Qaynar xətt:

(+99450) 247 90 86

TARİXÇİ ALİM: “Tarixi mənbələr müqayisəli təhlil edilməlidir”  

TARİXÇİ ALİM: “Tarixi mənbələr müqayisəli təhlil edilməlidir”  

CƏMİYYƏT

80

17.08.2026, 12:23

Son günlər sosial şəbəkələrdə və müxtəlif platformalarda Səfəvilər İmperiyası, eləcə də onun banisi Şah İsmayıl Xətainin tarixi rolu ilə bağlı geniş müzakirələr səngimək bilmir. Bəzi iddialarda Şah İsmayılın amansız və qəddar hökmdar kimi təqdim olunması, dövlətin yaranma şəraitinin kölgədə qoyulması cəmiyyətdə böyük rezonans doğurub. Bu cür yanaşmaların hansı mənbələrə söykəndiyi və tarixi həqiqətləri neçə faiz əks etdirdiyi isə ciddi suallar yaradır. 

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən tarixçi alim Boran Əziz iddiaların arxasında duran məqamları və reallıqları diqqətə çatdırıb.

Tarixçi alim Boran Əziz Səfəvilər dövlətinin yaranma zərurətindən, onun Azərbaycan dövlətçiliyindəki yerindən və Şah İsmayıl haqqında irəli sürülən iddialardan bəhs edərək bildirib:

"XIV əsrin sonu — XV əsrin əvvəllərində Azərbaycan tamamilə dağılmış bir vəziyyətdə idi. Bu səbəbdən kənd təsərrüfatı başı bəlalı qalmış, kəndlilər uzun illər ərzində min bir əziyyətlə yaratdıqları ev-eşiyi tərk etmiş, insansız kəndlər və şəhərlər yaranmışdı. Bu dağınıqlıqdan təkcə kənd təsərrüfatı və kəndlilər deyil, sənətkarlıq və ticarət də tənəzzülə uğramışdı”.

Onun sözlərinə görə, Azərbaycanın xarici ölkələrdən asılılığının güclənməsi təhlükəsi olduqca real bir fakta çevrilməkdə idi:

“Belə bir zaman kəsiyində dağınıqlığı aradan qaldıraraq mərkəzləşdirilmiş bir dövlət yaradılması çox büyük cəsarət, iradə, həm də yüksək sərkərdəlik və döyüş qabiliyyəti tələb edirdi. Səfəvi dövlətinin yaranmasını da məhz bu səpkidən qiymətləndirmək daha düzgün olardı. Şah İsmayılın məhz bu cür acınacaqlı vəziyyətdə olan əraziləri birləşdirməsi və birləşdirmə zamanı istər daxildən, istərsə də xaricdən olan təhlükəni aradan qaldırması, döyüşlər keçirməsi və bu döyüşlərdə əlbəttə xeyli sayda insanların ölməsi faktdır. Amma bunları xüsusi qəddarlıq və amansızlıq kimi qələmə vermək zənnimcə doğru deyildir”.

Tarixçi alim qeyd edib ki, Səfəvi imperiyası və onun qurucusu haqqında zaman-zaman elmi həqiqətdən uzaq iddialar irəli sürülür və bu iddialar siyasi məqsəd daşıyır:

"Səfəvi tarixinə ait orta əsr ərəb, fars və eyni zamanda Avropa ölkələrində çap olunan bir sıra mənbə xarakterli əsərlərin müqayisəli-tənqidi təhlili əsasında bu imperiyanın Azərbaycan dövlətçilik tarixindəki yeri haqqında çoxlu elmi əsərlər yazılmışdır və Azərbaycan tarixində onun xüsusi yeri müəyyənləşib. Məhz Səfəvi dövlətinin qurulması nəticəsində sonrakı illərdə bugünkü Şimali Azərbaycan ərazisində Cümhuriyyət qurmaq mümkün olmuşdur”.

Boran Əziz vurğulayıb ki, Şah İsmayılın qəddar və amansız hökmdar kimi təqdim edilməsində də xoş olmayan bir məqsəd vardır:

“Şah İsmayıl özü Hüseyn Bayqaraya yazdığı məktubda da min bir əziyyətlə yaratdığı məmləkətin ətrafında at çövlan etdirilməli olduğunu xüsusi vurğulayırdı. O, istər Səfəvi imperiyasını yaradarkən, Azərbaycanı birləşdirərkən, və yaxud mərkəzləşmiş Azərbaycan dövləti yaradarkən, istərsə də bu dövləti qoruyarkən müxtəlif döyüşlər aparıb və bu döyüşlərdə xeyli sayda adamlar həlak olub. Bu döyüşlərdə o, başqa necə hərəkət edə bilərdi ki?

Yaxşı olardı ki, bunu söyləyənlər Şah İsmayılın Məvərənnəhrə yürüşünün səbəbini, Şeybani xanın ona yazdığı məktubu və bu məktuba cavabları diqqətlə oxusunlar. Görərdilər ki, Şah İsmayıl 1510-cu ildə müharibəyə yollanmasa idi, Şeybani xan Səfəvi ərazisinə hücum edəcəkdi və bu döyüş Səfəvi ərazisində baş verəcəkdi”.

Tarixçi alim bildirib ki, əlbəttə İsmayılın həm də Azərbaycan dilçiliyi tarixində, Azərbaycan dilinin inkişafında göstərdiyi xidmətlər də təəssüf ki, kənarda qalır:

“Hər-hansısa bir mənbənin öz şəxsi məqsədi naminə Şah İsmayıl haqqında yazdığı fikirləri əsas, həlledici götürərək onu bu cür təqdim etmək doğru deyil. Hər halda mənbələri diqqətə çatdırarkən müqayisəli təhlil metodundan istifadə edilməli və İsmayılın öz dövlətini qorumaq uğrundakı mübarizəsi nəzərə alınmalıdır”.

O qeyd edib ki, Səfəvi imperiyası hazır şəkildə qurulmamışdı. Hülakülərin dağılmasından sonra yaranan dağınıqlıq, Ağqoyunlu dövlətindəki parçalanma və bunun sosial-iqtisadi, siyasi vəziyyətə təsiri nəticəsində qorxulu bir şərait yaranmışdı. İsmayıl gənc yaşlarından belə bir qorxulu vəziyyəti aradan qaldıraraq ilk dəfə mərkəzləşdirilmiş dövlət yaratmış və bunu imperiyaya çevirib. Hər xalq öz tarixində imperiya yarada bilməyib. Bu insanların Şah İsmayılın imperiya yarada bilməsindən bu qədər endişə keçirmələri və bunu təhrif etməyə çalışmaları doğru yanaşma deyil, tarixin təhrifidir”,- deyərək B.Əziz fikrini tamamlayıb. 

Çimnaz Telmanqızı