Qaynar xətt:

(+99450) 247 90 86

Tez-tez təyyarəyə minmək dəmir çatışmazlığı yaradır? – Həkimdən Şəbnəm Tovuzluya CAVAB  

Tez-tez təyyarəyə minmək dəmir çatışmazlığı yaradır? – Həkimdən Şəbnəm Tovuzluya CAVAB  

CƏMİYYƏT

267

01.09.2026, 15:53

Təyyarə ilə səyahət edən insanların sağlamlığı ilə bağlı sosial şəbəkələrdə və müxtəlif platformalarda zaman-zaman maraqlı, lakin elmi əsası olmayan fikirlər səsləndirilir. Son günlər bu mövzuda diqqət çəkən fikirlərdən biri də tanınmış müğənni Şəbnəm Tovuzlunun açıqlaması olub.

Müğənni televiziyaların birində qonaq olarkən tez-tez təyyarə ilə səyahət etdiyini və hər dəfə təyyarəyə minib-düşdükdə orqanizminin dəmir itirdiyini bildirib.

“Mən o təyyarələrə minib-düşməyimə görə, təyyarədə, bilirsiniz, hər minəndə insanın bədənindən dəmir gedir”, – deyə Şəbnəm Tovuzlu bildirib.

Bəs həqiqətənmi təyyarə ilə tez-tez uçmaq insan orqanizmində dəmir çatışmazlığına səbəb ola bilər? Təyyarəyə minmək və uçuş zamanı orqanizmdə dəmir itkisi baş verirmi?

Məsələ ilə bağlı terapevt-kardioloq Dr. Aytən Yüzbaşıyeva Oxu24.com-a açıqlamasında bu iddiaya aydınlıq gətirib. Həkim bildirib ki, tez-tez təyyarəyə minib-düşmək birbaşa olaraq orqanizmdə dəmir çatışmazlığı yaradan tibbi səbəb hesab edilmir. Dəmir çatışmazlığının səbəbini təyyarə səfərlərində deyil, ilk növbədə orqanizmdə baş verən proseslərdə axtarmaq lazımdır.

Mütəxəssisin sözlərinə görə, dəmir insan orqanizmi üçün vacib mikroelementlərdən biridir və onun çatışmazlığı müxtəlif səbəblərdən meydana çıxa bilər. Dəmirin orqanizmə daxil olması ilə yanaşı, onun həzm sistemindən sorulması da mühüm əhəmiyyət daşıyır. Bu prosesdə hər hansı problem yarandıqda insan kifayət qədər dəmir qəbul etsə belə, orqanizmdə dəmir ehtiyatları azala bilər.

“Dəmir bağırsaqlardan sorulur. Ona görə də həzm sistemində, xüsusilə bağırsaqlarda hər hansı xəstəlik və ya sorulmanı pozan problem varsa, dəmirin mənimsənilməsi zəifləyə bilər. Nəticədə insanda dəmir çatışmazlığı yarana bilər. Yəni burada əsas məsələ dəmirin orqanizmə daxil olması və onun nə dərəcədə sorulmasıdır”, – deyə Dr. Aytən Yüzbaşıyeva bildirib.

Həkim qeyd edib ki, dəmir çatışmazlığının digər mühüm səbəblərindən biri qan itkisidir. Xüsusilə kəskin qan itkisi baş verdikdə orqanizmin dəmir ehtiyatları əhəmiyyətli dərəcədə azala bilər. Bu, müxtəlif travmalar, cərrahi əməliyyatlar və digər qanaxmalar zamanı müşahidə oluna bilər.

Bununla yanaşı, mütəxəssis həzm sistemində baş verən gizli qanaxmaların da diqqətdən kənarda qalmamalı olduğunu vurğulayıb. Mədə və bağırsaqlarda xora, yara və digər problemlər nəticəsində uzun müddət davam edən, lakin gözlə görünməyən qan itkisi zamanla dəmir çatışmazlığına gətirib çıxara bilər.

“Digər səbəblərdən biri kəskin qan itirmələridir. Hər hansı travma və ya əməliyyat zamanı ciddi qan itkisi baş verirsə, bu, dəmir çatışmazlığına səbəb ola bilər. Eyni zamanda həzm sistemində yara, xora və digər problemlərlə əlaqəli gizli qan itirmə varsa, bu da uzun müddət ərzində dəmir ehtiyatlarının azalmasına gətirib çıxara bilər”, – deyə həkim bildirib.

Dr. Aytən Yüzbaşıyeva dəmir çatışmazlığının qidalanma ilə də birbaşa əlaqəli olduğunu diqqətə çatdırıb. Orqanizmin gündəlik ehtiyacına uyğun miqdarda dəmir qəbul edilmədikdə, xüsusilə dəmir baxımından zəngin qidalar kifayət qədər istifadə olunmadıqda, zamanla dəmir ehtiyatları tükənə bilər.

Həkim bildirib ki, bəzi insanlar uzun müddət balanssız qidalanır, lakin bunun nəticələrini dərhal hiss etmirlər. Dəmir ehtiyatları müəyyən müddət ərzində azaldıqdan sonra halsızlıq, yorğunluq, iş qabiliyyətinin aşağı düşməsi, başgicəllənmə, təngnəfəslik və digər şikayətlər meydana çıxa bilər.

Mütəxəssisin sözlərinə görə, dəmir çatışmazlığının müəyyən edilməsi üçün yalnız ümumi qan analizinə baxmaq kifayət etməyə bilər. Lazım gəldikdə həkim tərəfindən ferritin və digər göstəricilər də qiymətləndirilməli, dəmir çatışmazlığının yaranmasına səbəb olan əsas faktor araşdırılmalıdır.

“Dəmir çatışmazlığının günahkarını və səbəbkarını təyyarədə axtarmaq düzgün deyil. Səbəbi orqanizmdə axtarmaq lazımdır. Əgər insanda dəmir çatışmazlığı aşkarlanıbsa, bunun nə ilə əlaqədar yarandığını müəyyənləşdirmək vacibdir. Sadəcə dəmir preparatı qəbul etməklə kifayətlənmək olmaz. Əsas səbəb aradan qaldırılmalıdır”, – deyə Dr. Aytən Yüzbaşıyeva vurğulayıb.

Həkim əlavə edib ki, tez-tez təyyarə ilə səyahət edən şəxslərdə dəmir çatışmazlığı aşkarlanarsa, bunu avtomatik olaraq uçuşlarla əlaqələndirmək doğru yanaşma deyil. Belə vəziyyətdə şəxsin qidalanması, həzm sisteminin vəziyyəti, mümkün qan itkiləri və digər tibbi faktorlar nəzərdən keçirilməlidir.

Beləliklə, təyyarəyə tez-tez minib-düşməyin insan orqanizmindən dəmir aparması barədə fikir tibbi baxımdan əsaslandırılmış səbəb kimi qəbul edilmir. Dəmir çatışmazlığı müşahidə edilirsə, onun səbəbi qidalanmadan dəmirin sorulmasının pozulmasına, qan itkisindən müxtəlif xəstəliklərə qədər bir sıra amillərlə bağlı ola bilər. Bu səbəbdən dəmir çatışmazlığından şübhələnən şəxslərin özbaşına preparat qəbul etməsi əvəzinə həkimə müraciət edərək səbəbi araşdırması daha məqsədəuyğundur.

Turan