Qaynar xətt:

(+99450) 247 90 86

Mir Bəşir Qasımov kim olub?

Mir Bəşir Qasımov kim olub?

CƏMİYYƏT

32

09.09.2026, 13:18

Cümhuriyyətin süqutuna aparan yolun yerli bolşevik simalarından biri də o idi - Mir Bəşir Qasımov. Taleyin ironiyasına bir bax: cümhuriyyətin devrilməsində canla-başla iştirak edəsən, xalqın azadlığına qənim kəsilən, millətini azad, dövlətini müstəqil görmək istəyənlərə divan tutasan... Və bütün bu fəaliyyətlərinin sonunda Fəxri xiyabanda dəfn olunasan. Hansı ki, həmin yerdə xalqın Üzeyir bəy kimi, Mirzə Cəlil, Xəlil Rza Ulutürk kimi şəxsiyyətləri dəfn olunub...

 Hər bir kəsə yaxşı məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu yalnız 1920-ci il aprelin 28-də Bakıya daxil olan XI Qırmızı Ordunun işi deyildi. Bu işğalın ölkə daxilində siyasi dayaqları, daha dəqiq desək, işğaldan öncə atılmış möhkəm təməlləri vardı. Həmin dayaqların başında Azərbaycan Kommunist (bolşeviklər) Partiyası və onun rəhbərliyində dayanan şəxslər gəlirdi. Qəzənfər Musabəyov, Həbib Sultanov, Teymur Əliyev, Həbib Cəbiyev, Əliheydər Qarayev... Mir Bəşir Qasımov da onların sırasında idi.

Qasımov 1920-ci ilin fevralında Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının I qurultayında Mərkəzi Komitəyə seçilmişdi. Həmin partiyanın əsas siyasi xətti Azərbaycan Xalq Cümhuriyyətinin qanuni hökumətini zor yolu ilə devirmək və sovet hakimiyyəti qurmaq idi. Azərbaycan Prezidentinin Kitabxanasının materiallarında partiyanın I qurultayının ADR hökumətinin zorla devrilməsi siyasətini qəbul etdiyi açıq şəkildə qeyd olunur.

  Bu fakt Qasımovun tarixdəki rolunu və mövqeyini anlamaq üçün, məncə əsas açardır. O, Cümhuriyyətin son aylarında bu mübarizənin kənarında duran sıravi kommunist deyildi; Azərbaycan bolşeviklərinin Mərkəzi Komitəsində təmsil olunan rəhbər şəxslərdən biri idi.

  ...1920-ci ilin aprelində vəziyyət son həddə çatdı. Aprelin 26–27-nə keçən gecə Azərbaycan Müvəqqəti İnqilab Komitəsi adından Moskvaya hərbi yardım xahişi göndərildi. Eyni vaxtda XI Qırmızı Ordu Azərbaycanın sərhədini keçdi. Aprelin 27-də isə Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi və digər bolşevik strukturları tərəfindən Azərbaycan parlamentinə hakimiyyəti təhvil vermək barədə ultimatum təqdim edildi. Parlament həmin gecə, Qırmızı Ordunun hərbi təzyiqi altında, hakimiyyəti İnqilab Komitəsinə verməyə məcbur oldu.

 Faktlar onu göstərir ki, haqqında danışdığımız Mir Bəşir Qasımov Müsavat hökumətinə qarşı üsyanın təşkilatçılarından və 28 aprel sovetləşməsinin əsas yerli simalarından biri idi. Ümumiyyətlə, dövrün mənzərəsini göz önünə gətirəndə aydın olur ki, cümhuriyyəti devirmək və Azərbaycanı işğal etmək, bir az əvvəl də qeyd etdiyimiz kimi, təkcə ordunun hücumu ilə baş verəcək hal deyildi. Əsas məsələ işğalçılara qarşı çıxacaq kütləni susdurmaq və yeni siyasi rejimin təməllərini ölkə daxilində gücləndirmək idi. Başqa sözlə desək, XI Qırmızı Ordu Azərbaycana hərbi güc gətirdi, amma onun qarşısında siyasi yolu açan qüvvələr də vardı. Qasımov və onun kimilər həmin daxili siyasi qüvvənin rəhbərliyində dayanırdı.

                     * * * * * *

  Aprelin 28-də Cümhuriyyət süqutu ilə Azərbaycan Sovet hakimiyyətinin altına keçdi. Maraqlıdır ki, Qasımovun siyasi yüksəlişi də məhz bundan sonra başladı. Dəqiq mənbələrdə onun Sovet hakimiyyətinin qurulmasından cəmi bir gün sonra onun Bakı İnqilab Komitəsinin üzvü olduğu göstərilir. Mir Bəşir Qasımov 1921-ci ildən 1935-ci ilədək Azərbaycan hökumətinin sədr müavini, 1935–1937-ci illərdə Azərbaycan SSR xalq sosial təminat komissarı, 1938-ci ildə Azərbaycan SSR Ali Sovetinin rəyasət heyətinin sədri olub. O, 1949-cu ildə vəfat edib və Bağırovun tapşırığı əsasında Fəxri xiyabanda dəfn olunub.

  1949-cu ildə Mirbəşir Qasımovun vəfatından sonra onun xatirəsini əbədiləşdirmək məqsədilə Tərtər rayonunun tarixi adı dəyişdirilərək Mirbəşir qoyulmuşdu. Sonrakı illərdə bu biyabırçılıq aradan qaldırıldı. Hətta mən bildiyim qədərilə Sabunçu rayonunda da Mir Bəşir Qasımovun adını daşıyan küçə var idi...

  Haqqında araşdırma apararkən "Təhsil365" saytında gedən bir yazı diqqətimi çəkdi. Saytın adı, mövzu və haqqında söhbət açdıqları şəxsiyyət tamamilə ziddiyət təşkil edirdi. Təhsil hara, bolşeviklər hara... Müəllifi Əfşanə Cümşüdzadə olan yazının son cümləsinə baxmaq hələ də xalqın sovet boyunduruğundan çıxa bilmədiyini açıq şəkildə göstərir. Zurnalist xanımımız yazır: "Görkəmli dövlət xadimi 1949-cu il aprelin 23-də Bakıda vəfat edib. Onun zəngin siyasi irsi Azərbaycan tarixində özünəməxsus yer tutur." 

 Bu sözləri oxuyanda istədim həmin xanımı tapıb deyəm ki, Vətən xaininin zəngin siyasi irsi olmur, ay xanımı-möhtərəm! 

Məcid Rəşadətoğlu