Şamaxıda maşın çökəkliyə aşdı - Ölənlər var
21 Avqust 2026, 10:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
51
21.08.2026, 10:04
Suveren dövlətin coğrafiyasında onun tarixi yaddaşı yaşamalıdır
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycanda adsız zirvələrə, prospekt, küçə və meydanlara, müvafiq ərazi vahidlərinə və metro stansiyalarına yeni adların verilməsinin nəzərdə tutulması Vətən müharibəsində Qələbəmizin beşinci ildönümündən sonra da mühüm əhəmiyyət daşıyan mənəvi-siyasi məsələdir. Bütövlüyünü tam bərpa etmiş dövlət öz tarixi yaddaşını qorumağa, fərqli formasiyalardan qalan mirasa hüquqi qiymət verməyə, yer adları ilə bağlı düzgün meyarlar formalaşdırmağa, xüsusilə torpaqlarımız uğrunda həyatını qurban verən insanların qəhrəmanlığını əbədiləşdirməyə çalışır.
Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında 2025-ci ilin ‘Konstitusiya və Suverenlik İli’ elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda məsələnin ayrıca istiqamət kimi müəyyənləşdirilməsi də advermənin yerli və məhdud qrupların təşəbbüsü çərçivəsindən çıxarılıb ona milli və dövləti məna verilməsi məqsədindən irəli gəlir. Bir küçənin və ya metro stansiyasının adının dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının qərarı ola bilər. Lakin daha böyük vəzifə Azərbaycanın siyasi coğrafiyasında milli-tarixi yaddaşımızın öz yerini tutmasıdır.
Müstəqillik yalnız sərhədlər, dövlət atributları, Konstitusiya və siyasi institutlarla ifadə olunmur. Dövlətin tarixi yaddaşı onun şəhərlərinin xəritəsində, küçə və meydanlarında, yaşayış məntəqələrinin, müxtəlif növ stansiyaların, dağların və digər coğrafi obyektlərin adlarında da yaşayır. İnsan yaşadığı şəhərin adını hər gün təkrar edir, onu bütün həyatı boyu yaddaşında, yaradıcılığında qoruyur, xarici əlaqələrində ifadə edir, həmin adın daşıdığı hekayəni, tarixi mənanı gələcək nəsillərə ötürür, nəticədə daşıdığı yaddaşla birlikdə yaşayır. Şəhərin xəritəsi həm də tarixi yaddaşın atlasıdır.
Siyasi coğrafiya üzrə tanınmış alim Maoz Azaryahu xatirə xarakterli küçə adlarını müasir siyasi mədəniyyətin mühüm elementlərindən biri sayır, şəhərin məkan təşkilini təmin etməklə yanaşı, ortaq keçmiş haqqında təsəvvürlərin gündəlik həyata daxil edilməsində də iştirak etdiyini göstərir.
Azaryahunun Almaniyanın birləşməsindən sonra Şərqi Berlində küçə adlarının dəyişdirilməsinə həsr etdiyi məşhur araşdırmada çox dəqiq bir fikir var: xatirə xarakterli küçə adları tarixin siyasi məzmununu müasir şəhərin siyasi coğrafiyası ilə birləşdirir.
1990–1994-cü illərdə almanlar kommunist keçmişlərilə bağlı bir sıra küçə adlarına yenidən baxılması qərarını verdilər. Senat paytaxtın mərkəzi hissəsində küçə adlarının araşdırılması üzrə müstəqil komissiya yaratdı. Müzakirələr hansı tarixi irsin yeni demokratik Almaniyanın paytaxtında saxalanılması, əbədiləşdirilməli olması ətrafında gedirdi.
Azərbaycan üçün əhəmiyyəti ondadır ki, ad dəyişiklikləri kampaniya xarakteri daşımamalı, tarixi ekspertiza predmeti olmalıdır. Yəni, hansı ad əvvəlki siyasi sistemin açıq ideoloji mahiyyətini daşıdığı ilk olaraq, müəyyənləşdirilməlidir.
Polşa daha sərt və hüquqi cəhətdən sistemləşdirilmiş model seçdi. 2016-cı ildə qəbul edilən qanun kommunizmi, totalitar sistemləri simvolizə və ya təbliğ edən şəxslərin, təşkilatların, hadisələrin və tarixlərin küçə, yol, körpü, meydan və digər ictimai obyektlərin adlarında əbədiləşdirilməsini qadağan etdi.
Milli Yaddaş İnstitutu yerli hakimiyyət orqanlarının müraciətləri əsasında rəylər hazırlayırdı. Polşa təcrübəsində diqqəti çəkən əsas cəhət qərarların konkret meyarlara bağlanmasıdır.
Azərbaycan üçün məqbul yol total inkarçılıqdan çox, dəqiq prinsip və sərhədin müəyyənləşdirilməsidir. Ölkəmizdə adların yenilənməsi siyasətini bütün sovet və kommunist irsindən imtina aktı kimi təqdim etmək düzgün olmaz. Bəzi postsovet və Şərqi Avropa ölkələrində “desovetləşmə” adı altında həyata keçirilən genişmiqyaslı siyasi kampaniya geosiyasi müharibələrin bir hissəsidir.
Azərbaycanın tarixi təcrübəsi, dövlətçilik yolu və keçmişə münasibəti fərqlidir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ötən əsrin 70-ci illərində aparılan sənayeləşmə tədbirləri, şəhərləşmə üçün genişmiqyaslı inşaat və quruculuq işləri, elmin, təhsilin, mədəniyyətin inkişafı, böyük alimlərin, bəstəkarların, yazıçıların, mühəndislərin və dövlət xadimlərinin fəaliyyəti də həmin dövrün içərisindədir.
Tarixin yetmiş ilini bir ideoloji hökm altında silmək mümkün olmadığı kimi, buna ehtiyac da yoxdur.
Suveren dövlətin vəzifəsi keçmişi ləğv etmək və ya ondan imtina qərarı yox, onu milli maraqlar və tarixi həqiqət mövqeyindən qiymətləndirməkdir.
Məsələn, “Xalqlar Dostluğu” ifadəsi sovet siyasi leksikonunda geniş istifadə edilsə də, xalqların dostluğu öz mahiyyətinə görə universal humanist dəyərdir. “Ulduz” sözünün də kommunist ideologiyasını təmsil edən siyasi şəxs və ya hadisə adı olduğunu söyləmək çətindir. Digər tərəfdən, inkar oluna bilməz ki, sözügedən adların verilməsi məhz ideoloji kanonlardan irəli gəlirdi.
Lakin istər ölkəmizdə, istərsə də bir sıra postsovet dövlətlərində totalitar rejimlərin simvollarının ictimai məkandan çıxarılmasına da hörmətlə yanaşılmalıdır. Halbuki hər bir xalqın keçdiyi yol və tarix fərqli olduğu kimi, hər biri eyni siyasəti də apara bilməz.
Dekommunizasiya və imperiya irsindən imtina Ukraynanın, Baltikyanı dövlətlərin, Şərqi Avropa və bir sıra keçmiş sosialist ölkələrinin qərarı olduğu üçün hər biri keçmişə münasibətin və geosiyasi seçimlərin ifadəsidir. Köhnə ideoloji ifratçılığı ləğv etmək nə qədər düzgün yanaşmadırsa, sağlam yaddaş siyasətinin yürüdülməsi də bir o qədər vacibdir.
Prezident fərmanının vaxtında və milli prinsiplərlə həyata keçirilməsi kimin və hansı hadisənin dövlət həyatında xüsusi şəkildə əbədiləşdirilməyə layiq olduğunu müəyyənləşdirmək deməkdir.
Ölkəmizin zəngin tarixi coğrafiyası var. Xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə tarixi toponimlərin bərpası məsələsi göstərdi ki, ad üzərində mübarizə bəzən ərazinin özü uğrunda tarixi iddianın bir hissəsinə çevrilir.
İşğal dövründə Azərbaycan şəhər, kənd və digər coğrafi obyektlərinin adlarının dəyişdirilməsi təsadüfi deyildi. Məqsədlərdən biri həmin ərazilərdə başqa tarixi miras, izlər və kimlik yaratmaq idi.
Dövlət suverenliyimizin bütövlüyünü bərpa edən Xankəndi Zəfəri torpağımızla bərabər, keçmişimizi, kimliyimizi, adlarımızı da geri qaytardı.
Yeni şəxsiyyətin adı veriləndə yeni yaddaş yaradılır, tarixi toponim qaytarılanda isə qırılmış yaddaş bərpa olunur. Məsələnin ən mühüm mənəvi tərəflərindən biri Vətən müharibəsində həyatını qurban verən insanların xatirəsinin əbədiləşdirilməsidir.
Dövlətimiz indiyədək yüzlərlə şəhidimizin adını küçələrə, məktəblərə və müxtəlif obyektlərə verib. Milli qəhrəmanlarımızın, Vətən Müharibəsi Qəhrəmanlarının, orden və medallarla təltif edilmiş hərbçilərin xatirəsinin yaşadılması istiqamətində böyük işlər görülüb və aparılan siyasət gələcək nəsillərin vətənpərvərlik tərbiyəsinin mühüm vasitəsidir. Şəhidin adının küçəyə, meydana, məktəbə və ya başqa ictimai obyektə verilməsinin mənası onun qəhrəmanlığına və qazanılan Qələbəyə göstərilən ehtiramdan irəli gəlir.
Azərbaycanda keçmiş dövrlərdən qalan yüzlərlə adın hər biri ətrafında illərlə ayrı-ayrılıqda mübahisə aparmağa ehtiyac yoxdur. Hökumət vahid qərarla ölkə üzrə adlara dair inventarlaşdırma prosesini başlada bilər.
Müvafiq qurumlar prospekt, küçə, meydan, park, metro stansiyası, yaşayış məntəqəsi və digər dövlət əhəmiyyətli coğrafi obyektlərin mövcud adlarını vahid bazada toplayaraq onların tarixi mənşəyini araşdıraraq, ali rəhbərlik üçün müvafiq arayış sənədləri və təkliflər toplusu hazırlaya bilər.
Belə inventarlaşdırmadan sonra adlar müxtəlif kateqoriyalara ayrıla bilər: tarixi adlar; neytral və artıq şəhər yaddaşına çevrilmiş adlar; açıq ideoloji xarakterli adlar; müstəqil Azərbaycan dövlətçiliyinə aid adlar; dəyişdirilməsi və ya tarixi formasının bərpası məqsədəuyğun hesab edilən adlar.
Tarixçilərin, dilçilərin, toponimika mütəxəssislərinin, dövlətçilik tarixi üzrə alimlərin və müvafiq dövlət qurumlarının iştirak etdiyi peşəkar mexanizm yaradılması vacibdir.
Azərbaycan dövlətçiliyinin mahiyyəti ilə açıq şəkildə uzlaşmayan adların inventarlaşdırılması, qərarların ekspertizası, aydın əsaslandırma və zəruri hallarda ictimai müzakirə ilə qəbul olunması həllini tələb edən mühüm milli məsələlərdir.
Ad dəyişdirilməsinin yalnız lövhənin sökülüb yenisinin vurulmasından ibarət olmadığı nəzərə alınmalıdır. Küçə və ərazilərin, metro stansiyalarının adlarının dəyişdirilməsi ünvan sistemlərinə, dövlət reyestrlərinə, xəritələrə, poçt xidmətlərinə, daşınmaz əmlak məlumatlarına, elektron informasiya sistemlərinə, naviqasiya platformalarına və digər məlumat bazalarına təsir edir.
Suverenliyin yaddaş coğrafiyası müstəqil dövlət quruculuğunun tərkib hissəsidir. Xüsusilə Qarabağda və azad torpaqlarda qurulan yeni Vətən həm də suveren ad siyasətinin həyata keçirilməsi deməkdir. Azərbaycanın məqsədi sovet adlarını, mirasını tarixdən çıxarmaq, həmin dövrün bütün simvollarını məhv etmək, yaxud başqa ölkələrdə gedən geosiyasi qarşıdurmaları öz şəhərlərinin xəritəsinə köçürmək deyil.
Vətən uğrunda həyatını qurban verən şəhidin adının əbədiləşdirilməsi başqa bir tarixi dövrə qarşı mübarizə sayıla bilməz. Verilən qərar dövlətin öz tarixi yaddaşının iyerarxiyasını müəyyən etməsidir.
Qürurla vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev və Mehriban Əliyeva təkcə son altı ildə Zəfər parklarının, meydan və guşələrin, memorial komplekslərin yaradılması üçün misilsiz işlər görüblər, bilavasitə açılış mərasimlərində iştirak edərək millətimizin tarixi yaddaş siyasətini layiqincə formalaşdırıblar.
Əslində, Şuşanın azad edilməsindən sonra Prezident İlham Əliyevin həyata keçirdiyi mədəni-tarixi bərpa siyasəti adların və milli yaddaşın əbədiləşdirilməsinin ən parlaq nümunəsidir. Molla Pənah Vaqifin məqbərəsinin və Bülbülün ev-muzeyinin bərpası, Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal illərində güllələnmiş, Ulu Öndər Heydər Əliyevin müdaxiləsi ilə məhv edilməkdən xilas olunmuş heykəllərinin Qələbədən sonra yenidən Şuşaya, öz tarixi yerlərinə qaytarılması milli mədəniyyətimizin öz ünvanına qayıdışı və tarixi varisliyin bərpasıdır.
Prezident İlham Əliyevin 9 may 2023-cü ildə Şuşada Mustafa Kamal Atatürkün adını daşıyan küçənin lövhəsini açması türk dünyasının parlaq liderinə ehtiram və Azərbaycan-Türkiyə qardaşlığının tarixi yaddaşda ifadəsi olmaqla yanaşı, gələcəkdə Türk Dövlətləri Təşkilatı məkanının ortaq tarixi şəxsiyyətlərinin, dövlətçilik və mədəniyyət xadimlərinin adlarının qarşılıqlı şəkildə yaşadılması üçün də nümunə sayıla bilər.
Eyni yanaşma Vətən müharibəsinin coğrafiyasına da şamil oluna bilər: Murovdağdan Zəngilan yüksəkliklərinə qədər azadlıq uğrunda döyüşlərin getdiyi zirvələrə, yollara və digər coğrafi məkanlara qəhrəmanlıq göstərmiş şəhid və hərbçilərimizin adlarının verilməsi Qələbənin hərbi tarixini əbədiləşdirər.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən təşəbbüs ona görə yalnız bir neçə metro stansiyasının və küçənin adının dəyişdirilməsi anlamına gəlmir.
Dövlət başçısının müəyyən etdiyi istiqamət əsasında müvafiq qurumların ardıcıl işi bir tərəfdən müstəqil Azərbaycanla açıq şəkildə uzlaşmayan ideoloji mirasa əsaslandırılmış münasibət formalaşdırar, digər tərəfdən Vətən uğrunda həyatını verən qəhrəmanlarımızın və xalq qarşısında böyük xidmətləri olan şəxsiyyətlərin adlarını gələcək nəsillərin yaddaşına daxil edər.
Suverenlik yaddaş məkanını da özünün müəyyənləşdirməsi deməkdir. Ad siyasəti dövlətin zəngin irsi yaşatması, hansı şəxsiyyətləri gələcək nəsillərə tanıtması və siyasi coğrafiyasını düzgün milli yaddaş üzərində qurmasının ifadəsidir.
10:56 / 21 Avqust 2026
1
10:52 / 21 Avqust 2026
23
10:42 / 21 Avqust 2026
29
10:24 / 21 Avqust 2026
38
10:21 / 21 Avqust 2026
40
10:02 / 21 Avqust 2026
135
09:43 / 21 Avqust 2026
59
09:35 / 21 Avqust 2026
52
09:33 / 21 Avqust 2026
62
09:19 / 21 Avqust 2026
78
09:05 / 21 Avqust 2026
79
09:03 / 21 Avqust 2026
71
09:00 / 21 Avqust 2026
65
08:58 / 21 Avqust 2026
68
00:06 / 21 Avqust 2026
137
00:02 / 21 Avqust 2026
148
23:56 / 20 Avqust 2026
228
23:51 / 20 Avqust 2026
155
23:30 / 20 Avqust 2026
955
23:29 / 20 Avqust 2026
113
23:29 / 20 Avqust 2026
131
23:11 / 20 Avqust 2026
746
22:55 / 20 Avqust 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.