İmza atdığınız sənədi sonradan mübahisələndirmək mümkündürmü? –AÇIQLAMA
10 Noyabr 2026, 18:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
56
10.11.2026, 18:26
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri bütün istiqamətlərdə yüksələn xətlə inkişaf edir. İki qardaş ölkə arasındakı strateji əməkdaşlıq yalnız siyasi və hərbi sahəylə məhdudlaşmır, eyni zamanda iqtisadi inteqrasiya müstəvisində də yeni və dinamik bir mərhələyə qədəm qoyur. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında reallaşan görüşlərdə iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi, qarşılıqlı sərmayə qoyuluşlarının genişləndirilməsi və ticarət dövriyyəsinin artırılması əsas hədəflər sırasındadır. 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 5 milyard 720 milyon dollar təşkil edib.
Qarşıda duran əsas strateji məqsəd isə bu göstəricini qısa müddətdə 15 milyard dollar səviyyəsinə çatdırmaqdır. Hazırda Türkiyə iş dünyasının Azərbaycana olan investisiya marağı keyfiyyətcə yeni müstəviyə keçir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, Zəngəzur koridoru daxil olmaqla nəqliyyat-logistika şəbəkəsinin yenidən qurulması Türk investorları üçün böyük perspektivlər açır. Bununla yanaşı, qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatı, maliyyə-bank inteqrasiyası və sənaye tərəfdaşlığı qarşıdakı dövrün prioritet layihələrinin özəyini təşkil edir.
Mövzu ilə bağlı Oxu24.com-a özəl açıqlama verən İzmir Bakırçay Universitetinin Finans kafedrasının müdiri, prof. dr. Sezer Bozkuş Kahyaoğlu bildirib ki, Türkiyə və Azərbaycan arasındakı siyasi, hərbi və iqtisadi münasibətlər iki dövlətin varlığı və strateji maraqları baxımından bir-birindən ayrı düşünülə bilməyən, tarixi və struktural bağlarla formalaşan bütöv bir quruluşa sahibdir:
"Bu əlaqələr yalnız tarixi və mədəni birliyə əsaslanan qardaşlıq münasibətindən kənara çıxaraq, günümüzün dəyişən geopolitik və geoiqtisadi şərtləri daxilində yeni bir ölçü qazanır. Xüsusilə regional güc balansındakı dəyişikliklər, enerji təhlükəsizliyi, beynəlxalq ticarət koridorları və iqtisadi inteqrasiya prosesləri Türkiyə–Azərbaycan əlaqələrinin strateji əhəmiyyətini daha da artırır”.
Professorun sözlərinə görə, bu yeni dövrdə ticarət və iqtisadi əlaqələrin inkişafını müəyyən edəcək əsas amillərdən biri hər iki ölkənin nəqliyyat infrastrukturları vasitəsilə daha güclü və fasiləsiz şəkildə bir-birinə bağlanmasıdır.
Azərbaycanın avtomobil yolu əlaqələrinin inkişaf etdirilməsi və Türkiyə üzərindən Qara dəniz, Aralıq dənizi və Ege dəhlizlərinə uzana biləcək nəqliyyat və enerji axını xətlərinin möhkəmləndirilməsi mövcud əməkdaşlığı daha sıx və əhatəli bir iqtisadi əlaqə prosesinə çevirmək potensialı daşıyır:
“Türkiyə–Azərbaycan əlaqələrinin gələcəyini müəyyənləşdirəcək dinamiklər yalnız iki ölkənin daxili iqtisadi və siyasi prosesləri ilə məhdudlaşmayacaq; üçüncü ölkələrlə qurulan əlaqələrin keyfiyyəti, regional güc balansları və beynəlxalq iqtisadi sistemdəki transformasiyalar da bu prosesin formalaşmasında həlledici olacaqdır.
Türkiyə, tarixi təcrübəsi və regional əlaqələr sahəsindəki biri olaraq Azərbaycanın tərəf olmayacağı və ya qəbul etməyəcəyi bir münasibət modelinin inkişaf etdirilməsini əsas götürən bir yanaşmanı mənimsəməyəcəkdir. Bu səbəbdən Türkiyənin bölgə ölkələri ilə əlaqələrini inkişaf etdirmə prosesi Azərbaycanın suverenliyi, strateji prioritetləri və regional mövqeyi ilə birlikdə qiymətləndirilməlidir. Bu çərçivədə Türk iş dünyasının Azərbaycana yönəlik iqtisadi yanaşması da yalnız yeni bir yatırım bazarı axtarışı kimi deyil, Azərbaycanın öz regionunda güclü bir dövlət, iqtisadi mərkəz və beynəlxalq miqyasda təsirli bir aktyor olma qabiliyyətini dəstəkləyən bir perspektivlə ələ alınmalıdır”.
Sezer Kahyaoğlu qeyd edib ki, Azərbaycanın bu prosesdə malik olduğu vacib üstünlüklərdən biri infrastrukturunun sürətli bir transformasiyaya və yenidən qurulmaya əlverişli olmasıdır.
Xüsusilə Qarabağ münaqişəsinin tamamilə həll olunması ilə ölkənin tarixi və coğrafi bütövlüyünə qovuşmasının təmin etdiyi imkanlar iqtisadi inkişaf və investisiya proseslərinə yeni bir nəfəs gətirmişdir. Bu inkişaf yalnız regional sabitlik baxımından deyil, nəqliyyat şəbəkələrinin yenidən qurulması, istehsal mərkəzlərinin yaradılması, infrastruktur investisiyalarının genişləndirilməsi və yeni iqtisadi fəaliyyət sahələrinin ortaya çıxması baxımından da böyük fürsətlər təqdim edir. Azərbaycanın bu potensialı ölkənin regional iqtisadi mərkəz olma hədəfini dəstəkləyən təməl ünsürlərdən biridir.
O həmçinin diqqətə çatdırıb ki, Asiyanın mərkəz ölkələri arasında Özbəkistan və Azərbaycanın önümüzdəki dövrdə iqtisadi və finansal baxımdan yüksələn mərkəzlərə çevriləcəyinə dair aydın bir tendensiya mövcuddur. Bu inkişaf prosesində finansal inteqrasiyanın gücləndirilməsi, birgə maliyyə əməliyyatları və pul axınlarını tənzimləyəcək mexanizmlərin qurulması və beynəlxalq bankçılıq sisteminə inteqrasiyanın sürətləndirilməsi kritik əhəmiyyət daşıyır:
“Sözügedən mexanizmlərin inkişafı Türk iş dünyasının Türkiyədən bu regionlara və əksinə yönələn qarşılıqlı investisiya əlaqələrini sürətləndirəcəkdir. Beləliklə, ticarət əlaqələri ənənəvi mal və xidmət mübadiləsini aşaraq birgə investisiyalar, maliyyə əməkdaşlıqları, istehsal tərəfdaşlıqları və regional dəyər zəncirlərinin yaradılmasına imkan verəcəkdir.
Bu məqamda Azərbaycan maliyyə qurumlarının, xüsusilə İstanbul kimi beynəlxalq maliyyə sisteminə inteqrasiya olunmuş mərkəzlərdə daha fəal mövqe tutması mühüm bir fürsət kimi dəyərləndirilə bilər. Azərbaycan finans təşkilatlarının İstanbulda yer alması və beynəlxalq maliyyə şəbəkələri ilə daha güclü bağlar qurması ölkənin qlobal maliyyə sisteminə enteqrasiyasını sürətləndirərkən, Türkiyə ilə Azərbaycan arasındakı qarşılıqlı investisiya, maliyyələşmə və tərəfdaşlıq əlaqələrinin də dərinləşməsinə töhfə verəcəkdir. Bu cür finansal quruluş yalnız iki ölkənin iqtisadi münasibətlərini möhkəmləndirməklə qalmayacaq, eyni zamanda Azərbaycanın regional maliyyə mərkəzi olma potensialını dəstəkləyəcəkdir”.
Azərbaycanın digər vacib üstünlüyünün yerləşdiyi coğrafiyanın iqtisadi və strateji xüsusiyyətlərindən qaynaqlandığını bildirən müsahibimizin fikrincə, regionda dünya miqyasında iki böyük iqtisadiyyatın və bununla yanaşı Rusiya kimi mühüm bir enerji gücünün yer alması Azərbaycan üçün müxtəlif iqtisadi, ticarət və strateji fürsətlər yaradır. Bu coğrafi mövqe ölkəyə yalnız enerji resursları və transit nəqliyyat baxımından deyil, beynəlxalq ticarət, logistika, finansal hərəkətlilik və regional iqtisadi bağlantılar baxımından da ciddi üstünlük təmin edir.
Bununla belə, müasir geopolitik proseslər nəzərə alındıqda, Azərbaycanın dünya iqtisadiyyatında mərkəz ölkəyə çevrilmə prosesinin ətraf regionlarda ortaya çıxa biləcək risklərdən təsirlənmə ehtimalı da diqqətdən qaçırılmamalıdır. Xəzər regionunun dəniz iqtisadiyyatı və enerji təhlükəsizliyi baxımından Hörmüz boğazı və ətrafı qədər strateji dəyərə sahib olduğu unudulmamalıdır. Bu səbəbdən Azərbaycanın beynəlxalq strategiyadakı yeri və çəkisi getdikcə daha çox əhəmiyyət qazanarkən, bu mövqeyin gətirdiyi fürsətlərlə yanaşı geopolitik və iqtisadi risklərin də diqqətlə idarə olunması tələb olunur.
Professor hesab edir ki, Azərbaycanın strateji dəyəri yalnız malik olduğu enerji resurslarından deyil, Xəzər hövzəsi ilə Avropa, Asiya və digər beynəlxalq bazarlar arasında qura biləcəyi bağlantı tutumundan qaynaqlanır:
“Azərbaycanın bu strateji ağırlığının artması ölkənin finans sektorundan tikintiyə, tikintidən digər istehsal sahələrinə qədər geniş bir spektri əhatə edən investisiya mərkəzi olma potensialını gücləndirir. İnfrastruktur layihələri, dövlət tərəfindən təqdim olunan təşviq mexanizmləri və iqtisadi transformasiya siyasətləri Türk iş dünyası üçün geniş imkanlar açır. Bununla yanaşı, enerji gəlirlərinin iqtisadiyyatdakı payının artması ilə ortaya çıxa biləcək və ədəbiyyatda 'Hollandiya xəstəliyi' (Dutch Disease) kimi xarakterizə edilən iqtisadi problem riski də nəzərə alınmalıdır. Bu problem enerji sektorundan əldə olunan yüksək gəlirlərin digər istehsal sahələrinin rəqabət qabiliyyətini zəiflətməsi və iqtisadi yapının tək bir sektordan asılı hala gəlməsi nəticəsini doğura bilər.
Bu nöqtədə Azərbaycanın davamlı iqtisadi inkişafı baxımından prioritet məsələlərdən biri iqtisadi çeşitliliyin artırılması və qeyri-neft istehsal gücünün möhkəmləndirilməsidir. Xüsusilə kənd təsərrüfatı sektoru ilə ölkə iqtisadiyyatının ehtiyac duyduğu təməl xammal və vasitəçi malları təmin edə biləcək istehsal sahələrinə investisiya qoyuluşlarının dəstəklənməsi mühüm əhəmiyyət kəsb edir”.
“Türkiyənin istehsal, texnologiya, aqrar-sənaye, maşınqayırma, logistika və finans sahələrindəki təcrübəsi bu transformasiya prosesinə böyük töhfələr vermək gücündədir. Türk iş adamlarının Azərbaycanda yalnız mövcud ticarət fürsətlərinə yönəlməsi deyil, ölkənin idxal asılılığını azaldacaq, yerli istehsal potensialını inkişaf etdirəcək və iqtisadi şaxələnməni təmin edəcək sektorlara yatırım etməsi təşviq olunmalıdır.
Bu istiqamətdə, başda kənd təsərrüfatı olmaqla Azərbaycan iqtisadiyyatının ehtiyac duyduğu təməl Sektorlarda yerli istehsalı və aralıq mal tədarükü gücünü artırmağa yönəlmiş investisiyaların dəstəklənməsi Türk iş dünyası üçün strateji bir prioritet kimi qiymətləndirilməlidir. Bu sahələrdə Türk investorların fəaliyyətini asanlaşdıracaq dəstək və təşviq mexanizmlərinin formalaşdırılması iki ölkə arasındakı iqtisadi əlaqələrin daha balansı, davamlı və uzunmüddətli bir struktura qovuşmasına imkan yaradacaqdır”,- deyə Sezer Kahyaoğlu əlavə edib.
Aparılan təhlillərə əsasən o qeyd edib ki, Azərbaycan tarixi və mədəni bağları ilə yanaşı coğrafi mövqeyi, enerji resursları, nəqliyyat koridorları, yenidənqurma potensialı və beynəlxalq finans sisteminə inteqrasiya imkanları ilə yalnız regional iqtisadiyyat deyil, Asiya ilə Avropa arasındakı iqtisadi əlaqələrdə təsirli mərkəz olma potensialına malikdir. Türkiyə baxımından Azərbaycanla inkişaf etdiriləcək iqtisadi münasibətlər də tradisional ticarət anlayışından kənarda, birgə istehsal, finansal inteqrasiya, texnologiya transferi, altyapı investisiyaları və regional iqtisadi inkişafı əhatə edən uzunmüddətli strateji tərəfdaşlıq çərçivəsində dəyərləndirilməlidir.
Yekun olaraq, Türkiyə–Azərbaycan iqtisadi əməkdaşlığının ana hədəfi yalnız iki ölkə arasındakı ticarət dövriyyəsini artırmaq deyil; Azərbaycanın regional və qlobal miqyasda güclü bir iqtisadi mərkəzə çevrilməsinə töhfə verən, qarşılıqlı investisiya və istehsal gücünü inkişaf etdirən, riskləri idarə edən və hər iki ölkənin rifahını birlikdə yüksəldən davamlı bir iqtisadi inteqrasiya modelini reallaşdırmaq olmalıdır. Belə bir proses eyni zamanda regional təhlükəsizliyi təmin edəcək mühüm strateji bir vasitə kimi çıxış edir.
Çimnaz Telmanqızı
18:39 / 10 Noyabr 2026
23
18:25 / 10 Noyabr 2026
69
18:19 / 10 Noyabr 2026
72
18:17 / 10 Noyabr 2026
58
18:04 / 10 Noyabr 2026
84
18:02 / 10 Noyabr 2026
609
17:54 / 10 Noyabr 2026
94
17:42 / 10 Noyabr 2026
98
17:35 / 10 Noyabr 2026
90
17:16 / 10 Noyabr 2026
335
17:10 / 10 Noyabr 2026
124
17:06 / 10 Noyabr 2026
202
16:55 / 10 Noyabr 2026
638
16:47 / 10 Noyabr 2026
106
16:41 / 10 Noyabr 2026
101
16:35 / 10 Noyabr 2026
172
16:21 / 10 Noyabr 2026
172
16:12 / 10 Noyabr 2026
291
15:58 / 10 Noyabr 2026
135
15:44 / 10 Noyabr 2026
243
15:34 / 10 Noyabr 2026
391
15:31 / 10 Noyabr 2026
111
15:25 / 10 Noyabr 2026
151
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.