Qaynar xətt:

(+99450) 247 90 86

Ali təhsilli gənclər ixtisasına uyğun hərbi xidmət keçir — Ordumuzda yeni intellektual model   

Ali təhsilli gənclər ixtisasına uyğun hərbi xidmət keçir — Ordumuzda yeni intellektual model   

CƏMİYYƏT

74

31.07.2026, 15:30

Azərbaycanda ali təhsilli və yüksək akademik göstəricilərə malik çağırışçıların xidmət şəraitinin optimallaşdırılması istiqamətində mühüm innovativ mexanizmlər tətbiq olunur. Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında yüksək bal toplayan, beynəlxalq olimpiada qalibi olan və nüfuzlu xarici universitetləri bitirən gənclər Müdafiə Nazirliyinin xüsusi seçim proqramlarına cəlb edilirlər. Bu model çərçivəsində çağırışçılar öz bilik və bacarıqlarına uyğun olaraq Silahlı Qüvvələrin intellektual və texniki yönümlü bölmələrində hərbi xidmət keçmək imkanı qazanırlar. Tətbiq edilən yeni yanaşma həm çağırışçıların peşəkar potesialının qorunmasını təmin edir, həm də ordunun texnoloji inkişafına mühüm töhfə verir. Xüsusi intellektual bölmələrdə fəaliyyət göstərən gənclər süni intellekt, kibertəhlükəsizlik və robototexnika kimi strateji sahələrdə layihələrin işlənməsində yaxından iştirak edirlər. Gələcəkdə bu təcrübənin daha geniş miqyasda tətbiqi Silahlı Qüvvələrimizin peşəkarlıq səviyyəsini daha yüksək pilləyə qaldırmağa hədəflənib.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, intellektual qabiliyyətli bölmələrdə xidmət konsepti Azərbaycanda ilk dəfə 2024-cü ilin oktyabr ayından tətbiq olunmağa başlayıb:

"Müdafiə Nazirliyi bu konseptin yaradıldığını 2024-cü il oktyabrın 15-də rəsmən elan etdi. Mexanizmə əsasən, Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında 600 və daha yüksək bal toplayanlar, respublika və beynəlxalq fənn olimpiadalarının qalibləri, eləcə də dünyanın ilk 500-lüyünə daxil olan xarici universitetlərin bakalavr və magistr məzunları bu xüsusi bölmələrə cəlb olunurlar”.

Xidmət necə təşkil olunur?

Hərbi ekspertin sözlərinə görə, bu kateqoriyaya aid olan çağırışçılar ilk mərhələdə hərbi hissəyə çağırılır və andiçmə mərhələsini keçirlər. Təqdim olunmuş sənədlərin elektron qaydada təsdiqlənməsindən sonra onlar intellektual bölmələrdə xidmətə cəlb edilirlər:

"Bu xidmət yeri əsasən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin bazasında təşkil olunur. Çağırışçılar burada öz ixtisaslarına uyğun layihələrdə — xüsusilə informasiya texnologiyaları, elmi-texniki, süni intellekt, kibertəhlükəsizlik və robototexnika istiqamətlərində fəaliyyət göstərirlər”.

E. Şıxəliyev vurğulayıb ki, bu modelin tətbiqi Silahlı Qüvvələrin modernləşməsi baxımından çoxsaylı üstünlüklərə malikdir:

”Yüksək göstəriciləri olan gənclər öz potensiallarını birbaşa ordu quruculuğuna yönəldirlər. Gənclər hərbi sahədə proqram təminatı, süni intellekt və digər innovativ layihələrin hazırlanmasında iştirak edirlər.

Xidmət müddətində qazanılan təcrübə gənclərin gələcək karyerasına və təhsilinə müsbət təsir göstərir. Müdafiə Nazirliyinin qurumları ilə universitetlər və elmi-tədqiqat mərkəzləri arasında sıx əməkdaşlıq mühiti formalaşır”.

Hərbi ekspert əlavə edib ki, bu bölmələrdə xidmət klassik hərbi hazırlığı tam əvəz etməsə də, hərbi intizamla yanaşı elmi-texniki fəaliyyəti birləşdirərək Müdafiə Nazirliyi üçün böyük fayda verir:

"Nəticədə əsas məqsəd gənclərin bilik və bacarıqlarını ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəltməkdir. Hərbi xidmətdən sonra da bu kadrlar Müdafiə Nazirliyinin qurumları, Müdafiə Sənayesi Nazirliyi və digər dövlət strukturları ilə əməkdaşlığı davam etdirə bilərlər. Bu model ölkəmizin gələcək intellektual mühəndis potesialının formalaşmasında müstəsna rol oynayacaq”.

Çimnaz Telmanqızı