, fiziki məhvetmə yolu ilə. Yüzlərlə məscid, pir və qədim qəbiristanlıq ağır texnika vasitəsilə yerlə-yeksan edilmiş, daşları tikinti materialı kimi istifadə olunmuş və ya üzərində yaşayış massivləri salınmışdır. İrəvan qalasının divarları 1950-ci illərdə sökülərək yerində şərab zavodu və yaşayış binaları inşa edilmişdir. Sərdar sarayının freskaları məhv edilmiş, Təpəbaşı məhəlləsinin tarixi evləri planlı şəkildə dağıdılmışdır. Göyçə mahalı üzrə 35 azərbaycanlı kənd qəbiristanlığı tamamilə silinmiş, Qərbi Zəngəzurda (Sisyan, Gorus, Qafan rayonları) 50-dən çox kənd məscidinin yerində təsərrüfat binaları tikilmişdir. Azərbaycan Dövlət Arxivinin Fond 276-da saxlanılan 1930-1935-ci illər sənədlərində bu abidələrin siyahısı mövcuddur, lakin bu gün onların əksəriyyətinin yerində heç bir iz qalmamışdır.

İkincisi, toponimlərin deformasiyası və tarixin təhrifi yolu ilə. Mədəni irsin fiziki silinməsi ilə yanaşı, minlərlə türk mənşəli toponim süni şəkildə dəyişdirilmişdir. 1940-cı ildən 1980-ci ilə qədər Ermənistan SSR Ali Sovetinin qərarları ilə 2000-dən çox yaşayış məntəqəsinin, dağın, çayın adı dəyişdirilmişdir: Aşağı Ağbulaq - Hoktemberyan, Kəmərli - Kamo (sonradan Qavar), Qaraçöp - Qeğadzor, Böyük Vedi - Vedi, Baş Gərni - Qarni, Qızıl Şəfəq - Burastan və digərləri. Sağ qalan bəzi memarlıq nümunələrinin isə mənşəyi saxtalaşdırılaraq başqa xalqların irsi kimi təqdim olunmağa çalışılmışdır. Belə ki, Göy məscid "fars məscidi" kimi təqdim edilsə də, onun Səfəvi-Azərbaycan memarlıq məktəbinə aid olduğu və Azərbaycan memarları tərəfindən tikildiyi tarixi mənbələrdə təsdiqlənir.

Bu addımlar sadəcə tarixi abidələrə qarşı vandalizm deyil, bir xalqın tarixi yaddaşını silməyə hesablanmış irqçilik və etnik dözümsüzlük təzahürüdür. Beynəlxalq elmi ədəbiyyatda bu cür hadisələr çox vaxt “mədəni soyqırım” anlayışı ilə xarakterizə olunur

Mədəni irsin fiziki məhv edilməsi və onun tarixi mənsubiyyətinin dəyişdirilməsi yalnız tarixi yaddaş baxımından deyil, beynəlxalq hüquq baxımından da ciddi suallar doğurur. Xüsusilə mədəni sərvətlərin silahlı münaqişələr zamanı və ümumilikdə qorunmasına dair beynəlxalq sənədlərdə təsbit olunmuş prinsiplər bu məsələnin hüquqi çərçivədə qiymətləndirilməsinə imkan verir.

Mədəni dəyərlərin qəsdən məhv edilməsi beynəlxalq hüquq müstəvisində ağır məsələ hesab olunur. Ermənistanın Qərbi Azərbaycanda törətdiyi vandalizm aktları bir sıra beynəlxalq sənədlərin ruhu və prinsipləri ilə ziddiyyət təşkil edir.

1954-cü il Haaqa Konvensiyası -“Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında” konvensiyanın 4-cü maddəsinə görə iştirakçı dövlətlər öz ərazilərindəki mədəni dəyərlərə hörmət etməyi və onları talan, oğurluq və vandalizm aktlarından qorumağı öhdəsinə götürür; 1-ci Protokol isə mədəni dəyərlərin işğal zamanı daşınmasını və mənimsənilməsini qadağan edir. Qeyd etmək lazımdır ki, Konvensiya birbaşa silahlı münaqişə şəraitinə tətbiq olunur; buna görə də 1940-1980-ci illər kimi sovet dövrünə aid hadisələrə istinad edərkən bu, formal hüquqi tələbdən çox, konvensiyanın əsasında duran mədəni irsə hörmət prinsipinin pozulması kimi qiymətləndirilməlidir.

1972-ci il UNESCO Konvensiyası – “Ümumdünya mədəni və təbii irsin qorunmasına dair”  hər bir dövlətin öz ərazisindəki mədəni irsi qorumaq və gələcək nəsillərə çatdırmaq öhdəliyini müəyyən edir. Ermənistan öz ərazisindəki Azərbaycan irsini qorumaq əvəzinə, onu sistemli şəkildə silmişdir.

Bundan başqa, BMT Baş Assambleyasının mədəni müxtəlifliyin qorunmasına dair qətnamələri və UNESCO-nun 2003-cü il “Qeyri-maddi mədəni irsin qorunması” Konvensiyası mədəni müxtəlifliyin məhvini pisləyən beynəlxalq normativ çərçivəni gücləndirir. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 8-ci maddəsi isə silahlı münaqişə zamanı mədəni abidələrin qəsdən dağıdılmasını müharibə cinayəti kimi tanıyır.

Göründüyü kimi, Ermənistan tərəfi öz ərazisindəki Azərbaycan mədəni irsini qorumaq əvəzinə, onun silinməsi prosesini təşkil etmişdir. Bu, təkcə Azərbaycana deyil, ümumbəşəri mədəniyyətə qarşı yönəlmiş ciddi məsələdir.

Məsələnin beynəlxalq müstəvidə gündəmə gətirilməsində yalnız tarixi sənədlər və elmi araşdırmalar deyil, diplomatik nümayəndələrin və beynəlxalq təşkilatların bölgədəki vəziyyətlə birbaşa tanış olması da mühüm əhəmiyyət daşıyır. Son illərdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərləri bu baxımdan xüsusi diqqət çəkir.

Azad edilmiş ərazilərə və sərhədyanı bölgələrə xarici diplomatların, beynəlxalq təşkilatların və media nümayəndələrinin təşkil olunan səfərləri zamanı şahid olduqları mənzərə, Ermənistanın yalnız keçmiş işğal altındakı torpaqlarda deyil, öz ərazisində də oxşar məhvetmə taktikasını tətbiq etdiyini gözlər önünə sərir.

11-12 sentyabr 2026-cı il tarixində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti iki günlük səfəri baş tutmuşdur. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə keçirilən səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərlik heyət iştirak etmişdir. Bu, 2020-ci ildən etibarən diplomatik korpusun işğaldan azad edilmiş ərazilərə 22-ci səfəri olmuşdur.

Səfərin birinci günü Şuşa və Xankəndi şəhərlərində aparılan bərpa-quruculuq işləri, ikinci günü isə Ağdərə rayonunun Vəngli kəndi yaxınlığındakı Gəncəsar monastır kompleksi, Kəlbəcər rayonunun Vəng kəndindəki Xudavəng monastır kompleksi və İstisu mineral su zavodu diplomatlara nümayiş etdirilmişdir. Diplomatların şahidi olduğu əsas məqam Azərbaycanın öz ərazisindəki bütün dini abidələrin - alban məbədləri, məscidlər, kilsələr, dövlət tərəfindən qorunması və bərpa edilməsi olmuşdur ki, bu da Azərbaycanın multikulturalizm modelinin əyani nümunəsi kimi təqdim edilir.

Diplomatik korpus nümayəndələrinə səfər zamanı faktoloji materiallar da təqdim olunur. Bunlara dağıdılmış məscidlərin və qəbiristanlıqların peyk təsvirləri əsasında müqayisəsi, Azərbaycan Dövlət Arxivinin Fond 27 və 276-da saxlanılan sənədlərdəki tarixi binaların siyahısı (halbuki bu binaların bu gün yerində heç bir iz qalmayıb) həmçinin mədəni irsin mənimsənilməsi və ya təhrif edilməsi cəhdlərini sübut edən elmi-arxeoloji faktlar daxildir. Bu materiallar həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır.

Xarici diplomatların və beynəlxalq ekspertlərin bu reallıqları öz gözləri ilə görməsi əhəmiyyətlidir: bu, Ermənistanın uzun illər formalaşdırmağa çalışdığı dezinformasiya təsvirinə qarşı faktlara əsaslanan alternativ mənbə yaradır.

Qərbi Azərbaycanda Azərbaycan xalqına məxsus mədəni irsin sistemli şəkildə dağıdılması təkcə bir xalqın tarixinin silinməsi cəhdi deyil, mədəni müxtəlifliyə vurulmuş ciddi zərbədir. Aparılan təhlil göstərir ki, Ermənistanın bu siyasəti 1954-cü il Haaqa Konvensiyası və UNESCO konvensiyalarının əsasında duran prinsiplərlə ziddiyyət təşkil edir.

Beynəlxalq ictimaiyyət, xüsusilə UNESCO və müvafiq beynəlxalq monitorinq missiyaları Qərbi Azərbaycandakı Azərbaycan mədəni irsinin faktiki vəziyyətini qiymətləndirmək üçün regiona müstəqil baxış keçirməli, bu məsələlərə hüquqi və siyasi qiymət verməlidir. Diplomatik korpusun şahidlik etdiyi bu həqiqətlər tarixi faktların dünya ictimaiyyətinə çatdırılması yolunda mühüm sübut mənbəyidir. Qərbi Azərbaycan İcmasının bu istiqamətdə fəaliyyəti, o cümlədən faktaraşdırıcı missiyaların təşkili təşəbbüsü beynəlxalq hüququn aliliyinin təmin olunması baxımından əhəmiyyətlidir.

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi,t.ü.f.d., dosent Sahibə Budaqova 

 “Türk xalqlarının tarixi və etnologiyası” şöbəsinin  kiçik elmi işçisi  Nərminə Hüseynova